Məhkəmə qərarları › İş №e-2-2(113)-648/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-648/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-648/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: müqavilənin ləğvi, pul tələbi, əmlak tələbi, mənəvi zərər, əldən çıxmış fayda) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən 42000 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 3000 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, ona məxsus olan və cavabdehə məxsus ünvan 1 ünvanındakı obyektdə olan- 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizorun, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəstinin, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sının (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd “tumbuçka”nın, qiyməti 850 manat olan resepşın stolunun, bir ədədi 150 manat olan iki ədəd kreslolarının, bir ədədi 80 manat olan 8 ədəd jurnal masasının və bir ədədi 40 manat olan jurnal masası kreslosunun cavabdehdən alınıb ona verilməsi, mediasiya təşkilatına və məhkəməyə ödənilmiş cəmi 257 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 630 (altı yüz otuz) manat haqqın cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən Vergilər İdarəsində qeydiyyatdan keçməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahibi Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürərək, “Pak Hamam” adında sakinlərə hamam xidməti göstərir. Özündən başqa 4 nəfər işçisi vardır və onlarla rəsmi əmək müqaviləsi bağlayaraq, hər ay əmək haqqı ödəyir. Azərbaycan Respubikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri və işçilərin sosial sığorta haqqlarını vaxtlı vaxtında ödəyir. “Pak Hamam” sakinlərə yüksək keyfiyyətli xidmət göstərir. İcarəyə götürdüyü obyekt sənəd üzrə 33,8 kv. metr olsa da, oranın faktiki sahəsi 200 kv metrə yaxındır. Qeyri-yaşayış obyektini sahibi Cavabdeh icarəyə götürdükdən sonra oranı tam təmir elətdirmiş və təmirə 30000 manat xərc çəkmişdir. Obyektin içərisində 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizor, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəsti, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sı (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd tumbuçka, qiyməti 850 manat olan “resepşın” stolu, bir ədədi 150 manat olan iki ədəd “resepşın” kresloları, bir ədədi 80 manat olan 8 ədəd jurnal masası və bir ədədi 40 manat olan jurnal masası kreslosu alıb yerləşdirmişdir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən mənzili icarəyə götürərək, “Pak Hamam” adında sakinlərə hamam xidməti göstərmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı aylıq 400 manat müəyyən olunsa da, cavabdehlə şifahi razılaşmaya əsasən, hər ay ona 2500 manat icarə haqqı ödəyirdi. 2500 manat icarə haqqını cavabdehə onun kart hesabına ödəməklə və əlbəəl ödəyirdi. İcarə müqaviləsinin şərtlərinə əsasən icarə haqqını, Azərbaycan Respubikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri və işçilərin sosial sığorta haqqlarını vaxtlı-vaxtında ödəmişdir. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən, icarəyə verən bu müqaviləyə xitam vermək niyyətində olarsa 1 (bir) il əvvəlcədən icarəçini rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır. İcarəyə verən icarə müqaviləsinə icarəçini 1 (bir ) il əvvəlcədən xəbərdar etmədən, onun razılığını almadan xitam vermək istəyərsə qeyd-şərtsiz icarəçiyə 42000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Cavabdeh 2022-ci ilin mart ayında rəsmi və ya qeyri-rəsmi şəkildə xəbərdar etmədən, icarəyə götürdüyü obyektin suyunu, elektrik enerjisini kəsmiş və onu obyektə buraxmamışdır. Daha sonra ondan Nəsimi Rayon Prokurorluğuna şikayət edərək, onun zorla ona məxsus obytektə girməsi və onun mənzil toxunulmazlığını pozması barədə yalan məlumat vermişdir. Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İlyas Seyidov onu çağıraraq üstünə qışqırmış, ona cinayətkar demiş, ona hədə qorxu gələrək, onu həbs edəcəyi ilə hədələmişdir. Müstəntiqə icarə müqaviləsini təqdim etmiş və heç kimin mənzilinə və obyektinə qanunsuz daxil olmadığını bildirmişdir. Lakin müstəntiq İlyas Seyidov Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tələblərini qərəzli şəkildə pozaraq, Cavabdeh ilə aralarında olan mülki xarakterli mübahisəyə cinayət işi donu geyindirərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə, ********* nömrəli cinayət işi başlayaraq istintaq aparmışdır. Bundan başqa müstəntiq İlyas Seyidov qanunsuz olaraq, "xxxx" ASC-nin Nəsimi Rayon İşıq İdarəsinə və Nəsimi Rayon Sukanal İdarəsinə xx.xx.2022-ci il tarixli məktublar göndərərək, obyektə verilmiş elektrik enerjisinin və su xəttinin verilişinin dayandırılmasını tələb etmişdir. "xxxx" ASC-nin Nəsimi Rayon İşıq İdarəsinin və Nəsimi Rayon Sukanal idarəsinin rəhbərliyi heç bir qərar olmadan, müstəntiq İlyas Seyidovun qanunsuz göstərişini icra edərək icarəyə götürdüyü obyektə gələn elektrik enerjsinin və suyun verilişini dayandırmışlar. Həmin idarələrdən bunu işığı və suyu niyə kəsdiklərini soruşduqda, onlar bildirmişdir ki, Nəsimi Rayon Prokurorluğunun müstəntiqi İlyas Seyidovun onlara zəng edib işığı və suyu dayandırmasını göstəriş vermişdir. Onlar da onun qanunsuz göstərişini icra etmişdir. Bundan başqa Cavabdeh şikayətinə prokurorluqda baxılarkən cavabdeh xx.xx.2022-ci il tarixində gecə vaxtı saat 03:50-də obyektə usta və fəhlə gətirərək, oğlu və qızı ilə birlikdə özbaşına olaraq, dəmir alətlərlə icarəyə götürdüyü obyektin kilidini sındıraraq içəri daxil olmuş və obyektin kilidini dəyişdirmişlər. Bundan sonra obyektə daxil ola bilməmiş və qanuni sahibkarlıq fəaliyyətini həyata keçirə bilməmişdir. Bununla bağlı Nəsimi rayon Polis idarəsinə şikayət etsə də şikayətinə baxılmamış və işin prokurorluqda araşdırıldığı bildirilmişdir. Həmçinin ona məxsus olan yuxarıda adlarını, sayını və qiymətlərini yazdığı əşyalar- 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizor, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəsti, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sı (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd tumbuçka, qiyməti 850 manat olan “resepşın” stolu, bir ədədi 150 manat olan iki ədəd “resepşın” kresloları, bir ədədi 80 manat olan 8 ədəd jurnal masası və bir ədədi 40 manat olan jurnal masası obyektin içərisində qalmışdır və cavabdeh həmin əşyaları verməkdən imtina etmişdir. Beləliklə cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehdən icarəyə götürdüyü obyektdə hər ay 1000 manatdan çox pul qazanmışdır. Cavabdeh icarəyə götürdüyü obyekti qanunsuz olaraq qıfılını sındırıb bağlamış, obyektin elektrikini, suyunu və qazını bağlatdırmış və obyektin fəaliyyəti dayanmışdır. Cavabdeh onu aylıq gəlirdən məhrum etmişdir. Belə ki, 4 ay işsiz qalmış və heç bir fəaliyət göstərə bilməmişdir. xx.xx.2022-ci il tarixdə X4 ilə icarə müqaviləsi bağlayaraq, ona məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsini icarəyə götürmüş, 2 aya obyekti təmir etdirmiş və xx.xx.2022-ci il tarixdən işlətməyə başlamışdır. Beləliklə cavabdeh ona 3000 manat əldən çıxmış fayda kimi maddi zərər ödəməlidir. Bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən 42000 manat məbləğində pulun, maddi və mənəvi zərərin, məhkəmə xərclərinin cavabdehdən alınıb ödənilməsi, həmçinin ona məxsus əşyaların cavabdehdən alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı əvvəllər tanımamışdır. Təxminən 2021-ci ilin mart ayında İddiaçı Cavabdeh özünə məxsus evi iddiaçıya kirayəyə verməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri 13 saylı notariusda onu aldadaraq mənzil kirayə müqaviləsi əvəzinə İcarə müqaviləsi tərtib etdirərək imzalatmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən mənzili hər ay 400 manat icarə haqqı ödənilmək şərti ilə cavabdeh Şahin Mehrəliyevə icarəyə verir. Cavabdeh iddiaçının qadın olmasından və bu kimi məsələlərdə savadlılığının olmamasından istifadə etməklə onu aldadaraq, bu dəfə müqavilənin 7-ci bəndinə icarə müqaviləsinə icarəçini 1 il əvvəlcədən rəsmi şəkildə xəbərdar etməklə və özü də onun rəsmi razılığını aldıqdan sonra xitam verilə biləcəyini, əgər icarəçinin razılığı olmasa, icarəyə verən icarəçiyə qeyd-şərtsiz 42.000 (qırx iki min) manat pul ödədikdən sonra müqaviləyə xitam verəcəyi ilə bağlı anlaşılmaz və qeyri-mütənasib şərt əlavə etdirmişdir. Məlum deyildir ki, müqaviləni təsdiq edən notarius da hansı səbəbdən Cavabdeh belə bir absurd və şübhəli müqavilə şərtləri barədə xəbərdar etməmiş, mülki qanunvericiliyin prinsiplərinə zidd olan, tərəfin iradəsini əks etdirməyən şərtlərlə bağlanmış müqaviləni təsdiq etmişdir. Cavabdeh mənzili təyinatına uyğun istifadə etməmiş, özbaşına və qanunsuz olaraq yüksək gərginlikli elektrik xətləri çəkərək mənzildə hamam-sauna quraşdırmış, mənzili hamam-sauna kimi istifadə etmişdir. İddiaçı saunanın sökülməsini tələb etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamış, ona “get nə bacarırsan et” sözləri ilə cavab vermişdir. Cavabdeh bu barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciət edərək, məruz qaldığı dələduzluq barədə şikayət etmiş, mənzil hüquqlarının pozulduğunu bildirmişdir. Nəsimi rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılmış, fakt öz təsdiqini tapmışdır. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı ünvan 7 saylı evdə özünə və anası X1 məxsus mənzilləri müvafiq icra hakimiyyəti orqanının rəyi və icazəsi olmadan mənzillərin təyinatını dəyişdirərək, qeyryaşayış obyekti olan hamam-sauna kimi istifadə etmişdir. Prokurorluq tərəfindən ünvan 7 saylı evin 5, 19 və 20 saylı mənzillərinin hamam-sauna kimi istifadə olunmasının həmin yaşayış binasında yaşayan digər sakinlərin həyat və sağlamlıqlarına real təhlükə yaratdığını, eləcə də vətəndaşların mənzil hüquqlarının pozulmasını nəzərə alaraq digər aidiyyəti xidmət sahələri (kommunal xidmətlər) ilə birgə sözügedən obyektin fəaliyyətinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti orqanlara müraciət edilmişdir. Görülmüş tədbirlər nəticəsində İddiaçı tərəfindən aparılmış özbaşına və qanunsuz fəaliyyətə son qoyulmuşdur. Hazırkı müqavilədə cavabdehin aylıq 400 manat kirayə haqqı ödəmək şərti ilə bağladığı müqavilənin pozulmasına görə birdəfəlik 42000 manat məbləğində pulun ona ödənilməsi barədə şərtin əks olunması, aydın məsələdir ki, qeyri-mütənasib olmaqla, vicdanlılığın tələbinə də tamamilə ziddir. Cavabdehin sonrakı hərəkətlərindən də aşkardır ki, onun həqiqi niyyəti kirayə adı altında öz qanunsuz məqsədlərinə, yəni iddiaçının əmlakından sui-istifadə etməklə onun evini qeyri-yaşayış məqsədləri üçün istifadə edib gəlir əldə etmək, eləcə də müqaviləyə xitam verilməsi üçün kirayəyə verən üçün icrası son dərəcə ağır olan 42000 manat pul ödənilməsi şərtini qoyaraq evi öz daimi sahibliyi və istifadəsində saxlamaq, mənzildən çıxmalı olacağı təqdirdə isə həmin məbləği ondan alıb qanunsuz olaraq varlanmaq olduğunu göstərir. Cavabdeh İddiaçı nə müqavilə bağlanan zaman, nə də müqavilənin növü, eləcə də məzmununa münasibətdə vicdanlı davranmamış, iddiaçını bağlanan müqavilənin növündə və şərtlərində aldatmış, müqavilənin icrası zamanı kirayə məqsədilə verilmiş yaşayış evinin təyinatını dəyişdirərək, onu hamam-sauna kimi istifadə etmiş, bu məqsədlə də mənzilin içərisində qanunsuz tikili inşa etmişdir. Beləliklə, müqavilənin şərtləri İddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, həmçinin qeyd etmişdir ki, müqavilənin ləğvi 1 tərəfli qaydada tələb olunduğuna görə ləğv edilə bilməz, Konstitusiya Məhkəməsinin bu barədə qərarı var, qarşılıqlı iddia əsassızdır, artıq münasibətlərə xitam verilmişdir. 2022-ci ilin mart ayında rəsmi və ya qeyri-rəsmi şəkildə xəbərdar edilmədən, İddiaçı icarəyə götürdüyü obyektin suyunu, elektrik enerjisini kəsmiş və onu obyektə buraxmamışlar. Qəmər xanım dolayı yolla iddiaçının fəaliyyətini özü dayandırmış, suyu, qazı kəsib və birbaşa iddiaçının fəaliyyətinə maneçilik törədmişdir. Son nəticədə Qəmər xanımın şikayəti əsasında Nəsimi rayon prokurorluğu əsassız və qanunsuz olaraq iddiaçının fəaliyyətini dayandırmışdır. 2 otağın da əlavə olaraq icarəyə verilməsi müqavilədə və ya hər hansı bir yerdə qeyd olunması ilə bağlı bildirmişdir ki, faktiki olaraq obyektin arası açıq zaldır və icarəyə götürərkən obyektin hansısa hissəsində iddiaçıya məhdudiyyət qoyulmamışdır. Həmin obyektin adı mənzil olsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmişdir. Mənzilin girişi 1 mərtəbə aşağı idi, qapısı çölə açılırdı, iddiaçı icarəyə götürdükdə oranın mənzil olduğunu bilməmişdir. 4 nəfər işçi həm hamamda işləyib, həm də hosteldə. İddiaçı hamam fəaliyyəti ilə məşğul olmaq üçün razılıq almışdır. Təmir işlərinin aparılması mebellərin alınması ilə sübut olunur. İddia tələbindəki mebellərin qiymətinin həmin məbləğdə olması ilə bağlı sübutu yoxdur. İddiaçı fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırmışdı və 4 ay işsiz qalmışdır. 15.04.22-ci il tarixdən iddiaçı X4 ilə icarə müqaviləsi bağlamış, orada təmir işləri getmiş, 2 aylıq təmirə görə bağlanılmış, xx.xx.2022-ci il tarixdən iddiaçı yeni yeri işlətməyə başlamışdır. 2-ci obyektdə iddiaçı hamam fəaliyyətini qeydiyyata aldırmışdır. 1ci icarə götürdüyü obyektə görə hamam fəaliyyətini qeydiyyata aldırmamışdır. Sağlamlığa dəyən zərər iddiaçının çəkdiyi iztirablarla, sarsıntılarla, prokurorluqdan dəfələrlə sorğu-suala çağırılmaqla sübuta yetirilmişdir. Qəmər xanım tərəfindən İddiaçı ödənişlər etməməsi ilə bağlı hər hansı şikayət yoxdur. Odur ki, ödənişlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməyə ehtiyac görməmişdir. İddiaçı 2 il ərzində ona görə əşyalarını tələb etməmişdir ki, qapı bağlı olub və buna icazə verməyiblər. Polis qapının açarlarını dəyişən zaman iddiaçı əşyalarını çıxarmağa prokurorluq imkan verməmiş, öz əşyalarını məhkəmə qaydasında tələb etmək istəmişdir. İddiaçı obyektdən 1 ay ərzində çıxmışdır. 1 il ərzində iddiaçı obyekti təmir etdikdən sonra bir müddət işləmiş və icarəyə götürdüyü obyektdən hər ay 1000 manatdan çox pul qazanmışdır. Odur ki, iddiaçı 4 ay işsiz qaldığına görə 3000 manat əldən çıxmış fayda kimi maddi zərər ödənilməsini cavabdehdən tələb edir. Oranın bir hissəsinin Qəmər xanımın anasına məxsus olduğu Şahinə müqavilə bağlanılarkən məlumat verilməyib, bütün mülkiyyətin Qəmər xanıma aid olduğu deyilmişdir. Tərəflər arasında mübahisə icarə haqqı ilə bağlı razılıq əldə olunmadığı üçün yaranmışdır. Cavabdeh əvvəlcədən aralarında olan şifahi razılaşmanı pozaraq icarə haqqını artırmaq istəmiş, o zaman iddiaçı 42000 manatı tələb etmiş, münasibətlər bundan sonra pozulmuşdur. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən icarə haqqı müqavilədə 400 manat göstərilsə də, əslində daha yüksək 2000-3500 manat arasında olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, Qəmər xanım üçün yaşayış sahəsinin kirayə və ya icarə müqaviləsi yolu ilə tərəfə verilməsinin heç bir önəmi yox idi. Daha sonra cavabdeh biləndə ki, yaşayış sahəsi təyinatına görə istifadə edilməyib, qeyri-yaşayış sahəsi kimi tərəf ödənişlər edir, o zaman Qəmər xanım aldadıldığını bildi. Qəmər xanım aldadıldığını mənzilə buraxılmayanda, şikayətlər verilən zaman bilmişdir. Cavabdeh İddiaçı mənzili qanunsuz zəbt etməsi ilə bağlı şikayət etmişdir. Qəmər xanımın ondan öncəki hüquqlarını müdafiə edən şəxs müvafiq hüquq mühafizə orqanlarına müraciətlər etmiş, daha sonra iddiaçı məhkəməyə verdikdən sonra onlar da öz iddialarını vermişlər. Mənzil yaşayış sahəsi kimi 1 aprel 2021-ci il tarixdə iddiaçıya verilmişdir. Cavabdeh evin arakəsməsinin götürülməsini mənzilə buraxdıqdan sonra bilmişdir. Həmin mənzil hostel kimi fəaliyyət göstərməsi üçün iddiaçıya icarəyə verilmişdir. İddiaçı bir müddət hostel kimi fəaliyyət göstərsə də, sonradan icazəsiz tikinti işləri aparaq hamam kimi fəaliyyət göstərmiş, cavabdehi obyektə buraxmamış, cavabdeh jurnalist vasitəsi ilə zorla obyektə daxil olduqda, içəridə ondan xəbərsiz tikinti işləri aparıldığını görmüşdür. Bundan sonra da müvafiq şikayətlərini etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh “icarəyə verən”, İddiaçı “icarəçi” olmaqla imzalanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv/m, yaşayış sahəsi 23.3 kv/m, yardımçı sahəsi 10,5 kv.m olan 1 otaqlı, 20 nömrəli mənzil icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 5 il, xx.xx.2026-cı il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 400 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 7-ci bəndinə əsasən “icarəyə verən” bu müqaviləyə xitam vermək niyyətində olarsa bu barədə bir il əvvəlcədən, “icarəçi”ni rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır. “İcarəyə verən” icarə müqaviləsinə “icarəçi”ni bir il əvvəlcədən xəbərdar etmədən, onun razılığını almadan xitam vermək istəyərsə, qeyd-şərtsiz “icarəçi”yə 42000 (qırx iki min) manat pul ödəməyi öhdəsinə götürür. “icarəçi” bu müqaviləyə xitam vermək niyyətində olarsa, bu barədə bir ay əvvəlcədən “icarəyə verən”i rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır. 8-ci bəndə əsasən “icarəçi” icarəyə götürdüyü sahədə cari təmir-tikinti işləri apara bilər. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli EH-01/1-383 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Nəsimi Rayon Prokurorluğuna müraciət edərək onun mənzil toxunulmazlığı hüququnun pozulduğunu bildirmiş və cinayət işinin açılmasını xahiş etmişdir. Faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır. Nəsimi Rayon Prokurorluğu yaşayış binasında yaşayan sakinlərin həyat və sağlamlığına yaranacaq təhlükənin qarşısının alınmasını, eləcə də vətəndaşların mənzil hüquqlarının pozulmasını nəzərə alaraq aidiyyəti xidmət sahələrinin fəaliyyətinin dayandırılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhz bu səbəbdən həmin ünvanın su təchizatı dayandırılmışdır. X4 “icarəyə verən”, İddiaçı “icarəçi” olmaqla imzalanmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 29 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixinədək, aylıq 1000 manat icarə haqqı ödəməklə icarəyə verilmişdir. Nəsimi RPİ-nin X3 Şahin Tarıyel oğlu barəsində CM-nin 322.2-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qərarda ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, cinayət işi üzrə X2 və Cavabdeh zərərçəkmiş şəxs qismində statuslarına xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 31 may 2022-ci il tarixli 10/2687 nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı mənzillərdə baxış zamanı faktiki olaraq hamam-sauna kompleksi söküldüyündən, qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. ünvan 7 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı mənzilləri arasında olan divarlar sökülmüş və hər üç mənzil biri-birinə birləşdirilmişdir. Otaqlarda müxtəlif arakəsmələr quraşdırılmışdır. Aparılmış bu işlərin binanın dayanıqlığına hər hansı təsir göstərməsi məsələsinin və buna cavabdeh şəxsin kimliyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyil. ünvan 7 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı yaşayış təyinatlı mənzillərin təyinatının pozularaq başqa təyinat üçün istifadə olunması zamanı Mənzil Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Belə ki, mənzillərin təyinatı dəyişdirilərkən hər hansı müvafiq icra hakimiyyəti orqanından rəsmi icazə alınmamışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh təqdim etdiyi İddiaçı ilə aralarındakı Vatsapp yazışmalarına baxışda aralarında sadəcə olaraq icarə haqqı ilə bağlı narazılığın olması müəyyən edilmiş, başqa hər hansı iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilməmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1, 21.2, 21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1 və 430.2-ci maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 677.1.4-cü maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə üzrə Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv/m, yaşayış sahəsi 23.3 kv/m, yardımçı sahəsi 10,5 kv.m olan 1 otaqlı, 20 nömrəli mənzilin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Daha sonra tərəflər arasında olan müqavilə münasibətləri pozulmuşdur. Belə ki, icarəyə verən mənzilin təyinatına uyğun olmayaraq istifadə edilməsini əsas gətirərək, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, nəticədə icarə müqaviləsi münasibətlərinə faktiki olaraq son qoyulmuşdur. Hazırda iddiaçı həmin müqavilə şərtlərinə uyğun olaraq müqaviləyə onu xəbərdar etmədən vaxtından əvvəl xitam verilməsi nəticəsində müqavilədə nəzərdə tutulmuş 42000 manat pulun ödənilməsi, eyni zamanda əldən çıxmış fayda, vurulmuş mənəvi zərərin qaytarılması və əşyalarının ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia ilə müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən cavabdehdən 42000 manat pulun tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin 7-ci bəndində razılaşdırılmışdır ki, icarə müqaviləsinə bir il xəbərdarlıq müddətini gözləmədən və cavabdehin razılığını almadan xitam verilməsi halında 42000 manat pul icarəçiyə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icarəyə verən hər-hansısa xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə faktiki olaraq xitam vermişdir. Cavabdeh tərəf iddiaçının özbaşına olaraq tikinti işlərini apardığını, cavabdehin anasına məxsus mənzili də zəbt etdiyini və buna görə cavabdehin iddiaçını obyektdən çıxardığını bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Çünki cavabdehin yalnız 37 m2 sahəsi olan 1 otaqlı mənzili hostel kimi icarəyə verməsi, iddiaçının mülkiyyətçinin razılığı olmadan mənzillərin arasını açaraq tikinti işləri aparması və 10 ay ərzində cavabdehin bundan xəbəri olmaması inandırıcı deyildir. Bundan başqa xx.xx.2022-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarda da iddiaçının özbaşınalıq edərək mənzillərin arasını açıb tikinti işləri aparması sübut olunmadığı, tərəflər arasında olan yazışmalarda yalnız icarə haqqı ilə bağlı mübahisə olduğu qeyd edilmişdir. Bu isə tərəflər arasında icarə münasibətlərinin iddiaçının hərəkətləri nəticəsində deyil, cavabdehin hərəkətləri nəticəsində pozulduğunu və icarə müqaviləsinə cavabdeh tərəfindən xitam verildiyini göstərir. Belə ki, cavabdeh müqavilədə razılaşdırılmış qaydada bir illik xəbərdarlıq müddətini gözləməmiş, rəsmi şəkildə icarəçinin razılığını almamış, bununla yanaşı hüquq mühafizə orqanına şikayət etmiş, icarə obyektinin suyunu, elektrik enerjisini kəsmiş, eyni zamanda icarəçinin icarə obyektindən istifadə etməsinə digər maneələr törətmişdir. Qeyd edilən halları məhkəmə icarəçinin icarə müqaviləsini davam etdirmə niyyətinin olmaması, bir tərəfli qaydada imtina etməsi kimi qiymətləndirərək bu qənaətə gəlir ki, cavabdehdən icarə müqaviləsinin tələblərinə uyğun olaraq 1 illik xəbərdarlıq müddətini gözləmədiyi üçün 42000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin onun aldadılaraq kirayə müqaviləsi əvəzinə icarə müqaviləsinin imzalanmasını, icarə müqaviləsinə onun razılığı olmadan absurd bəndin salınması, mənzilin qanunsuz olaraq hamam-sauna kimi istifadə edilməsi barədə əsaslandırılmasına münasibətdə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, mülki hüquq münasibətlərinin əsas prinsiplərindən biri müqavilə azadlığı prinsipidir. Ümumiyyətlə cavabdeh onun müqavilənin bəndləri barədə aldadılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, araşdırma zamanı da məhkəmədə həmin qənaətin formalaşması üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə icarə obyektinin nəzərdə tutulandan fərqli qaydada istifadəsinə münasibətdə qeyd edir ki, icarə müqaviləsi 01 aprel 2021-ci il tarixində imzalanmış, müqavilə münasibətlərinin pozulması isə təxminən bir il sonraya təsadüf etmişdir. Qeyd edilən hallara ümumi şəkildə qiymət verdikdə məhkəmə hesab edir ki, tərəflər icarə obyektinin iddiaçının qeyd etdiyi formada istifadəsi barədə əlavə şifahi razılıq əldə etmişlər. Məhkəmə araşdırması zamanı icarə müqaviləsi münasibətlərinin pozulmasında icarəçinin təqsiri müəyyən edilməmişdir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən 3000 manat pulun əldən çıxmış fayda kimi cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərindən və eləcə də iş materiallarından göründüyü kimi, 2022-ci ilin aprel ayının 5-dən etibarən tərəflər arasında icarə müqavilə münasibətləri faktiki pozulmuş, bundan sonra isə xx.xx.2022-ci il tarixində ilkin iddia üzrə iddiaçı yeni icarə müqaviləsi imzalamışdır. İddiaçı dörd ay işsiz qalıb, iki ay obyekti təmir etdikdən sonra xx.xx.2022-ci il tarixindən başlayaraq, işə başlamasını qeyd etsə belə məhkəmə qeyd edir ki, təqdim edilən xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən həmin hal öz təsdiqini tapmır, eyni zamanda həmin halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilən icarə müqaviləsinin 5-ci maddəsində hər ayın birindən etibarən 1000 manat məbləğində aylıq icarə haqqının ödənilməsi razılaşdırılmışdır. Mənəvi zərərlə bağlı 10000 manat pulun cavabdehdən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini həmin hissədə də, sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının əsaslandırması bundan ibarət olmuşdur ki, o dəfələrlə prokurorluğa çağırılmış, müstəntiq onun üzərinə qışqırmış və onu cinayətkar adlandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi zərərə məruz qalmasını sübutetmə yükü onun üzərindədir. Həmin halın təsdiqi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı qeyd edilən hallarla bağlı onun səhhətində hansısa pozuntuların olması və ya sağlamlığına hansısa başqa formada ifadə olunacaq zərərin olmasını sübuta yetirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbində cavabdehə məxsus ünvan 1 ünvanındakı obyektdə olan-3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizorun, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəstinin, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sının (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd “tumbuçka”nın, qiyməti 850 manat olan resepşın stolunun, bir ədədi 150 manat olan iki ədəd kreslolarının, bir ədədi 80 manat olan 8 ədəd jurnal masasının və bir ədədi 40 manat olan jurnal masası kreslosunun cavabdehdən alınıb ona verilməsinə münasibətdə qeyd edir ki, qeyd edilən əşyaların cavabdehdə olması cavabdeh tərəfindən mübahisələndirilmiş, iddiaçı ilkin olaraq həmin əşyaların ona məxsus olmasını sübuta yetirə bilməmiş, bundan başqa həmin əşyaların cavabdehin obyektində olmasını və əşyaların götürülməsinə maneə törədilməsini sübut edə bilməmişdir. Bundan başqa cavabdeh qarşılıqlı iddia ərziəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək, eyni zamanda tərəflər arasında müqavilə münasibətlərinə faktiki xx.xx.2022-ci il tarixdən xitam verildiyini və davam etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Məhkəmə ilkin iddia tələbinin qismən, qaşılıqlı iddia tələbinin tam təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi və ödənilmiş dövlət rüsumunun 20 manatının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli və qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. Hüquqi yardıma görə vəkilə ödənilmiş 630 manat haqqın tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı həmin halı təsdiq edən məlumatları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdehdən 42000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh ilkin iddia üzrə ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatının əvəzi alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar