Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6489/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70350 (yetmiş min üç yüz əlli) manat pulun və eləcə də ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dostu X1 ilə birlikdə toyuq,ət, balıq məhsullarının topdan satışı ilə məşğul olmuş, işlədiyi zaman Cəlilin tanışının vasitəsilə ilə Cavabdeh tanımış və cavabdehin xahişləri və vədləri ilə ona nisyə məhsullar verməyə başlamışdır. Cavabdeh həmin vaxtlar toy işləri ilə məşğul olurdu, yəni şadlıq sarayları işlədirdi və qeyd edilən ət, toyuq və balıq məhsullarını bu məqsədlə nisyə əldə edirdi. Belə ki, 2019-cu ildən cavabdehlə münasibətlər formalaşmış və ona verilmiş məhsulların ümumi dəyərindən hazırki günə 70350 manat məbləğində borcu vardır. Cavabdehə yüksək məbləğdə məhsulların verilməsinə səbəb onun vədləri və ilk əvvəl vədlərinə əməl etməsi olmuşdur. Daha sonra isə o müxtəlif bəhanələr gətirərək pulları ödəməkdən yayınmış, gah pandemiya olmasını, gah da ona məhsulları verdiyi yerlərdən ödənişlərin edilməməsi bəhanə gətirərək hər gün bu gün sabah deyərək vaxt istəmiş və lakin hazırki günə nisyə aldığı məhsulların pullarını ödəməmişdir. Onu da qeyd etmək lazımdir ki, cavabdeh öz şəxsən azad iradəsi ilə xx.xx.2022-ci il tarixində yazılı şəkildə qəbz şəklində yazaraq bildirmişdir ki “Mən Cavabdeh Cəlil Rüstəmov və İddiaçı 70850 AZN borcum var. Pandemiya ilə əlaqədar bu pulu ödəyə bilmədim. İndi hal hazırda işlər başlayıb, söz verirəm hissə-hissə ödəyəcəm. Hal-hazırda Qismət şadlıq sarayını işlədirəm”. Qeyd edilən formada qəbzi yazsa da ödənişləri ödəməkdən yayındığından son dəfə onunla əlaqə yaradaraq pulları verməsini əks halda şikayət edəcəyini deyən zaman o borc öhdəliyinin icrası kimi xx.xx.2024-cü il tarixində iddiaçının kart hesabına 500 manat göndərmişdir. Lakin bu xırda ödənişdən sonra yenə də aldatdığını gördüyümdən hüquqlarımızın müdafiəsi üçün aidiyyəti qaydada Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş və lakin mübahisənin mülki xarakterli olması əsas gətirilərək İdarənin 15 iyul 2024cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Onu da qeyd edim ki, cavabdeh istintaqda izahat verən zaman ödənişlərin edilməsi və borcla bağlı yanlış və təhrif edilmiş formada fikirlər irəli sürmüşdür ki, guya ödənişləri şəriki Cəlil Rüstəmova müxtəlif vasitələrlə (evinə göndərmə, kartla ödəniş) ödəmiş və guya onnun 16000-17000 manat borcu vardır və guya o borcu danmır və 4-5 aya hissə-hissə ödəyəcəkdir. Bildirirəm ki, qeyd etdiyi fikirlər tamamilə yanlışdır, çünki Cəlil Rüstəmov uzun illərdir ki, Türkiyədədir və ona heç bir pul ödənilməyib. Belə ki, biz Cəlillə hər zaman əlaqədəyik, danışırıq və o da deyir ki, iddia qaldır pulunuzu tam şəkildə geri tələb et, bildirir ki, cavabdeh ona hər hansı ödəniş etməyib. Bunu təsdiq edəcək vhatsapp qeydləri də var və sübut qismində məhkəməyə təqdim ediləcək. Bir sözlə, cavabdeh tamamilə yalan danışır, əgər ki onun dediyi kimi 2023-cü ilin sentyabr ayına kimi hansısa ödəniş edilmiş olsaydı o zaman o ən azı bir ödəniş qəbzini sübut kimi təqdim edərdi. Mən cavabdehin yalan danışdığını bildiyindən sözügedən qərardan sonra da israrla pulları ödəməsini tələb etdim və o isə yenə də vaxt istədi, dedi ki xahiş edirəm heç yerə şikayət etmə, özüm borcların içindəyəm, ən qısa zamanda sənə ödənişləri tam ödəyəcəyəm. Mən də demək olar ki hər gün onunla əlaqə saxladım, lakin hazırki günə kimi dəyişən nəsə yoxdur və cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınmağa davam edir. Bildirirəm ki, cavabdeh hazırki son günə kimi hər dəfə müxtəlif bəhanələr gətirərək, min bir xahişlər edərək vaxtlar istəyir və bununla da bizə çatası pullardan məhrum edir,əlavə ziyanlara düşməyimizə səbəb olur. Bu günə kimi cavabdeh dəfələrlə xahişlər edərək vaxt istəsə də sonuncu dəfə etdiyi öhdəliyin icrasından artıq il yarım müddət keçəcək ki, öhdəliyi icra edilmir. Sözügedən mübahisə üzrə danışıqları əks etdirən vhatsapp yazışmaları, imzası ilə təsdiq edilmiş öhdəliyin etirafı barədə yazı cavabdehin təqsirli olduğunu, bizi aldatdığını, öz imzası ilə təsdiq etdiyi razılaşmadakı üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, pulları qaytarmadığını birbaşa sübut edir. Bir daha qeyd edirəm cavabdehin öz imzası ilə təsdiq etdiyi sənəd və öz üzərinə götürdüyü öhdəlik üzrə mənə-bizə qalan 70850 manat pul ödənilməli idi, lakin həmin puldan bu günə kimi ümumilikdə 500 manat pul verdiyindən mənə bu günki günə ödəməli olduğu pulun məbləği 70350 manatdır. Bildirirəm ki, qeyd edilən pul barədə öhdəliyi cavabdeh öz azad iradəsi ilə üzərinə götürdüyündən bu pulun cavabdehdən alınaraq mənə verilməsi barədə tələbim işin hallarına, qanunvericiliyin tələblərinə tam adekvatdır. Bir daha bildirim ki, israrlarıma görə cavabdeh hər zaman yalan vədlər verərək, narahat olma pullarınızı tamamilə, hətta artıqlaması ilə qaytarılacaq deyərək bu gün sabah sözləri ilə vaxt itkisinə səbəb olduğundan, borclu olduğu puldan sonuncu dəfə xx.xx.2024-cü il tarixində yalnız 500 manat ödədiyindən mən artıq əlavə vaxt itkisinə yol vermədən aidiyəti qaydada məhkəməyə müraciət edirəm. Onu da bildirim ki, məhkəmədən kənar mübahisəni həl letmək üçün pretenziya ilə müraciət etsəm də tələb təmin edilməmişdir. Möhtərəm məhkəmə, qeyd olunanlardan göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, pulları qaytarmamışdır. Belə ki, cavabdehin etdiyi qanunsuzluğa, pulları ödəmədiyinə görə mən ağır maddi vəziyyətə düşdüyümdən, gəlirlərimdən məhrum olduğumdan cavabdeh qarşımda öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamənin qəbul edilməsi qanunvericiliyin tələbidir. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 493-cü maddəsində qeyd edilir ki: Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məcəllənin 494-cü maddəsində qeyd edilir ki, Əgər kreditorlardan biri bu Məcəllənin 493.1ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər. Məcəllənin 495-ci maddəsində qedy edilir ki, Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir. Möhtərəm məhkəmə, əks edilmiş qanunvericiliyin tələblərini işin hallarına tətbiq edərək bildirirəm ki, cavabdeh mən və digər kreditor Cəlil Rüstəmov qarşısında öhdəlik daşımışdır və digər kreditor da icra edilməli öhdəlikdən imtina etməmişdir. Bir sözlə cavabdeh borclu öhdəliyini ikimizdən birimizə də ödəyə biləcəyindən, hazırda şəxsən mən iddianı kreditorlar adından özüm verərək cavabdehdən pulların ödənilməsini tələb etməkdə tam haqlıyam.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
4. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinə hesab edir ki, iddia müddəti tətbiq edilməlidir. Belə ki təqdim olunan qəbzin tarixinə diqqət yetirsək görərik ki, onun tarixi xx.xx.2022-ci ildir. Lakin iddiaci iddia tələbini 2025-ci il avqust ayinda vermişdir. Qarşı tərəfin iddiasinin əsasını şifahi alqı satqı müqaviləsi oldugunu nəzərə alsaq müqavilə münasibətlərinə dair 3 illik iddia müddətinin tətbiqi zərurəti yaranır. Odur ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ildən 2022-ci ilədək cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 98310 manat təşkil edən ət, balıq, toyuq məhsulları satmış, həmin malların satıcısı həm o, həm də Cəlil adlı şəxs olmuşdur. Cavabdeh sifarişləri əvvəlcə Cəlilə, daha sonra ona vermiş, sifarişlər telefon vasitəsilə olmuş, malların təhvili hər hansı sənədlə rəsmiləşməmişdir. Cavabdeh satılmış malların müqabilində ona xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat nağd formada vəsait ödəmiş, 3060 manat pulu hazırda Türkiyə Respublikasında yaşayan Cəlilin Bakıdakı ailə üzvlərinə ödəmişdir. 13400 manat vəsaiti isə o, cavabdehə borclu olan şəxslərdən cavabdehin göstərişi ilə almış, həmin vəsaitləri cavabdehin borcundan çıxmışdır. Cavabdehin satın aldığı malları onlar cavabdehə üçüncü şəxslə birlikdə satmış, cavabdeh malların bir qismini başqa şəxslərə satmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə hər üçünün iştirakı ilə üzləşmə aparılmış, həmin üzləşmə zamanı tərəflər arasında fikir ayrılığı yaranmış, cavabdeh qalıq borcunun iddiaçı və üçüncü şəxsin tələb etdiyi kimi 75850 manat deyil, 70850 manat olmasını bildirmiş, iddiaçı uzun müddətdir ki, borc ödənilmədiyi üçün güzəştə gedərək həmin mübahisəli 5000 manat borcu qalıq borcdan çıxmış, nəticədə cavabdeh 70850 manat borcu olması barədə qəbzə imza etmişdir. Həmin borcdan cavabdeh yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə onun oğlunun bank kartına 500 manat olmaqla ödəniş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili K.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı alqısatqı müqaviləsi üzrə iddiaçı və üçüncü şəxs birgə kreditorlardır. Cavabdehin üçüncü şəxsə 14000-15000 manat civarında ödəniş etməsi barədə verdiyi məlumat əsassızdır.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan qəbz cavabdeh tərəfindən imzalan anda onun Cəlil Rüstəmova 30000 manat borcu olmuş, həmin borcdan təxminən 14000-15000 manat ödəniş etmiş, qalıq borcu 16000 – 17000 manat arası qalmışdır. Həmin borc iddiaçıya deyil, Cəlil Rüstəmova ödənilməli olan borcdur. Belə ki, ət, toyuq və balıq məhsulları cavabdehə iddiaçı tərəfindən deyil, Cəlil Rüstəmov tərəfindən satılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur.
9. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Qismət adlı şadlıq sarayını işlətdiyi dövrdə Cəlil Rüstəmovdan ət, toyuq və balıq məhsulları almış, dəyərinin bir qismini ödəmiş, daha sonra pandemiya ilə bağlı borcu yaranmışdır. xx.xx.2022-ci il tarixə kimi onun Cəlil Rüstəmova 30000 manat borcu yaranmışdır. Materiallarda olan əlyazma ona məxsusdur. Onun tərəfindən şəxsən yazılıb imza edilmişdir. Lakin həmin ərizənin məzmunu düz deyildir. Belə ki, ərizənin yazılması səbəbi odur ki, Cəlil Rüstəmov və həmin gün tanımış olduğu iddiaçı ona digər şəxslərə 40850 manat borcu olmalarını bildirmiş, həmin borcu da qəbul etməyi və hazırkı ərizəni yazmağı xahiş etmiş, ərizəni borclu olduqları şəxslərə göstərəcəklərini bildirmiş, o da inanaraq qol çəkmişdir. Halbuki, onun həmin ərizə yazılan zaman Cəlilə olan borcu 30000 manat olmuş, hazırkı iddiaçıya isə ümumiyyətlə borcu olmamışdır. Həmin borcdan 2023-cü ilin sentyabr ayına qədər Cəlil Rüstəmovun kart hesabına, ailə üzvlərinə vəsait ödəmiş, qalıq borcu 16000 – 17000 manat civarındadır. xx.xx.2024-cü ildə iddiaçıya 500 manat ödəməsinin səbəbi iddiaçının özündən də daha sonra 1500 manat civarında mal alması olmuşdur. O, həmin 500 manatı 1500 manat borcun müqabilində ödəmişdir. Hazırda iddiaçıya şəxsən 1000 manat civarında borcu vardır. Onun iddiaçıya başqa borcu yoxdur. İddiaçının iddia etdiyi malları o, iddiaçıdan deyil, Cəlil Rüstəmovdan almışdır.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Bakı şəhəri Nizami RPİ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında Cavabdeh və qeyrilərinin əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd olunmuşdur.
14. Bakı şəhəri Nizami RPİ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh verdiyi izahatında bildirmişdir ki: “o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 37A-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. 2017-cİ il tarixdən o, ünvan 1 ünvanda yerləşən “Qismət” şadlıq saraytnı icarəyə götürüb işlədirmiş, 2019-cu İl tarixdə Cəlil Rüstəmovu dostu Niyaməddinə görə tanımışdır. Niyaməddin ona demişdir kı, Cəlil Rüstəmov ət, toyuq və balıq məhsullarım topdaıı satışı ilə məşğuldur və lazım olsa Cəlil Rüstəmovdan ala bilərsən. Həmin vaxtdan X4 münasibəti yaranmış və o. Cəlil rtlsləmovdan nisyə olaraq toyuq və balıq məhsulları alıb toy ziyafətində sonra pulunu verirmiş. Elədə olurmuş ki, ət, toyuq və balıq məhsulları ahb bir hissəsini pulunu verirmiş və qalan hissəsi isə borc qalırmış. X4 yaxın münasibəti yarandığı üçün ona demişdir ki, köməlik el, başqa restoran və şadlıq saraylanna ət, toyuq və balıq məhsulları versin. Bundan sonra o, Cəlil Rüstəmovla “Gülüstan*1, “Dəniz”, “Yağmur” və “Yanar dağ” şadlıq sarymın müdriyyəti ilə tanış etmiş və Cəlil Rüstəmov həmin şadlıq saraylarma ət. toyuq \ə balıq məhsullarım nisyə verməyə başlamışdır 2020-ei ilin mart ayından CÜVİD-19 yeni yayılmış virusla əlaqədar toy və şənlik mərasimlə dayanmışdır. 02 iyul 2021-ci il tarixdə toy və şənlik ziyafəyİnə 150 nəfər olmaqla icazə verilmiş və o, da Cəlil Rüstəmovdan ət, toyuq və balıq məhsulları alıb işə başlamışdır. 19 iyun 2022-ci il tarixə kimi o, Cəlil Rüstəmovdan qeyd olunan məhsulları ahb “Qismət" şadlıq sarayında istifadə etmişdir. Həmin vaxta kimi onun Cəlil Rüstəmova 30000 manat borcu yaranmışdır. Cəlil Rüstəmov ona demişdir ki, sənin tanış eldiyin şadlıq sarayının rəhbərləri ona 40850 manat borckm qalmışdır. Cəlil Rüstəmovun borcu çoxdur, sən qəbz yaz ver ki, onun Cəlil Rüstəmova 70850 manat borcu var, o. da həmin qəbzi borclu olduğu şoxsə göstərsin. O da razılıq vermiş və 19 iyun 2022ci il tarixdə həmin qəbzi yazıb Cəlil Rüstəmova vermişdir. Bundan sonra o və şadlıq sarayının müdriyyəti Cəlil Rüstəmova hissə-hissə pul ödəmişdir, 2022-ci ilin sentyabr ayından X2 Respublikasına getmişdir. O, 2023-cü ilin sentyabr ayma kimi Cəlil Rüstəmovun kart hesabına və ya yaşadığı evinə pul göndərmişdir. O, Cəlil Rüstəmova 16000-17000 manat borcum qalmış və o, həmin borcu danmır, 4-5 ay hissə-hissə qaytaracaq”.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli yazılı iltizamdan görünür ki, cavabdeh qəbz yazaraq bildirmişdir ki “Mən Cavabdeh Cəlil Rüstəmov və İddiaçı 70850 AZN borcum var. Pandemiya ilə əlaqədar bu pulu ödəyə bilmədim. İndi hal hazırda işlər başlayıb, söz verirəm hissə-hissə ödəyəcəm. Hal-hazırda Qismət şadlıq sarayını işlədirəm”.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 500 manat vəsait ödənilmişdir.
17. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Həmin Məcəllənin 493.1-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
30. Həmin Məcəllənin 494-cü maddəsinə əsasən əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən satın alınmış malın dəyəri tam şəkildə ödənilməmişdir.
32. Cavabdeh iddiaya dair etirazında iddiaçıdan iddia ərizəsində göstərilən dövr üzrə hər hansı mal almadığını, onu həmin dövrdə tanımadığını, malları Cəlil Rüstəmova sifariş verdiyini, malların yalnız Cəlil Rüstəmov tərəfindən ona təhvil verildiyini, qəbz yazılana kimi yalnız üçüncü şəxsə ödəniş etdiyini bildirsə də, etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
33. Bundan əlavə, iddiaçı məhkəmə iclasındakı izahatında İddiaçı hər hansı borcunun olmadığı, dediyi kimi iddiaçını ilk dəfə materiallarda olan yazılı iltizam yazıldığı gün tanımış olduğu halda, hansı səbəbdən həmin məzmunda ərizə yazmış olduğunu ağlabatan şəkildə izah edə bilməmişdir.
34. Bundan əlavə, cavabdeh həmin ərizəni hər hansı təzyiq, aldatma və sairə təsiri altında yazmadığını, ərizəni şəxsən özü yazdığını məhkəmə iclasında təsdiq etmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır.
36. Cavabdeh hazırda 17000 manat civarında borcu qaldığını, Cəlil Rüstəmova ödənişlər etdiyini bildirsə də, həmin ödənişləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
37. Məhkəmə cavabdehin hazırkı tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə dəlilini də əsassız hesab edir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
40. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
41. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
42. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
43. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
44. Belə ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehin satıcılara (iddiaçı və üçüncü şəxs) ümumilikdə 70850 manat borcu yaranmış, cavabdeh iddiaçı və üçüncü şəxsə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində həmin borcu hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
45. Cavabdehin yaranmış həmin borcu hissə-hissə olmaqla ödəməsinə iddiaçı və üçüncü şəxs etiraz etməmişdir.
46. İddiaçı göstərilən borcun tam şəkildə ödənilməsinə nail olmaq məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 500 manat vəsait ödənilmişdir.
47. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
48. Belə ki, cavabdeh göstərilən borcun ondan tam şəkildə daha əvvəlki tarixlərdə ödənilməsinin tələb edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, polis idarəsində verdiyi izahatında da belə bir halın olduğunu bildirməmiş, qalıq borcu 4-5 aya ödəyəcəyini göstərmişdir.
49. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.
50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 70350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 302 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 70350 manat məbləğində pul, 302 manat dövlət rüsumu, ümumilikdə 70652 (yetmiş min altı yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova