Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-649/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 008/2022 №li alqı-satqı müqaviləsinə əsasən gecikdirilmiş günlər üçün cavabdehdən 2948.82 manat məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 008/2022 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən icraçı malları təchiz edir və xidmətlər göstərməyi, sifarişçi isə həmin malları və ximətləri almağı öz öhdəliyinə götürmüşdür. Belə ki, iddiaçı öz öhdəliyini yerinə yetirərək cavabdehin sifarişinə əsasən xx.xx.2023-cü il tarixində yekun məbləği 1014.80 manat təşkiledən 200 cüt əlcək, xx.xx.2023- cü il tarixində yekun məbləği 660 manat təşkiledən 70 ədəd eynək və xx.xx.2023-cü il tarixində yekun məbləği 1014.80 manat təşkiledən 200 cüt əlcəyi cavabdehə təhvil vermişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 3232 nörməli, xx.xx.2023 -cü il tarixli 3359 №li və xx.xx.2023-cü il tarixli 3432 №li elektron qaimələr təqdim etsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməyərək ödənişi etməmişdir. Həmçinin ödəniş günlərinin gecikdirilməsi ilə bağlı olaraq qeyd etmək istəyirəm ki, 3232 №li elektron qaimə üçün 161 gün , 3359 №li elektron qaimə üçün 143 gün gecikmə, 3432 №li elektron qaimə üçün isə 137 gün gecikmə mövcuddur. Gecikmələr üçün ümumi məbləğ isə 2690.40 manat təşkil edir. Bundan əlavə bildirmək istəyirəm ki, ilkin olaraq 258.42 manat məbləğində təşkil edən nümunə üçün məhsullar göndərmişik. Lakin cavabdeh tərəfindən də onun da ödənişi həyata keçirilməmişdir. Beləliklə ümumilikdə cavabdeh tərəfindən bizə ödənilməli olan borcun məbləğicəmi 2948.82 manat təşkiledir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vaxtı-vaxtında ödənişi həyata keçirməmişdir. Bu səbəbən də məhkəməyə müraciət etmək zərurəti yaranır. Eyni zamanda bildirmək istəyirəm ki, məhkəməyə müraciət etmmişdən öncə, problemin həll edilməsi üçün mediasiyaya müraciət etmişəm. Lakin cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Beləliklə aramızda razılıq əldə olunması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01300 nömrəli ilkin mediasiya sessiyasında (İMS0 iştirak edilməməsi barədə arayışa əsasən, tərəfimizdən 60 manat məbləğində mediasiya sessiyası üçün rüsum ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin mühasibi sonuncu dəfə borcun yaxın müddət ərzində ödəniləcəyi barədə onların marketinq rəhbərinə e-mail vasitəsilə məlumat versə də, daha sonra cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008/2022 saylı malların alqı-satqı müqaviləsinə əsasən icraçı QRP/SS/XS əsasən razılaşdırılmış şərtlər əsasında malları və xidmətləri təchiz etməyi öz öhdəsinə götürür. İcraçı təchiz edilmiş malların və göstərilmiş xidmətlərin haqqını bu müqavilədə nəzərdə tutulmuş qaydada almaq hüququna malikdir.
8. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təchiz edilmiş malların və göstərilmiş xidmətlərin haqqını bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən başqa qayda tərəflərlə QRP/SS/XS-də razılaşdırılmayıbsa, sifarişçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərlə imzalanan təhvil-təslim aktı əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir.
10. Tərəflər arasında xx.xx.2022-ci il tarixli 008/2022 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli X1 imzalanmışdır.
11. Tərəflər arasında malların cavabdehə təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları imzalanmışdır.
12. İddiaçı tərəfindən cavabdehə EBDA 122625 nömrəli xx.xx.2023-cü il tarixli (660,80 manat), EBDR 349289 nömrəli xx.xx.2023-cü il tarixli (258,42 manat), EBDA 419990 nömrəli xx.xx.2023-cü il tarixli (1014,80 manat), EBCN 554054 nömrəli xx.xx.2023-cü il tarixli (1014,80 manat) məbləğində elektron qaimələr təqdim edilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə 17 fevral 2023-cü il tarixli İNV-3359 nömrəli 660,80 manat, 26 oktyabr 2023-cü il tarixli İNV-3269 nömrəli 258,42 manat, 23 fevral 2023-cü il tarixli İNV-3432 nömrəli 1014,80 manat, 27 yanvar 2023-cü il tarixli İNV-3232 nömrəli 1014,80 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008/2022 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2948.82 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 2948,82 manat pul, ödənilmiş 60 manat mediasiyaya dair xərc, ümumilikdə 3008,82 (üç min səkkiz manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova