Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-65/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdehİddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və.s” tələbi barədə ilkin, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “müqaviləyə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka asas borcu 4.550.813,27, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 390.567,92 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbba pulu üzrə 229.109,62 manat, xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərar (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla 789.439,69, cəmi 5.959.930,5 manat pulun, "xxxx" MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 1.664.122,27 manat, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 134.091,44 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə 8.124.544,24 manat məbləğində kredit borcunun, 4.922,88 manat məbləğində dövlət rüsumunun, 400 manat mediasiya xdrcinin və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması, Cavabdeh2 MMC -yə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanin yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 8.124.544,24 manat məbləğində borcun, 4922.88 (dört min doqquz yüz iyirmi iki manat 88 qəpik) manat məbləğində dövlət rüsumunun və 130 (bir yüz otuz) manat məbləğində digər xərclərin ödənilməsi, Cavabdeh2 MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC-nin Bankla bağladığı 18 may 2012-ci il tarixli, 27747-1/SKMF №-li kredit müqaviləsinə əsasən Sizə illik 3.5 % olmaqla, 84 (səksən dörd) ay müddətinə 7000.000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə tranşla 5000.000 manat məbləğində kredit xx.xx.2019-ci il tarixə qədər verilir. Bu kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə tranşla 2000.000 manat məbləğində kredit xx.xx.2019-cu il tarixə qədər verilir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq Cavabdeh2 MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməməmiş və borcu yaranmışdır. Sonradan Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı “Krediti müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanan bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Birincisi ona görə ki, Cavabdeh1 MMC-nin təsisçisinin iş üzrə cavabdehin qarşısında müqavilə əsasında üzərinə götürdüyü öhdəlikdə, yəni müqavilədə olan imza Cavabdeh1 MMC-nin təsisçisinə məxsus deyildir. Əgər imza təsisçiyə məxsus olmuş olsaydı, müvafiq araşdırma aparılardı, yəni Cavabdeh1 MMC-nin mülkiyyətində 18 may 2012-ci ildə əmlakı olub-olmadığı, olduğu təqdirdə ayırılmış pulun biznes planı tələb edilərdi. Həmçinin də, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin iddia tələbi aşağıdakı hissədə yəni Cavabdeh2 MMC-ə məxsus 13 avqust 2015-ci il tarilxi ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-ə olan borcun, 4922,88 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin odənilməsi, Cavabdeh2 MMC-ə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılmasına dair hissədə rədd edilməsini, İddiaçı ASC ilə Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 13 avqust 2015-ci il tarixli İpoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsində Kredit müqaviləsinin tarixi göstərilməmiş və Kredit Müqaviləsinin nömrəsi fərqli qeyd edilmişdir. İddiaçıASC-nin Cavabdeh1 MMC-dən tələb etdiyi borc 27747-1/SKMF №-li kredit müqaviləsi üzrə olduğu halda, ipoteka müqaviləsidə göstərilən Kredit müqaviləsinin nömrəsi 100-27747/SİPM-1 olmaqla başqadır. Bundan əlavə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* olan Çıxarışında xeyrinə yüklü edilən şəxs İddiaçı ASC, hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№100-27747/SİPM-1, xx.xx.2015-ci il Kredit məbləği 7000.000 AZN” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin yox, xx.xx.2015-ci ildə bağlanan 100-27747/SİPM-1 №-li kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 may 2012-ci il tarixli, 27747-1/SKMF №-li kredit müqaviləsi üzrə Cavabdeh2 MMC borclu (tərəf) deyil, buna görə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil etməlidir. İpoteka müqaviləsinə və ipoteka predmetinin yüklü edilməsinə dair rəsmi sənədlərdən məlum olur ki, Cavabdeh2 MMC-ə məxsus Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi xx.xx.2015-ci il tarixli, 100- 27747/SİPM-1 nömrəli kredit müqaviləsinin təminatı kimi yazılmışdır. Buna görə xx.xx.2015-ci il tarixli İpotek müqaviləsinin 1.1.-ci bəndində göstərilən şərtlər üstün tutulmalıdır. Bundan əlavə İddiaçı ASC Cavabdeh2 MMC-ə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir. Bankla Cavabdeh2 MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsi Cavabdeh2 MMC-nin direktoru X5 tərəfindən təsdiq edilən zaman əmlakının ipoteka ilə yüklü olmasına dair Cavabdeh2 MMC-nin ali orqanının qərarı olmamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşıqlıqlı iddiaya etiraz edərək, ilkin iddianın təmin, qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddiasının məzmununa uyğun izahat verərək, ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddiasının təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi X4 qarşılıqlı iddiasının məzmununa uyğun izahat verərək, ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddiasının təmin, ilkin iddianın Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddialar rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə doğru nəticəyə gəlmək üçün ilkin və qarşılıqlı iddialara paralel olaraq qiymət verilməlidir. İşdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 may 2012-ci il tarixdə, 27747-1/SKMF №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 3.5 % olmaqla, 84 ay müddətinə 7000.000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla 5000.000 manat məbləğində pul və xx.xx.2012-ci il tarixdə tranşla 2000.000 manat məbləğində pul verilmişdir. Cavabdeh1 MMC buna etiraz olaraq bildirmişdir ki, 18 may 2012-ci il tarixli 27747- 1/SKMF №-li kredit müqaviləsindəki imzanin həmin dövrdə MMC-nin direktoru olmuş Rüstəmov Məftuna məxsus olmadığını, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pulun MMC-yə verilmədiyini bildirir. Məhkəmə Cavabdeh1 MMC-nin etirazının dəlillərini əsassız hesab edir. Belə ki, həm işdə olan 18 may 2012-ci il tarixli 27747-1/SKMF №-li kredit müqaviləsindən həm də, həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 2 ədəd ödəniş qrafikindən görünür ki, qeyd edilmiş sənədlər Cavabdeh1 MMC-nin direktoru tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bu isə onu deməyə əsas verir ki, qeyd edilmiş sənədlər məhz direktor olaraq Rüstəmov Məftunun özü tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin də, işə əlavə edilmiş AFB Bank tərəfindən Cavabdeh1 MMC-nin direktoru Rüstəmov Məftuna ünvanlanmış bildirişdən görünür ki, Rüstəmov Məftun xx.xx.2012-ci il tarixdə 5.000.000 manat pulun və xx.xx.2012-ci il tarixdə 2.000.000 manat pulun Cavabdeh1 MMC-nin ssuda hesabına köçürülməsini qəbul etmiş və bunu “tanış oldum, qəbul etdim” sözlərini qeyd etməklə bildirişləri imzalamış və hər iki bildiriş MMC-nin möhürü ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cəmi 7.000.000 manat məbləğində pul Bank tərəfindən Cavabdeh1 MMC-yə verilmişdir. Məhkəmə tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 18 may 2012-ci il tarixli, 27747- 1/SKMF №-li kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin Banka əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçı tərəfindən tələb edilən tarixə) 1.061.809,65 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə həmçinin Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası üzrə aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350). Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi Cavabdeh1 MMC-nin istinad etdiyi hallar yuxarıda qeyd olunan əqdlərin etibarsızlığı əsaslarına aid deyildir və Mülki Məcəllənin 329.1, 339, 340.1, 341,342, 343, 344, 345, 346, 349, 350-ci maddələrində göstərilən əsaslara heç bir halda aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir, Cavabdeh1 MMC-dən Bankın xeyrinə 18 may 2012-ci il tarixli, 27747-1/SKMF №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 6.215.471,11 manat əsas borcuna münasibətdə dəbbə pulunun 300.000 manat müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, pulun tutulması tələbinə dair Bankın iddiası qismən əsaslı olduğundan məhkəmə ilkin iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasına qiymət verilməlidir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 MMC, Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə təşkil edir ((2.1-ci bənd), öhdəliyin ölçüsü (3.2-ci bənd): illik 3,5 faiz dərəcəsi ilə verilmiş 7000.000 manat; öhdəliyin icra müddəti (3.3-cü bənd) xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. Cavabdeh2 MMC-nin etirazının və qarşılıqlı iddiasının birinci dəlili ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin mübahisə predmetinə aid olmayan 100-27747/SİPM-1 saylı öhdəlik kimi qeyd edilməsidir. Bank isə bu dəlilə etiraz olaraq ipoteka müqaviləsində kredit müqaviləsinin nömrəsinin texniki olaraq səhv düşdüyünü və sonradan Notarius tərəfindən qeyd edilən hissəyə düzəliş edildiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir, həqiqətəndə işdən görünür ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin qeyd edilən hissəsinə Notarius tərəfindən düzəliş edilərək mübahisə predmeti üzrə kredit müqaviləsinin 27747-1/SKMF saylı nömrəsi ilə əvəz edilmişdir (2-ci cild, 47-ci səh.). Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin qeyd edilən dəlili əsassızdır. Cavabdeh2 MMC-nin digər dəlili isə ondan ibarətdir ki, ipoteka müqaviləsi bağlanan zaman Cavabdeh2 MMC-nin ali icra orqanının qərarının olmamasıdır. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilmiş normadan da, göründüyü kimi MMC-yə cari rəhbərliyi icra orqanı (kollegial və ya təkbaşçı) həyata keçirir. Hazırkı halda da bu təkbaşçı-direktor tərəfindən yəni Rüstəmov Məftun tərəfindən həyata keçirilmiş və ipoteka müqaviləsini imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir. Ona görə də, məhkəmə Cavabdeh2 MMC-nin qeyd edilən dəlilini də əsassız hesab edir. X7” MMC-nin digər dəlili isə ondan ibarətdir ki, AFB Bank” ASC Cavabdeh2 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verməmiş, tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatları verməmişdir. Bank isə buna etiraz edərək, Cavabdeh2 MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyini və qarşı tərəfdən bildirişi xx.xx.2021-ci il tarixdə “Dadaşov N” adlı şəxs tərəfindən alınmasına dair xəbərnaməni təqdim edir. Məhkəmə bununla bağlı qeyd edir ki, həqiqətəndə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Cavabdeh2 MMC-nin hüquqi ünvanı olan ünvan 4diriş xx.xx.2021-ci il tarixdə qeyd edilən ünvanda “Dadaşov N” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Cavabdeh2 MMC-nin digər dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX № ******* olan çıxarışından görünür ki, xeyrinə yüklü edilən şəxs İddiaçı ASC, hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC, yüklü edilən əmlakın adı Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasında “K/M№100- 27747/SİPM-1, xx.xx.2015-ci il Kredit məbləği 7000.000 AZN” göstərilmişdir. Yəni qeyd olunan əmlak mübahisəsi məhkəmədə baxılan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin yox, xx.xx.2015-ci ildə bağlanan 100-27747/SİPM-1 №-li kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bank bu dəlilə etiraz olaraq bildirir ki, ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı dəyişiklik edildikdən sonra, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 9 saylı Qəbələ ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlanmış və sonuncu tərəfindən də, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bank qeyd edilən ərizəni məhkəməyə təqdim etdi. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda da, qeyd edildiyi kimi ipoteka müqaviləsinə kredit müqaviləsinin nömrəsi ilə bağlı müvafiq düzəliş edildikdən sonra, Bank həqiqətən də, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə çıxarışda dəyişikliyin edilməsi üçün bu barədə ərizə ünvanlamış və sonuncu tərəfindən də, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Artıq çıxarışda müvafiq dəyişikliyin edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin öhdəliyi olduğundan, hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 MMC Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi müqavilənin bütün etibarlılıq şərtlərinə cavab verir. Həmçinin də, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar da, müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin qarşılıqlı iddiası əsassızdır. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ipoteka predmetinin qiymətləndirilməsi AB Consulting MMC-yə həvalə edilmişdir. AB Consulting MMC tərəfindən ipoteka predmeti olan Cavabdeh2 MMC-yə məxsus Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 41.107.000 (qır bir milyon yüz yeddi min) manat müəyyən edilmişdir. Sonradan məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, ipoteka predmeti olan Cavabdeh2 MMC-yə məxsus Qəbələ rayonu,Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilmişdir. Həmçinin də, Cavabdeh2 MMC mütəxəssis rəylərini işə əlavə edərək, ipoteka predmetinin qiyməti ilə bağlı X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə ipoteka predmetinin 43.489.250 manat, Əmlak Ekspert Mərkəzi tərəfindən isə 43.000.000 manat qiymətləndirildiyini qeyd edir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə qeyd edilmiş 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməlidir. Belə ki, işə əlavə edilmiş digər müstəqil MMC-lər tərəfindən verilmiş rəylər ekspert rəyi hesab edilə bilməz ancaq mütəxəssis rəyi kimi qəbul edilməlidir. Məhkəmə iddianın borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməklə Cavabdeh2nə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəmə-mühasibatlıq Ekspertizasının keçirilməsi xərci 350 manat təşkil edir. Belə olan halda, yəni ilkin iddianın qismən, qarşılıqlı iddiaların isə rədd edildiyi nəzərə alındığında məhkəmə hesab edir ki, qeyd edilən məbləğ Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının keçirilməsinin dəyəri olaraq 100 (yüz) manat məbləğində pul da, müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul da Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2021-001516 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 nümayəndələri ilkin mediasiya sessiyasında iştirak etməmiş, bank tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödənilmişdir. Ona görə də mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4.523 (dörd min beş yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə, ilkin iddianın qismən, qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607 (yeddi milyon on dörd min altı yüz yeddi) manat, 97 (doxsan yeddi) qəpik məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809 (bir milyon altmış bir min səkkiz yüz doqquz) manat, 65 (altmış beş) məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 17.200.000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməklə Cavabdeh2nə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607 (yeddi milyon on dörd min altı yüz yeddi) manat, 97 (doxsan yeddi) qəpik və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809 (bir milyon altmış bir min səkkiz yüz doqquz) manat, 65 (altmış beş) məbləğində pula, yəni ümumilikdə 8.076.417,62 (səkkiz milyon yetmiş altı min dörd yüz on yeddi) manat, 62 (altmış iki) qəpik məbləğində pulun ödənilməsinə yönəldilsin. Daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 tərəfindən Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəni ən geci bir ay ərzində boşaldılsın. Məhkəmə-mühasibatlıq Ekspertizasının keçirilməsinin dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının keçirilməsinin dəyəri olaraq 100 (yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4.523 (dörd min beş yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddialar rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-65/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-65/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver