Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-650/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Etibar oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-021-2024-050 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə əsas borc 36488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik), ƏDV borcu 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) olmaqla, cəmi 43056,52 manat (qırx üç min əlli altı manat əlli üç qəpik) qalıq borc və 219,92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, ERS021-2024-0050 saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC icarəçi Cavabdeh MMC-yə müqavilə üzrə razılaşdırılmış texnika və avadanlıqların icarəsini həyata keçirmişdir. İddiaçı – icarəyə verən İddiaçı MMC cavabdehə indiyədək 2024-cü ilin may, iyun, iyul və avqust ayları üzrə ümumi dəyəri ƏDV daxil 48402,76 manat (qırx səkkiz min dörd yüz iki manat yetmiş altı qəpik) təşkil etməklə, özünə məxsus X2 Lift və X1 Lift texnikalarla xidmət göstərmişdir. Cavabdeh MMC texnikadan icarə əsasında istifadə qarşılığında indiyədək iddiaçıya bir dəfə xx.xx.2024-cü il tarixdə sadəcə 5346,24 manat (beş min üç yüz qırx altı manat iyirmi dörd qəpik) miqdarında ƏDV daxil ödəniş etmişdir. Lakin cavabdehin iddiaçının texnikasından icarə əsasında istifadə etməsinə görə indiyədək 36488,57 manat əsas, 6567,95 manat ƏDV borcu olmaqla, cəmi 43056,52 (qırx üç min əlli altı manat əlli iki qəpik) manat borcu qalmaqda davam edir. Bu barədə ən son maliyyə məlumatları əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı son qalıq borcu təsdiq edir. Cavabdeh texnikanın həqiqətən də icarəyə verildiyi və onların dəyəri ilə bağlı iddiaçı ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli sonuncu akt tərtib edilib qarşı tərəfə göndərilsə də, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, qarşı tərəf imzalamaqdan boyun qaçırmışdır. Sözügedən aktlara əsasən göstərilmiş xidmətlərin ümumi dəyərinin 43056,52 manat (otuz beş min dörd yüz iyirmi bir manat yeddi qəpik) olması öz təsdiqini tapmışdır. O da qeyd edilmişdir ki, cavabdehə göndərilmiş MT2407 seriyalı, 11904378 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10698561 nömrəli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11904378 nömrəli e-qaimələr DVX-nin sistemi tərəfindən təsdiq edilmişdir. Həmin təsdiqlənmələrdən sonra iki akt üzrə qarşı tərəf imza və möhürlə öz razılığını bildirmiş, lakin sistemin sonuncu təsdiq etdiyi qaiməyə dair tərtib edilmiş aktı isə qarşı tərəf indiyədək imzalayıb geri göndərməmiş, nə də bu barədə hər hansı etirazının olubolmamasını bildirmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə göstərilən rəqəmlər mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 13-cü bəndinə əsasən “bu icarə müqaviləsi ilə əlaqədar meydana gələn bütün münaqişələr icarəçi ilə icarəyə verən arasında əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir ” qaydası kimi göstərilmişdir. Bunu rəhbər tutaraq iddiaçı olan şirkət borcunu ödəməsi barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərmiş, borcunu ödəməsi üçün 3 günlük möhlət verilmişdir. Pretenziyanın göndərilməsindən xeyli müddət keçməsinə baxmayaraq, pretenziya məktubuna hazırkı iddia ilə məhkəməyə müraciət edilən ana qədər cavabdehdən heç bir cavab və ya tələbin məhkəmədən kənar həllinə dair təklif gəlməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən “İcarəçi icarə haqqını aylıq əsasla elektron qaimə faktura təqdim edildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına köçürür”. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad edilmişdir.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-021-2024-050 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə əsas borc 36488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik) ƏDV borcu 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) olmaqla, cəmi 43056,52 manat (qırx üç min əlli altı manat əlli üç qəpik) qalıq borc, vəkil xidmətləri üçün ödənilmiş 250 manat vəsait və 219,92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-21-2024-0050 saylı Daşınar Əmlakın İcarə müqaviləsinin 1-ci, 4.1-ci (c) bəndi), 6-cı və 8.1-ci maddələrinin tələbləri "xxxx" MMC tərəfindən qəsdən pozulmuş və iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə heç bir məlumat və ya bildiriş verilmədən müqavilə üzrə icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış və "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklərini pozması və icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə "xxxx" MMC-yə 50000 (əlli min) manat ziyan dəymişdir. Bu səbəbdən də, hal-hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 3941 nömrəli, xx.xx.2024-cü il tarixli akt "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. Belə ki, həmin tarixdə iddiaçı "xxxx" MMC tərəfindən icarəyə verilmiş texnikalar xidmət ərazisindən çıxarıldığından həmin ay ərzində həmin texnikalardan "xxxx" MMC tərəfindən istifadə edilməsi ümumiyyətlə mümkün olmamışdır və bu səbəbdən də 3941 nömrəli, xx.xx.2024-cü il tarixli akt (12981,69 manat) haqlı olaraq "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlardan da göründüyü kimi, "xxxx" MMC tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur və nəticədə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Bu səbəbdən də, iddiaçı "xxxx" MMC-nin hazırkı iş üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı xx.xx.2024-cü il tarixli, ERS-21-2024-0050 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə 43056,52 manat qalıq borc və 219,92 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil Etibar oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında 21 may 2024-cü il tarixli, ERS-021-2024-0050 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin “müqavilənin mövzusu” adlı bağlığına əsasən icarəyə verən texniki göstəriciləri müqaviləyə edilmiş Əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan və icarəyə verilməsinə hüququ olan avadanlığı icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq icarəçiyə icarəyə verməyi və icarəçi isə öz növbəsində həmin avadanlıqları müqavilədə göstərilən tarixdən etibarən icarəyə verəndən icarəyə götürmək barədə razılığa gəlirlər. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəçi əlavədə qeyd olunan texnikanı müqavilənin qüvvəyə minmə tarixindən etibarən imzalanan tarixdən 31 dekabr 2024-cü il tarixinə qədər qüvvədədir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü avadanlığa görə hər bir təqvim ayı üçün icarə haqqını ödəməyi öz öhdəsinə götürür və tərəflər razıllığa gəlirlər ki, icarə haqqı, icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcarəyə verənlə icarəçi arasında bağlanmış müqaviləyə əsasən icarəyə verən tərəfindən icarə və digər haqlar artırılarsa, bu zaman yeni icarə haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qaydada artırıla bilər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçı icarə haqqını aylıq əsasla elektron qaimə-faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində icarəyə verənin müvafiq bank hesabına köçürür. İcarəyə verən icarə haqqının müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə icarəçidən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icarəyə verənin icarəçidən müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını vaxtında ödəməyi tələb etmək, icarəçidən avadanlıqlardan müqavilədə göstərilən məqsədlər üçün istifadə etməsini tələb etmək hüququ, müqavilə imzalanaraq qüvvəyə minmə tarixindən texnikaları maneəsiz olaraq tam işlək vəziyyətdə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş təhvil-təslim aktına əsasən icarəçinin istifadəsinə vermək vəzifəsi vardır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq, təhvil-təslim aktını aldıqdan sonra 7 iş günü ərzində icarə haqqını ödəmək vəzifəsi vardır. Əks halda icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. Texnikaların yanacaqla təchiz edilməsi icarəçinin üzərinə düşür. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqaviləyə xitam verilməsi haqqında tərəflər bir-birinə 10 gün qabaqcadan yazılı şəkildə xəbərdarlıq etməlidirlər. Həmin müqavilənin 12-ci bəndinə əsasən icarəyə verən icarəçi qarşısında zəmanət verir ki, icarə müddəti ərzində avadanlıqlarla bağlı bu və ya digər iddia irəli sürmək hüququna malik olan hər hansı digər şəxs tərəfindən hər hansı narahatçılıq törədilmədən müqavilədə nəzərdə tutulmuş şərtlərə müvafiq işləri yerinə yetirəcəkdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. ERS-021-2024-0050 saylı müqaviləyə 1 nömrəli Əlavənin “tariflər” adlı başlığının məzmunundan görünür ki, tariflər bir növbəli iş rejimi üçün nəzərdə tutulub, standart nəzərdə tutulmuş saatdan artıq işlədilən əlavə saatlar aylıq tarifə əsasən hesablanıb, hesab fakturaya əlavə olunacaq. Əlavənin bəndləri müqavilədə göstərildiyi kimi qeyd edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. ERS-021-2024-0050 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli, 2 nömrəli Əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər müqaviləni xx.xx.2024-cü il tarixinədək bağlayırlar. Əgər müqavilə bitdikdən 10 təqvim günü ərzində tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin xitam verilməsinə dair bildiriş göndərilməzsə, müqavilə daha 1 il uzadılmış olur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. ERS-021-2024-0050 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli, 3 nömrəli Əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 ədəd aylıq icarə haqqı 5800 manat olan X2 Lift JLG 1200SJP (AZ-90-H-419), 1 ədəd günlük icarə haqqı 250 manat olan X1 Lift JLG 740AJ (AZ-90-H-628), 1 ədəd günlük icarə haqqı 230 manat olan X1 Lift Genie Z60/34 (AZ-90-T-637) icarəyə verilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 3862 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 14732,3 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin iyun ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, 3889 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 15342,53 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin iyul ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, 3941 nömrəli aktın məzmunundan müəyyən edilir ki, icarəyə verən İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə icarə haqqı (ƏDV daxil) 12981,69 manat olan texnika icarəyə verilmişdir. Akt həmin texnikanın 2024-cü ilin avqust ayı ərzində icarəsi üçün tərtib olunmuşdur. Akt icarəyəverən tərəfindən imzalanmışdır.
15. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, ERS-021-2024-0050 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə təqdim olunmuş qaimələr əsasında xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11904378 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10698561 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10991605 nömrəli qaimələr üzrə Cavabdeh MMC-nin 36488,57 manat əsas, 6567,95 manat ƏDV olmaqla, cəmi 43056,52 manat borcu vardır.
16. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11904378 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14732,2953 manat (ƏDV-2247,2993 manat) təşkil etdiyi qeyd olunur.
17. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10698561 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15342,5311 manat (ƏDV-2340,3861 manat) təşkil etdiyi qeyd olunur.
18. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10991605 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12981,6886 manat (ƏDV-1980,2576 manat) təşkil etdiyi qeyd olunur.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 21 may 2024-cü il tarixli, ERS-021-2024-0050 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus avadanlıqları cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını ödəməmişdir. İddiaçı cavabdehdən 36488,57 manat əsas borc və 6567,95 manat ƏDV borcunun tutulmasını xahiş edir. Cavabdeh iddiaya etiraz edərək, müqavilə şərtlərinin iddiaçı tərəfindən kobud şəkildə pozulduğunu qeyd etmiş və bunun nəticəsində Cavabdeh MMC-yə ziyan dəydiyini bildirmişdir.
23. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 36488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik) əsas borc, 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) ƏDV məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu aktlar, elektron qaimələr və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Müəyyən olunur ki, təqdim olunmuş elektron qaimələr üzrə ümumi məbləğ 43056,52 manat təşkil edir. Həmin qaimələr üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
24. Etiraz ərizəsində cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 3941 nömrəli, xx.xx.2024-cü il tarixli aktın "xxxx" MMC tərəfindən təsdiq edilmədiyini onunla əsaslandırmışdır ki, həmin tarixdə iddiaçı "xxxx" MMC tərəfindən icarəyə verilmiş texnikalar xidmət ərazisindən çıxarılmış və həmin ay ərzində həmin texnikalardan "xxxx" MMC tərəfindən istifadə edilməsi ümumiyyətlə mümkün olmamış və bu səbəbdən də 3941 nömrəli, xx.xx.2024-cü il tarixli akt (12981,69 manat) haqlı olaraq "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir, "xxxx" MMC tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuş və nəticədə "xxxx" MMC-yə ziyan vurulmuşdur, bu səbəbdən də, iddiaçı "xxxx" MMC-nin hazırkı iş üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, etiraz sassızdır. Əvvəla, xx.xx.2024-cü il tarixli akt avqust ayının icarə haqqının icarə haqqı ilə bağlı tərtib olunmuşdur, bundan başqa, avqust ayının icarə haqqı ilə bağlı cavabdehə elektron qaimə göndərilmiş və qaimə geri qaytarılmamış, bununla bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Bundan başqa, texnikaların iddiaçıya təhvil verilməsi və götürülməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması və bunun nəticəsində cavabdehə ziyanın dəyməsi ilə hallar varsa, bununla bağlı cavabdeh məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
26. Eləcə də, iddiaçı 250 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219,92 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, 250 (iki yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219,17 manat (iki yüz on doqquz manat on yeddi qəpik) (iş üzrə ödənilməli olan dövlət rüsumu bu məbləğdə olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, ERS-021-2024-0050 nömrəli müqavilə üzrə 36488,57 manat (otuz altı min dörd yüz səksən səkkiz manat əlli yeddi qəpik) əsas borc, 6567,95 manat (altı min beş yüz altmış yeddi manat doxsan beş qəpik) ƏDV məbləği, 250 (iki yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219,17 manat (iki yüz on doqquz manat on yeddi qəpik) olmaqla, cəmi 43525,69 manat (qırx üç min beş yüz iyirmi beş manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova