Məhkəmə qərarları › İş №e-2-2(113)-651/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-651/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-651/2022 14.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nizamnaməsi 26 sentyabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və Cəmiyyətin təsisçiləri 58% pay hesabı ilə X5 və 42% pay hesabı ilə X3 olmaqla Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən iddiaçı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 591 saylı 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə iddiaçının müraciəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışı nəzərə alınaraq ünvan 1 ünvanda istifadədə olan 0,02493 ha və ona bitişik (icarə əsasında) torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə iddiaçıya icazə verilmiş, yenə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 313 saylı 20 aprel 2018-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda iddiaçı tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq olunmuşdur. ünvan 1 ünvanda yerləşən 0,02493 ha torpaq sahəsi iddiaçının istifadəsində olmaqla Binəqədi Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bununla yanaşı, 591 saylı 14 dekabr 2017-ci il tarixli sərəncamda sözügedən icarə əsasında olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş və həmin torpaq sahəsi hazırkı iş üzrə cavabdeh ilə iddiaçı arasında 26 yanvar 2018-ci il tarixdə bağlanmış 1431 saylı Torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 591 saylı 14 dekabr 2017-ci il tarixli sərəncamına əsasən iddiaçının icarəsinə verilmiş, torpaq sahəsinin həcmi 678,7 kv.metr, icarə müddəti 49 il, illik icarə haqqı isə 3097,97 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən çıxarış əsasında onun qanuni istifadəsində olan 0,02493 ha torpaq sahəsində bir girişli, 9 mərtəbəli, 50 mənzilli bina tikilmiş və həmin binanın istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixli, 15 saylı Tikinti obyektinin istismarına İcazə sənədi ilə icazə verilmişdir. İddiaçı tərəfindən 678,7 kv.metr təşkil edən icarə sahəsində abadlıq işləri aparılmış olsa da, həmin sahədən istifadə olunmamış və buna baxmayaraq iddiaçı tərəfindən icarə haqqı ödənilmiş və iddiaçının bu günkü tarixə icarə haqqı borcu qalmamışdır. İddiaçı tərəfindən icarə torpaq sahəsinin geri qaytarılması və icarə müqaviləsinin ləğv olunması ilə əlaqədar cavabdehə müraciət olunmuş, sonuncu 12 oktyabr 2021-ci il tarixli, 7-4101/17 saylı məktubu ilə bundan faktiki olaraq imtina etmiş və iddiaçıdan əsassız sənədlər tələb etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə ki, qüvvədə olan mülki qanunvericilik normalarının tələbinə görə müqavilə bağlamaq azadlığı mövcuddur və heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, müqaviləyə xitam tərəflərin razılığı ilə olur. İddiaçının inşa etdiyi bina icarəyə götürülmüş torpaq sahəsində yerləşir və buna görə də cavabdeh iddia tələbi ilə razılaşmır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 26 yanvar 2018-ci il tarixli 1431 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İlqar Cümşüdov küçəsi 15V ünvanında yerləşən 678,7 kv.metr torpaq sahəsini illik icarə haqqı 3097,97 manat olmaqla 49 il müddətinə iddiaçıya icarəyə vermişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 19 fevral 2021-ci il tarixli 7-167/17 saylı və 12.10.2021-ci il tarixli 7-4101/17 saylı məktublarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 14.12.2017-ci il tarixli 591 nömrəli sərəncamına əsasən icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin tikinti obyektinin istismarına icazə verilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsi olduğuna dair hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə müraciətinə yenidən baxıla bilər. “B+Ş Audit” X1 Cəmiyyətinin 10.03.2022-ci il tarixli A-02/25 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanında inşa edilimiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 26 yanvar 2018-ci il tarixili 1431 saylı Torpağa dair icarə müqaviləsi ilə icarəyə verilmiş 678.7 kv.metr torpaq sahəsində inşa edilməsi aparılmış mühəndis geodeziya işlərində öz əksini tapmışdır və Bakı şəhər Binəqədi bələdiyyəsinin mülkiyyətində olan 0.02493 ha torpaq sahəsinin üzərinə düşməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 26 yanvar 2018-ci il tarixli 1431 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İlqar Cümşüdov küçəsi 15V ünvanında yerləşən 678,7 kv.metr torpaq sahəsini illik icarə haqqı 3097,97 manat olmaqla 49 il müddətinə iddiaçıya icarəyə vermişdir. İddiaçı cavabdehə müraciət edərək bağlanmış torpağın icarə müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşagıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin qanuni əsaslarını təşkil edən maddi hüquq normaları müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Beləliklə, sadalanan qanunvericiliyin tələblərinə görə, torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Müqavilələrin ləğv edilməsi qaydası həmin Məcəllənin “Ümumi hissəsində” yerləşmiş, xüsusi olaraq torpaq icarə müqaviləsindən irəli gələn münaisbətlərin tənzimləməsi qaydası isə Məcəllənin “Xüsusi hissəsində” nəzərdə tutulmuşdur. Bununla isə məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.4-ci maddəsinə əsasən, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Həmin məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir.İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır.Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmiş, eyni zamanda müqavilələrin baglanmasından 30 il müddət keçməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “B+Ş Audit” X1 Cəmiyyətinin 10.03.2022-ci il tarixli A-02/25 saylı mütəxəssis rəyi ilə iddiaçı tərəfindən inşa edilimiş yaşayış binasının 26 yanvar 2018-ci il tarixili 1431 saylı Torpağa dair icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsində inşa edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar