Məhkəmə qərarları › İş №e-2-2(113)-651/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-651/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-651/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 100.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,50%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% olmaqla razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında 26 iyul 2022-ci il tarixli, Z/11991/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22/1 saylı kredit verilməsinə dair razılaşmaya əsasən kreditor borc alana biznes məqsədli ilə 3000 manat məbləğində kredit verir, kreditin müddəti 18 ay, kreditin aylıq faiz dərəcəsi 2,08%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% təşkil edir. Həmin razılaşmanın 12-ci bəndinə əsasən razılaşma xx.xx.2022-ci il tarixli, 11- MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir bə həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

4. 11-MCR-1-857-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla) ödəyəcək əsas məbləğ 3000 manat, faizin məbləği 628,33 manat, cəmi ödəniləcək məbləğ 3.628,33 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

5. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 1.415,8 manat, faiz borcu 94,74 manat, cərimə borcu 23,74 manat olmaqla cəmi borc 1.534,28 manat təşkil edir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli, KBD-5292 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022ci il tarixli, 11-MCR-1-857-22/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 9/1492 saylı ekspert rəyinə əsasən Cavabdeh2 hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22/1 nömrəli krеditi müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə ödənilməli əsas borcu 1.583,11 manat, faiz borcu 5,50 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə ödənilməli əsas borcu 1.434,29 manat, faiz borcu 35,86 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1.415,8 manat əsas borc, 94,74 manat faiz borcu, 23,74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.534,28 manat borcun və 70 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 26 iyul 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1ilə 26 iyul 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır 2023-cü il sentyabrın 8-dək Cavabdeh2 banka 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1.415,8 manat əsas borcu, 94,74 manat faiz borcu, 23,74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.534,28 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabadehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

22. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022ci il tarixli, 11-MCR-1-857-22/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 3.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

25. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə ödənilməli əsas borcu 1.583,11 manat, faiz borcu 5,50 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə ödənilməli əsas borcu 1.434,29 manat, faiz borcu 35,86 manat məbləğində olması müəyyən edilmişdir.

26. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

27. Digər tərəfdən o da qeyd edilməlidir ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzrə əsas və faiz borcunun tam ödənilməsini tələb etmiş, bununla da kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iradəsini qarşı tərəfə bildirmişdir. Göründüyü kimi mübahisəli müqaviləyə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək müqavilə üzrə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.

28. Yuxarıda istinad edilən ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə ödənilməli əsas borcu 1.583,11 manat, faiz borcu 5,50 manat təşkil etmiş və bundan sonra borc alan tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə 432.4-cü maddəsinin tələblərinhə əsasən həmin ödənişin 5,50 manat hissəsini faiz borcundan qalan 194,5 manat hissəsini isə əsas borcdan çıxmaqla belə qənaətə gəlir ki, hazırda mübahisəli kredit müqaviləsi üzrə əsas borc 1388,61 manat (1583,11-194,5) məbləğindədir, faiz borcu isə mövcud deyil.

29. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 23,74 manat məbləğində cərimə (dəbbə) pulunun tutulması tələbini də irəli sürmüşdür.

30. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

31. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (zamin) arasında 26 iyul 2022-ci il tarixli, Z/11991/22 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 kredit alan Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

32. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 11-MCR-1-857-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.

34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 35,34 manat təşkil edir.

35. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

36. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

37. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 55 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 11- MCR-1-857-22/1 saylı kredit müqaviləsi üzrə 1388,61 manat məbləğində əsas borc, 23,74 manat məbləğində dəbbə pulu, ümumilikdə 1412,35 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar