Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-652/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən xx.xx.2018-ci il tarixli, 1027H nömrəli «Kredit müqaviləsi»nə əsasən kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə olan 422534,84 manat (dörd yüz iyirmi iki min beş yüz otuz dörd manat səksən dörd qəpik) əsas borc, 17377,40 manat (on yeddi min üç yüz yetmiş yeddi manat qırx qəpik) faiz borcu, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 7863,85 manat (yeddi min səkkiz yüz altmış üç manat səksən beş qəpik) faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu, kredit, alqı-satqı və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 24 (iyirmi dörd manat) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********78-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Cavabdeh2 («İpoteka qoyan»a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 710 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1027H nömrəli «Kredit müqaviləsi»nə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün 12 (on iki) ay müddətinə illik 18 (on səkkiz) faiz hesablanmaqla 450000 (dörd yüz əlli min) manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1027H Nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********78-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 («İpoteka qoyan»a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 710 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2018-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qismən, ekspert rəyində müqavilə müddətinin sonuna hesablanan borc məbləğinə uyğun hissədə qəbul etdiyini bildirərək, iddia tələbinin qismən təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1027H nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 18% olmaqla 450000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi və həmin topaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəni xx xxxxxxxx 2018-ci il tarixli, 1027H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsinə dair xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli 048 nömrəli məktubla müraciət edilərək, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 xx.xx.2020-ci il tarixdə **********35 nömrəli məktubla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2020-ci il tarixli 11-00343 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli, 1027H saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə əsas borcu 422534,84 manat, faiz borcu 17377,40 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5 illik faiz dərəcəsi ilə hesablanmış 7863,85 manat faiz borcu olmaqla, cəmi 447776,09 manat təşkil edir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC –yə 047 nömrəli pretenziya məktubu göndərilərək, kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1111 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 1027H saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixə əsas borcu 422511,51 manat, faiz borcu 15705,61 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 422511,51 manat, faiz borcu 23627,7 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 422511,51 manat, faiz borcu 24449,25 manat və xx.xx.2020-ci il tarixə əsas borcu 422511,51 manat, faiz borcu 37241,96 manat müəyyən edilir. - “X4” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, ƏEM/A 17-375/20 saylı qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəsin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 750000 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borc alana illik 18% olmaqla 450000 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən əsas borc üzrə 422534,84 manat, faiz borcu üzrə 17377,40 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi, cavabdehin iddiaçıya əsas borcu 422511,51 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə faiz borcu 15705,61 manat təşkil etmişdir. Ona görə də əsas və faiz borcu üzrə sonuncu məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 7863,85 manat faiz borcunun cavabdehdən tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ var, ona görə də tələb həmin hissədə də təmin olunmalıdır. Bununla yanaşı, iddiaçı kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsini və həmin topaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəni xx xxxxxxxx 2018-ci il tarixli, 1027H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Mülki qanunvericiliyin qeyd olunan normalarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də təmin edilməli, Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə banka olan borcu üzrə tutma Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsini və həmin topaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan əmlakın bazar dəyərinin 750000 manat olması müəyyən edilmişdir. Həmin rəyə müvafiq olaraq Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsini və həmin topaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 750000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı həmçinin əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulmasını xahiş etmişdir. Məhkəmənin qənaətinə əsasən borcun cavabdehdən tutulmasının qət edilməsi əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulmasını özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca qeyd edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 24 (iyirmi dörd manat) manat rüsum məbləği, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. 24 (iyirmi dörd manat) manat rüsum məbləği, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, tələbin 24 manat və 30 manat məbləğundə dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulması hissəsində iddia təmin edilməli, 1 manat hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin 1 manat hissəsi iddiaçıya aid edilməli, 29 manat pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 150 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin, 400 manat məbləğində pul “X4” MMC-nin bank hesabına ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən xx.xx.2018-ci il tarixli, 1027H nömrəli «Kredit müqaviləsi»nə əsasən xx.xx.2019-cu il tarixə olan 422511,51 manat (dörd yüz iyirmi iki min beş yüz on bir manat əlli bir qəpik) əsas borc, 15705,61 manat (on beş min yeddi yüz beş manat altmış bir qəpik) faiz borcu, illik 5 faiz dərəcəsi ilə hesablanmış 7863,85 manat (yeddi min səkkiz yüz altmış üç manat səksən beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 24 (iyirmi dörd) manat olmaqla cəmi 446163,97 manat (dörd yüz qırx altı min yüz altmış üç manat doxsan yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********78-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi və həmin topaq sahəsinin üzərində yerləşən 710 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinnə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılsın. Əmlakın ilkin satış qiyməti 750000 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutulub “X4” MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-652/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-652/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver