Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-652/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 123680.97 manat, faiz borcu 5707.65 manat, dəbbə borcu 2045.30 manat olmaqla ümumilikdə 131433.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 422 manat dövlət rüsumu və 0.63 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2022-ci il tarixli, DENG-00198- 16/22A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi, həmin həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə maksimal faiz dərəcəsi 35 (otuz beş) faiz olmaqla 300000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı əlavə razılaşmaya əsasən, bank tərəfindən cavabdehə yaşayış təyinatlı əmlakın tikintisi məqsədi ilə 36 (otuz altı) ay müddətinə 17 (otuz beş) faiz ödəmək şərti ilə 200000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddiaçıyla DENZ-00198-16/22A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddiaçıyla DENG-00198-16/22A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlak ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlakın "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 286000 manat, likvid dəyəri 243000 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 5.6-cı və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 123680,97 manat, faiz borcu 5707,65 manat, dəbbə borcu 2045,30 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 131433,92 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan Əsas kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Yusifli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra kredit müqaviləsi üzrə hər hansı ödəniş olmamışdır, bundan əlavə mübahisənin məhkəmədən kənar həlli isə mümkün deyildir.
4. Məhkəmə iclasında Cavabdeh1 tələb edilən borcları mübahisələndirmədiyini, dəfələrlə mübahisəni məhkəmədən kənar qaydada həll etməyə cəhd etdiyini, lakin iddiaçının buna əsassız olaraq razı olmadığı bildirdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı Əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə maksimal faiz dərəcəsi 35 (otuz beş) faiz olmaqla 300000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilə bilməsi nəzərdə tutulmuşdur.
10. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DEN- 00198-16/22A saylı Əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı Əlavə Razılaşmaya əsasən, bank tərəfindən cavabdehə yaşayış təyinatlı əmlakın tikintisi məqsədi ilə 36 (otuz altı) ay müddətinə 17 (otuz beş) faiz ödəmək şərti ilə 200000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.
11. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli Əlavə Saziş ilə xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 10 oktyabr 2025-ci il tarixədək uzadılmışdır.
12. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli DENZ-00198-16/22A saylı zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh1 xx.xx.2022ci il tarixli, DEN-00198-16/22A saylı Əsas kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
13. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli DENG-00198-16/22A saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ipoteka ilə yüklü edilmişdir.
14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/22-515 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 286000 manat, likvid dəyəri 243000 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10051 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsi və həmin müqavilənin şərtləri əsasında imzalanmış əlavə saziş üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 125897,23 manat, faiz borcu 6599,11 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 125897,23 manat, faiz borcu 9987,85 manat təşkil edir.
16. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə olan əsas borcu 123680,97 manat, faiz borcu 5707,65 manat, dəbbə borcu 2045,30 manat, cəmi borc 131433,92 manat təşkil edir.
17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-006/2024 nömrəli mütəxəssis rəyinin nəticə hissəsinə görə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-məhəllə, ev 10F ünvanında yerləşən Cavabdeh1 məxsus 25 saylı mənzilin hazırki bazar qiyməti 313000 (üç yüz on üç min) manat, likvid qiyməti 281000 (iki yüz səksən bir min) manat təşkil edir.
18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, UNİ/M 19-236/2025 saylı ekspert rəyinin nəticə hissəsinə görə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131məhəllə, ev 10F ünvanında yerləşən 25 saylı mənzilin hazırki bazar dəyəri 301800 (üç yüz bir min səkkiz yüz) manat, likvid dəyəri 271600 (iki yüz yetmiş bir min altı yüz) manat təşkil edir.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
27. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
29. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
31. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
32. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
33. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
34. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə 17 (otuz beş) faiz ödəmək şərti ilə 200000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli Əlavə Saziş ilə xx.xx.2022-ci il tarixli, DEN-A0198-16/22A saylı kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 10 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında 10 oktyabr 2022-ci il tarixli DENZ-00198-16/22A saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-məhəllə, ev 10F, 25 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir.
35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulacaq məbləğlər iddia tələbi həddində müəyyən edilməlidir.
36. Belə ki, xx.xx.2025-ci il tarixli tarixli ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə borcu iddia tələbində göstərilən məbləğlərdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 2045,30 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
40. Həmçinin iddia ərizəsində ipoteka predmetlinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
41. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı krеdit müqaviləsi üzrə 123680,97 manat əsas borc, 5707,65 manat faiz borcu, 2045,30 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır.
42. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2022-ci il tarixli, DEN-00198-16/22A saylı krеdit müqaviləsi üzrə 123680,97 manat əsas borc, 5707,65 manat faiz borcu, 2045,30 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-məhəllə, ev 10F ünvanında yerləşən Cavabdeh1 məxsus 25 saylı mənzilə ilkin satış qiyməti 271600 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 422 manat dövlət rüsumu, 0,63 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
46. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 545 manat (400 manat + 145 manat) təşkil edir.
47. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən 145 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, 400 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 123680,97 manat əsas borc, 5707,65 manat faiz borcu, 2045,30 manat dəbbə pulu, 422 manat dövlət rüsumu, 0,63 manat bank xidməti haqqı, ümumilikdə 131856,55 (bir yüz otuz bir min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka - ilkin satış qiyməti 271600 (iki yüz yetmiş bir min altı yüz manat) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 131856,55 (bir yüz otuz bir min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova