Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6529/2021 22.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Mənzil Tikinti Kooperativinin (MTK) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) (Azərbycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı yığıncağın qərarının etibarsız hesab edilməsi və qeydiyyatın, dövlət reyestrindən çıxarışın, nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MTK "xxxx" MMMC-yə (Azərbycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı təsis yığıncağının qərarının etibarsız hesab edilməsi və qeydiyyatın, dövlət reyestrindən çıxarışın, nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, ərizədə mülki məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılmalı olan tələblər bir ərizədə birləşdirilmişdir. Belə ki, təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə tələbə mülki məhkəmə icraatı qaydasında, qeydiyyatın, dövlət reyestrindən çıxarışın, nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə tələbə isə inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə vəzifə qoyulması barədə tələb irəli sürüldüyünə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından sonuncu cavabdeh hesab olunur. Ərizənin nəticəvi hissəsində cavabdeh kimi qeyd olunsa da, giriş hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2, 2.2.3 və 2.2.7-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi inzibati orqanların siyahısına daxil edilmişdir. Həmçinin məhkəmə tələbin yönəldiyi digər cavabdeh "xxxx" MMMC ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 saylı qərarının 25-ci bəndinə əsasən qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Eyni zamanda həmin qərarın predmet bölməsində mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq -qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) tələblərə ümumi məhkəmələrdə baxılması qeyd olunmuşdur. "xxxx" MMMC qeyri-kommersiya hüquqi şəxsdir və iddiaçı ilə aralarından olan mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması ərizədə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı (Azərbycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) yığıncağın qərarının etibarsız hesab edilməsi və qeydiyyatın, dövlət reyestrindən çıxarışın, nizamnamənin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6529/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6529/2021
22.12.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver