Məhkəmə qərarları › İş №e-2-2(113)-6554/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6554/2024

03.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6554/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən hesablanmış 5554 manat məbləğində borcun silinməsi və dövlət rüsumuna görə ödənilmiş 75,54 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin dekabr ayında Yasamal rayon Sukanal İdarəsi tərəfindən “X1” təqdim edilərək, guya tərəfindən sudan qanunsuz istifadə nəticəsində 5554 manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi xahiş edilmişdir. Bunun yanlışlıq olduğunu düşünərək məsələnin araşdırılması və əsassız hesablanmış borcun silinməsi məqsədi ilə tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada "xxxx" ASC-yə müraciət edildi. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli, 13-16/2- 06/01-10/601/2024 saylı cavab məktubu ilə bildirmişdir ki, Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən İddiaçı MMC-nin su təchizatına baxış keçirən zaman nasosxanada d=20 və d=25 mm olan ağzı açıq vəziyyətdə olan kənar xətlər aşkarlanmış və qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akt tərtib edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 8.6-cı bəndinə əsasən 5544 m3 olmaqla, 5554 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sudan qanunsuz istifadə edilməmiş, istifadə edilən suyun dəyəri daim vaxtında ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X2”na, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2024-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

7. xx.xx.2023-cü il tarixli, 602201 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən Hüseyn Cavid prospekti, ev 81, mənzil 1 ünvanında yerləşən İddiaçınə məxsus su xətti yoxlanılmış, nasosxanada 2 ədəd d=20 və d=25 mm olan ağzı açıq vəziyyətdə kənar xətlər aşkarlanmışdır. Obyektin nümayəndəsi aktın doğruluğunu imzalamaqla təsdiq etməkdən imtina etmişdir.

8. "xxxx" ASC tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” məktubda qeyd olunmuşdur ki, Yasamal rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən, abonent kodu 075865 olan obyektin su təchizatına baxış keçirilən zaman idarənin nümayəndələri tərəfindən nasosxanada d=20 və d=25 mm olan ağzı açıq vəziyyətdə olan kənar xəttlər aşkarlanmış və qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akt tərtib olunmuş, Qaydaların 4 nömrəli əlavəsinə əsasən ümumilikdə 5544 kub metr olmaqla, 5554.00 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borc 5104,00 manat təşkil edir. Qeyd edilən borc qanunsuz istifadəyə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.

9. "xxxx" ASC tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixli “X1”na əsasən 3.492 manat, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 2.052 manat olmaqla, cəmi 5554.00 manat borc hesablanmışdır.

10. İş materiallarında olan 075865 saylı abonent kodu üzrə İddiaçınə məxsus olan abonent saldosundan görünür ki, İddiaçı cari tarixə qalıq borcu 3160 manat təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, qanunsuz hesablanmış borcun silinməsi xahiş edilmişdir.

12. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 76 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X2nın: 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında su təchizatı ilə bağlı münasibətlərin olması, iddiaçı barəsində yuxarıda qeyd olunan qanunsuz istifadə ilə bağlı aktların tərtib olunması, həmin aktlar əsasında 5554 manat məbləğində dəymiş ziyanın hesablanması, həmin məbləğin bir hissəsinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli olan hal isə qeyd olunan aktların qanunsuz olaraq, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmədən tərtib olunması və nəticədə hesablanmış məbləğin ödənilməsinin cavabdehdən tələb oluna bilməsi ilə bağlıdır.

17. İddia tələbi İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akta əsasən hesablanmış 5554 manat məbləğində borcun silinməsi və dövlət rüsumuna görə ödənilmiş 75,54 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

20. Eyni zamanda, müəyyən olunmuşdur ki, akt üzrə hesablanmış borc məbləği üzrə iddiaçı tərəfindən ödənişlər olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, hər dəfə karta pul yüklədikcə borcdan silinmə olmuşdur.

21. Göründüyü kimi, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edildiyindən, İddiaçı cari tarixə 3160 manat borcunun qaldığı görünür.

22. İddiaçının tələbi borcun silinməsi olduğundan, silinməsi istənilən borc qismən ödənildiyindən, məhkəmənin qənaətinə əsasən akt üzrə hesablanmış, hazırda ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməlidir.

23. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçınə məxsus Hüseyn Cavid prospekti, ev 81, mənzil 1 ünvanında yerləşən obyektə xx.xx.2023-cü il tarixli, 602201 nömrəli akt əsasında hesablanmış 3160 manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı abonent hesabından silinməlidir.

24. AR MPM-nin 119.1-ci bəndinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçınə məxsus 075865 nömrəli abonent kodu üzrə 15 noyabr 2023-cü il tarixili, 602201 nömrəli akt əsasında hesablanmış 3160 (üç min yüz altmış) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç manat) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar