Məhkəmə qərarları › İş №e-2-2(113)-6557/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6557/2025

27.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6557/2025 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən MİB242636 saylı sığorta şəhadətnaməsi ilə sığorta olunmuş və xx.xx.2025-ci il tarixində X1 tərəfindən idarə olunan zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Porsche Taycan 4” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilərək, "xxxx" ASC-dəntutularaq İddiaçı MMC-nin xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən MİB242636 saylı sığorta şəhadətnaməsi ilə sığorta olunmuş və xx.xx.2025-ci il tarixində X1 tərəfindən idarə olunan zaman baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Porsche Taycan 4” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş 72110 manat məbləğində zərərin müəyyən edilərək, "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-nin xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cəmiyyətləri arasında barışıq sazişi bağlanmışdır və sazişin şərtləri onlara aydındır. Barışıq sazişinin şərtlərinə uyğun qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qarşı tərəflə aralarında barışıq sazişi bağlanmışdır və sazişin şərtləri onlara aydındır. Barışıq sazişinin şərtlərinə uyğun qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə xərcinin iddiaçıya aid edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bu Sazişdə bundan sonra birlikdə Tərəflər adlandırılan, ayrılıqda isə: bir tərəfdən hüquqi ünvanı Bakı şəhəri, Əhməd Rəcəbli 19A olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********); digər tərəfdən hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 32 olan İddiaçı (VÖEN: **********) bu Sazişi (bundan sonra: Saziş) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən aşağıdakı şərtlərlə bağlayırlar:

1. Sazişin predmeti 1.1. Bu Saziş ilə Tərəflər "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6557/2025 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər.

2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər hazırki tələb ilə bağlı sığorta ödənişi məbləğinin 62000 (altmış iki min) manat olması barədə razılığa gəlmişdir. 2.2. "xxxx" MMC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 2.2.1. bu saziş üzrə sığorta ödənişi məbləğinin 62000 (altmış iki min) manat olması ilə razılaşır; 2.3. "xxxx" ASC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 2.3.1. bu Saziş üzrə 62000 (altmış iki min) manat sığorta ödənişi məbləğinin "xxxx" MMC-yə ödənilməsi ilə razılaşır.

3. Yekun müddəalar 3.1. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. 3.2. Bu Sazişdə göstərilən məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilir. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52,191,261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. 3.3. Tərəflər Sazişin şərtlərini pozduqda, "xxxx" MMC məhkəməyə müraciət edərək Sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdir. 3.4. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 3.5. Bu Saziş 3 nüsxədə tərtib edildi, onlardan biri məhkəmədə, digərləri isə Tərəflərdə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar