Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6558/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 9413 ( doqquz min dörd yüz on üç ) manat və 114.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər rayonunda yaşayır və kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü ildə "xxxx" MMCnin “MKT-Tərtər” filialı ilə icarəsində olan Tərtər rayonu Qaynaq kəndində yerləşən 2,59 ha və Yuxarı Qapanlı kəndində 1,75 ha və 1,0 ha olmaqla, cəmi 5,34 ha torpaq sahəsində xam pambığın istehsalı barədə müqavilə bağlamışlar. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixdə “X6 və bitkiçilik məhsullarının ”sığorta müqaviləsini bağladıq. Bunun üçün sığorta Şirkətinə sığorta ödənişini etmişdir. İddiaçı müqavilə şərtlərini yerinə yetirərək həmin 5,34 ha torpaq sahəsinə pambıq bitkisini əkib becərməyə başlamış, məhsulun yığılmasına az qalmış leysan yağışları nəticəsində məhsul zay olmuşdur. İddiaçı bununla əlaqədar X11 müraciət etmiş və Fondun əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, leysan xarakterli yağışlardan sonra, 45,78 faiz zərər dəymişdir. Sığorta Şirkəti iddiaçı ilə müqavilə bağlayarkən hər hektardan 41 sentnerə qədər dəymiş ziyanı ödəyəcəyini öhdəsinə götürmüşdür. Ancaq dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdeh Təşkilatla əlaqə saxladığına baxmayaraq, bu günədək sığorta ödənişi ödənilməmişdir. Leysan yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuşdur. Hər hektardan 55 sentner əvəzinə 18,8 sentner pambıq təhvil vermişdir. Ümumilikdə dəymiş zərər 9.413 manat təşkil edir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6558/2025 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC əsl cavabdeh Aqrar Sığorta Fondu (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən X6 və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Bildiririk ki, sığortalı İddiaçı ilə Fondun adından "xxxx" ASC (bundan sonra – Cəmiyyət) ilə BS- **********-MS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış 5,3 hektar pambıq sahəsinə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, leysan, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Fondun “1651” Çağrı Mərkəzinə sığortalı İddiaçı tərəfindən ünvan 2i ərazisində yerləşən pambıq sahəsinə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə leysan nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən xx.xx.2024-cü il tarixdə aparılan ilkin ekspertiza zamanı bitkilərin yetişmə fazasında olduğu, ərazidə yağan aramsız yağışlar nəticəsində temperatur dəyişikliyinin baş verdiyi və bu səbəbdən bitkilərin generativ orqanlarında (daraq, xırda qozalar) fizioloji olaraq tökülmələrin olduğu müşahidə edilmişdir. Ərazidə baş verən leysan yağışlar nəticəsində sahədə dərmanlanma işlərinin aparılmadığı və buna görə də pambıqda generativ orqan zərərvericisi sayılan pambıq sovkasının (Helicoverpa Armigera) zədələri görülmüşdür. Həmçinin aramsız yağan yağışlar nəticəsində yaranan generativ orqan tökülməsi (daraq, xırda qoza) və pambıq sovkasının zərəri nəticəsində ərazidə məhsuldarlıq azalmasının müşahidə ediləcəyi müəyyən edilmişdir. Lakin pambıq bitkisində generativ orqan (daraq, xırda qoza) tökülməsi nəticəsində təminatdaxili zərər olmadığı və sığorta müqaviləsində zərərvericilərin vurduğu zərərlərə görə təminat verilmədiyini nəzərə alaraq, ərazidə təminatdaxili zərər halı müşahidə edilməmişdir. Müstəqil ekspert tərəfindən xx.xx.2024-cü il tarixdə aparılan yekun ekspertiza zamanı 5,3 hektar ərazidə pambıq zərərvericisi-pambıq sovkası zərərinin aşkar edildiyi və nəticədə məhsuldarlığın aşağı düşdüyü məlum olmuşdur. Ərazidə generativ tökülmələr müşahidə edilmiş və təminatdaxili heç bir hal qeyd olunmamışdır. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmçinin Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Eyni zamanda sığortalıya təqdim edilmiş BS-**********-MS nömrəli sığorta müqaviləsinin “sığorta riskləri” bölməsindən də göründüyü kimi Fond tərəfindən pambıq zərərvericisi-pambıq sovkası zərəri ilə bağlı hər hansı riskə təminat verilməmişdir. Qeyd edilənlərə əsasən sığortalı ilə bağlanılmış sığorta müqaviləsi üzrə sığortalanmış pambıq sahəsinə sığorta təminatı verilən risklər üzrə zərər dəymədiyindən və qanunvericiliyə əsasən sığorta ödənişi sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə ödənilən maliyyə kompensasiyası olduğundan Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə 2025-ci il 10 iyul tarixli 12-9/2-Q- 42-973/2025 nömrəli Qərar qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib dair yazılı etirazlarının məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən iki dəfə (2024-cü ilin yayında və payızında) sığorta hadisəsinin baş verməsi ilə bağlı müraciət daxil olmuşdur. Birinci halda sığorta hadisəsinin baş vermədiyi müəyyən edilmiş, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İkinci halda isə sığorta hadisəsinin baş verməsi öz təsdiqini tapmış, lakin müstəqil ekspert tərəfindən həyata keçirilmiş ekspertiza zamanı sahədə mövcud olan məhsuldarlıqla Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş məhsuldarlıq göstəriciləri arasında fərq müşahidə olunmuşdur. Belə ki, müstəqil ekspertin təqdim etdiyi ortalama məhsuldarlıq 13,86 s/ha, AKİA-nın təqdim etdiyi ortalama məhsuldarlıq isə 18,9 s/ha təşkil etmişdir. Bu səbəbdən X6 və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə dəyən zərərin əvəzinin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğinə uyğun olaraq Fond tərəfindən ödənilməsi mümkün deyildir. AKİA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişinin verilməsi üçün isə iddiaçı tərəfindən Fonda rəsmi müraciət ünvanlanmalıdır. Belə müraciət olduğu təqdirdə AKİA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişi veriləcəkdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.59 hektar torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
10. İş materiallarında olan iddiaçı ilə X7 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 48 nömrəli müqaviləyə əsasən Ə.İsmayılov ona DTXK Tərtər rayonu şöbəsi tərəfindən mülkiyyətinə verilmiş Dövlət aktı RX1370482 nömrəli torpaq sahəsini hər hektarına 500 AZN icarə haqqı olmaq şərti ilə 2.59 hektar torpaq sahəsini 11 ay müddətinə müvəqqəti istifadə üçün verir. Qapanlı kənd sakini İddiaçı 2.59 hektar sahəsini hər hektarına 500 manat icarə haqqı ödəmək şərti ilə 11 ay müddətinə müvəqqəti istifadə üçün alır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü haqqında AN 996961 nömrəli, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planına əsasən ünvan 2i ünvanında yerləşən 1.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir.
12. İş materiallarında olan iddiaçı ilə X3 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli müqaviləyə əsasən T.İbrahimov ona DTXK Tərtər rayonu şöbəsi tərəfindən mülkiyyətinə verilmiş Dövlət aktı 6110/3039510 nömrəli torpaq sahəsini hər hektarına 500 AZN icarə haqqı olmaq şərti ilə 1.79 hektar torpaq sahəsini 11 ay müddətinə müvəqqəti istifadə üçün verir. Yuxarı Qapanlı kənd sakini İddiaçı 1.79 hektar sahəsini hər hektarına 500 manat icarə haqqı ödəmək şərti ilə 11 ay müddətinə müvəqqəti istifadə üçün alır.
13. İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2 saylı sifariş ərizəsindən görünür ki, iddiaçı sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan xampambığın risklərdən qorunması məqsədi ilə sığorta haqqı ödənilməklə sığorta müqaviləsinin bağlanılmasında köməklik göstərilməsini xahiş etmişdir.
14. İddiaçı ilə cavabdeh arasında bağlanmış X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə BS-**********-MS nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 2i ərazisində yerləşən bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları xx.xx.2024-cü il saat 23:59-dan xx.xx.2024-cü il saat 23:59-dək azadolma 10%, sığorta məbləği 16960 manat olmaqla sığortalanmışdır.
15. Aqrar Sığorta Fondunun X6 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Məmmədli Bəxdiyarın xx.xx.2024-cü il tarixli yekun ekspert rəyində qeyd olunmuşdur: “Ərazidə bitkilər yetişmə fazasındadır. Ekspertiza nəticəsində müəyyən edildi ki, ərazidə yağan aramsız yağışlar nəticəsində temperatur dəyişikliyi baş vermişdir və bu səbəbdən bitkilərdə generativ orqanlarda (daraq, xırda qozalar) fizioloji olaraq tökülmə müşahidə edildi və tökülən orqanların şəkilləri çəkildi. Ərazidə baş verən leysan yağışlar nəticəsində sahədə dərmanlama aparılmamışdır və bu səbəbdən pambıqda generativ orqan zərərvericisi sayılan pambıq sovkasının (Helicoverpa Armigera) zədələri müşahidə edildi. Ərazidə yağan aramsız yağışların nəticəsində yaranan generativ orqan tökülməsi (daraq, xırda qoza) və pambıq sovkasının zərəri nəticəsində ərazidə məhsuldarlıq azalması müşahidə ediləcək. Lakin pambıq bitkisində generativ orqan (daraq, xırda qoza) tökülməsi təminat daxili zərər olmadığı və sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alsaq ərazidə təminat daxili zərər müşahidə edilmir”.
16. Aqrar Sığorta Fondunun X6 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Məmmədli Bəxdiyarın xx.xx.2024-cü il tarixli yekun ekspert rəyində qeyd olunmuşdur: “xx.xx.2024-cü il tarixdə sığortalı İddiaçı ilə görüşüb daha əvvəl leysan zərərindən ilkin ekspertiza aparılmış BS-**********-MS müqavilə nömrəli 5.30 ha pambıq sahəsinə gedildi və yekun ekspertiza aparıldı. 5.30 ha ərazi 2.50 ha və 2.80 ha olmaqla 2 parseldən ibarətdir. Ərazilərdə bitkilər qozaların açılması fazasındadır. 5.30 ha ərazidə pambıq zərərvericisi-pambıq sovkasının zərəri yaşanmışdır (generativ orqanların zədələnərək tökülməsinə səbəb olmuşdur) və nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Ərazidən generativ orqan tökülmələri müşahidə edilir. Sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alsaq, ərazidə təminat daxili heç bir hal müşahidə edilmir”.
17. Aqrar Sığorta Fondunun X6 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Fəqan Mansurovun xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixində BS-**********-MS müqavilə sahibi İddiaçı əraziyə baxış keçirmiş, ərazini tam olaraq gəzmiş, xəritə şəkili və müxtəlif hissələrdən nümunələr götürülmüş, baxış keçirilən ərazidə pambıq bitkisinin yetişmə inkişaf fazasında olduğu müşahidə edilmiş, ərazi tam olaraq gəzilmiş və üç metr məsafədə olan bitkilər sayılaraq zərər müəyyən edildi. Yağan leysan xarakterli yağışlardan sonra ərazidə yaranan nəmlik səbəbindən qozalarda qaralma və yığım dövründə havaların soyuq olması nəticəsində qozalarda açılmaların gecikməsi kimi halları müşahidə olunduğu qeyd olunur. Sahədə təminat daxilində zərər 45,78 faiz təşkil edir.
18. Aqrar Sığorta Fondu tərəfindən iddiaçıya ünvanlanmış 10 iyul 2025-ci il tarixli, 12- 9/2-Q-42-973/2025 nömrəli sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında məktuba əsasan iddiaçı ilə bağlanmış BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə sığorta təminatı verilən risklər üzrə zərər dəymədiyindən və qanunvericiliyə əsasən sığorta ödənişi sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə ödənilən maliyyə kompensasiyası olduğundan ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
19. İş materiallarında olan LR-3080 nömrəli ilkin məlumat vərəqəsinə əsasən iddiaçı ünvan 2i ünvanında yerləşən torpaq sahəsində bitkiçilik məhsullarına leysanla bağlı dəymiş ziyana dair sığorta hadisəsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir.
20. İş materiallarında olan LR-5478 nömrəli ilkin məlumat vərəqəsinə əsasən iddiaçı ünvan 2i ünvanında yerləşən torpaq sahəsində bitkiçilik məhsullarına leysanla bağlı dəymiş ziyana dair sığorta hadisəsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir.
21. "xxxx" MMC-nin X5 rəhbəri tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, REF/151/25 nömrəli arayışa əsasən 2024-cü il üçün "xxxx" MMC-nin (indiki Prime Cotton MMC) Tərtər filialı ilə 5.3 hektar sahəyə xx.xx.2024-cü il tarixli 24272309 saylı Xam pambığın alqı satqısına dair müqavilə bağlayıb. Kondisiya çəkidə 10018 xam pambıq təhvil verilmiş, məhsuldarlıq 18.9 sentner olmuşdur.
22. İş materiallarında olan Aqrar Sığorta Fondu tərəfindən iddiaçıya ünvanlanmış 11 iyul 2025-ci il tarixli, 12-9/2-Q-42-1087/2025 saylı sığorta hadisəsinin tənzimlənməsi haqqında məktubda qeyd edilmişdir: “Müstəqil ekspert tərəfindən həyata keçirilmiş ekspertiza zamanı sahədə mövcud olan məhsuldarlıqla Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən təqdim edilmiş məhsuldarlıq göstəriciləri arasında fərq müşahidə olunmuşdur. Belə ki, müstəqil ekspertin təqdim etdiyi ortalama məhsuldarlıq 13,86 s/ha, AKİA-nın təqdim etdiyi ortalama məhsuldarlıq isə 18,9 s/ha təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən, X6 və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə dəyən zərərin əvəzinin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğinə uyğun olaraq Fond tərəfindən ödənilməsi mümkün deyildir. AKİA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişinin verilməsi üçün isə tərəfinizdən Fonda rəsmi müraciət ünvanlanmalıdır”.
23. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X4 öz izahatında göstərdi ki, sahəyə getdiyi dövrdə leysan hadisəsi baş vermişdir. İddiaçıdan müraciət avqust ayında daxil olmuşdur. Sahədə leysan hadisəsinə dair zərər olmayıb. Zərərin faizini hesablamamışlar, çünki pambıq qozaları açılmamış formada idi. Halbuki, açılmalı idi. Bu iş üzrə ilk və yekun rəy tərtib olunmuşdur. İkinci dəfə sahəyə oktyabr ayında Aqrar Sığorta Fondunun qaydalarına əsasən yenidən baxış keçirmişdir. Oktyabr ayında açılmış, açılmamış və açılmaqda olan pambıq qozaları olmuşdur. Zərəri hesablamamışlar, çünki sığorta hadisəsi baş verməmişdir. Bütün sahəyə baxış keçirmiş, pambıq sovkası düzgün aqrotexniki qulluq edilmədiyi üçün pambığa düşmüş, yağıntı olduğu üçün zərərvercililər yaranmışdı. Pambıq sovkası olmasa idi də, zərər hesablanmayacaqdı, çünki yağıntı ilə bağlı zərər yox idi. 2024-cü ilin oktyabr ayında baxış zamanı müəyyən etmişdir ki, məhsul qozalarının bəzisi açılıb, bəzisi açılmayıbdır, bəzisi yarıaçılıbdır. Sovka yox idi. 2024-cü ilin oktyabr ayında baxış zamanı zərər hesablanmayıb, çünki sığorta hadisəsi olmamışdır.
24. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X8 öz izahatında göstərdi ki, 02 dekabr 2024-cü il tarixdə sahədə olmuş və 01 ədəd yekun hesabat tərtib etmişdir. Bütün sahəyə baxış keçirmişdir. 2 sahədir, sahədə açılmış və yarımaçılmış qozalar var idi. Yağıntılar yağmışdı. Açılmaq ehtimalında olan pambıq qozalarının potensial məhsuldarlığını hesablamışdır. Əkin gec aparılıb, dərmanlama düzgün aparılmayıb, hava şəraiti yaxşı olmayıb deyə məhsuldarlıq aşağı olub, pambıqlar artıq tam açılmış olmalı idi, lakin tam açılmamışdı, məhsulun yetişməsi gecikirdi. Pambıq bir qayda olaraq apreldə əkilir, 20 noyabra qədər yığılır. Zərər faizini hesablayıb təqdim etmişdir. Hər cərgəyə baxış keçirilib, rəy yazılmışdır.
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə BS-**********-MS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya məxsus olan ünvan 2i ərazisində yerləşən və müqavilənin 1 nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları xx.xx.2024-cü il saat 23:59-dan xx.xx.2024-cü il saat 23:59-dək azadolma məbləği 10%, ümumi sığorta məbləği 16960 manat olmaqla sığortalanmışdır.
27. Həmin müqavilə üzrə ilk olaraq iddiaçı tərəfindən 2024-cü ilin iyul ayında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər leysan (sığorta hadisəsi) baş verməsi barədə iddiaçıya məlumat verilmiş, leysan nəticəsində bitkilərə zərər dəydiyi göstərilmişdir.
28. İddiaçının müraciəti əsasında mütəxəssis B.Məmmədli tərəfindən sığortalanmış sahəyə iddiaçının iştirakı ilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baxışlar keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ərazidə yağan aramsız yağışlar nəticəsində temperatur dəyişikliyi baş vermiş və bu səbəbdən bitkilərdə generativ orqanlarda (daraq, xırda qozalar) fizioloji olaraq tökülmə müşahidə edilir və tökülən orqanların şəkilləri çəkilmişdir. Ərazidə baş verən leysan yağışlar nəticəsində sahədə dərmanlama aparılmamışdır və bu səbəbdən pambıqda generativ orqan zərərvericisi sayılan pambıq sovkasının (Helicoverpa Armigera) zədələri müşahidə edilir. Ərazidə yağan aramsız yağışların nəticəsində yaranan generativ orqan tökülməsi (daraq, xırda qoza) və pambıq sovkasının zərəri nəticəsində ərazidə məhsuldarlıq azalması müşahidə ediləcək. Lakin pambıq bitkisində generativ orqan (daraq, xırda qoza) tökülməsi təminat daxili zərər olmadığı və sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alsaq ərazidə təminat daxili zərər müşahidə edilmir.
29. Məhkəmə iclasında mütəxəssis B.Məmmədli xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli rəyləri təsdiq edərək sığorta hadisəsinin baş vermədiyini, bitkilərə (pambıq) leysan nəticəsində hər hansı zərərin dəymədiyini, bu səbəbdən zərərin hesablanmadığını bildirmişdir.
30. İddiaçı məhkəmə iclasında izahatında həqiqətən də baş verən leysan yağışlar nəticəsində sahədə vaxtında dərmanlama apara bilmədiyini və bu səbəbdən pambıqda zərərverici sayılan pambıq sovkasının olduğunu təsdiq etmiş, yağıntı vaxtı dərmanlama aparılmasının mümkün olmadığını göstərmişdir.
31. Mütəxəssinin verdiyi rəyə əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya sığorta hadisəsinin baş verməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
32. Məhkəmə hesab edir ki, cavabdehin həmin imtinası əsaslı olmuşdur.
33. Belə ki, “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun:
34. 1.1.1-ci maddəsinə əsasən aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
35. 4.1.1-ci maddəsinə əsasən X6 və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aqrar sığortanın predmeti sayılır.
36. 16.1-ci maddəsinə əsasən aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.
37. 17.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın:
39. 1.5.1-ci bəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
40. 1.5.3-cü bəndinə əsasən sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir.
41. 1.14.11-ci bəndinə əsasən X6 və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirmək sığortalının vəzifəsidir.
42. Tərəflər arasında bağlanmış müqavilədə bitki xəstəlikləri və zərərvericilər aqrar sığorta predmetləri üzrə risklər sırasına daxil edilməmişdir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.
44. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ikinci dəfə, yəni 2024-cü ilin noyabr ayında xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə qədər leysan (sığorta hadisəsi) baş verməsi barədə iddiaçıya məlumat verilmiş, leysan nəticəsində bitkilərə zərər dəydiyi göstərilmişdir.
45. İddiaçının müraciəti əsasında mütəxəssis F.Mansurov tərəfindən sığortalanmış sahəyə iddiaçının iştirakı ilə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ərazidə pambıq bitkisinin yetişmə inkişaf fazasında olduğu müşahidə edilir, ərazi tam olaraq gəzilmiş və üç metr məsafədə olan bitkilər sayılaraq zərər müəyyən edilmişdir. Yağan leysan xarakterli yağışlardan sonra ərazidə yaranan nəmlik səbəbindən qozalarda qaralma və yığım dövründə havaların soyuq olması nəticəsində qozalarda açılmaların gecikməsi kimi halları müşahidə olunduğu qeyd olunur. Sahədə təminat daxili zərər 45,78 faiz təşkil edir.
46. Məhkəmə iclasında mütəxəssis F.Mansurov xx.xx.2024-cü il tarixli yekun rəyi təsdiq edərək sığorta hadisəsinin (leysan) baş verdiyini, bitkilərə (pambıq) leysan nəticəsində dəymiş zərərin 45,78 faiz hesablandığını bildirdi.
47. Mütəxəssinin verdiyi rəyə əsasən cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətdə göstərilmişdir ki, müstəqil ekspert tərəfindən həyata keçirilmiş ekspertiza zamanı sahədə mövcud olan məhsuldarlıqla Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən təqdim edilmiş məhsuldarlıq göstəriciləri arasında fərq müşahidə olunmuşdur. Belə ki, müstəqil ekspertin təqdim etdiyi ortalama məhsuldarlıq 13,86 s/ha, AKİA-nın təqdim etdiyi ortalama məhsuldarlıq isə 18,9 s/ha təşkil etmişdir. Bu səbəbdən X6 və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə dəyən zərərin əvəzinin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğinə uyğun olaraq Fond tərəfindən ödənilməsi mümkün deyildir. AKİA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişinin verilməsi üçün isə Fonda rəsmi müraciət ünvanlanmalıdır.
48. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, ikinci dəfə sığorta hadisəsinin baş verdiyini qəbul edirlər, lakin sığorta ödənişi verilməməsi səbəbi odur ki, iddiaçı tərəfindən Fonda rəsmi qaydada müraciət edilib sığorta ödənişinin verilməsinə razılıq verilməmişdir, razılıq olduğu təqdirdə ona AKİA-nın təqdim etdiyi ortalama məhsuldarlıq olan 18,9 s/ha nəzərə alınmaqla sığorta ödənilişi verilməli idi.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
50. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
51. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
52. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
53. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
54. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.5.1-ci bəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
56. Qaydaların 1.20.8-ci bəndinə əsasən bu Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
57. Belə olan halda məhkəmə hesab edir ki, 2024-cü ilin 19-28 noyabr tarixlərində sığorta hadisəsinin baş verməsi sübut olunur. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır.
58. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verməsi səbəbindən cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.
59. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdehə verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, iddiaçıya məxsus sahənin 2024-cü il üzrə ortalama məhsuldarlığı 18,9 s/ha təşkil etmişdir.
60. Materiallardan görünür ki, yekun zərər faizi 26,05 faiz ((25,56 s/ha – 18,9 s/ha)/25,56 s/ha)) * 100) təşkil edir.
61. Real məhsuldarlığa əsasən hesablanan yeni sığorta məbləği - 10837,44 manat (5,3 ha * 25,56 s/ha * 80 manat), maddi ziyanın məbləği isə 2817,73 manat (10837,44 manat * 26,05 %) təşkil edir.
62. Beləliklə, ödənilməli olan sığorta ödənişinin məbləği 1121,73 manatdır (2817,73 manat – 1696 manat azadolma məbləği; azadolma məbləği isə – 16960 manat * 10 faiz / 100).
63. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1121,73 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 31,22 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 82,91 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Aqrar Sığorta Fondundan 1121,73 manat məbləğində pul, 31,22 manat dövlət rüsumu, ümumilikdə 1152,95 (bir min bir yüz əlli iki manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 82,91 (səksən iki manat doxsan bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova