Məhkəmə qərarları › İş №e-2-2(113)-659/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-659/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-659/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan 6089 (altı min səksən doqquz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 09 iyun 2009-cu ildə Ləğv Prosesində olan Cavabdeh ASC-dən 12000 (on iki) min manat kredit götürmüşdür. Kredit borcu üzrə iddiaçı tərəfindən 19 yanvar 2017-ci ilədək mütəmadi olaraq aylıq ödənişlər edilmişdir. Cavabdeh ASC Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bir neçə dəfə bankın ləğvedicisinin təmsilçilərinə müraciət edərək kredit borcuna aydınlıq gətirilməsini istəsə də ona aydın və ağlabatan bir cavab verilməmişdir. Borc ondan tələb olunmadığına görə ödənişlər etməmişdir. Bu günlərdə iddiaçı kredit üçün başqa banka müraciət etdikdə, ona kredit xəttinin açılmasından imtina edilmiş, imtinanın səbəbi kimi Azərbaycan Kredit Bürosundan Çıxarış təqdim olunaraq Ləğv prosesində olan Cavabdeh ASC-dən götürülmüş kredit üzrə 6089 (altı min səksən doqquz) manat borc göstərilmişdir. Göründüyü kimi kredit bürosu məlumatlarında iddiaçının adına borcun göstərilməsinin hər hansı faktiki və hüquqi əsası qalmamışdır. Belə ki, həmin kredit borcu hüquqi qaydada iddiaçıdan tələb olunmamışdır və bundan sonra da tələb oluna bilməz. Cavabdehə və maraqlı şəxs Azərbaycan Kredir Bürosuna kredit bürosu məlumatlarından borcun silinməsi ilə bağlı 13 oktyabr 2023-cü il tarixli yazılı müraciətə bu günədək cavab verilməmiş, borcun silinməsi təmin edilməmişdir .

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əassən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

V. Məhkəmənin mövqeyi və Sübutların tədqiqi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) arasında 09 iyun 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə, 12.000 manat məbləğində kredit verilmişdir.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iştirak edən hər iki tərəf, tərəflər arasında bağlanmış kredit müqaviləsinin əsli və nüsxəsinin qalmadığını bildirsələr də, müqavilənin bağlandığını və 12.000 manat kreditin sahibkarlıq fəaliyyəti ilə bağlı verildiyini bildirmişlər.

9. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf Cavabdeh ASC-nin Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərarı ilə müflis elan edildiyini, barəsində iflas proseduruna başlanıldığını, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun Bankın ləğvedicisi təyin edildiyini, borc tələb olunmadığına görə iddiaçının ödənişlər etməyi dayandırdığını, kredit bürosu məlumatlarında iddiaçının adına borcun göstərilməsinin onun fərdi sahibkar kimi fəaliyyət göstərməsinə maneçilik yaratdığını, hüquqlarını pozduğunu bildirmiş, iddia müddətinin keçdiyini əsas gətirərək qalıq borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçının 09 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyini, hal-hazırda həmin kredit müqaviləsi üzrə 6089 manat məbləğində borcunun qaldığını, iddiaçının borcun bağlanmasına dair heç bir sübutu məhkəməyə təqdim etmədiyini, iddia müddətinin, yalnız bank borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdikdə qarşı tərəfin müddətin tətbiqi barədə ərizə verməsinin məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas olduğunu bildirmiş, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İş materiallarına əlavə olunmuş Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, İddiaçı aktiv kreditlərinin cəmi qalıq məbləği 6.089,94 manat təşkil edir.

12. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə İddiaçı 09 iyun 2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6.089,94 manat borcu vardır.

13. Həmçinin də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfin özü də, kredit müqaviləsi üzrə borcu bir müddət ödədiyini, Bank ləğv prosesinə başladıqdan sonra isə borcu ödəmədiyini bildirmişdir.

14. Göründüyü kimi, İddiaçı 09 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, onun banka borcu qalmışdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

17. Bundan başqa, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur və iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır.

18. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsinin nəzərdən keçirilməsi, ancaq Bank tərəfindən iddianın qaldırılması və cavabdeh tərəfindən ərizə verilməsi halında mümkündür.

19. Hazırda isə borclu şəxs iddia qaldıraraq, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

20. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəf borcun tam ödənilməsi ilə bağlı hər hansı bir sənədi də, təqdim etməmişdir.

21. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, 6089,94 manat məbləğində borcun silinməsi üçün heç bir əsas olmadığından iddia rədd edilməlidir.

22. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar