Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6605/2025 04.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3331.34 (üç min üç yüz otuz bir manat otuz dörd qəpik) manat əsas borcun, 563.66 (beş yüz altmış üç altmış altı qəpik) manat ƏDV borcunun, 57 (əlli yeddi) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi: 3695 AZN Cavabdeh MMC ilə iddiaçı "xxxx" MMC arasında 15 noyabr 2023-cü il tarixdə “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müəyyən olunmuş malmaterialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malmaterialları qəbuledib əvəzində onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əsas məbləğin üzərinə 18 faiz ƏDV əlavə edilərək oda cavabdehdən tələb olunacağı ilə razılıq olmuşdur. Alqı-satqımüqaviləsi 1 ilmüddətinə bağlanmışdır. İddiaçı öz öhdəliyini lazımınca yerinə yetirsədə cavabdeh üzərinə götürdyü öhdəliyi yerinə yetirməmiş və buna görədə cavabdehin iddiaçıya alqısatqımüqaviləsinə əsasən 3131.34 (üç min yüz otuz bir otuz dörd ) manat əsas, 563,66 (beş yüzaltmış üç altmış altı) manat ƏDV borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aralarında olan müqavilənin 2.2-ci bəndinin tələbinə əməl etməyərək ona göndərilmiş qaiməyə məhəl qoymamış və müqavilə üzrə yaranmış əsas və ƏDV borcunu ödəməkdən yayınmışdır. Buna dair Cavabdehə VÖEN üzərindən qanunvericiliyin tələbinə uyğun pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh həmin pretenziya məktubunada cavab verməmişdir. Hesab edirəm ki, bu halda iddia ərizəsi qanuni və əsaslıdır, iddia tələbində tələb edilən məbləğin tam həcmdə cavabdehdən iddiçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Satıcı müəyyən olunmuş mal-materialları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mal-materialları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə mal-materiallarinin təsviri, hər malın adı, miqdarı, qiyməti E-Qaimdə göstərilir.
11. Müqavilənin 2-ci bəndinə əsasən göndərilmə və ödəmə şərtləri.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən mal-materiallar təhvil verilərkən Satıcı Alıcıya E-Qaimə (bundan sonra - “E-qaimə") təqdim edir. Malların üzərinə 18% ƏDV əlavə olunacaq.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə Ödənişlər Satıcının təqdim etdiyi E-Qaimə əsasında aparılır. Alıcı Müqavilə məbləğinin 100 (yüz) faizini bu Müqavilənin şərtlərinə əsasən Mal-materialların müvafiq E-Qaimə əsasında Alıcıya təhvil verilməsindən etibarən 5 (beş) bank günü ərzində Satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 1 (bir) il müddətinə bağlanılır və imzalandığı gündən qüvvədədir. Satıcı bu Müqavilə qüvvədə olduğu müddət ərzində mal-materialları Alıcıya təhvil verməyi öz öhdəsinə götürür. Əgər “Müqavilə”nin bitməsinə 1 (bir) ay qalmış tərəflər "‘Müqavilə yə xitam vermək niyyətlərini yazılı olaraq bildirmirlərsə “Müqavilə” hər dəfə eyni müddətə uzadılmış hesab olunur. Bu halda hazırki “Müqavilə”nin bütün şərtləri və əlavə edilmiş dəyişikliklər qüvvədə qalır.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə bütün əlavələr və dəyişiliklər hər iki tərəfin razılığı ilə aparılır və imzalandığı gündən qüvvədədir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əsasən 4 adda, xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əsasən 4 adda, xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əssaən 2 adda, xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əssaən 20 adda, xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əssaən 8 adda, xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədinə əssaən 10 adda mallar təhvil verilmişdir.
17. Malların təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT**********17 saylı eqaiməyə əsasən 2279,01 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********09 saylı eqaiməyə əsasən 1287,38 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********78 saylı eqaiməyə əsasən 130,26 manat məbləğində, xx.xx.2024-cü i il tarixli MT**********46 saylı eqaiməyə əsasən 420,10 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********87 saylı eqaiməyə əsasən 581,55 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********18 saylı eqaiməyə əsasən 113,90 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir.
18. Ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən Sarvan Aqro MMC-nin hesabına xx.xx.2024-cü il tarixində 2593,94 manat məbləğində və 4005,45 manat məbləğində ödəniş edilmişdir.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Tərəflər arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Satıcı müəyyən olunmuş mal-materialları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mal-materialları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdehin alınmış mallara görə ödənilməmiş borcu qalmışdır.
26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, mal-material təhvil sənədi və ödənişlərlə ilə təsdiq olunduğu üçün 3331,34 manat əsas borc, 563,66 manat ƏDV borcuna dair iddia tələbi təmin edilməlidir.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3331,34 manat əsas borc, 563,66 manat ƏDV borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3331,34 manat əsas borc, 563,66 manat ƏDV borcu məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 57 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.
29. Azərbaycan Respublikası MPM-in:
30. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
32. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində 57 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 3331,34 manat əsas borc, 563,66 manat ƏDV məbləği olmaqla cəmi 3895 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 57 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər..
Hakim Günay Namazova