Məhkəmə qərarları › İş №e-2-2(113)-6619/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6619/2023

07.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6619/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “aktın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, aktın ləğvi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğvi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar