Məhkəmə qərarları › İş №e-2-2(113)-662/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-662/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-662/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 16 iyul 2021-ci il tarixli, RBYF-6103 saylı kredit müqaviləsi üzrə kreditə görə 52646,73 manat, faiz borcuna görə 11980,80 manat, illik 5% lə əsas borca görə əldən çıxmış faydaya görə 2.077,62 manat, dəbbə borcuna görə 628,71 manat, cəmi 67.333,86 manat, 11 avqust 2021-ci il tarixli, RBYF-6124 saylı kredit müqaviləsi üzrə kreditə görə 50.000 manat, faiz borcuna görə 11376,64 manat, illik 5% lə əsas borca görə əldən çıxmış faydaya görə 1.791,67 manat, dəbbə borcuna görə 1.427,97 manat, cəmi 64.596,28 manat, 10 mart 2022-ci il tarixli, RBYF-6363 saylı kredit müqaviləsi üzrə kreditə görə 409.348,2 manat, faiz borcuna görə 48.801,76 manat, dəbbə borcuna görə 18.876,16 manat, cəmi 477.026,12 manat və 06 aprel 2022-ci il tarixli, RBYF-6391 saylı kredit müqaviləsi üzrə kreditə görə 115.148,66 manat, faiz borcuna görə 18.656,68 manat, illik 5% lə əsas borca görə əldən çıxmış faydaya görə 3.219,55, dəbbə borcuna görə 411,09 manat, cəmi 137.375,98 manat, dörd kredit üzrə cəmi 746.332,24 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 576 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 iyul 2021-ci il tarixli, RBYF-6103 saylı kredit müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 60.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, RBYF-6124 saylı kredit müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 50.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 10 mart 2022-ci il tarixli, RBYF-6363saylı kredit müqaviləsinə əsasən illik 15 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 450.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, RBYF-6391saylı kredit müqaviləsinə əsasən illik 12 % faiz dərəcəsi olmaqla 6 ay müddətinə 115.730 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zamin 16 iyul 2021-ci il tarixli, RBYF-6103saylı, 11 avqust 2021-ci il tarixli, RBYF-6124 saylı, 10 mart 2022-ci il tarixli, RBYF-6363saylı və 06 aprel 2022-ci il tarixli, RBYF-6391saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 16 iyul 2021-ci il tarixli, RBYF-6103saylı, 11 avqust 2021-ci il tarixli, RBYF-6124 saylı, 10 mart 2022-ci il tarixli, RBYF-6363saylı və 06 aprel 2022-ci il tarixli, RBYF-6391saylı kredit müqavilələrinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və Cavabdeh2 dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

3. İddia ərizəsində iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 427.3, 442, 445.2.1, 472 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddia ilə qismən razı olduğunu bildirdi.

6. Digər Cavabdeh2 hüquqi ünvanına sifarişli-xəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, eyni zamanda onlara məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdehlər və ya onların nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir

12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

13. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

15. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə RBYF-6103 saylı kredit xətti müqaviləsi bağlanmış və sonuncuya illik 16 faiz hesablanmaqla 12 ay müddətinə 60.000 manat məbləğində krеdit verilmişdir. 16 iyul 2021-ci il tarixli RBYF-6103 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli RBYF-6103 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

16. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə RBYF- 6124 saylı kredit xətti müqaviləsi bağlanmış və sonuncuya illik 16 faiz hesablanmaqla 12 ay müddətinə 50.000 manat məbləğində krеdit verilmişdir. 11 avqust 2021-ci il tarixli RBYF-6124 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli RBYF-6124 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

17. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə RBYF- 6363 saylı kredit xətti müqaviləsi bağlanmış və sonuncuya illik 15 faiz hesablanmaqla 36 ay müddətinə 450.000 manat məbləğində krеdit verilmişdir. xx.xx.2022-ci il tarixli RBYF-6363 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli RBYF-6363 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

18. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə RBYF- 6391 saylı kredit xətti müqaviləsi bağlanmış və sonuncuya illik 12 faiz hesablanmaqla 6 ay müddətinə 115.730 manat məbləğində krеdit verilmişdir. Kredit müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli RBYF-6391 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli RBYF-6103 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

19. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-yə 06 aprel 2022-ci il tarixli RBYF-6391 saylı kredit müqaviləsi üzrə 115088,66 manat əsas borc, 18656,68 manat faiz borcu, 3219,55 manat illik 5%lə əldən çıxmış fayda, 411,09 manat cərimə borcu olmaqla cəmi 137375,98 manat məbləğində borc, 16 iyul 2021-ci il tarixli RBYF-6103 saylı kredit müqaviləsi üzrə 52646,73 manat əsas borc, 11980,8 manat faiz borcu, 2077,62 manat illik 5%lə əldən çıxmış fayda, 628,71 manat cərimə borcu olmaqla cəmi 67333,86 manat məbləğində borc, 11 avqust 2021-ci il tarixli RBYF-6124 saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borc, 11376,64 manat faiz borcu, 1791,67 manat illik 5%lə əldən çıxmış fayda, 1427,97 manat cərimə borcu olmaqla cəmi 64596,28 manat məbləğində borc, 10 mart 2022-ci il tarixli RBYF-6363 saylı kredit müqaviləsi üzrə 409348,2 manat əsas borc, 48801,76 manat faiz borcu, 18876,16 cərimə borcu olmaqla cəmi 477026,12 manat məbləğində borc hesablanmışdır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

22. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarından da aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

23. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, bankla Cavabdeh1 MMC arasında kredit müqavilələri bağlanmış, Bank tərəfindən Cavabdeh1 MMC-yə kredit verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

24. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1925 nömrəli rəyinə əsasən Cavabdeh1 MMC-nin -xx.xx.2021-ci il tarixli RBYF-6103 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 59.999,43, faiz borcu 773,33 manat (xx.xx.2022-ci il tarixdən sonra edilmiş 9.036,06 manat ödəniş nəzərə alınmamaqla); - xx.xx.2021-ci il tarixli, RBYF-6124 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 50.000, faiz borcu 667,40 manat; - xx.xx.2022-ci il tarixli RBYF-6363 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 409.997,66 manat, faiz borcu 26.991,51 manat; - xx.xx.2022-ci il tarixli RBYF-6391 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 115.729,70 manat, faiz borcu 3.433,31 manat (xx.xx.2022-ci il tarixdən sonra edilmiş 641,34 manat ödəniş nəzərə alınmamaqla) məbləğində müəyyən edilmişdir.

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 yuxarıda qeyd edilmiş müqavilələrin bağlanmasını və müqavilələrdə qeyd edilmiş məbləğdə pulun verilməsini, ekspert rəyində qeyd edilmiş əsas və faiz borcu ilə razı olduğunu, ancaq xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcun düzgün hesablanmadığını bildirmişdir.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc olaraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 52.646,73 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 409.348,2 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 115.088,66 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

27. Məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcun düzgün hesablanmadığı dəlilini əsassız hesab edir. Belə ki, qeyd edilmiş müqavilə üzrə əsas borcun doğru hesablanmadığına dair hər hansı bir sübut təqdim etməmişdir.

28. Məhkəmə hesab edir ki, iddia müqavilələr üzrə faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1925 nömrəli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcu olaraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 773,33 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 667,4 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 26.991,51 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.433,31 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 Dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

30. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış kredit müqavilələrin 14.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi məbləğində borc verən cərimə tətbiq edir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

34. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 628,71, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1.427,97 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18.876,16 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 411,09 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

35. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

37. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

38. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır.

39. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi, maliyyə arayışının tarixinin isə xx.xx.2023-cü il tarixli olması nərəzə alındığında təxmini 9 ay müddət keçmiş olur. Belə olan halda əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 1.974,25 (52.646,73x5/100=2.632,33 (1 il üçün) 2.632,33/12=219,36 (1 ay çün) 219,36x9=1.974,75 (9 ay üçün)) manat təşkil edir.

40. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi, maliyyə arayışının tarixinin isə xx.xx.2023-cü il tarixli olması nərəzə alındığında təxmini 9 ay müddət keçmiş olur. Belə olan halda əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 1.666,6 (50.000x5/100=2.500(1 il üçün) 2.500/12=208,33 (1 ay çün) 208,33x8=1.666,66 (8 ay üçün)) manat təşkil edir.

41. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi, maliyyə arayışının tarixinin isə xx.xx.2023-cü il tarixli olması nərəzə alındığında təxmini 5 ay müddət keçmiş olur. Belə olan halda əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 2.397,68 (115.088,66x5/100=5.754,433(1 il üçün) 5.754,433/12=479,536 (1 ay çün) 479,536 x5=2.397,68 (5 ay üçün)) manat təşkil edir

42. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1.974,75 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1.666,6 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2.397,68 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 576 manat məbləğində pul vəsaiti də, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır

VI. Nəticə:

45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci tarixli RBYF-6103 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 52646 (əlli iki min altı yüz qırx altı) manat 73 (yetmiş üç) qəpik, faiz borcu üzrə 773 (yeddi yüz yetmiş üç) manat 33 (otuz üç) qəpik, cərimə borcu üzrə 628 (altı yüz iyirmi səkkiz) manat 71 (yetmiş bir) qəpik, əsas borca illik 5 faiz hesablanmaqla 1.974 (bir min doqquz yüz yetmiş dörd) manat 25 (iyirmi beş) qəpik, cəmi 56.023 (əlli altı min iyirmi üç) manat, 02 (iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 Dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci tarixli RBYF-6124 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 50.000 (əlli min) manat, faiz borcu üzrə 667 (altı yüz altmış yeddi) manat 40 (qırx) qəpik, cərimə borcu üzrə 1.427 (bir min dörd yüz iyirmi yeddi) manat 97 (doxsan yeddi) qəpik, əsas borca illik 5 faiz hesablanmaqla 1.666 (bir min altı yüz atlmış altı) manat 60 (altmış) qəpik, cəmi 53.761 (əlli üç min yedi yüz altmış bir) manat, 97 (doxsan yeddi) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 Dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci tarixli RBYF-6363 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 409.348 (dörd yüz doqquz min üç yüz qırx səkkiz) manat 20 (iyirmi) qəpik, faiz borcu üzrə 26.991 (iyirmi altı min doqquz yüz doxsan bir) manat 51 (əlli bir) qəpik, cərimə borcu üzrə 18.876 (on səkkiz min səkkiz yüz yetmiş altı) manat 16 (on altı) qəpik, cəmi 455.215 (dörd yüz əlli beş min iki yüz on beş) manat, 87 (səksən yeddi) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 Dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci tarixli RBYF-6391 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 115.088 (yüz on beş min səksən səkkiz) manat 66 (altmış altı) qəpik, faiz borcu üzrə 3.433 (üç min dörd yüz otuz üç) manat 31 (otuz bir) qəpik, cərimə borcu üzrə 411 (dörd yüz on bir) manat 09 (doqquz) qəpik, əsas borca illik 5 faiz hesablanmaqla 2.397 (iki min üç yüz doxsan yeddi) manat 68 (altmış səkkiz) qəpik, cəmi 121.330 (yüz iyirmi bir min üç yüz otuz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 Dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 576 (beş yüz yetmiş altı) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 dadaş oğlu və Cavabdeh1 MMC-dən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar