Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-662/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 19610,02 manat məbləğində əsas borcun, 5362,8 manat məbləğində faiz borcunun, 796,82 manat məbləğində cərimə borcunun, cəmi 25769,64 manat borcun və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Günəşova (İsayeva) X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə yazılı ərizə verib məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/22959/87/28 nömrəli kredit sazişinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 24 faizlə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür.
13. Müqavilənin 1 saylı Əlavəsində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödəniş tarixləri öz əksini tapmışdır.
14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********698 nömrəli ödəniş tapşırığından (təyinat: ayrılmış kreditin cari hesaba köçürülməsi) görünür ki, 29999 manat pul bank tərəfindən Cavabdeh2 məxsus hesaba köçürülmüşdür.
15. Borcun təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh4, X2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncular xx.xx.2022-ci il tarixli, MK/22959/87/28 nömrəli kredit sazişi üzrə əsas borclunun müqavilə üzrə öhdəliklərini icra etməsi ilə bağlı onunla birlikdə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər.
16. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 19610,02 manat, faiz borcu 5362,8 manat, cərimə borcu 796,82 manat təşkil edir.
17. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10128 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə xx.xx.2022-ci il tarixli, MK/22959/87/28 nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 22138,82 manat, faiz borcu 6641,65 manat, xx.xx.2024-cü il tarixə (xəbərdarlığın çatdırıldığı tarixə) olan əsas borcu 22138,82 manat, faiz borcu 7630,51 manat, xx.xx.2024-cü il tarixə (rəy verilən tarix) olan əsas borcu 22138,82 manat, faiz borcu 8781,73 manat təşkil edir.
19. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli, MK/22959/87/28 nömrəli krеdit sazişinə əsasən illik 24 faizlə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlər Cavabdeh4, X2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) yaranmış əsas və faiz borcu məbləğləri birgə qaydada tutulmalıdır.
28. Belə ki, ekspert rəyinə əsasən cavabdehlərin kredit müqaviləsi üzrə ödəməli olduqları əsas və faiz borclarının məbləği iddia ərizəsinə tələb edilən borclardan daha çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulmalı olan əsas və faiz borclarının məbləğləri iddia tələbi həddində müəyyən edilməlidir.
29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, MK/22959/87/28 nömrəli kredit müqaviləsi üzrə 19610,02 manat əsas borc və 5362,80 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 796,82 manat manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 250 manat məbləğində müəyyən edilməlidir.
34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 19610,02 manat əsas borc, 5362,80 manat faiz borcu, 250 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 165 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 4 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
37. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə (müştərək) qaydada 19610,02 manat əsas borc, 5362,80 manat faiz borcu, 250 manat dəbbə pulu, 165 manat dövlət rüsumu, ümumilikdə 25387,82 (iyirmi beş min üç yüz səksən yeddi manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 4 (dörd) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova