Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6629/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: abonent saldosu, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 91817,55 (doxsan bir min səkkiz yüz on yeddi manat, əlli beş qəpik) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 365,45 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən**********00000 saylı abonent kodu olan bizə məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ilədək istifadə etdiyimiz təbii qazın dəyərinin hesablanmasında hərhansı gözə çarpacaq qüsurlar olmamışdır. Cavabdeh təşkilat tərəfindən 2021 və 2022-ci illər ərzində bizə ümumilikdə 91817,55 manat borc hesablanmışdır. 2023-cü ilin aprel ayından tərəfimizdən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsəkdə bizə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bizə məxsus qaz kəmərinin üzərində ELSTER G400 markalı, 80071094 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2022-ci il ərzində aktlar əsasında sayğac göstəricilərindən əlavə aktlar əsasında borclar hesablanmışdır. Aktların tərtib olmasına səbəb guya qaz sayğacının işləməməsi olmuşdur. Sayğac göstəricilərinə baxdıqda isə aydın görmək olar ki qaz sayğacı tam saz vəziyyətdə olmuş və sərf edilən qazın hesabatını tam aparmışdır.
3. Cavabdeh İB xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh “Fəxrəddin-K“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 91817,55 manat borcun və 365,45 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında “Fəxrəddin-K“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə Birliyə 91817,55 (doxsan bir min səkkiz yüz on yeddi manat, əlli beş qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6629/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh İB tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.
6. İlk iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, abonent saldosundan da göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB 2022-ci ilin iyun ayına olan borcu bu gün bizdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il..... 373.3-cü maddəsinə əsasən isə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 2022-ci ilin iyun ayından 2025ci ilin avqust ayınadək olan müddətə nəzər yetirsək üç borcun yaranmasından üç ildən artıq müddətin keçməsini aydın görmək olar. Yəni qarşılıqlı iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın əsassız olması səbəbindən ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda tələb edilən borc cavabdehin 2022-ci ilin aprel, may, iyun ayları üzrə yaranmış sərfiyyat borcudur. Hər ayın ilk 5 günlüyündə cavabdehə yaranmış sərfiyyat borcunun ödənilməsi ilə bağlı hesab faktura təqdim edilir. Buna baxmayaraq yaranmış həmin borclar 3 ildir ki, ödənilmir. Tərəflər arasında daha əvvəl də məhkəmə mübahisəsi olmuş, bu səbəbdən hazırkı borcun tutulması ilə bağlı məhkəməyə iddia ərizəsi gec verilmişdir. Cavabdeh tərəfindən son dəfə ödəniş 2022-ci ilin fevral ayında olmuş, 193927,14 manat borc isə Bakı Kommersiya Məhkəməsinin icra sənədi üzrə 2024-cü ilin yanvar ayında silinmiş, həmin silinmədən sonra cavabdehin 91817,55 manat sərfiyyat borcu qalmışdır.
9. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ilk iddia üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının ilk iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı və cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli ***-**-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
13. İddiaçıya məxsus 2025-ci ilin mart ayına olan abonentin saldosundan görünür ki, iddiaçının cavabdehə olan borcu 91817,55 manat təşkil edir. İddiaçının 2022-ci ilin aprel ayı üzrə sərfiyyat borcu 69211,56 manat, 2022-ci ilin may ayı üzrə olan sərfiyyat borcu 44662,86 manat, 2022-ci ilin iyun ayı üzrə olan sərfiyyat borcu isə 8925,18 manat təşkil edir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia təmin edilərək ona əsassız olaraq hesablanmış 193927,14 manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmişdir.
15. İddiaçıya məxsus 2025-ci ilin mart ayına olan abonentin saldosundan görünür ki, 193927,14 manat borc iddiaçının abonent saldosundan 2024-cü ilin yanvar ayında silinmişdir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməlidir.
17. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:
29. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
30. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
31. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
32. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
34. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacı üzrə Abonent haqqında məlumat təqdim edilmişdir. Həmin sənəddə illik qaz sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur.
35. Qarşılıqlı iddiaçı tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, qarşılıqlı iddia üzrə cavabdehin ona olan təbii qazdan istifadə ilə bağlı yaranmış sərfiyyat borcu 91817,55 manat təşkil edir. İlk iddiaçının 2022-ci ilin aprel ayı üzrə sərfiyyat borcu 69211,56 manat, 2022-ci ilin may ayı üzrə olan sərfiyyat borcu 44662,86 manat, 2022-ci ilin iyun ayı üzrə olan sərfiyyat borcu isə 8925,18 manat təşkil edir.
36. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən qarşılıqlı iddiaçı tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır.
37. Digər tərəfdən, ilk iddiaçı ilk iddia ərizəsində həmin borcu mübahisələndirsə də, məhkəmə araşdırması zamanı həmin borcun əsassız olması, hər hansı akt əsasında yazılması öz təsdiqini tapmamışdır.
38. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, qarşılıqlı iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, qarşılıqlı iddia üzrə cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə qarşılıqlı iddiaçıya 91817,55 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddiaçı hazırda həmin borcu ilk iddiaçıdan tələb etməklə müvafiq subyektiv hüquqa malikdir.
40. Bununla yanaşı, materiallardan görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
42. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
43. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
44. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
46. Materiallardan görünür ki, qarşılıqlı iddiaçının tələb etdiyi borc 2022-ci ilin aprel, may, iyun ayları üzrə təbii qazdan istifadə ilə bağlı yaranmış borclardır.
47. Həmin borcların ödənilməsi ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehə «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən hesab fakturalar təqdim edilməsinə və həmin Qaydaların 5.5-ci bəndinə əsasən fakturanın təqdim edildiyi tarixdən ən geci bir ay müddətində ödənilməli olmasına baxmayaraq öhdəlik icra edilməmişdir.
48. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh həmin borcları ən geci 2025-ci ilin avqust ayının 10-dək ödəməli olduğu halda ödəməmiş, qarşılıqlı iddiaçı isə həmin borcun tutulması ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə verməklə qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
49. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti açıq-aşkar buraxılmış və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
50. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
51. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
53. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
54. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
55. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
56. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
57. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə qarşılıqlı iddiaçı iddia müddətini ötürdüyündən, qarşılıqlı iddia üzrə cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən qarşılıqlı iddia təmin edilməməlidir.
58. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
59. İlk iddiaçı iddia ərizəsində 91817,55 manat qalıq borcun əsassız olduğunu, aktlar əsasında yazıldığını, həqiqəti əks etdirmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin borcların təbii qazdan istifadə ilə bağlı yaranmış sərfiyyat borcu olduğu, silinməsi üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir.
60. Bundan əlavə, qarşılıqlı iddiaçı tərəfindən həmin borcların tələb edilməsi ilə bağlı iddia müddətinin ötürülməsi də özü-özülüyündə həmin borcların silinməsi üçün əsas deyildir.
61. Belə ki, iddia müddətinin keçməsi həmin borcların natural öhdəliyə çevrilməsinə səbəb olur.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilir ki, “... iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır”.
63. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyindən çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 366 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 365,45 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova