Məhkəmə qərarları › İş №e-2-2(113)-664/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-664/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-664/2023 03.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21/21 saylı Alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 33.017,50 manat əsas borcun, 28.665 manat cərimənin, 400 manat mediasiya xərclərinin, toplam 62.082,50 manatın "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/21 nömrəli Alğı-satqı müqaviləsi və onun əlavələrinə əsasən cavabdehə satılmış ümumi dəyəri 62.990,50 manat olan malların dəyərindən cavabdeh şirkət bu günədək cəmi 29.973 manat ödəniş aparılmış, qalan 33.017,50 manat məbləğində borc isə ödənilməmişdir. Qeyd olunan borcla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı bağlanılmış və 31.929 manat məbləğində və xx.xx.2021-ci il tarixli üzləşmə aktında isə hal-hazırki qalıq borcun mövcudluğu təsdiq edilmişdir. Bu Müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 28.665 manat təşkiledir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 21/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin əlavələrində qeyd olunmuş məhsulları tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixdə dəyəri 27429 manat olan EBBB 762591 saylı, xx.xx.2021-ci il tarixdə dəyəri 4500 manat olan EBBB 939518 saylı,xx.xx.2021-ci il tarixdə dəyəri 543,99 manat olan EBBD 195125 saylı, xx.xx.2021-ci il tarixdə dəyəri 544 manat olan EBBD 827918 saylı, xx.xx.2021-ci il tarixdə dəyəri 9768,75 manat olan EBBJ 083391 saylı, xx.xx.2021-ci il tarixdə dəyəri 3063,75 manat olan EBBJ 103397 saylı, xx.xx.2021-ci il tarixdə dəyəri 17.141 manat olan EBBL 332007 saylı elektron qaimələr göndərilmişdir. Bundan başqa iş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC İddiaçı MMC-nə xx.xx.2021-ci il tarixinə 31.929 manat borcunun qaldığını etiraf etmişdir. Həmçinin işə əlavə edilmiş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC İddiaçı MMC-nə xx.xx.2021-ci il tarixinə 33.017 manat borcunun qaldığını etiraf etmişdir. Göründüyü kimi "xxxx" MMC xx.xx.2021-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, həmçinin də həmin tarixdən sonra hər hansı bir ödənişin edilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 33.017 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halıda satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 33.017 manat məbləğində əsas borcuna münasibətdə 1700 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/21 saylı müqaviləyə əsasən 33.017 (otuz üç min on yeddi) manat əsas, 1700 (bir min yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 34.717 (otuz dörd min yeddi yüz on yeddi) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar