Məhkəmə qərarları › İş №e-2-2(113)-6647/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6647/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6647/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi, ödənilmiş pulun qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 12286 ( on ikimin iki yüzsəksən altı) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 10 noyabr 2016-cı tarixli, 111314 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında İddiaçı ünvan 1 ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən daha əvvəllər – 2018-ci və 2022-ci illərdə İddiaçı barəsində qanunsuz və əsassız borc hesablanmışdır. Keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-2(81)-514/2018 saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6339/2022 saylı qətnaməsi ilə əsassız hesablanmış borc silinmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, "xxxx" ASC tərəfindən qətnamələr gözardı edilmiş, məhkəmə tərəfindən qanunsuz hesablanmış borcların silinməsinə baxmayaraq, "xxxx" ASC (Cavabdeh) tərəfindən yenidən həmin qanunsuz borc məbləği hesablanır. İddiaçı suyun verilməsinin dayandırılması ilə təhdid edilir. xx.xx.2025-ci il tarixində 183 nömrəli sorğu ilə müraciət edərək, borcun yaranma əsasları, məbləği, abonent saldosu və digər sənədlərin və məlumatların təqdim edilməsi tələb edilsə də, 2 aydan çox vaxt keçməsinə baxmayaraq, sorğu cavablandırılmamışdır. Lakin qeyri-rəsmi məlumatlara və qeyri-rəsmi şəkildə təqdim edilmiş birtərəfli qaydada tərtib olunan uzləşdirmə aktına görə güya iddiaçının 12286 manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən həmin borc məbləğinin hansı əsaslar, hansı səbəblər, hansı aktlar və sənədlər əsasında hesablanması qeyri-məlumdur. Lakin şifahi məlumata görə həmin məbləğ qrunt sularının kanalizasiya xəttinə axıdılmasına görə hesablanıb ki, əvvəlki məhkəmə mübahisələrində də qrunt sularının olmaması öz təsdiqini tapır. Pretenziya qaydasında cavabdehə müraciət edilərək, iddiaçıya hesablanmış borcların qanunsuz olduğu və qanunsuz şəkildə onlardan artıq ödənişlər alındığı cavabdehin nəzərinə çatdırılmış, həmin borc məbləğinin silinməsi xahiş edilmiş, lakin cavabdeh heç bir reaksiya verməmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 11674 (on bir manat altı yüz yetmiş dörd) manat qalıq borc məbləğinin silinməsi və iddiaçıdan qanunsuz tutulmuş 20724 (iyirmi min yeddi yüz iyirmi dörd) manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı qanunsuz hesabalanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən 2018-ci ildən bugünədək abonent haqqında məlumat (saldo) vərəqəsinə baxış keçirilərkən və illər üzrə hesablamalar aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən daha əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsi - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6339/2022 saylı qətnaməsi icra edilməmiş, əksinə abonentdən məhkəmə qətnamə ilə silinmiş borc məbləği üzrə ödənişlər tutulmuş, üstəlik əlavə olaraq 20736 manat məbləğində (2021- 2025-ci illər ərzində) artıq vəsait alınmışdır. Məhkəməyə təqdim edilmiş saldo (abonent haqqında məlumat vərəqəsi) üzrə qeydlər üzrə hesablamalardan da görünür ki, cavabdeh tərəfindən 2021-ci ildə 5015 manat, 2022- ci ildə 6683 manat, 2023-cü ildə 9606 manat, 2025-ci ildə isə 612 manat olmaqla, ümumilikdə 21916 manat məbləğində artıq pul tutulmuşdur. Həmin vəsait qanunsuz olaraq qrunt sularından istifadəyə görə hesablanmış və abonent isə bundan xəbərsiz ödəniş etdikcə həmin ödənişlərin bir qismi qanunsuz hesablanmış qrunt sularından istifadəyə görə abonentin hesabından silinmişdir. Qeyd edilir ki, Qaradağ Rayon Sukanal İdarəsi tərəfindən 2019-cu ilin fevral ayında (həmin tarixdə qanunsuz 4911 manat məbləğində qrunt suyundan istifadəyə görə hesablanmış borc Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6339/2022 saylı qətnaməsi ilə qanunsuz hesab edilərək silinmişdir), daha sonra 2022-ci ilin may ayından 2024-ci ilin fevral ayınadək (sonuncu 2024-cü ilin yanvar ayında) qrunt sularından istifadəyə görə ümumilikdə 27487+4911=32398 manat məbləğində borc qanunsuz olaraq hesablanıbdır. Halbuki əvvəlki mübahisələr zamanı əldə edilmiş ekspert rəylərindən və məhkəmə qətnamələrindən də abonent tərəfindən istifadə olunan obyektdə qrunt sularının olmaması öz təsdiqini tapır. Qrunt suyunundan istifadəyə görə qanunsuz hesablanmış 32398 manat məbləğində borcun 20724 manat hissəsi abonetdən xəbərsiz (su kartına vəsait ödədikcə vəsaitdən silinmə hesabına) olaraq ondan tutulmuşdur ki, həmin məbləğ abonentə geri qaytarılmalıdır. Qrunt suyuna görə qanunsuz hesablanmış 11674 manat məbləğində borc vəsaiti isə hazırda da abonentdən tələb edilməkdədir və cavabdehin bu tələbi, borc hesablaması qanunsuz olduğundan həmin məbləğ məhkəmə tərəfindən silinməlidir. Yuxarıda da qeyd etdiyi kimi, təqdim edilmiş saldolardan da görünür ki, abonent 2021-ci ildə 5015 manat, 2022-ci ildə 6683 manat, 2023-cü ildə 9606 manat 2025-ci ildə isə 612 manat olmaqla, ümumilikdə 21916 manat məbləğində vəsait ödəmişdir. Bu vəsaitin 1192 manat hissəsi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi ilə qanuni hesab edilmiş sərfiyata görə ödənilmiş, yerdə qalan 20724 manat məbləğ isə heç bir hüquqi əsas olmadan qrunt suyunun axıdılmasına görə hesablanmış borc üzrə abonetdən tutulmuş vəsaitdir. Qeyd edir ki, nə əvvəllər, nə də hazırda abonentə məxsus iaşə obyektində qrunt sularından istifadə edilməyibdir. Abonentə məxsus obyektdə bugünədək heç vaxt yoxlama aparılmamış, heç bir nümunə götürülməmiş, heç bir akt, protokol və ya hər hansısa bir sənəd təqdim edilməmişdir. Qaradağ rayon Sukanal İdarəsi tərəfindən göstərilən halların hansı metodla, hansı yolla yoxlanılması, müəyyən edilməsi, kim tərəfindən, nə vaxt aşkar edilməsi qeyri-müəyyəndir. Eyni zamanda nəzərə çatdırılır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunna görə 2015-ci ildən etibarən 2026-cı ilin yanvar ayınadək dayandırılmışdır. Yoxlama aparılıbsa da belə, cavabdeh orqan yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim etməlidir ki, belə çıxarış yoxdur. Hər hansı bir yoxlama aparmadan qrunt sularının “müəyyən etmək” isə qeyri- mümkündür. Əksinə, qrunt sularının mövcud olmaması həm əvvəlki məhkəmə qətnamələrindən, həm də Qaradağ rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş saldodan da görünür. Saldodan görünür ki, iddiaçıya-abonentə 2019-cu ilin fevral ayında il ərzində 1 dəfə qrunt suyuna görə borc hesablanıbdır (4911 manat miqdarında). Daha sonra isə 2022-ci may ayına qədər qrunt suyuna görə borc yoxdur və birdən-birə 2022-ci ilin mart ayından 2024-cü ilin yanvar ayınadək mütəmadi qrunt suyundan istifadəyə görə borc hesablanıbdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6339/2022 saylı qətnaməsi ilə 4911 manat məbləğində qruntu suyunun hesablanmasına görə hesablanmış borc silinərkən, il ərzində yalnız 1 ay qrunt suyunun axıdılmasının qeyri-mümkün olması qənaətinə gəldikdən sonra Qaradağ rayon Sukanal İdarəsi artıq daha peşəkar formada qanunsuzluq etməyə başlamış və sahibkar tərəfindən artıq borcun hesablanmasından şübhə çəkməmək üçün birdəfəlik formada yox, aybaay, davamlı şəkildə az miqdarda qanunsuz borc yazmaqla, artıq ödəniş almağa və sahibkarın əmlakını mənimsəməyə müvəffəq olmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, abonent haqqında məlumatda qeyd edilən borc suyun sərifyyatına olan borcdur. Qarşı tərəfin istinad etdiyi 2018-ci il tarixli qətnamədən aydın görünür ki, həmin tarixdə ekspertiza keçirilmiş və müəyyən olunmuşdur ki, qrunt suyundan istifadə olunmadığı aşkar edildiyi qeyd edilmişdir. Həmin qətnamə ilə qrunt suyundan istifadə edildiyi aşkar olunmadığına görə 20714 manat məbləğində borc silinmişdir. 2020-2021-ci illərdə qrunt suyundan istifadə edilmədiyi üçün borc hesablanmamışdır. 2022-ci ildən 2025-ci ilin yanvar ayına qədər yenidən hesablanmış, 2025-ci ilin yanvar ayından etibarən isə borc hesablanmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-863/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 514/2018 saylı iş üzrə qəbul etdiyi 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 20370 (iyirmi min üç yüz yetmiş) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, sözgüedən qətnamə ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-514/2018 saylı iş üzrə qəbul etdiyi 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı adına rəsmiləşdirilmiş 111314 nömrəli abonent koduna qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 2019-cu ildə əsassız hesablanmış 4911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat, cəmi 4980,11 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, sözgüedən qətnamə ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. xx.xx.2025-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, İddiaçı Qaradağ rayon Sukanal İdarəsinə xx.xx.2025-ci il tarixə 12286 manat borcu vardır. Sözügedən üzləşmə aktı bir tərəf - Qaradağ rayon Sukanal İdarəsi tərəfindən imzalanmış və təsdiq edilmişdir.

11. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: xx.xx.2025ci il) görünür ki, iddiaçının 2023-cü il üzrə qalıq borcu 11047 manat təşkil edir.

12. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: xx.xx.2025ci il) görünür ki, iddiaçının 2024-cü il üzrə qalıq borcu 12285 manat təşkil edir.

13. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: xx.xx.2025ci il) görünür ki, iddiaçının 2025-ci il üzrə qalıq borcu xxx manat təşkil edir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 11674 (on bir manat altı yüz yetmiş dörd) manat qalıq borc məbləğinin silinməsindən ibarətdir.

17. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır.

18. Belə ki, təqdim edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən müəyyən edilir ki, əvvəllər də hazırkı iddia tələbində qeyd edilən hallarla bağlı tərəflər arasında mübahisə mövcud olmuş, mübahisəyə baxılmış, əvvəlki işlər üzrə ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müavfiq rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən ticarət obyektində (market) qrunt sularından istifadə edilmir.

19. Məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadə edilmədiyi müəyyən edilmişdir. Sonradan isə həmin obyektdə qrunt sularından istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi, iddiaçıya içməli su və çirkab suyundan əlavə müəyyən hissədə borclar eyni zamanda qrunt suyu sərfiyyatına görə də hesablanmışdır.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabde tərəfindən qrunt suyu sərfiyyatına görə qanunsuz hesablanmış borca görə xxx manat məbləğində pul vəsaiti İddiaçı 38091563 saylı abonent hesabından silinməli, qalan hissədə isə təmin edilməməlidir.

21. İddia tələbinin digər hissəsini iddiaçıdan qanunsuz tutulmuş 20724 (iyirmi min yeddi yüz iyirmi dörd) manat vəsaitin geri qaytarılması təşkil edir.

22. Həmin hissə ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, İddiaçı qanunsuz tutulmuş xxx manat pul vəsaiti İddiaçı geri qaytarılmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.

23. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6339/2022 saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı 111314 nömrəli abonent kodu üzrə obyektə qrunt sularından istifadəyə görə yalnız 2019cu ilin fevral ayında 4911 manat məbləğində sərfiyyat hesablanmış, digər aylarda isə qrunt sularından istifadəyə görə heç bir sərfiyyat hesablanmamışdır. Qeyd olunan qətnamə ilə həmin məbləğin geri qaytarılması qərara alınmışdır. Həmçinin məhkəmə qətnamələrindən göründüyü kimi, 2020-ci ilə qədər qrunt sularından istifadəyə görə hesablanmış borclar silinmiş və ya ödənilmiş məbləğ geri qaytarılmışdır. 2020-ci il və 2021-ci il illər üzrə iddiaçıya qrunt sularından istifadəyə görə hər hansı məbləğ hesablanmamışdır. Qrunt sularından istifadəyə görə iddiaçıya 2022-ci ildə 9817 manat, 2023-cü ildə 16430 manat, 2024-cü ildə isə 1240 manat sərfiyyat hesablanmışdır. Həmçinin həmin illər ərzində iddiaçıya içməli su və çirkab suyuna görə də sərfiyyat hesablanmışdır

24. Hazırda mübahisəli olan dövr 2022-2024-cü illər üzrə olan dövrdür (xx.xx.2024cü ildən etibarən abonentə qrunt suyu sərfiyyatı hesablanmamışdır). Həmin dövr üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 46922 manat (15747+21325+9850=46922) ödəniş edilmişdir. Həmin məbləğin 30638 manatını içməli su və çirkab suyuna görə ödəniş təşkil etmiş (4532x2+5863x2+4924x2=30638), qalan 16284 məbləğ (46922-30638=16284) isə qrunt sularından istifadəyə görə ödənilmişdir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qrunt sularının axıdılmasına görə qanunsuz hesablanmış borca görə xxx manat məbləğində pul vəsaiti İddiaçı 38091563 saylı abonent hesabından silinsin. İddiaçı qanunsuz tutulmuş xxx manat pul vəsaiti İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar