Məhkəmə qərarları › İş №e-2-2(113)-665/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-665/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-665/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin artırılması ilə bağlı ərizə məhkəməyə müraciət edərək, Cavabdeh firmasından İddiaçı MMC-nin xeyrinə 60884,96 manat əsas borcun, əsas borcun gecikdirilməsinə görə 6088 manat məbləğin və 291 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında RAS/0109 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən ağır texnikalar Cavabdeh firmasına icarəyə verilməli və cavabdeh tərəfindən bununla bağlı icarə haqqı ödənilməli idi. Müqavilə şərtləri İddiaçı MMC tərəfindən icarə edilsə də, qeyd edilən texnikalar Cavabdeh firmasına təhvil verilsə də, həmin texnikalardan zəruri işləri və sifarişləri üçün istifadə etsələr də, xx.xx.2021-ci il tarixlimüqavilə öhdəlikləri tam icra edilməmiş,cəmi 21240,0 manat ödəniş etsələr də şirkətimizə 60884,96 manat borc qalmışdır. Borcun ödənilməsinin təmin edilməsi ilə bağlı şirkətimiz tərəfindən cavabdehə dəfələrlə müraciət olunsa da, müxtəlif səbəblər göstərilməklə borcun ödənilməsi təmin edilməmiş, verilmiş cavablardakı səbəblərin şirkətimizə aidiyyatı yoxdur və həmin səbəblər borcun ödənilməsindən imtina üçün əsas deyildir. 60884,96 manat borcun yaranma tarixindən hal-hazıradək 2 ildən artıq müddət keçmişdir. Hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borcla yanaşı Mülki Məcəllənin 445-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faizlər tutulmalıdır. 2 illik faizlər 6088 manat (60884,96x5%x2il) təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh firması arasında imzalanmış 01 sentyabr 2021-ci il tarixli RAS/0109 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqavilə ilə İcarəyə verən müqavilənin Əlavələrinddə qeyd olunmuş texnikaları bu müqavilə şərtləri çərçivəsində istifadə üçün İcarəçiyə verməyi, İcarəçi isə həmin texnikaları bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilənin əlavəsində qeyd olunan texnikaları İcarəyə verən tərəfindən İcarəçiyə təhvil verilir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı aylıq ödənilir. İcarə haqqı yalnız köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.3-cü bəndinə əsasən İcarəyə verən texnikaların təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura hazırlayacaq. Müqavilənin 4.6-cı bəndinə əsasən İcarəçi texnikaları gün ərzində 10 saatdan artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur. Müqavilənin 4.10-cu bəndinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda günlük 0.1 % gecikmə faizi hesablanacaqdır. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödənəcəyini bəyan edir və qəbul edir. İcarəyə verən icarə haqlarının ödənişinin gecikməsi durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir. Cavabdeh firması və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən Hitachi ZX280LCH-3 markalı buraxılış ili 2011 olan 10 AC471 dövlət qeydiyyat nişanlı texnikanın aylıq icarə haqqı məbləği 10000 manat, SD22 markalı buraxılış ili 2012-ci il olan 18T749 dövlət qeydiyyat nişanlı texnikanın aylıq icarə haqqı məbləği 12000 manat, D180 markalı buraxılış ili 2005-ci il olan AZ18T945 dövlət qeydiyyat nişanlı texnikanın aylıq icarə haqqı məbləği 12000 manat olar müəyyən edilmişdir. İddiaçı MMC-nin Accessbank ASC-dən olan hesabdan çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixində hesaba Cavabdeh firması tərəfindən 8000 manat ödəniş edilmişdir. İddiaçı MMC-nin Accessbank ASC-dən olan hesabdan çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixində hesaba Cavabdeh firması tərəfindən 10000 manat ödəniş edilmişdir. EBBK seriyalı, 313142 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19217,10 manat, EBBM seriyalı, 583979 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 14160 manat, EBBN seriyalı, 787465 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 23262,83 manat, EBBU seriyalı, 066592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 25485,03 manat icarə haqqı məbləği İddiaçı MMC tərəfindən Cavabdeh firmasına ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 291 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ona məxsus texnikaları icarəçinin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, hesabdan çıxarış) öz təsdiqini tapır, cavabdeh iddiaya etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni icarə haqqından 60884,96 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 60884,96 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 6088 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 2 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini (60884,96x5%=3044,25x2il=6088,5) tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 291 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh firmasından RAS/0109 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 60884 (altmış min səkkiz yüz səksən dörd ) manat 96 (doxsan altı) qəpik əsas borc, 6088 (altı min səksən səkkiz) manat illik 5 % miqdarında gecikdirmə faizi, habelə ödənilmiş 291 (iki yüz doxsan bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar