Məhkəmə qərarları › İş №e-2-2(113)-6658/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6658/2024

02.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6658/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, cərimə borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1, cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 820 ABŞ dolları (1394 manat) daşıma xərcindən qalıq borc, demuraj adlı cərimə borcu olan 5000 ABŞ dolları (8500 manat), 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 126 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra daşıyıcı və ya iddiaçı) ilə Cavabdeh(bundan sonra sifarişçi və y cavabdeh) arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı Daşıyıcı müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürür. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.6-cı bəndinə əsasən əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir yüz) USD təşkil edir. Müqavilənin 4.9-cu bəndinə əsasən konteyner daşımaları zamanı gəmi şirkəti tərəfindən təyin olunan vaxt ərzində sifarişçi və ya göndərici tərəfindən konteyner götülülməzsə, təhvil verilməzsə, eləcə də yükləmə boşaltma və.s işlər bitməzsə cərimələr sifarişçi tərəfindən ödəniləcəkdir. Bura konteynerin cəriməsi, eləcə də konteynerin limanda saxlanılmasına görə yaranacaq əlavə cərimələr də daxildir. Əgər konteyner maşınla birlikdə gözləyərsə, 4.6-cı bənddə qeyd olunan maşın gözləməsi üçün də cərimələr də bura əlavə olunacaqdır. Sifarişçinin sifariş etdiyi mallar 2 konteyner üzrə daşınmış, daşınmanın həyata keçirildiyi avtomobillərdən biri 25 ADH 177 /38 AHD 413 nömrəli, digər isə ** KZ ***8 /34 FJN 636 nömrəli yük avtomobili olmuşdur. İddia ərizəsinə əlavə edilən malın qeydiyyat kodu adlı sənəddən görünür ki, ** KZ ***8 /34 FJN 636 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. İddia ərizəsinə əlavə edilən malın qeydiyyat kodu adlı sənəddən görünür ki, 25 ADH 177 /38 AHD 413 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. Hər iki yük ölkəyə daxil olduqdan sonra sifarişçi malın pulunu ödəmədiyi üçün mallar sifarişçiyə təhvil verilməmiş, yəni avtomobillər üzrə yüklər boşaldılmamış, bu səbəbdən yükün gömrük postuna yaxınlaşmasından 72 saat keçdikdən sonra demuraj adlı cərimə məbləğinin yaranmasına gətirib çıxarmışdır. Mallar ölkəyə çatdırılmasından 72 saat keçdikdən sonra sifarişçi daşıma xərcini ödəmədiyi üçün, daşıyıcı malların boşaldılmasını dayandırmış və gecikdirilmə müddətində mallar qeyd olunan yük avtomobillərində gözləmə mövqeyində olmuşdur. Daha sonra sifarişçi müəyyən maddi çətinlikləri səbəbindən malın götürülməsini gecikdirdiyini bildirmiş, malların daşıma xərcini və demuraj adlı cərimə məbləğini ödəməyi öhdəsinə götürmüş, malın dəyərini yük boşaldıldıqdan əvvəl, demuraj adlı cərimə məbləğini isə 3 hissəli şəkildə ödəyəcəyini bildirmişdir. Sifarişçi malın daşıma xərcinin əksəriyyətini ödədiyi üçün mallar boşaldılaraq təhvil verilmiş, demuraj adlı cərimə məbləği sifariçi ilə daşıyıcı arasında 5000 ABŞ dolları (8500 AZN) olaraq razılaşdırılmışdır. Həmçinin daşıma xərcindən 820 ABŞ dolları borc cavabdeh tərəfindən hələ də iddiaçıya ödənilməmişdir. Sifarişçi (cavabdeh) Cavabdeh qanuni təmsilçisi X1r. Sifarişçi(cavabdeh) Cavabdeh rəsmi elektron poçt ünvanı Elektron ünvan 1 adresidir. 06 iyul 2024-cü il tarixdə cavabdeh şirkətin qanuni təmsilçisi X2 tərəfindən cavabdehin rəsmi poçt ünvanından iddiaçı şirkətin Türkiyədə olan rəhbəri, təsisçisi Yavuz Gültəkinin elektron poçt ünvanı olan Elektron ünvan 2 adresinə məktub ünvanlayaraq "xxxx" MMC-ə yazılan demuraj pullarını 3 ay ərzində ödəyəcəyini, digər ödənişləri isə 30-cu gün tam ödəyəcəyini bildirmişdir. 08 iyul 2024-cü il tarixdə iddiaçı(daşıyıcı) şirkətin rəhbəri Şirzad Mustafayev Cavabdeh rəsmi elektron poçt ünvanı Elektron ünvan 1 adresinə ** KZ ***8 /34 FJN 636, 25 ADH 177 /38 AHD 413 nömrəli maşınların 5000 ABŞ dollar (8500 AZN) yaranmış yatma xərcini ödəyəcəyini təsdiq etməsinə dair razılaşdıqları qaydanı təsdiq etməsi üçün məktub ünvanlamış, cavabdehin qanuni təmsilçisi Ramin Salmanlı mail göndərərək qeyd olunan razılığı təsdiq etdiyini bildirmişdir. Tərəflərin aralarında olan razılığa əsasən 5000 ABŞ dolları olan demuraj pulu 3 hissədə iddiaçıya qaytarılmalı, ilk hissə xx.xx.2024-cü il tarixdə 2000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1500 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1500 ABŞ dolları olmaqla qaytarılmalı idi. Eyni zamanda cavabdehin qeyd olunan demuraj adlı cərimə borcunu ödəyəcəyini direktora məxsus mobil nömrəyə bağlı vatsap proqramı vasitəsilə də iddiaçının direktorunun özünə məxsus mobil nömrəsilə yazışmalarında da etiraf etmiş və borcu ödəməyi öhdəliyinə götürdüyünü bildirmişdir. Lakin iddiaçı direktoru cavabdehin direktoru ilə xx.xx.2024-cü il tarixdən sonra ödənişlə bağlı əlaqə saxladıqda cavabdehin direktoru öhdəliyi icra etməyəcəyini, ödənişi ödəməyəcəyini bildirmişdir. Cavabdehin iddiaçıya olan borclar elektron qaimələrlə və cavabdehin elektron poçt və vatsap yazışmalarıyla tam təsdiq edilir. Hazırda cavabdehin iddiaçıya 820 ABŞ dolları daşıma xərcindən qalıq borc, 5000 ABŞ dolları demuraj adlanan cərimə borcu qalmışdır. Bu səbəbdən iddiaçı öhdəliyin icrası təmin edilməsilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək üçün və məhkəmədə iddiaçının pozulmuş hüquqlarının müdafiəsilə bağlı 2000 AZN vəkil xidmət haqqı ödəmişdir. Dövlət rüsumu olaraq 126 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 620 ABŞ dolları (1054 AZN) daşıma xərcindən qalıq borc, demuraj adlı cərimə borcu olan 5000 ABŞ dolları (8500 AZN), 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 126 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Gültekin Logisticst" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə daşıma xərcindən qalan qalıq borc 10302116 nömrəli qaimə üzrə 340 manat, 10424120 nömrəli qaimə üzrə 510 manat, 10423405 nömrəli qaimə üzrə 204 manat olmaqla, ümumilikdə 1054 manat, yəni 620 ABŞ dolları təşkil edir. Demuraj adlı cərimə borcu tərəflər arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli daşıma müqaviləsinin 4.6-cı bəndində nəzərdə tutulmuşdur. Həmin bənd üzrə qeyd olunmuşdur ki, gecikmə borcu Avropadan daşınan yüklər üçün 150 EUR, digər ölkələrdən daşınan yüklər üçün 100 ABŞ dolları təşkil edir. Cavabdeh şirkətlə işgüzar münasibətləri nəzərə alaraq Türkiyənin Avropa ölkələrindən olmasını nəzərə alaraq 1 gün üçün gecikməyə görə demurajı 150 EURO ilə deyil, digər ölkələrdən daşınan yüklər kimi 100 ABŞ dolları nəzərdə tutulmuşdur. Cavabdehin direktoru xx.xx.2024-cü il tarixdə keçirilən audio-video yazı altında məhkəmə hazırlıq iclası zamanı 2 yük üçün birində 20 gün, birində 30 gün olmaqla ümumi gecikmənin 50 gün olduğunu bildirmişdir. Həmçinin gecikmə müddətini daha dəqiq müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinə həmin yüklərin nə vaxt daxil olması və nə vaxt boşaldılması barədə məlumatların təqdimi barədə sorğu ünvanlamışdır. Lakin hazırda 50 gün gecikmə müddəti cavabdehin direktoru tərəfindən məhkəmə hazırlıq iclasında etirafı həmin 50 gün gecikmə müddətinin mübahisəsiz hal olduğunu göstərir. 50 gün üçün olan gecikmə müddəti 1 gün üçün 100 ABŞ dollarından hesablayar 5000 ABŞ dolları təşkil edir. Həmçinin demuraj adlı gecikmə borcu barədə cavabdehə elektron qaimələr göndərilmiş, lakin qaimələr üzrə ödənişlər həyata keçirilməmişdir. 10618954 nömrəli qaimə üzrə 3570 manat, 11187516 nömrəli qaimə üzrə 4896 manat olmaqla ümumlikdə 8466 manat, yəni 5000 ABŞ dolları təşkil edir. Digər tələb 2000 manat vəkilə ödənilmiş xərcdir ki, həmin məbləğin xidmət xərci olmasına dair müqavilə və vəkilə ödənilmiş məbləğin qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Sadəcə olaraq hazırda iddia tələbi üzrə daşıma xərcindən qalıq borc 620 ABŞ dolları təşkil etməsinə baxmayaraq, 820 ABŞ dolları qeyd olunmuşdur. Bu səbəbdən iddia tələbinin dəqiqləşməsi zəruridir.

5. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddia ərizəsinə əsasən 540 (beş yüz qırx) ABŞ dollan (918 AZN) daşıma xərcindən qalıq borc, demuraj adlı cərimə borcu olan 5000 (beş min) ABŞ dolları (8500 AZN), 2000 (iki min) manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 125 manat pulun Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. İddia ərizəsi əsassızdır. Belə ki, İddiaçı MMC ilə aralarında xidmət müqaviləsi olmuşdur. Müqavilə üzrə həyata keçirilmiş xidmətə əsasən 34KZ2678/34FJN636 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə, 25ADH177/38AHD413 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Bundan sonra daşıyıcı şirkət tərəfindən mallar təhvil verilməmiş və ödənişə görə saxlanılmışdır. Daha sonra şirkət tərəfindən ödəniş edildikdən sonra mallar təhvil verilmişdir. Hesablanmış demuraj məbləği əsassızdır. Belə ki, malın təhvil alınmasında tərəflərindən hər hansı maneə yaradılmamışdır. Bundan başqa hüquqi xidmət haqqı da iddia tələbinə uyğun olmayan şəkildə çox göstərilmişdir. Gətirilmiş yükə görə xidmət haqqı ödənilmişdir. Daşıyıcının yükü təhvil verməkdən imtinası səbəbindən mallar artıq müddətdə daşıyıcıda saxlanmış və buna görə də demuraj hesablanması yolverilməzdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 5000 ABŞ dolları demuraj mal gəldiyi və daşınma xərci cavabdeh tərəfindən ödənilmədiyi üçün hesablanmışdır. 72 saat məsələsi tərəflər arasında razılaşdırma ilə olmuşdur. Yük gəlib iyunun 5-6, cavabdehə e-qaimə isə bir ay sonra göndərilib. E-qaimənin cavabdehə göndərildiyi 5 iyul tarixində cavabdeh malları götürmüşdür. Demuraj müqavilənin 4.6-cı maddəsinə əsasən hesablanıb.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qismən etiraz edərək bildirdi ki, 620 ABŞ dolları (1054 manat) borc qalıb, ödəniş ediləcək. Lakin, demurajın hesablanması cavabdehdən asılı olmamışdır. Sırf ödəniş edilmədiyi üçün mallar təhvil verilməyib iddiaçı tərəfindən. Yazışmalar sırf yükü almaq üçün olub və o hissəni qəbul etmir. Cavabdehə nə zaman məlumat verilirdisə o zaman yükü götürürdü. Çünki yük cavabdeh tərəfindən başqa tərəfə təhvil verilməli idi. İddia ərizəsinin rədd edilməsini xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli yük daşınmasına dair müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin tapşırığı (bundan sonra ismin müvafiq halında Sifariş adlandırılacaq) ile Daşıyıcı müxtəlif növ yüklerin daşınmasını (bundan sonra ismin müvafiq halında Daşıma adlandırılacaq) həyata keçirməsini və/ və ya təşkil edilməsini öz öhdəsinə götürür. Sifarişçi isə Daşımanın müqabilində Daşıyıcıya müvafiq Sifarişdə nəzərdə tutulmuş daşımanın deyərini ödəməyi öz öhdəsinə götürür,

11. Müqavilənin 1.2-ci bəndinə əsasən daşıyıcı bəyan və təsdiq ədir ki. onun tələb olunan Daşımanın həyata keçirilməsi üçün müvafiq təcrübəsi, yüksək dərəcəli peşəkar heyəti və bütün digər lazımi vasitələri vardır.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən daşımanın yerinə yetirilməsi vaxtı Daşıyıcı texniki təhlükəsizlik qaydalarına və ekoloji normalara riayət etməli ve fiziki şəxslərin sağlamlığı və həyatı, ətraf mühit, hökumət orqanları, hüquqi şəxslər üçün yarana bitəcək zərər üzrə riski öz üzərinə götürür.

13. Müqavilənin 1.4-cü bəndinə əsasən daşıyıcı Daşımanı qüsursuz və üçüncü şəxslərin iddialarından azad heyata keçirir.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcının hüquqları;

15. Müqavilənin 2.1.1-ci bəndinə əsasən sifarişçidən və ya Sifarişçinin qeyd etdiyi şəxsdən yükü müşayiət edəcək zəruri sənədlərini tələb etmək;

16. Müqavilənin 2.1.2-ci bəndinə əsasən sifarişçidən və ya Sifarişçinin qeyd etdiyi şəxsdən yükün düzgün qablaşdırılmasını tələb etmək;

17. Müqavilənin 2.1.3-cü bəndinə əsasən Sifarişçidən daşıma haqqını tələb etmək;

18. Müqavilənin 2.1.4-cü bəndinə əsasən tətbiq edilən qanunvericilik və Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

19. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin hüquqları:

20. Müqavilənin 2.2.1-ci bəndinə əsasən daşıyıcıdan təyinat yerinə çatdınlmış yükü təhvil almaq;

21. Müqavilənin 2.2.2-ci bəndinə əsasən yükün daşınması zamanı Daşıyıcıdan zəruri melumatlan tələb etmək;

22. Müqavilənin 2.2.3-cü bəndinə əsasən qanunvericilik ve Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

23. Müqavilənin 3.1-ci bəndinə əsasən daşıyıcının öhdəlikləri:

24. Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış Sifariş üzrə Daşımanı tətbiq edilən qanunvericiliyə uyğun olaraq göstermək;

25. Müqavilənin 3.1.2-ci bəndinə əsasən yükü müvafiq Sifarişdə nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdırmaq;

26. Müqavilənin 3.1.3-cü bəndinə əsasən sifarişçiyə ya Sifarişçinin qeyd etdiyi şəxs tərəfindən verilən sənəd ve məlumatlarda aşkar edilmiş çatışmazlıqlar haqqında Sifarişçini xəbərdar etmək və yükün çatdırılmasına olan maneələr və yükün təyinat yerinə çatdırılması barədə Sifarişçiyə dərhal məlumat vermək,

27. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:

28. Müqavilənin 3.2.1-ci bəndinə əsasən yükün daşınması zamanı təyinat məntəqəsinin dəyişməsi barədə Daşıyıcıya göstəriş vermək, bu zaman Tərəflər arasında razılaşdırılmış əlavə xərcləri ödəmək;

29. Müqavilənin 3.2.2-ci bəndinə əsasən yükün daşınmasına görə Daşıyıcıya daşınma haqqını bu Müqavilə ilə müəyyən olunmuş vaxt ərzində ödəmək;

30. Müqavilənin 3.2.3-cü bəndinə əsasən daşıyıcını yükü müşayiət edəcək lazımı sənədlərlə təmin etmək;

31. Müqavilənin 4.1-ci bəndinə əsasən yükün Daşıyıcıya təhvili üç tərtib olunmuş qaimə (nəqliyyat növündən asılı olaraq) ilə rəsmiləşdirilir.

32. Müqavilənin 4.5-ci bəndinə əsasən Qrup halında yüklərin daşınması CMR sənədində qeyd edilmiş gömrük məntəqəsinədəkdir. Sifarişçi yükün boşaldılma ünvanına çatdılırmasını tələb edirsə, bu barədə öncədən sifariş verilərkən Daşıyıcıya bildirməlidir.

33. Müqavilənin 4.6-cı bəndinə əsasən əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir,yüz) USD təşkil edir.

34. Müqavilənin 4.7-ci bəndinə əsasən Konteynerin dəmiryolu ilə daşınması zamanı,konteynerin dəmiryolu stansiyasından maşınlara yüklənərək təyin olunan adresə çatdırıldıqdan sonra 3 saat ərzində sifarişçi tərəfindən boşaidılmalıdır.eks təqdirdə maşının gözlədiyi hər saat üçün əlavə 20 (İyirmi) USD cərimə tətbiq olunacaqdır.

35. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Daşımaya görə Sifarişçi tərəfindən Daşıyıcıya ödənilmən o an daşınma haqqı Tərəflər arasında Müqavilənin tələblərinə uyğun otaraq rəsmiləşdirilən Sifarişdə müəyyən edilir. Tərəflər arasında yazılı razılıq olmadıqda. daşınma haqqına bu müqavilənin 2-ci bəndində qeyd olunan xərclər və cərimələrdən başqa heç bir əlavə və ya dəyişiklik edilə bilməz.

36. Müqavilənin 6.1-ci bəndinə əsasən Sifarişçi müvafiq Sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və Daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən 30 iş günü ərzində Daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərso. hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır, ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmış məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.

37. Müqavilənin 6.3-cü bəndinə əsasən Daşıyıcı müvafiq ay ərzində icra olunmuş Sifariş üzrə təhvil-təslim aktlarını, yük-nəqliyyat qaimələrini, hesab və/və ya digər sənədlərini ən gec növbəti ayın 5-nə qədər Sifarişçiyə təqdim etməlidir. Daşıyıcı sənədlərdə təhvil verilmə tarixini qoymalıdır. Həmin sənədlərin əsl nüsxələri sonradan təqdim edilmək şərti ilə, elektron poçt vasitəsi ilə skan olunmuş surətləri göndərilə bilər. Daşıyıcı hazırkı bənddə qeyd olunan şərtlərə riayət etmədikdə Sifarişçi ödənişlərin gecikdirməsinə görə heç bir məsuliyyət daşımır.

38. 06.06.2024-cü il tarixli, MT**********16 saylı e-qaiməyə əsasən 340 manat dəyərində və xx.xx.2024-cü il tarili, MT**********20 saylı e-qaiməyə əsasən isə 510 manat məbləğində və MT**********05 saylı e-qaiməyə əsasən isə 204 manat məbləğində xidmət göstərilməsi ilə bağlı tərtib edilmişdir.

39. 09.07.2024-cü il tarixli MT**********54 saylı e-qaimə üzrə 3570 manat və xx.xx.2024-cü il tarixli MT**********16 saylı e-qaimə üzrə 4896 manat məbləğində cərimə pulu hesablanmışdır.

40. Malın qeydiyyat kodlarına əsasən 34FJN636 NV xx.xx.2024-cü il tarixdə və 38AHD413 NV xx.xx.2024-cü il tarixdə G.O. tərəfidən qeydiyyata alınmışdır.

41. Tərəflər arasında e-mail yazışmasına əsasən cavabdehdən 25ADH177/38ADH413 və 34 KZ2678/34FJN636 nömrəli nəqliyyat vasitələrinin 5000 ABŞ dolları yaranmış yatma xərcinin ödənilməsinin tədiq edilməsi xahiş edilmişdir (birinci ödəmə xx.xx.2024—2000 ABŞ, ikinci ödəmə xx.xx.2024-1500 ABŞ və üçüncü ödəmə xx.xx.2024-1500 ABŞ) və cavab olaraq təsdiq edildiyi qeyd edilmişdir.

42. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

44. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

45. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

46. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

47. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

48. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

49. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

50. İşdən göründüyü kimi “Gültekin Logistics" MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı Daşıyıcı müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürmüş. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Sifarişçinin sifariş etdiyi mallar 2 konteyner üzrə daşınmış, daşınmanın həyata keçirildiyi avtomobillərdən biri 25 ADH 177 /38 AHD 413 nömrəli, digər isə ** KZ ***8 /34 FJN 636 nömrəli yük avtomobili olmuşdur. Malın qeydiyyat kodu adlı sənəddən görünür ki, ** KZ ***8 /34 FJN 636 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. Malın qeydiyyat kodu adlı sənəddən görünür ki, 25 ADH 177 /38 AHD 413 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. İddiaçı cavabdehdən daşınma və demuraj xərcini məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, Cavabdeh tərəf isə daşınma xərci üzrə borcun qaldığını və ödənişləri edəcəklərini bildirsə də, demuraj və digər xərclərə etiraz edərək bildirir ki, demuraj sırf iddiaçı tərəfindən malların götürülməsinə şərait yaradılmadığı üçün yaranmışdır, malların götürülməsinə yalnız daşınma xərci ödənildikdən sonra razılıq verəcəklərini bildirmişlər və e-mail yazışması əsasızdır, məqsədi sırf malları götürmək üçün yazılıb, çünki malları cavabdeh götürüb başqa şirkətə təhvil verməli idi.

51. Beləliklə, iş materiallarından və cavabdeh tərəfin izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən xidmət göstərilmiş, mübahisələndirilən e-qaimələr üzrə daşıma xərci olaraq 620 ABŞ dolları (1054 manat) cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.

52. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimələr və həmin qaimələr üzrə ödənişin olmamasına dair cavabdeh tərəfin izahatı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1054 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

53. Bununla yanaşı, iddiaçı iddia ərizəsində malların götürməsində gecikməyə yol verildiyindən müqavilənin 4.6-cı bəndinə əsasən demuraj məbləği hesablamışdır.

54. Belə ki, tərəfər arasında bağlanmış müqavilənin 4.6-cı bəndinə əsasən əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir,yüz) USD təşkil edir.

55. İşdən də göründüyü demuraj xərci cavabdehin səhvi ucbatından deyil, ödənişlərin gecikdirilməsi səbəbi ilə iddiaçı tərəfindən malların saxlanılması nəticəsində yaranmış və cavabdehin təqsirli hərəkəti hazırkı araşdırılma zamanı müəyyən edilməmişdir. Belə ki, Müqavilənin 6.3-cü bəndinə əsasən Daşıyıcı müvafiq ay ərzində icra olunmuş Sifariş üzrə təhvil-təslim aktlarını, yük-nəqliyyat qaimələrini, hesab və/və ya digər sənədlərini ən gec növbəti ayın 5-nə qədər Sifarişçiyə təqdim etməlidir. Daşıyıcı sənədlərdə təhvil verilmə tarixini qoymalıdır. Həmin sənədlərin əsl nüsxələri sonradan təqdim edilmək şərti ilə, elektron poçt vasitəsi ilə skan olunmuş surətləri göndərilə bilər. Daşıyıcı hazırkı bənddə qeyd olunan şərtlərə riayət etmədikdə Sifarişçi ödənişlərin gecikdirməsinə görə heç bir məsuliyyət daşımır. Məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayənsdəsi bildirmişdir ki, mallar 5 iyun tarixində gətirilib ölkəyə, lakin cavabdehə e-qaimə bir ay sonra olmaqla 5 iyul tarixində göndərilib və mallar e-qaimənin tarixi günündə cavabdeh tərəfindən təhvil alınıb. Bundan əlavə, iddianın məzmunundan da göründüyü kimi hər iki yük ölkəyə daxil olduqdan sonra sifarişçi malın pulunu ödəmədiyi üçün mallar iddiaçı tərəfindən sifarişçiyə təhvil verilməmiş.

56. Göründüyü kimi demurajın yaranma səbəbi sifarişçinin daşıma xərcinin ödənilməməsinə görə icraçının özünün malların sifarişçi tərəfindən götürülməsinə maneələrin yaradılması olmuşdur. Bundan əlavə, hətta demuraj cəriməsinin hesablanmasında iddiaçı haqlı olmuş olseydı belə, malların çatdırıldığının hansı tarixdə cavabdehə məlumat verilməsini sübuta yetirə bilməmişdir. Əksinə, iddiaçı tərəfin izahatına və sənədlərə əsasən cavabdehə göstərilmiş xidmətə görə e-qaimə belə malların çatdırıldığı gündən bir ay sonra göndərilmişdir və cavabdeh də həmin tarixdə malları təhvil götürmüşdür.

57. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddianın 5000 ABŞ dolları demuraj adlı cərimə tələbini müqavilənin 4.6-cı maddəsinə əsasən tələb etsə də, faktiki əsas kimi daşınma xərcinin ödənilməməsini göstərmişdir. Lakin, daşınma xərcinin ödənilməsi qaydası və məsuliyyət tədbirləri müqaviləni 6-cı maddəsində müəyyən edilmişdir. Müqavilə şərtinə əsasən daşınma xərcinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,5% dəbbə pulu nəzərdə tutulmuşdur. İddiaçı isə hazırki iddiada həmin dəbbə pulunu deyil, özünun malları cavabdeh tərəfindən götürülməsinə şərait yaratmadığı müddətə görə müqavilənin başqa maddəsinə əsasən hesabladığı cərimə məbləğini tələb etmişdir.

58. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 5000 ABŞ dolları məbləğində demuraj adlı cərimənin hesablanması üçün faktiki və qanuni əsası olmamışdır, ona görə də həmin hissədə iddia tələbi təmin edilə bilməz.

59. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2000 manat vəkil xərci və 126 manat dövlət rüsumu ödənilmişdir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 500 manat vəkil xərci və 36 manat dövlət rüsumu (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən daşıma xərci olaraq 620 ABŞ dolları (1054 manat) borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 36 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar