Məhkəmə qərarları › İş №e-2-2(113)-666/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-666/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-666/2025 09.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə, əsassız varlanma, illik 5%, əldən çıxmış fayda, sübutetmə yükü) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi, vəkil Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən əsassız varlanmaya görə 41000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 258 manat pulun, ümumilikdə isə pulun 56264 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Alıcı”) və İddiaçı MMC arasında (“Satıcı”) 23 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2022-ci ilin may aından dekabr ayınadək iddiaçı tərəfindən ümumilikdə 882187,95 manat (ƏDV ilə birlikdə) dəyərində müxtəlif mallar təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. Bundan sonra aralarında hər hansı müqavilə münasibətləri olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin ƏDV depozit hesabından Cavabdeh MMC-nin ƏDV depozit hesabına səhvən 41000 manat köçürülmüş, lakin bu günədək edilən çoxsaylı müraciətlərə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) baxmayaraq, həmin məbləğ geri qaytarılmamışdır. Bununla yanaşı, səhv köçürülmüş məbləğin vaxtında qaytarılmadığına görə vergi orqanı tərəfindən müvafiq hesablama aparılmış və əlavə olaraq 15006 manat məbləğində faiz hesablanmışdır ki, həmin faizin ödənilmə öhdəliyi iddiaçının üstündədir. Cavabdeh MMC qanuni əsas və ya müqavilə olmadan 41000 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına əldə edərək əsassız olaraq varlanmış, məhrum olanın tələbi ilə həmin məbləği qaytarmayaraq, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl - mülki hüququ pozuntusu (delikt) törətmiş, nəticədə iddiaçıya əlavə olaraq, 15006 manat (41000*0.1%*366 gün) məbləğində ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının həmin məbləğin ödəmə öhdəliyi yaranmışdır. Daha sonra iddiaçı ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 72178,79 manat məbləğində pulun (borcun), 3608,94 manat məbləğində faizin, əsassız varlanmaya görə 41000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 421,80 manat pulun, ümumilikdə isə 132215,53 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Alıcı”) və İddiaçı MMC arasında (“Satıcı”) 23 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBX seriyalı 118213 nömrəli elektron qaimə fakturaya əsasən 271548,68 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBBX seriyalı 183012 nömrəli elektron qaimə fakturaya əsasən 90983,14 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBBY seriyalı 342071 nömrəli elektron qaimə fakturaya əsasən 199946,28 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCA seriyalı elektron qaimə fakturaya əsasən 61832,00 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCB seriyalı 330562 nömrəli elektron qaimə fakturaya əsasən 33677,79 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 225932 nömrəli elektron qaimə fakturaya əsasən 47200 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 194372 nömrəli elektron qaimə fakturaya əsasən 31479,77 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 665484 nömrəli elektron qaimə fakturaya əsasən 145520,25 manat (ƏDV ilə birlikdə) olmaqla, ümumilikdə 882187,91 manat (747616,87 manat əsas məbləğ + 134571,04 manat ƏDV) məbləğində müxtəlif mallar təqdim edilmiş, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar əsasında təqdim edilmiş mallara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 791616,86 manat bank hesabı vasitəsilə nağdsız qaydada, 134480,28 manat məbləğində əlavə dəyər vergisini isə ƏDV deposit hesabı vasitəsilə, ümumilikdə isə 926097,14 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. Bununla yanaşı, son rəsmi ödəniş tarixi olan xx.xx.2022-ci il tarixdən sonra iddiaçı tərəfindən “VİONA" MMC-yə hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında (müqavilənin 4.1-ci maddəsinə əsasən) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ümumilikdə 89749,26 manat (ƏDV ilə birlikdə) məbləğində müxtəlif mallar təqdim edilmişdir. Tərəflər arasında keçrilmiş xx.xx.2023-cü il tarixli son üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında öhdəliyi 20428 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 20428 manat borcu olmuşdur. Tərəflər arasında tərtib edilmiş qaimələrdən görünür ki, üzləşmə aktının tərtib edildiyi xx.xx.2023-cü il tarixdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 51750,79 manat (ƏDV ilə birlikdə) məbləğində əlavə mallar təqdim edilmişdir. Nəticədə, Cavabdeh MMC-nin İddiaçı MMC-dən aldığı mallar görə 72178,79 manat (20428+51750,79) borcu yaranmışdır ki, həmin məbləğ bu günədək İddiaçı MMC-yə ödənilməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin ƏDV depozit hesabından Cavabdeh MMC-nin ƏDV depozit hesabına səhvən 41000 manat köçürülmüş, lakin bu günədək edilən çoxsaylı müraciətlərə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) baxmayaraq, həmin məbləğ geri qaytarılmamışdır. Bununla yanaşı, səhv köçürülmüş məbləğin vaxtında qaytarılmadığına görə vergi orqanı tərəfindən müvafiq hesablama aparılmış və əlavə olaraq 15006 manat məbləğində faiz hesablanmışdır ki, həmin faizin ödənilmə öhdəliyi iddiaçının üstündədir. Göründüyü kimi, iddiaçı (kreditor) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunan öhdəliyini vaxtında icra etmiş, lakin cavabdeh (borclu) həmin müqavilənin şərtlərini pozaraq, aldığı malların dəyərini tam ödəməmiş, bununla da cavabdeh (borclu) tərəfindən müqavilə şərtləri pozularaq, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməməklə, kreditorun (iddiaçı) 72178,79 manat məbləğində pul vəsaitini 1 (bir) ildən artıq müddətdə qanunsuz saxlamağa, qaytarmaqdan boyun qaçırmağa, ödənilməsini gecikdirməyə görə həmin vəsaitdən əlavə hər il üçün 5 faiz olmaqla, yəni 3608,94 manat məbləğində faiz ödəməlidir və kreditorun həmin faiz məbləğini tələb etmək hüququ vardır. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən əsassız varlanmaya görə 54078,24 manat pul vəsaitinin, 2700 manat cərimə məbləğinin, həmçinin 260,34 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 23 may 2022-ci il tarixinda 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif mallar tədarük edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməyə əsasən, ümumi yekun məbləğ 882187,90 manat təşkil etmişdir. Cavabdeh tərəfindən isə müxtəlif dövrlərdə iddiaçıya ümumilikdə 936266,14 manat məbləğində vəsait ödənilmişdir. Bu ödənişlər nəticəsində cavabdeh tərəfindən artıq ödənilən məbləğ formalaşmış və həmin məbləğ 54078,24 manat təşkil etmişdir. Eyni zamanda AR Mülki Məcəlləsinin 439.3-cü və 449.1-ci maddələrinə əsasən iddiaçı cavabdehə 2700 manat dəyərində cərimə məbləği ödəməlidir. Cavabdeh tərəfindən sözügedən pul vəsaitinin üzləşdirilməsi məqsədilə iddiaçıya dəfələrlə şifahi müraciət edilməsinə, eləcə də müxtəlif vaxtlarda yazılı şəkildə pretenziya məktublarının göndərilməsinə baxmayaraq, iddiaçı üzləşmənin həyata keçirilməsi üçün heç bir tədbir görməmiş və hər hansı geri dönüş təmin etməmişdir. Beləliklə cavabdeh tərəfindən artıq ödənilmiş 54078,24 manat məbləği hələ də iddiaçının üzərində öhdəlik olaraq qalır və indiyədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi bununla əsaslanır ki, guya cavabdeh tərəfindən 54078,24 manat məbləğ artıq ödəmə olmuşdur. Cavabdeh tərəfindən ödənişlər nəticəsində eyni ödəniş tapşırığı olan 10169 manat məbləğ iki dəfə sistemə salınmışdır. Artıq ödəmənin tarixi xx.xx.2022-ci il tarixdə olmuşdur, lakin daha sonra xx.xx.2023-cü il tarixdə üzləşmə aktı imzalanarkən Cavabdeh MMC İddiaçı MMC qarşısında 20428 manat məbləğində öhdəliyi olduğunu qəbul etmişdir. Bu, qarşılıqlı iddia ərizəsinin tam əsassız olduğunu təsdiqləyir. xx.xx.2023-cü il tarixdən sonra tərəflər arasında münasibətlər davam etmiş, 20428 manat da daxil olmaqla 72178,79 manat dəyərində mallar tərəfə təqdim edilmiş, lakin malların dəyəri ödənilməmişdir. “Forest Home” İddiaçı MMC-nin təsisçisinin digər şirkətidir, müstəqil hüquqi şəxsdir. Ona görə məhkəməyə “Forest Home” adından tərtib edilmiş qaimə-fakturalar təqdim edilmişdir ki, təsisçilər eyni şəxsdir. İddiaçı MMC-nin adına qaimələr tərtib edilə bimədiyindən ilk gündən etibarən həmişə “Forest Home” adından qaimə-fakturalar kəsilmişdir. 1 il ərzində isə qarşı tərəf bu qaimələri mübahisələndirməmişdir. Qaimə-fakturaların hər birində müəyyən şəxslərin adları qeyd olunub, həmin şəxslərin Cavabdeh MMC-nin işçisi olması barədə onlarda sübut yoxdur. Son verilən mallarla bağlı e-qaimələr vurulmamışdır. Buna da səbəb vergi orqanı tərəfindən müəyyən hesablamalar aparılmış, borc məbləği yaranmışdır. Yenidən e-qaimənin vurulması əlavə öhdəlik yaradacaqdı deyə əlavə e-qaimələr göndərilməmişdir. Əvvəllər də olduğu kimi tərəflər arasında bağlanan rəsmi aktlarla həmin malların qarşı tərəfə verilməsi təsdiq edilmişdir. Ən son ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin ƏDV depozit hesabına səhvən köçürülən məbləğ barəsində üzləşmə aktı imzalanarkən bu barədə qeyd aparmamış, üzləşmə aktında yalnız təhvil verilmiş malların dəyəri ilə bağlı yaranmış borcların qeydi aparılmışdır. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi, vəkil Nümayəndə3 ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddiada göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, üzləşmə aktı sırf tərəflər arasında malların alğı-satqısı ilə bağlı tərtib edilən akt deyildir. Tərəflər arasında artıq formalaşmış işgüzar münasibətlər var idi. Belə ki, tərəf malları təhvil aldığı zaman e-qaimə göndərildikdən sonra ödənişlər rəsmi olaraq həyata keçirilirdi. Həmçinin tərəflər arasında bağlanılmış müqavilə üzrə ödənişlər yalnız satıcının təqdim etdiyi e-qaimələr əsasında həyata keçirilməli idi. Lakin iş materiallarına əlavə olunmuş sənədlərin təhlili göstərir ki, iddiaçı tərəfindən cavabdehə malların satılmasını təsdiq edən müvafiq qaimələr təqdim edilməmişdir. Vergi tərəfindən yoxlamaların aparılması və sərəncam olması səbəbindən onlara e-qaimənin göndərilməməsi, kağız formasında qaimənin göndərilməsi absurd məsələdir. Belə ki, işdə mövcud olan iddiaçı tərəfindən təqdim edilmiş kağız daşıyıcıdakı qaimə-fakturalarda müştəri kimi “Kontakt Home” və “Forets Home” şirkətlərinin adları qeyd edilmişdir və həmin qaimələrin onların şirkət ilə hüquqi və ya faktiki bağlılığı aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli üzləşmə aktının qeyd hissəsindən aydın olur ki, bu sənəd iddiaçının cavabdehə təqdim etdiyi malların üzləşməsini deyil, ümumi üzləşməni əks etdirir. Belə ki, üzləşmə aktında göstərilən məbləğ yalnız malların dəyərini deyil, həmçinin icarəyə götürülmüş avtomobilin icarə haqqını və “Yasamal FSM” mağazasının üzləşməsini də özündə birləşdirir. Bu isə göstərir ki, iddiaçının üzləşmə aktı ilə irəli sürdüyü tələblər müqavilə üzrə konkret malların təhvil verilməsi ilə bağlı deyil və cavabdehə aidiyyəti olmayan digər öhdəlikləri də əhatə edir. E-qaimələr kəsilən malların təhvil-təslim aktlarının sistemə əlavə edilmiş təhvil-təslim aktı olduğunu qəbul etmir. Mallar alındıqda e-qaimə kəsilirdisə, deməli həmin anda mallar təhvil alınmış hesab edilirdi. Lakin burada e-qaimə olmadığı üçün deməli, malları təhvil almamışdır. Malları təhvil almamışlar, səhvliklə, artıq ödəmə olmuşdur. Üzləşmə aktını imzalayan şəxs onların şirkətinin nümayəndəsidir. Üzləşmə aktı ümumi məsələləri tənzimləyir. Birmənalı olaraq, malların alğı-satqısı ilə bağlı borc məbləğini əhatə etmir. Tərəflər arasında ümumi işgüzar münasibətlər olmuş və bu akt da həmin ümumi münasibətləri əks etdirir. ƏDV məbləği hesablarına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Sonda o, ilkin iddianın əsassız olduğunu, təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh MMC “Alıcı”, İddiaçı MMC “Satıcı” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli 13/22 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı müqaviləyə əlavə edilən və onun tərkib hissəsi sayılan X1 (bundan sonra - Protokol) (01 saylı Əlavə) qeyd edilən malları (bundan sonra “mallar”) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi Elektron Qaimə-Faktura (bundan sonra – “Qaimə-Faktura”) əsasında aparılır. Alıcı Müqavilə məbləğinin bu Müqavilənin qüvvəyə mindiyi gündən sonrakı 30 (otuz) bank günü ərzində Satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında hesabına köçürür. Tərəflərin razılaşması miqdarında əvvəlcədən avans olaraq ödəniş edilə bilər. Müqavilənin 4-cü bəndinə əsasən Mallar müvafiq qaimə-faktura və Təhvil-Təslim Aktı (bundan sonra - “Akt”) (02 saylı Əlavə) ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladıqdan sonra Satıcı tərəfindən Alıcıya təhvil verilmiş hesab olunur. Dövlət Vergi Xidmətinin X2 Sistemindən göndərilmiş xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublardan və sistemdən çıxarışlardan görünür ki, Cavabdeh MMC İddiaçı MMCni üzləşmə olunmasına dəvət etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Qubadov Miri və Cavabdeh MMC-nin nümayəndəsi Mehdizadə Pərvanə arasında imzalanmış NS 004 nömrəli, xx.xx.2023-cü il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il daxil olmaqla aparılmış əməliyyatların qarşılıqlı üzləşməsi aparıldı və aşağıdakı əməliyyatlar müəyyən olundu: Əvvələ Avans (xx.xx.2022-ci il)- 40414 manat; Cari tarixə qalıq borc-20428 (Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında öhdəliyi); Qeyd-1. xx.xx.2023 tarixinə olan geri qaytarma nəzərə alınmadan-5 708 AZN; Qeyd-2. Cari tarixədək ümumi geriqaytarma məbləği 9849azn təşkil etmişdir. Təmirdən geri qaytarılan məhsulların dəyəri 4 141 AZN-dir; Qeyd-3. AKT001 zamanı "xxxx" MMC anbarında olan məhsulların dəyəri 1955 manat; Qeyd-4. İddiaçı MMC-dən icarəyə götürülən **-JA-*** nömrəli yük avtomobilinin icarə haqqı və Yasamal FSM mağazanın üzləşməsi qalıq borca daxildir; Qeyd-5. Gold TV stend (yararsız halda)-200 manat - VEGA-1 anbarda; Point masa-180 manat -VİONA anbarda; Larisa masa-140 manat - VİONA anbarda; Qeyd-5.1. Yuxarıda qeyd olunmuş məhsulların dəyəri hesablaşma zamanı nəzərə alınmışdır; Qalıq borc 20 428 (Viona MMC- Vega-1 qarşısında öhtəliyi). Ödəniş tapşırıqlarından, ƏDV sub-uçot hesablardan köçürmənin aparılması haqqında bildirişlərdən və bu barədə cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda fərqli məbləğlərdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına cəmi 801785,86 manat əsas, 130480,28 manat ƏDV məbləği, ümumilikdə 932266,14 manat məbləğində pul ödənilmiş, xx.xx.2023-cü il tarixində isə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən avans ödənişi olaraq 41000 manat ƏDV məbləği ödənilmişdir. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 118213 nömrəli elektron qaime üzrə ******* manat əsas, 41422,68 manat ƏDV, cəmi 271548,68 manat, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 183012 nömrəli elektron qaimə üzrə 77104,36 manat əsas, 13878,78 manat ƏDV, cəmi 90983,14 manat, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 342071 nömrəli elektron qaimə üzrə 169446 manat əsas, 30500,28 manat ƏDV, cəmi 199946,28 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 556541 nömrəli elektron qaimə üzrə 52400 manat əsas, 9432 manat ƏDV, cəmi 61832 manat, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 330562 nömrəli elektron qaimə üzrə 28540,5 manat əsas, 5137,29 manat ƏDV, cəmi 33677,79 manat, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 225932 nömrəli elektron qaimə üzrə 40000 manat əsas, 7200 manat ƏDV, cəmi 47200 manat, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 194372 nömrəli elektron qaimə üzrə 26677,77 manat əsas, 4802 manat ƏDV, cəmi 31479,77 manat, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 665484 nömrəli elektron qaimə üzrə 123322,25 manat əsas, 22198 manat ƏDV, cəmi 145520,25 manat dəyərində mallara görə ödəniş üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. “Forest home concept” adına qaimə-fakturalarda fərqli tarixlərdə müxtəlif malların müxtəlif şəxslər tərəfindən təhvil verildiyi və müxtəlif şəxslər tərəfindən təhvil alındığı görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, İddiaçı MMC və "xxxx" MMC-nin təsisçiləri eyni şəxsdir. O, həm istehsal sahəsi üzrə, həm də maliyyə sahəsi üzrə təsisçinin köməkçisidir. Forest MMC-də direktor vəzifəsindədir. Tərəflər arasında münasibətlərdən xəbərdar idi. Cavabdeh MMC sifarişlərini verirdi və mallar hazır olduqda malları təhvil alırdılar. Qaimə üzrə sifarişlər yazılırdı, qaimənin bir nüsxəsi də cavabdehə verilirdi. Tərəflər arasındakı üzləşmə aktı, Əhməd Rəcəbli küçəsində Cavabdeh MMC-nin ofisində Pərvanə xanım var idi, həmin xanımla o, hesablamışlar, üzləşmə aktını imzalamazdan öncə Heydər Əliyev prospektində anbarlarına gedib, anbardarla malları yoxlamışlar. Anbardar siyahı məsələsində razılığını verdikdən sonra onların mühasibinin yoxlamasından keçirdi və ən sonda onlar tərəfdən imza çəkilirdi. Aktlar qarşı tərəfin ofisində özləri tərəfindən tərtib edilib imzalanmışdır. O, rəsmi olaraq İddiaçı MMC-nin işçisi olmamış, "xxxx" MMC-nin rəsmi işçisi olmuşdur. Üzləşmə aktında qeyd olunan münasibətlər "xxxx" MMC ilə Cavabdeh MMC arasında olan münasibətlərlə bağlı deyildi, İddiaçı MMC və Cavabdeh MMC arasındakı münasibətləri tənzimləyirdi. "xxxx" MMC ilə Cavabdeh MMC arasında heç bir alğı-satqı olmamışdır. Sadəcə hər iki şirkətin təsisçisi eyni şəxs olduğundan təsisçi özü ona istehsal sahəsində təcrübəli olmağı baxımından bu işi yerinə yetirmək öhdəliyi vermişdir. O, da təsisçinin fikrini nəzərə alaraq, üzləşmə aktını imzalamağa səlahiyyəti olan nümayəndə kimi getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, İddiaçı MMC-də anbardar işləmiş, hazırda işləmir. Cavabdeh MMC malların təhvil alınması üçün nəqliyyat vasitəsini onların ünvanına göndərmiş və müdiriyyətdən ona məlumat verildikdə o, da malları təhvil vermişdir. Qaimələrdə qeyd olunan imza ona məxsusdur. İddiaçı MMCdə anbardar olaraq işləmişdir. Müdiriyyətin göstərişinə əsasən "xxxx" MMC-nin adına olan qaimələrdən istifadə olunmuşdur. Onda olan məlumata görə başqa bir şirkətə mallar təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, 2021-ci ildə Cavabdeh MMC-də ilk dəfə anbardar köməkçisi, daha sonra anbardar işləmişdir. İddiaçı MMC-dən başqa digər şirkətlərdən də mallar təhvil almışlar. Şəxsən özü malların alınması üçün həmin şirkətlərin ünvanına, istehsal yerinə getməmiş, lakin mallar anbara gətirildikdə özü anbarda olmuşdur. Malları əksər vaxt İddiaçı MMC-nin əməkdaşları deyil, onların öz sürücüləri gətirmişdir. Onlar Binəqədidə işləyərkən İddiaçı MMC-dən ilk dəfə az sayda mal təhvil almışlar. Daha sonra ünvanları dəyişdikdə “Şəfa” stadionu tərəfə gəldikdə daha çox çeşiddə mal almağa başlamışlar, lakin say olaraq nə qədər aldıqları yadında deyildir. Malları qaimə əsasında təhvil almışlar. 1 ay ərzində İddiaçı MMC-dən alınan malların sayı yadında deyil, iddiaçı mal istehsal etdikdən sonra onlara məlumat verirdilər. Malları adətən qarşı tərəfin sürücüləri gətirib onlara təhvil vermişlər. Onun imzaladığı qaimələr olmamış, sürücü orada qaiməni imzalayıb daha sonra malları anbara gətirmişdir. Hətta qarşı tərəfin sürücüləri gəlib onlardan mal da götürmüşlər. İddiaçı malı istehsal edib onlara verirdilər. Daha sonra Bakıda, Sumqayıtda mağaza açdıqdan sonra iddiaçının sürücüləri onların anbarına gələrək Rusiyadan onlara göndərilən xarici mallardan da aparmışlar. Cavabdeh MMC-dən İddiaçı MMC-yə mallar satılarkən ən çox Yasamal və Həzi Aslanov mağazalarına daha çox göndərilirdi. İddiaçı MMC onlardan götürdüyü malların siyahısında onlara satdığı mallardan da ola bilər, dəqiq məlumatı yoxdur. İddiaçı MMC-nin sürücüləri onlara qaimələri verərkən həmin qaimələrdə "xxxx" MMC gördüyünü xatırlayır, onlara həmin malların İddiaçı MMC tərəfindən göndərildiyini bildirirdilər və onlar da malları təhvil alırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin dekabr ayına kimi Cavabdeh MMC-də sürücü kimi işləmişdir. Malları Suraxanıda fabrikdən qaiməyə imza çəkərək götürüb ya anbara, ya da birbaşa müştəriyə aparmışdır. O, qaimələrdə qeyd edilən imzaların ona məxsus olduğunu və İddiaçı MMC-də malları təhvil alarkən imzaladığını bildirir. "xxxx" MMC və İddiaçı MMC-nin təsisçiləri eyni şəxs olmalı idi. Sürücü olaraq ona İddiaçı MMC-nin mallarını təhvil almağı bildirmişlər. Odur ki, o, da qaimədə başqa şirkətin adı qeyd ediləndə onu mübahisələndirməmişdir. Malları götürüb öz anbarlarına təhvil verdikdə yenidən nəyəsə imza çəkməmiş, buna ehtiyac yox idi. Cavabdeh MMC-dən mal götürüb İddiaçı MMC-yə aparmağını xatırlamır. Qaimələrdə Forest MMC yazılsa da, o, oranın anbarında olmamış, həmişə İddiaçı MMCyə məxsus anbardan malları təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin fevral ayına kimi Cavabdeh MMC-də sürücü işləmişdir. Anbardar onlara göstəriş verirdi və gedib Suraxanıda anbardan malları qaimə əsasında götürmüşlər. Yerli malları İddiaçı MMC-dən götürmüşlər, başqa heç bir şirkətdən götürməmişlər. “Kontakt Home”a mal verilirdi. İddiaçı MMC-nin adına Kontact Home adına Qaimələrdə qeyd edilən imzalar ona məxsusdur və İddiaçı MMC-də malları təhvil alıb Cavabdeh MMC-yə aparmışdır. Malları təhvil alarkən qaimələrə imza çəkib daha sonra öz anbarlarına təhvil vermişlər. İmza çəkdiyi qaimələrdə "xxxx" MMC-nin adını gördüyünü xatırlamır. Artıq üzərindən 2 il keçib, Cavabdeh MMC-nin anbarından İddiaçı MMC-yə xarici mallar aparmağından dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin ortasına kimi Cavabdeh MMC-də fəhlə işləmişdir. Orda işlədiyi dövrdə Cavabdeh MMC İddiaçı MMC-dən mallar almışdır. Malların alınmasında iştirak etmişdir. Ayda 1-2 dəfə sürücü ilə gedib malları almışlar və onun vəzifəsi malları onlar dediyi yerə yerləşdirmək idi. Təhvil-təslim proseduru sürücü ilə anbardar arasında olurdu, onunla təhvil-təslim işləri aparılmırdı. Malları aldıqları anbarın İddiaçı MMC-nin anbarı olduğunu bilmirdi, həmin yer oranın təsisçisinin adı kimi tanınırdı. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəyə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci madddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iddiaçı tərəfindən cavabdehə elektron qaimələrə əsasən ümumilikdə 882187,91 manat (747616,87 manat əsas məbləğ + 134571,04 manat ƏDV) məbləğində müxtəlif mallar təqdim edilmiş, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar əsasında təqdim edilmiş mallara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 791616,86 manat bank hesabı vasitəsilə nağdsız qaydada, 134480,28 manat məbləğində əlavə dəyər vergisi ƏDV deposit hesabı vasitəsilə, ümumilikdə 926097,14 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ƏDV depozit hesabından cavabdehin ƏDV depozit hesabına 41000 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 20428 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, tərəflərin nümayəndələrinin imzaladığı xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh həmin tarixə iddiaçıya 20428 manat borcu olduğunu təsdiq etmişdir. Tərəflər həmin aktın iddiaçı ilə cavabdehin nümayəndələri tərəfindən imzalanmasını mübahisələndirməmiş, qəbul etmişlər. Buna baxmayaraq cavabdehin nümayəndəsi izahatında həmin borc məbləğinin malların verilməsinə görə yaranmadığını, başqa öhdəliklərlə bağlı olduğunu bildirmişdir. Halbuki, həmin üzləşmə aktının ümumi məzmunundan tərəflərin həmin tarixə kimi aralarında olan bütün qarşılıqlı öhdəliklər barədə hesablamalar apardıqları və yekun nəticəyə gəldikləri aşkar görünür. Həmçinin cavabdehin nümayəndəsi tərəflər arasında başqa öhdəliklər olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Ümumiyyətlə işin faktiki hallarından görünən odur ki, tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş və ödənişlər edilmişdir. Cavabdeh tərəfindən elektron qaimələr üzrə təqdim edilmiş mallardan əlavə 43909,23 manat artıq ödənişlər edilməsi, iddiaçı tərəfindən isə bundan sonra cavabdehə 41000 manat ƏDV ödənilməsi və sonda üzləşmə aktı ilə cavabdehin iddiaçıya 20428 manat borcu olması barədə tərəflərin qarşılıqlı üzləşmə aparması, bütün bunlar onu deməyə əsas verir ki, tərəflər aralarında olan, lakin məhkəməyə tam açıqlamaq istəmədikləri münasibətləri barədə qarşılıqlı şəkildə razılaşmışlar. Çünki nə iddiaçının nümayəndəsi, nə də cavabdehin nümayəndəsi üzləşmə aktı imzalanarkən cavabdehin artıq ödənişlərinin və iddiaçının ƏDV ödənişinin həmin aktda ayrıca qeyd edilməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişlər. Həmçinin cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab verərkən iddiaçı tərəfindən iddia qaldıralan qədər artıq ödənişlərinin geri tələb edilməsi barədə iddiaçıya qarşı iddia qaldırmamalarının səbəbini də ağlabatan şəkildə izah edə bilməmiş, sadəcə bunun hüquqları olduğunu qeyd etmişdir. Bütün bunlar isə onu göstərir ki, tərəflər həqiqətən, üzləşmə aktı imzalandığı xx.xx.2023-cü il tarixə kimi olan artıq ödənişlər, öhdəliklər, qalıq mallar və s. barədə hesablaşmalar apararaq ümumi razılığa gəlmişlər. Hətta üzləşmə aktını imzalamış və şahid qismində dindirilmiş Mirdamət Qurbanov da bir daha təsdiq etmişdir ki, tərəflər anbarda malları saymış, mühasibatlar hesabat aparmış və sonda cavabdehin ofisində yekun nəticəyə gələrək aktı imzalamışlar. Həmçinin iddiaçı cavabdehə ödədiyi 41000 manat ƏDV-yə görə vergi orqanı tərəfindən hesablanan 15006 manat (41000x0,1%x366gün) ziyan tələb etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi tərəflər aralarında olan artıq ödənişlər barədə qarşılıqlı razılaşdıqlarından və ödənişin ƏDV sub-uçot hesabına ödənilməsi iddiaçının seçimi olduğundan faiz hesablanmasının məsuliyyəti də iddiaçının üzərindədir. Buna görə də həmin hissədə ilkin iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixdə üzləşmə aktı imzalandıqdan sonra da cavabdehə cəmi 51750,79 manat dəyərində mal verdiyini, bu barədə hər iki tərəfin əməkdaşlarının əl ilə imzaladığı qaimələr olduğunu bildirmiş və həmin məbləği tələb etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş, iddiaçı isə 51750,79 manat dəyərində mal verilməsi barədə elektron qaimələr verməmiş və iddiaçının nümayəndəsi bunun səbəbini ağlabatan şəkildə əsaslandırmamış, sadəcə vergi orqanı tərəfindən müəyyən hesablamalar aparılması, borc məbləği yaranması, yenidən elektron qaimənin vurulması əlavə öhdəlik yaradacağı ilə əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər tərəflər arasında alış-veriş olduğunu təsdiq etsələr də, konkret olaraq iddiaçı tərəfindən 51750,79 manat dəyərində cavabdehə mal verildiyini, həmin malların iddiaçının yoxsa "xxxx" şirkətinin olduğunu təsdiq edə, eyni zamanda qaimələrin "xxxx" adına olmasının səbəbini bilməmişlər. Habelə iddiaçı ilə "xxxx" şirkətinin anbarlarının eyni olduğunu qeyd etmişlər. Şahidlər, sadəcə, cavabdehin və iddiaçının işçiləri olaraq rəhbərliyin göstərişləri ilə malları təhvil vermiş, təhvil almışlar, hansı müqavilə əsasında, hansı şirkət adına olmasından məlumatsız olmuşlar. Hətta Şahid4 iddiaçının da cavabdehdən xaricdən gələn malları aldığını bildirmişdir. İddiaçının və "xxxx" şirkətinin təsisçilərinin eyni şəxs olması, onların eyni hüquqi şəxs olması anlamına gəlmir, hər bir hüquqi şəxs öz öhdəliyinə görə özü məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı 51750,79 manat dəyərində mal verilməsi barədə iddia tələbinin əsasını təşkil edən mötəbər sübutları məhkməyə təqdim edə bilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işdə işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 51750,79 manat mal verildiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 3608,94 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 20428 manat borcun ödənilməsini 1 ildən (üzləşmə aktı imzalandığı xx.xx.2023-cü il tarixdən iddia qaldırıldığı xx.xx.2024-cü il tarixə kimi 19 ay) artıq gecikdirdiyinə görə iddiaçının həmin borca hesablanmış illik beş faiz (20428 x 5% / 12ay x 19ay≈1617,28 manat) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tələbini qismən əsaslı, qarşılıqlı iddia tələbini isə tamamilə əsassız sayır və ilkin iddia tələbinin qismən, 20428 manat əsas borc, illik 5% ilə hesablanmış 1617,28 manat vəsait hissəsində təmin, qarşılıqlı iddianın isə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə ödənilmiş 421,8 manat dövlət rüsumunun 156,14 manatının əvəzi alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 20428 (iyirmi min dörd yüz iyirmi səkkiz) manat əsas borc, illik 5% ilə hesablanmış 1617 (bir min altı yüz on yeddi) manat 28 (iyirmi səkkiz) qəpik vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun 156 (bir yüz əlli altı) manat 14 (on dörd) qəpiyinin əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar