Məhkəmə qərarları › İş №e-2-2(113)-6663/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6663/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6663/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1 Cavabdehnə (MMC) qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin icarəsi ilə bağlı 22400 manat icarə borcunun, icarə obyektinin təhvil verilmədiyinə görə 60000 manat təzminat, icarə haqqının ödənilmədiyinə görə 2724 manat cərimə, mediator təşkilatına ödənilmiş 200 manat və 190 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh MMC arasında 16 aprel 2015-ci il tarixdə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahənin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İcarə məbləği ilkin olaraq 8000 manat, sonradan isə tərəflərin razılığı ilə 6000 manat müəyyən edilmişdir. Həmin müqavilənin müddəti dəfələrlə və son dəyişikliyə əsasən 31 dekabr 2023-cü il tarixədək uzadılmışır. 2021-ci ildən başlayaraq cavabdehin icarə haqqının ödənilməsi ilə bağlı çətinlikləri yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən bir necə dəfə yazılı müraciətlər olmuş, 2022ci ilin may ayında cavabdeh icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət etmişdir. Onunla razılaşaraq, cavabdeh bir ay öncədən müqaviləyə xitam verilməsi bildirişi, yəni 20 may 2022-ci il tarixdə təqdim etmişdir. İcarə obyekti 20 iyun 2022-ci il tarixdə təhvil verilməli idi. Lakin hal – hazıradək cavabdehin artıq iddiaçıya may ayı və iyun ayının 20 gününə görə icarə borcu ödənilməmişdir. Bundan sonra, təhvil vermək tarixinə yaxınlaşanda, cavabdehin maliyyə müdiri Ceyhun müəllim bildirmişdir ki, təhvil verməyə hazır deyil, bir müddət tələb olunur. İddiaçı da bununla da razılaşmış və bildirmişdir ki, əlavə qaldığı müddətə görə də icarə haqqı ödənilməlidir. Artıq 08 iyul 2022ci ildə iddiaçı cavabdehə sahənin təhvil verilməsi, sahə təhvil verilməyənədək icarə müqaviləsi davam etdrilməsi ilə bağlı rəsmi müraciət etmiş və cavabdehin nümayəndələri iddiaçının səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayaraq sahəni təhvil vermək istəyəndə cavabdehin hüquqşunası Ülvi müəllim sahənin təhvil-təslim aktının yalnız 20 iyun 2022-ci il tarixi ilə imzalamaq şərtilə təhvil verəcəyini bildirmişdir. Cavabdehə 13 iyul 2022-ci il tarixdə bir daha məktub yazılmış və yenə də sahənin təhvil verilməsi və cari icarə borcunun ödənilməsi xahiş olunmuşdur. Cavabdeh öz növbəsində 14 iyul 2022-ci il tarixdə məktub ünvanlamış və bildirmişdir ki, iddiaçının səlahiyyətli nümayəndəsi ilə 20 iyun 2022ci il tarixdə sahənin təhvil-təslim edilməsinə hazır olduğunu bildirmiş və güya iddiaçının səlahiyyətli nümayəndəsi buna etiraz etmişdir. Buna görə icarə sahəsinin 20 iyun 2022-ci tarixi hesab olunmaqla, təhvil-təslim edilərək xitam verilməsi haqqında qarşılıqlı razılaşma imzalamasını xahiş edirlər. Əks halda daşınmaz əmlakın vaxtında təhvil edilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Yəni, bu məktubla cavabdeh təsdiq edir ki, əgər 20 iyun 2022-ci il tarixi ilə təhvil-təslim aktı imzalanmazsa, bu halda sahə təhvil verilməyəcək və bunun üçün məsuliyyətdən azaddırlar. Bundan sonra, iddiaçı elə həmn gün, yəni 14 iyul 2022-ci il tarixdə nümayəndəsi vasitəsilə həm cavabdehin müdiri Əhəd Əsgərova, həm də maliyyə müdiri Ceyhum müəllimin telefon nömrələrinə whatsappla “Xahiş edirəm, bu gün, xx.xx.2022-ci il tarixində icarəyə götürdüyünüz sahəni təhvil verin” sözləri yazıldı, lakin təəsüflər olsun ki bu mesajlar cavabsız qaldı. Sonradan 19 iyul 2022-ci il tarixdə bir məktub və nəhayət 01 avqust 2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan sahəni təhvil verməkdən imtina etmişdir. Mübahisənin həlli üçün mediator qurumuna müraciət olunmuş, tərəfin nümayəndələri mediatorun təyin etdiyi vaxt gəlmiş, barışıq sazişi bağlamağa, obyekti təhvil verməyə söz vermişlər. 22 avqust 2022-ci il tarixdə obyekt təhvil verildi. Obyekt təhvil verilən zaman videoçəkiliş aparılmışdır. Həmin videoçəkilişdə vaxt, obyektin kim tərəfindən təhvil verilməsi əks olunmuşdur. Bundan sonra artıq necə zaman danışıqlıqlar aparılarsa, barışığa doğru heç bir addım cavabdeh tərəfindən görülməmişdir. Bundan sonra 18 oktyabr 2022-ci il tarixdə elektron qaydada növbəti dəfə pretenziya göndərilmiş, lakin buna da cavab verilməmişdir. Buna görə, mediasiya təşkiları 03 noyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verildi. Ona görə, icarə obyekti iddiaçıya geri qaytarılanadək, yəni 22 avqust 2022-ci il tarixədək hər ay 6000 manat icarə haqqı ödənilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən, icarə müqaviləsi bitdikdə və ya icarə müqaviləsinə xitam verildikdə sahəni təhvil verməkdən imtina etdikdə, İcarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 30000 manat təzminat ödəyir. İcarə müqaviləsinin 7.2-ci maddəsinə əsasən icarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1% həcmində icarəyə verənə cərimə ödəyir. 2022-ci ilin may ayının icarə haqqısının ödənilməməsi üçün (178 gün) cərimə 1068 manat, 2022-ci ilin iyun ayının icarə haqqının ödənilməməsi üçün 147 gün) cərimə 882 manat, 2022-ci ilin iyul ayının icarə haqqının ödənilməməsi üçün (117 gün) cərimə 702 manat və 2022-ci ilin avqust ayının 22-dək icarə haqqının ödənilməməsi üçün (12 gün) cərimə 72 manat, cəmi 04 noyabr 2022-ci il üçün cərimə 2724 manat təşkil edir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı cavabdehdən 22400 manat icarə borcu, icarə obyekti təhvil vermədiklərinə görə 60000 manat təzminat, icarə haqqının ödənilmədiyinə görə 2724 manat cərimə, işıq borcu üzrə 547 manat, mediator təşkilatına ödənilmiş 200 manat və 190 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qismən, yəni əsas borc hissəsinin 10000 manat hissəsində qəbul etdiyini bildirərək, iddianın əsas borcun 12400 manat hissədə, habelə təzminat məbləğinin, kommunal xərclərin və cərimənin tutulması hissəsində rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh MMC tərəfindən iddiaçıya 20 may 2022-ci il tarixdə məktub ünvanlanmış və həmin məktuba əsasən icarə obyekti 20 iyun 2022-ci il tarixdə təhvil verilməli idi. Lakin icarəçi həmin müddəti qəsdən uzatmışdır. Obyektin təhvil - təslim edilməsinə dair Cavabdeh MMC tərəfindən dəfələrlə təşəbbüs göstərilmişdir. Əgər müəssisə ödəniş apara bilmirsə, həmin əmlakı özündə saxlamağının əsası ola bilməzdi. İddiaçı müqavilənin müəyyən bəndindən sui - istifadə edərək, əsassız şəkildə təzminat almaq istəyir. Cavabdeh MMC obyektin vaxtında təhvil verilməsinə tam hazır olmuşdur. Cavabdehin nümayəndələri olan Ülvi və Nicat adlı şəxslər iddiaçının səlahiyyətli nümayəndəsi ilə əsasən dəfələrlə telefonla əlaqə saxlamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin əməkdaşı olaraq, sahənin təhvil verilməsində iştirak etmişdir. 2022-ci ilin may ayında işlər yekunlaşdırılaraq sahə tam boşaldılmışdır. O, hüquqşünas Ülvi Əhmədovla əlaqə saxlayaraq dəfələrlə obyektin təhvil verilməsinə görə icarə obyektinə getmiş, lakin yaxılaşaraq obyekti ondan təhvil alan olmamışdır. 22 avqust 2022-ci il tarixdə icarə obyekti icarəçiyə təhvil verilmişdir. İş materiallarında olan: X4 ilə Cavabdeh MMC arasında bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən – X4 onun xüsusi mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində 531,1 kv.m. və 3-cü mərtəbədə 178,2 kv.m., cəmi 709,3 kv.m. olan sahəni İcarəçi – Cavabdeh MMC-yə ofis kimi istifadə etmək üçün icarəyə verməyi, sonuncu isə sahəni qəbul edərək hər ay 8000 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür; 16 yanvar 2020-ci il tarixdə bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 2 №-li əlavəyə əsasən müqavilənin müddəti 31 dekabr 2023-cü il tarixə kimi uzadılmış və icarə haqqı 6000 manat müəyyən olunmuşdur; Cavabdeh MMC tərəfindən X2 ünvanlanmış 10 may 2022-ci il tarixli bildirişdə icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdən xitam verilməsi bildirilmişdir; X1 nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 08 iyul 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli, 19 iyul 2022-ci il tarixli məktublarda icarə obyektinin təhvil verilməsi və 01 may 2022-ci il tarixdən yaranmış icarə haqqı borcunun ödənilməsi xahiş edilmişdir; Cavabdeh MMC tərəfindən X2 ünvanlanmış 14 iyul 2022-ci il tarixli məktubda icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq xahiş olunmuş, əks təqdirdə daşınmaz əmlakın vaxtında təhvil verilməməsinə görə məsuliyyət daşımadığı bildirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Tərəflər arasında imzalanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 6.2 və 6.2.3-cü bəndlərində qeyd olunmuşdur ki, müqaviləyə birtərəfli qaydada, digər tərəfi ən azı 1 ay qabaqcadan yazılı (poçt bildirişi vasitəsilə) xəbərdar etmək şərtilə xitam verilə bilər. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya ünvanlanladığı bildirişdə qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə aranızda bağlanmış, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 709,3 (m2) kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəsi barədə 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 20 iyun 2022-ci ildə xitam verəcəyimiz barədə, Sizi xəbərdar edirik. Sahə, Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında 20 iyun 2022-ci il tarixdə təhvil verilir.” 01 may 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində icarə haqqının ödənilməməsi, həmin dövr üçün 10000 manat məbləğində icarə haqqı borcunun yaranması və icarə obyektinin 22 avqust 2022-ci il tarixdə təhvil verilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, Cavabdeh MMC tərəfindən icarə müqaviləsi üzrə borcun mövcudluğu mübahisələndirilmir, lakin, may və 20 iyun 2022-ci il tarixinə olun borcun ödənilməsi (6000 + 4000 = 10000) hissəsində qəbul olunur. 20 iyun 2022-ci il tarixindən 22 avqust 2022-ci il tarixini əhatə edən dövr üzrə, habelə, təzminatın və cərimənin ödənilməsi ilə bağlı cavabdehin etirazını o hal təşkil edir ki, icarəyə götürülmüş sahə artıq 20 iyun 2022-ci il tarixdən təhvil verilməyə hazır olsa da, dəfələrlə şifahi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı tərəfindən təhvil alınmamışdır və buna görə də səhənin vaxtında təhvil verilməməsində cavabdehin təqsiri yoxdur. İşin hallarından görünür ki, tərəflər arasında olan münasibətlər şifahi danışıqlar yolu ilə deyil, rəsmi yazışmalar üzərindən tənzimlənmişdir. Belə ki, ilkin olaraq Cavabdeh MMC tərəfindən X2 ünvanlanmış 20 may 2022-ci il tarixli bildirişlə icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdən xitam verilməsi bildirilmişdir. Cavabdehin nümayəndəsi icarə obyektinin həmin tarixdə təhvil verilməyə hazır olduğunu və təhvil – təslimin məhz iddiaçının təqsiri üzündən baş verdiyini bildirsə də, bununla bağlı həmin vaxt iddiaçıya rəsmi müraciət olunmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, X1 nümayəndəsi tərəfindən icarə obyektinin təhvil verilməsi və 01 may 2022-ci il tarixdən yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə 08 iyul 2022-ci il tarixli və 13 iyul 2022-ci il tarixli müraciətlər göndərilsə də, həmin müraciətə yalnız 14 iyul 2022-ci il tarixli məktubla cavab verilərək icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq, əks təqdirdə daşınmaz əmlakın vaxtında təhvil verilməməsinə görə məsuliyyət daşımadığı bildirilmişdir. Qeyd olunan xüsusatın özü də bunu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya obyektin təhvil verilməsi ilə bağlı müraciət ilkin müraciət 14 iyul 2022-ci il tarixdə olmuş və həmin müraciətdə də icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq şərti irəli sürülmüşdür. Məhkəmə icarə obyektinin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfindən ilkin müraciətin 14 iyul 2022-ci il tarixdə edildiyini və icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq şərti irəli sürməsini əsas götürməklə hesab edir ki, icarə haqqı borcunun 20 iyun 2022-ci il tarixə qədər hesablanmalı olması ilə bağlı cavabdehin arqumenti əsassızdır və icarə haqqı borcu obyektin təhvil verildiyi günə – 22 avqust 2022-ci il tarixədək hesablanmaqla 22400 manat müəyyən olunmalıdır. Tərəflər arasında imzalanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 7.3-cü bəndində qeyd edilmişdir ki, icarəçi müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni təhvil verməkdən imtina etdikdə, icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 30000 manat təzminat ödəyir. Məhkəmə Cavabdeh MMC tərəfindən sahənin razılaşdırılmış tarixdən daha gec təhvil verilməsini sahənin təhvil verilməsindən imtina kimi qəbul etmir. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış bildirişlərdə sahənin təhvil verilməsinə razı olduğu qeyd olunmuş, sahənin hər hansı səbəbdən təhvil verilməyəcəyi qeyd edilməmiş, digər şərt irəli sürülmüşdür. Bundan başqa, müqavilədə təzminat ödənilməsi şərtinin nəzərdə tutulduğuna baxmayaraq, məhkəmə cavabdehdən həm icarə borcunun, həm də cərimə və təzminatın tutulmasını ədalətli hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən icarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1% həcmində icarəyə verənə cərimə ödəyir. Bununla da, hesablanmış cərimənin miqdarı 2724 manat müəyyən olunur. Lakin, məhkəmə 22400 manat əsas borca 2724 manat cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 2724 manat cərimənin miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105,3 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 22400 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 23400 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105,3 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar