Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-667/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Bue Caspian Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, maddi ziyan) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (ödəmə günündə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manat ekvivalentində olmaqla) ******* ABŞ dolları əsas borc, X1 qismində 184815 ABŞ dolları, 400 manat mediasiya xərcinin və 1419,83 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2021-ci il lövbər icarəsi və xidmətləri müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmasına baxmayaraq, müqavilə bağlandıqdan qısa müddət sonra, yəni 2022-ci ilin oktyabr ayının sonunda cavabdeh tərəfindən faktiki olaraq icarə münasibətləri və icarə haqqlarının ödənişləri dayandırılmaqla müqavilə öhdəlikləri pozulmuşdur. Tərəflərindən göndərilmiş pretenziya məktubuna cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə e-maillə müraciət edilərək gəminin yanalma körpüsündə qarşılanması üçün xidmət sorğusu göndərilməsinə baxmayaraq heç bir cavab verilməmiş, hətta dəfələrlə zəng edilməsinə baxmayaraq geri dönüş edilməmiş və bu səbəblə gəmiyə başqa yerdə müvafiq xidmət alınmışdır. Bu barədə iddiaçıya elektron poçt vasitəsilə hər hansı xidmət sorğusu daxil olmamış, o cümlədən telefon zəngləri olmamışdır. Habelə poçt ünvanına göndərilən məktubların “həmin ünvanın mövcud olmaması” əsası ilə çatmaması barədə arqument isə, ümumiyyətlə qəbul edilməzdir. Məhkəməyə təqdim edilmiş 1 saylı Poçt Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan da görünüdüyü kimi, ünvan 1 ünvanı həqiqətən də (mövcuddur və) həmin poçt filialının 25 saylı Poçt Şöbəsinin xidmət ərazisindədir və həmin ünvana (Port Servis Şirkətinə) poçt göndərişləri çatdırılır. Digər tərəfdən, məhkəmə hazırlıq icraatı zamanı sübut qismində təqdim ediləcək çıxarışlardan da açıq görünür ki, əvvəlki dövrlərdə tərəflərin rəhbər şəxsləri arasında iş əməkdaşlığından əlavə şəxsi xoş münasibətləri mövcud olmuşdur ki, tərəflər arasında işgüzar ünsiyyətin/kommunikasiyanın iddiaçı tərəfindən sıfırlanması, pretenziyaya cavab məktubunda bildirildiyi kimi, iddiaçının birbaşa əlaqədən “itməsi” sadəcə olaraq ağlabatan və işgüzar adətlərə uyğun deyil. Nəticə etibarilə, iddiaçı tərəf hazırki icarə münasibətlərinin davamında maraqlı olan tərəfdir, çünki bu müqavilə şərtləri daxilində sadəcə icarə haqqı deyil, o cümlədən müqavilənin 2-ci bölməsinə əsasən göstərilən xidmətlərə görə xidmət haqqı da əldə edilir. Bu baxımdan, icarəyə verənin icarəçinin sorğularına hərəkətsiz qalması barədə irəlisürülən arqumentlər məntiqi deyil və bu olmamışdır. Digər tərəfdən, məhkəməyə təqdim olunacaq dəlillərdən də aydın aşkar görünür ki, cavabdehin rəsmiləri tərəfindən müəyyən müddət əvvəl müqavilənin ləğvi ilə bağlı dostyana xahişlər edilmiş, həmin xahiş qəbul olunmadığından bu dəfə qeyd olunan yol seçildiyi gümanını daşıyırıq və bu isə birmənalı olaraq hüquqdan sui-istifadə olduğundan qəbul edilməzdir. Təsadüfi deyil ki, qanunvericilikdə də tərəflərin öhdəliklərini icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olduğu imperativ norma kimimüəyyən edilmişdir. (MM 425.2.) İşin hallarından da göründüyü kimi, cavabdeh tərəfindən öhdəliklərinin icra olunmamasına görə müqavilədə nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq üçün qeyd olunan arqumentlərin irəlisürüldüyünü hesab edirik. Qeyd olunan hallar (məkubun çatmaması və s.) həqiqəti əks etdirmədiyindən iddiaçı tərəfindən qüvvədə olan müqavilənin 3.3-cü maddəsinə uyğn olaraq növbəti dövrlərdə də cavabdehə e-qaimələr göndərilmişdir. Lakin keçən bu müddət ərzində cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Pretenziyaya cavab məktubundan da aydın olur ki, cavabdeh hər hansı əsaslı səbəb göstərmədən müqavilədən imtina iradəsini göstərməkdədir. Bu halda müqaviləyə əsasən tətbiq olunacaq 19.3.5-ci maddəsinə görə, müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt, İcarəçi 30 gün əvvəl İcarəyə verənə yazılı xəbərdarlıq edərək, bu Müqavilə heç bir səbəb olmadan İcarəyə götürən tərəfindən ləğv edilə bilər, bir şərtlə ki,İcarəçi bu Müqavilənin “icarəyə götür və ya ödə” xarakteri nəzərə alınmaqla, istifadə olunmamış Müddət üçün ödənilməmiş İcarə haqqını ödəməlidir. Tərəflər arasındakı hüquqi qüvvədə olan icarə müqaviləsinin və mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, xx.xx.2022- xx.xx.2023 dövrü üzrə 204750 ABŞ dolları, xx.xx.2023-xx.xx.2024 dövrü üzrə 274500 ABŞ dolları, xx.xx.2024-xx.xx.2025 dövrü üzrə 273750 ABŞ dolları və xx.xx.2025-xx.xx.2026 dövrü üzrə 273750 ABŞ dolları olmaqla,cəmi 1 026 750 ABŞ dolları cavabdehin borc öhdəliyi yaranmışdır. Məhkəmə öncəsi mediasiya danışıqlarında hər hansı nəticə olmadığından, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə xitam verilmişdir. Həmin proses üzrə verilmiş xx.xx.2023-cü il tarixli Mediasiya Prosesinə xitam verilməsi haqqında arayışa əsasən, İddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. Bu baxımdan hazırki iddia üzrə dövlət rüsumunun ödənilməsində həmin məbləğ nəzərə alınmışdır. (1819,83-400=1419,83)
3. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilk iddia tələblərinin rədd edilməsi, xx.xx.2021-ci il tarixli Yanalma körpüsünün icarəsi və Xidmətləri müqaviləsinin 9 noyabr 2022-ci il tarixdən ləğv edilmiş sayılması, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 29205 ABŞ dolların rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində dəymiş zərərin əvəzinin, 400 manat mediasiya xərcinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün çəkilmiş 239 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixli Yanalma körpüsünün icarəsi və Xidmətləri müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən, icarənin məqsədi olaraq - yanalma yeri, yəni gəmilərin yanalma və onlara xidmət göstərilməsi, gəminin ekipajının və sərnişinlərinin mindirilməsi, endirilməsi, habelə bu Müqavilənin qüvvədə olduğu müddətdə yanacağın yüklənməsi və boşaldılması, qida və digər əşyalar kimi digər qanuni yükdaşıma əməliyyatlarının aparılması məqsədi ilə icarəyə verilməsi olaraq nəzərdə tutulmuşdur. Müqavilənin 2.10-cü maddəsinə əsasən, tərəflər razılaşırlar ki, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-4"-də sadalanan yanalma körpüsünün istifadəsi ilə bağlı sahil xidmətləri BUE Caspian şirkətinin tələbi əsasında müstəsna olaraq İddiaçı tərəfindən Əlavə 3-də göstərilən xidmət haqları nəzərə alınmaqla BUE Caspian şirkəti üçün göstərilir. Həmin xidmətlərə gəmilərin icarəyə götürülmüş yanalma körpüsünə yanalması və digər xidmətlər aiddir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-4”-ün 3-cü bəndində konkret qeyd olunur ki, heç bir halda icarəyə götürən icarəyə verənə əvvəlcədən yazılı müraciət etmədən gələn gəmilərə özü və ya ücüncü tərəf podratçılara hər hansı Xidmətlər göstərməməlidir. Bundan əlavə, Müqavilənin 2.13-cü maddəsinə əsasən, tərəflər Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə-2’’-də əks olunan və PSİ şirkətinin özü tərəfindən tərtib edilmiş «PSİ Yanalma Prosedurları»-a riayət edilməsini öz öhdələrinə götürmüşlər. Həmin «PSİ Yanalma Prosedurları»-nın müvafiq 5-ci və 6-ci bəndləri ilə gəmilərin icarəyə götürülmüş yanalma körpüsünə BUE Caspian şirkətinə aid gəmilərin yaxınlaşdıqda minimum 4 saat qabaqcadan icarəyə verənin yanalma körpüsündə olan əməliyyatçılara məlumat verməsi, onlardan gəminin yanalması üçün icazənin alınması kimi BUE Caspian şirkətinin vəzifələri nəzərdə tutulmuşdur. «PSİ Yanalma Prosedurları»nın 5.4-cü bəndi ilə icarəyə verənin əməliyyatçılarının icarəyə götürənə aid gəminin yanalma körpüsünə bağlanması üçün müvafiq komandanın yaradılması vəzifəsi müəyyən olunur. Beləliklə, Müqavilənin 2.10, 2.13-cü maddələri və Müqavilənin ayrılmaz tərkib hissələri olan "Əlavə-2'\ "Əlavə-3", "Əlavə-4"-də göstərilən şərtlərin mahiyyətindən belə nəticəyə gəlmək olar ki, müqavilənin predmeti tək "yanalma körpüsünün icarəsi"-ndən ibarət deyil, həmçinin də gəmilərin PSİ şirkətindən icarəyə götürülmüş yanalma körpüsünə BUE Caspian şirkətinə aid gəmilərinin qarşılanması, yanalma körpüsünə bağlanması, gəminin ekipajının və sərnişinlərinin mindirilməsi, endirilməsi kimi xidmətlərinin PSİ şirkəti tərəfindən müstəsna olaraq BUE Caspian şirkətinə göstərilməsindən ibarətdir. Bildirmək istəyirik ki, Müqavilənin qüvvədə olduğu müddətdə 19 oktyabr 2022-ci il tarixdə PSİ şirkətinin Müqavilədə xüsusi göstərilmiş səlahiyyətli şəxslərinə e-mail vasitəsilə gəminin yanalma körpüsündə qarşılanması üçün xidmət sorğusu göndərilmişdir (ərizəyə əlavə olunur). Xüsusilə diqqətinizə çatdırmaq istəyirik ki, həmin elektron məktub Müqavilənin 20.1-ci bəndində göstərilmiş və PSİ şirkətinə məxsus mailto:o.mammadov@portserviceint.comElektron ünvan 1 və mailto:m.hassan@portserviceint.comElektron ünvan 2 e-mail ünvanlarına göndərilmişdir. Müqavilənin 20.2-ci bəndinə əsasən. Müqavilədə əks olunan rəsmi e-mail ünvanlarına göndərilmiş hər hansı məktub rəsmi çatdırılmış kimi nəzərə alınır. Xidmət sorğusu 19 oktyabr 2022-ci il tarixdə PSİ şirkətinə göndərdməsinə baxmayaraq, icarəyə verən tərəfdən buna heç bir reaksiya verilməmiş və beləliklə, yaxınlaşan gəminin Müqavilə şərtlərinə uyğun şəkildə yanalma körpüsündə PSİ şirkətinin əməkdaşları tərəfindən qarşılanması, bərkidilməsi, gəminin ekipajının və sərnişinlərinin endirilməsi mümkün olmamışdır. Bundan əlavə, icarəyə verənin səlahiyyətli şəxslərin telefon rabitə vasitəsilə dəfərərlə əlaqə saxlamağa cəhd göstərilsə də, bu heç bir nəticə verməmişdir. Nəticə etibarilə, ekipaja gəminin başqa dəniz limanında saxlamasına tapşırıq verilmiş, BUE Caspian şirkəti bununla bağlı gözlənilməyən əlavə xərclər çəkmişdir: 19 oktyabr - 31 oktyabr daxil olmaqla BUE Caspian şirkəti tərəfindən icarəyə götürülmüş yanalma körpüsünə daxil ola bilmədiyi müddət üçün başqa dəniz limanında yanalma xidmətlərinin ödənişləri 150 metr üçün hər bir metr 5 dollar olmaqla 13 gün ərzində - 9,750 (doqquz min yeddi yüz əlli) ABŞ Dolları; Gəmini başqa dəniz limana aparılması üçün 3,000 (üç min) ABŞ Dolları yanacaq xərci; BUE Caspian şirkəti ona aid gəminin ekipajının və sərnişinlərinin vaxtında endirə bilmədiyi üçün əlavə ödənilmiş maaş əlavələri - 12,000 (on iki min) ABŞ Dolları. Müqavilənin 19.1.1-ci bəndinə əsasən, Müqavilə şərtlərinin əhəmiyyətli pozuntu elə bir pozuntudur ki, onun aradan qaldırılması qeyri-mümkün olsun və ya pozuntunu törədən həmin tərəf qarşı tərəfin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində bu pozuntunu aradan qaldıra bilməsin. 21 oktyabr 2022-ci il tarixdə PSİ şirkətinin e-mail ünvanına əlavə bir məktub göndərilmiş (ərizəyə əlavə olunur), həmin məktubda PSİ şirkətinə pozuntunun mövcud olması barədə məlumat göndərilmiş, gələn gəminin vaxtında icarəyə götürülmüş yerdə saxlanmasının mümkün olmaması, icarəyə verənə dəfələrlə edilmiş zənglərin cavabsız qalması, BUE Caspian şirkəti təfərdən gəminin başqa dəniz limanına aparılıcağı ilə bağlı çəkiləcək xərcləri barədə məlumat verilmişdir. Həmin məktub həm elektron formada PSİ şirkətinə aid e-mail ünvanlarına, həm də fiziki ofisin ünvanı olan - AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev 36E ünvana göndərilmişdir (xəbərnamələr əlavə olunur). Müqavilənin 19.2-ci bəndinə əsasən, 15 (on beş) təqvim günündən sonra tərəflərdən biri Müqaviləni pozan tərəfə dərhal təsirə malik Müqavilənin ləğv edilməsinə dair bildiriş göndərir. PSİ şirkəti 21 oktyabr 2022-ci il tarixli məktuba heç bir reaksiya vermədiyi üçün, Müqavilənin 19.1.1 və 19.2-ci bəndlərinə əsasən, icarəyə verən tərəfdən edilmiş pozuntunun 15 (on beş) təqvim günü ərzində aradan qaldırmadığına görə 9 noyabr 2022-ci il tarixdə icarəyə verənə Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı e-mail bildiriş göndərilmişdir (ərizəyə əlavə olunur). Əlavə olaraq, həmin bildiriş ilə 19 oktyabr - 31 oktyabr daxil olmaqla icarəyə verəndən icarəyə götürülmüş yanalma körpüsünə BUE Caspian şirkətinə aid gəminin daxil ola bilmədiyi üçün icarəyə götürənə dəyən 24,750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ Dolları zərərinin əvəzini ödənilməsini (ƏDV daxil - 29,205 ABŞ Dolları) tələb edilmiş və müvafiq hesab faktura göndərilmişdir (ərizəyə əlavə olunur).
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş müqavilənin bağlandığı xx.xx.2021-ci il tarixdən başlayaraq keçən dövr ərzində müqavilə əsasında cavabdehə təqdim edilmiş 64 e-qaimə və onların cavabdeh tərəfindən ödənilməsi açıq-aşkar sübut edir ki, iddiaçı müqavilə öhdəliklərini vicdanla və vaxtında icra etmişdir. Qeyd edir ki, elektron poçta xidmət edən server hazırda iddiaçıya məlum olmayan tarixdə "çökmüş" və bu günə kimi də bərpa edilməsi mümkün olmamışdır. Bu baxımdan xx.xx.2022-ci il tarixli e-mailin iddiaçıya çatmasını sübutetmə yükü bu fərziyyəni irəli sürən cavabdehin öhdəliyində idi. Cavabdehin sonuncu hazırlıq iclasında məhkəməyə təqdim etdiyi elektron poçt çıxarışlarından müəyyən olunur ki, cavabdehə xx.xx.2022-ci il saat 16.50-də "portserviceint.com" serverində müqavilədə qeyd olunan mailto:o.mammadov@portservicesint.comElektron ünvan 3 və mailto:m.hassan@portservicesint.comElektron ünvan 4 elektron poçtların işləmədiyi, "mövcud" olmadığı açıq-aşkar bəlli idi. Hətta cavabdehin məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının elektron poçtlarına e-maillərin çatmadığı barədə cavabdehdə aydın məlumat var idi. Buradan aydın olur ki, cavabdeh/icarəçi müqavilə ilə nəzərdə tutulmuş digər kommunikasiya yollarını yoxlamalı idi. Yuxarıda da qevd edildiyi kimi, xx.xx.2022-ci il tarixli e-maildə cavabdeh ” portserviceint.com " e-mail ünvanlarının işləmədiyini xx.xx.2022-ci il tarixdən onlara məlum oldudun etiraf edir. Göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan elektron məktub göndərilməklə iş məqsədli şəkildə yekunlaşdırılmış, işləmədiyindən əmin olduğu elektron poçta göndərilən e-mailin iddiaçıya çatmadığı dəqiq bilinməsinə baxmayaraq onlara işgüzar münasibətlər nəticəsində müqavilə müddətində bəlli olan kommunikasiya vasitələri yerinə, müqavilənin "məntiqli/qanuni" xitamına əsas yaratmağa çalışıldığı görünən yolun seçildiyini təəssüflə müəyyən edir. Digər tərəfdən, bir anlığa həmin e-mailin çatdırıldığı fərziyyəsini qəbul etsək belə, qeyd olunan e-mailin xidmət sorğusu mahiyyətində olmadığı aşkardır. Müqavilənin 2 saylı Əlavəsinin 4-cü başlığı ilə müəyyən edilmiş tələblərə əsasən, xidmət sorğusunda aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır: gəminin adı, sahibi haqqında məlumat, qeydiyyat və bayraq məlumatı, gəminin uzunluğu, quru çəki tonajı və cari sxemi, təxmini gəliş vaxtı. Ayrıca sifarişə görə, pilotluq sorğusu, yedək gəmi, sahil enerjisi, yanğın şəbəsinə qoşulma kimi məlumatlar da əks olunmalıdır. Burada hər hansı xidmət sorğusu verilmir, açıq məzmunda PSİ limanının xidmətə hazır olub-olmama imkanı dəqiqləşdirilir. Müqavilənin «xidmət sorğusu» barədə şərhə ehtiyac buraxmayan tələbinin heç birinə cavab verməyən yuxarıdakı e-mailə görə iddiaçı üçün müqavilədən irəli gələn hüququ nəticələrin yaradılması sadəcə absurddur. Hazırlıq və məhkəmə baxışı iclaslarında cavabdehin nümayəndəsi əvvəlki dörvlərdə xidmət sorğularının (güya əvvəlki dörvrdə formalaşmış işgüzar adətə görə) məhz bu məzmunla olduğunu irəli sürsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Digər bir ifadə ilə, cavabdeh irəli sürdüyü fərziyyəni sübut edə bilməmişdir. Cavabdeh məhkəməyə özəl kuryer xidməti ilə "iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərildiyi iddia olunan" zərf təqdim etmişdir və özəl kuryer şirkətinin qaiməsində "belə ünvanın mövcud olmadığı" qeyd edilmişdir. Bu arqumentin əsassızlığı da 1 saylı Poçt Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə sübut olunur. Rəsmi poçt qurumu həmin məktubda "ünvan 1 ünvanının mövcud olduğunu və 25 saylı Poçt Şöbəsinin xidmət ərazisində poçt göndərişlərinin çatdırıldığı" qeyd etmişdir. Bildirir ki, tərəfindən obyektiv həqiqətin üzə çıxarılması üçün vəkil qismində həmin ünvana 9 saylı Poçt Şöbəsindən sifarişli məktub (SS341362006AZ) xx.xx.2023-cü il tarixdə göndərilmiş və həmin məktub da xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına çatmışdır. Bu səbəbdən qarşılıqlı iddia əsassızdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə BUE Caspian tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər mailto:o.mammadov@portservicesint.comElektron ünvan 3 və mailto:m.hassan@portservicesint.comElektron ünvan 4 ünvanlarına göndərilmişdir. 28 fevral 2024-cü il tarixdə baş tutmuş məhkəmə iclasında iş üzrə cəlb edilmiş İT mütəxəssisin iştirakı ilə bildirişlərin həqiqətən də qeyd edilən vaxtda və göstərilən ünvanlara göndərilməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Müqavilənin 20.2-ci bəndinə əsasən, hər hansı bildiriş e-poçt və ya faks vasitəsilə göndərildikdə, onlar artıq göndərmə zamanı digər tərəfə təqdim edilmiş sayılmalıdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər həmçinin də PSİ üçün autsors şəkildə mühasibatlıq xidmətlərini göstərən Amina Alibalayevaya da göndərilmişdir. İş üzrə PSİ nümayəndəsi və vəkili özü tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilir ki, BUE Caspian mailto:amina.alibalaveva@samadovlaw.comElektron ünvan 5 ünvanına xitam məktubu göndərə bilər. Bundan əlavə, PSİ nümayəndəsi və vəkili məhkəmə baxışı iclasında qeyd etmişdir ki, Amina Alibalayeva həqiqətən də həmin dövrdə PSİ üçün autsors xidmətlər göstərmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Amina Alibalayeva BUE Caspian şirkətinin direktoru olan Aleks Drozdova rəsmi müraciət edir. Yuxarıda qeyd edənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Amina Alibalayeva xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri aralığında PSİ şirkəti üçün autsors xidmətlər göstərmiş və onun kontraqentlərlə rəsmi yazışma aparmaq kimi səlahiyyəti PSİ rəhbərliyi tərəfindən verilmişdir. İş üzrə "xxxx" MMC təfindən təqdim edilmiş cavab məktubuna əlavə edilmiş məlumatlardan görünür ki, Müqavilənin 20.1-ci bəndində göstərilən +**********00 mobil telefon nömrəsi oktyabr ayında aktiv deyildi, nömrə üzrə son zəng və mesajlar barədə məlumatlar yay aylarına təsədüf edir. Məhz bu səbəbdən BUE Caspianın nümayəndəsinin məsələ ilə bağlı edilən zəng etmək cəhdləri uğursuz olmuş və bu cəhdlər "Azercell Telecom” MMC tərəfindən rəsmi şəkildə təqdim edilmiş məlumatlar siyahısında əks olunmayıb. Nəzərə alınmalıdır ki, Müqavilənin 20.2-ci bəndinin tələblərinə əsasən, digər tərəfə veriləcək bütün bildirişlər və digər xəbərlər yazılı şəkildə olmalı idi. Məhz buna görə də PSİ şirkətinin vəkili və nümayəndəsi tərəfindən məhkəmə baxışı iclası zamanı səsləndirdiyi "şəxsi telefonuna zəng edib məlumat verə bilərdiz" kimi arqumenti tamamilə əsassızdır. BUE Caspian-ın təmsilçiləri qarşı tərəfə bir elektron məktub yox, ardıcıl olaraq dörd elektron məktub göndərmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublar tərəfə xəbərdarlıq etmək məqsədlərini daşımış, yaxınlaşan gəminin yanalma körpüsünə daxil ola bilmədiyinə görə baş verə biləcək fəssadlardan ətraflı şəkildə məlumat verilmiş və həmin məktublar həmçinin də PSİ üçün autsors xidmətlərini göstərən və rəsmi yazışmalar aparmaq səlahiyyəti olan Amina Alibalayevaya da göndərilmişdir. Əlavə olaraq, bütün korrespondensiyanın eyni məzmunda PSİ şirkətinin Müqavilənin 20.1-ci bəndinin (i) hissəsində rəsmi ünvan kimi göstərilmiş Azərbaycan Respublikası, AZ1025, ünvan 3 ünvanına da göndərilməsi cəhdi edilmiş, lakin ofisin bağlı olunması və ünvanda heç kəsin olmaması səbəbindən kuryer xidmətlərinin göstərilməsi üçün dövlət tərəfindən verilmiş rəsmi lisenziyası olan kuryer şirkəti tərəfindən geri qaytarılmışdır. Hesab edir ki, məhz PSİ şirkəti öz rəsmi ofisində fiziki olaraq heç kəsin olmaması, rəsmi e-mail ünvanlarının normal qaydada işlədilməsinə və gələn məktublarının alınmasına laqeyd yanaşması, Müqavilədə göstərilən rəsmi +**********00 mobil nömrəsinin aktiv olmaması səbəbindən AR MPM-in 425.2-ci maddəsində göstərilən qayğı göstərməmiş və bu da öz növbəsində müqaviləni əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. BUE Caspian şirkəti ilə bağlanılan Müqavilənin 19.3.5- ci bəndində göstərilən "icarəyə götür və ya ödə" adlanan BUE Caspian-ın üzərinə düşən öhdəliklərinin icrasının təminatı üsulu qüvvədə olan mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş öhdəliklərin icrasının təmin edilməsi üsulları növlərinə aid edilməməldə yanaşı, ölkədə formalaşmış işgüzar adətlərin məntiqinə sığmır və bir mənalı olaraq, icarəçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 avqust 2021ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Qaradağ rayonu, İF, Bakı-Salyan avtomobil yolunun 15-ci km-də yerləşən dəniz təchizatı və gəmi təmiri bazasından qanuni şəkildə istifadə edir və istismar edir, buradan müəyyən dəniz, sahil, gəmi təmiri, ekipajın yerləşdirilməsi və digər əlaqədar xidmətləri göstərir.
9. Müqavilənin 1.1.1-ci bəndinə əsasən icarəçi bununla icarəyə verəndən icarəyə götürür və icarəyə verən müəyyən edilmiş bütün şərtlərə uyğun olaraq icarənin məqsədi üçün xüsusi yanalma xətti ilə icarəçiyə yanalma körpüsünü icarəyə verir. İcarəçi bununla icarəyə verəni xidmətləri təmin etməyə razılaşır və icarəyə verən həmin xidmətləri icarəçiyə təqdim etməyə razılaşır.
10. Müqavilənin 20.1-ci bəndinə əsasən müqavilə çərçivəsində digər tərəfə veriləcək bütün bildirişlər və digər məlumat yazılı şəkildə olmalı və şəxsən və ya poçt, kuryer və ya faks vasitəsilə həmin tərəfin müvafiq ünvanına (mailto:o.mammadov@portserviceint.comElektron ünvan 1, m.hassan@ portserviceint.com, +**********00) çatdırılmalıdır.
11. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının elektron poçt ünvanına “gəmimizin PSİ limanında yanalma imkanı ilə bağlı məlumat verməyinizi xahiş edirik” məzmunlu məktub ünvanlamışdır.
12. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına “biz həminin PSİ limanına yanalmasına çalışdıq. Lakin 19 oktyabr tarixindən yanalmanı qəbul etməklə bağlı PSİ rəhbərliyindən cavab almamışlar. Əlavə edilmiş yazışmalardan gördüyünüz kimi elektron məktublar çatmamışdır. PSİ limanına etdiyimiz yazışmalar mənfi nəticə verdi, çünki telefon zəngləri və elektron məktublardan imtina edilib. Dünən əmliyyat meneceri Vüqar M. Caspian Reliance-ın yanalmasını təşkil etmək üçün PSİ ilə əlaqə saxlamağa çalışdı, lakin bu zəngə də cavab verilmədi. Mənim mobil telefonumdakı zəng siyahısından göründüyü kimi idarəedici direktor və əməliyyat meneceri ilə əlaqə saxlamağa çalışdım. Mən eyni zamanda PSİ tərəfindən zəngimə cavab almadım. Sonra biz PSİ-də razılaşdığımız yanalmaya icazə ala bilmədiyimizə görə Bue Caspian LTD Şirkəti Caspian Reliance-i digər limana keçirməli oldu. BUE Caspian LTD şirkəti hazırda bizim razılaşdığımız yalanmadan istifadə edə bilmədiyimizə görə əlavə xərclər çəkir. Bu səbəbdən, BUE Caspian LTD şirkəti PSİ-i iddia bildirişinə qoyur. Gəmi 19 oktyabrda daxil olmalı idi və yanalmadan bu səbəbdən 19 oktyabrda düzələnə qədər yanalma haqlarını istifadə edə bilmədi. Gəminin alternativ limana yönəldilməsi üçün yanacaq. 19 oktyabrdan gəmidən insan düşürə bilmədiyimizə görə ekipajın əmək haqları” məzmunlu məktub göndərilmişdir.
13. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına “Şirkətinizə göndərdiyimiz sənədlərdə kuryerin yol haqq sənədinin surətini nəzərdən keçirməyinizi xahiş edirik. Kuryerlə danışdıqdan sonra onlar “ofisin mövcud olmadığını” vurğuladı” məzmunlu məktub göndərilmişdir.
14. 09 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına “11 oktyabrdan razılaşdırılmış yanalmamıza daxil olmağa çalışırıq, lakin heç bir nəticə ələ edə bilmirik. PSİ tərəfindən pozuntu halı baş verib və aşağıdakı əməliyyatdan və müqavilə bildirişindən və prosedurların sonra bizə öz yanalma yerimizə daxil olmağa icazə verilmədi. Bu pozuntu halı bildiriş verildikdən sonra 15 gün ərzində təsdiq olunmayıb. Bu səbəbdən, xitam vermə hadisəsi baş verib və biz müqaviləyə dərhal xitam veririk. 21 oktyabrda verilən ilk bildiriş və razılaşdırılmış 15 təqvim günü keçib” məzmunlu məktub göndərilmişdir.
15. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatlara əsasən +**********00 mobil telefon nömrəsi iddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir.
16. 01 avqust 2021-ci il tarixli cavabdeh və "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulan ödənişlərin müqabilində və müqavilənin hər hansı digər müddəalarına uyğun olaraq icarəyə verən bununla torpaq sahəsini və binaları aşağıda təsvir olunan ilkin müddətə icarəçiyə icarəyə verir və icarəçi müvafiq torpaq sahəsini və binaları bu müqavilənin şərtlərinə və müddəalarına uyğun olaraq icarəyə verəndən icarəyə götürür.
17. Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli P$O/AAM-23/001 nömrəli mal və xidmətlərin təminatı üzrə əsas razılaşmaya əsasən istənilən əlavələr daxil olmaqla bu razılaşma və satınalma sifarişinin bir hissəsini təşkil edən digər sənədlər POML və təchizatçı arasında razılaşmamı təşkil edir.
18. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.
20. Hazırkı işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur:
21. – tərəflər arasında xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətlər müqaviləsinin bağlanması;
22. – həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq xidmətlərin göstərilməsi, cavabdehin həmin lövbər yatağından istifadə etməsi, həmin dövr üzrə icarə haqlarının və göstərilmiş xidmətlərin dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi;
23. – iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən etibarən hər hansı xidmətin göstərilməməsi, habelə icarə sahəsi olan lövbər yatağından cavabdehin istifadə etməməsi.
24. Belə ki, qarşılıqlı iddia ərizəsi iki hissədən ibarətdir: 1. Tərəflər arasında olan xx.xx.2021-ci il tarixli müqavilənin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi; 2. İddiaçı tərəfindən cavabdehə vurulmuş 29205 ABŞ dolları zərərin ödənilməsi.
25. Məhkəmə qarşılıqlı iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
26. Belə ki, materiallardan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ona məxsus gəminin limana yan almasına şərait yaradılması məqsədilə müqavilənin 2 saylı əlavəsinin 4.1-ci bəndinə əsasən iddiaçının elektron poçt ünvanına “gəmimizin PSİ limanında yanalma imkanı ilə bağlı məlumat verməyinizi xahiş edirik” məzmunlu xəbərdarlıq ünvanlamış, həmin yazılı bildiriş tərəflər arasında olan xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətlər müqaviləsinin tələblərinə əsasən (müqavilənin 20-ci bəndi) mailto:o.mammadov@portserviceint.comElektron ünvan 1, m.hassan@ portserviceint.com ünvanlarına gönərilmiş, həmin bildirişin cavabdeh tərəfindən iddiaçıya göndərilməsi faktını məhkəmə iclasına dəvət edilmiş informasiya texnologiyaları üzrə mütəxəssis də təsdiq etmişdir.
27. Bundan əlavə, məhkəmə tərəfindən verilmiş sorğuya cavabda "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlarda xx.xx.2021-ci il tarixli müqavilənin 20-ci bəndində göstərilmiş iddiaçının telefon nömrəsinin (+**********00) 2022-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər istifadə edilmədiyi (zənglərin giriş, çıxışının olmaması əsası ilə) müəyyən edilmişdir.
28. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə tələblərinə riayət edilmiş, lakin iddiaçı tərəfindən cavabdehə icarə sahəsindən istifadə edilməsi ilə bağlı imkan yaradılmamış, gəminin yanalma körpüsünə yaxınlaşması, dayanması, gəmi heyətinin və sərnişinlərin düşürülməsi və sairə kimi xidmətlər göstərilməmişdir.
29. İddiaçı bu hissədə iddiaya etiraz edərək, cavabdeh tərəfindən müqavilə tələblərinə tam əməl edilməməsini, iddiaçıya müqavilənin 2 saylı əlavəsinin 4.1-ci bəndinə əsasən gəminin limana yaxınlaşması ilə bağlı müvafiq bildirişin (gəminin adı, sahibi haqqında məlumat, gəminin uzunluğu, quru çəki tonajı və sairə) göndərilmədiyini bildirir.
30. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında müqavilədə həmin bildirişin göndərilməli olması barədə müddəa olmasına baxmayaraq işgüzar münasibətlərində daha əvvəllər belə bildirişlərin göndərilməsinə zərurət olmadığını, iddiaçıya məlumatın e-mail və ya telefon vasitəsilə verildiyini bildirmişdir.
31. İddiaçıya məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi əvvəlki bildirişlərin məhz müqavilə tələblərinə uyğun verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə hər hansı sübutu onlara məxsus e-mail ünvanların işləməməsi ilə əlaqəli təqdim edə bilməyəcəyini bildirmiş, onlara məxsus e-mail ünvanların hansı tarixdən işləməməsi barədə məlumatı olmadığını göstərmişdir.
32. Məhkəmə iddiaçının cavabdehin bütün mümkün imkanlardan istifadə edib iddiaçıya gəminin limana yaxınlaşması barədə xəbər verməməsi ilə bağlı arqumenti ilə də razılaşmır.
33. Belə ki, müqavilənin 20-ci bəndinə tərəflərin bildirişlərinin yalnız yazılı olması və şəxsən və ya poçt, kuryer və ya faks vasitəsilə həmin tərəfin ünvanına çatdırılmalı olması qeyd edilmişdir.
34. Cavabdeh tərəfindən iddiaçıya pozuntuların aradan qaldırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə elektron bildiriş, xx.xx.2022-ci il tarixdə isə iddiaçının hüquqi ünvanına poçt vasitəsilə bildiriş (həmin bildiriş poçt tərəfindən ünvanın düzgün olmaması əsası ilə geri qaytarılmışdır) göndərilmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının (icarəçinin) müqavilənin 19.1.5-ci bəndinə əsasən müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilməli olması barədə tələbi əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə qarşılıqlı iddianı ikinci hissədə əsassız hesab edir.
37. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
40. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
41. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
42. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
43. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
44. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
46. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
47. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
48. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
50. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
51. Belə ki, qarşılıqlı iddia ərizəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cavabdeh tərəfindən icarəyə götürülmüş yanalma körpüsündən istifadə edə bilməməsi ilə əlaqədar olaraq başqa dəniz limanına yaxınlaşmalı olması səbəbindən ona zərər dəydiyini bildirmiş, bununla bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabfaktura, elektron qaimə, habelə həmin sənədlər əsasında ödəniş edildiyini təsdiq edən sənəd təqdim etmişdir.
52. 02 fevral 2023-cü il tarixli 019 nömrəli hesab-fakturaya əsasən cavabdeh tərəfindən "xxxx" MMCyə 14560 manat vəsait ödənilməlidir.
53. Cavabdeh tərəfindən iddiaçıya EBCO 126750 nömrəli xx.xx.2023-cü il tarixli 14560 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
54. XO0011974 nömrəli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına 14560 manat vəsait köçürülmüşdür.
55. Materiallardan görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə icarə haqqı 150 metr üçün hər bir metri 5 dollar olmaqla müəyyən edilmiş, "xxxx" MMC tərəfindən də eyni qiymətlərlə cavabdehə xidmət göstərilmişdir.
56. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia ərizəsində gəmi ekipajı və sərnşinlərin vaxtında endirilməməsi səbəbindən əlavə maaş ödənildiyini, gəminin başqa limana aparılması üçün yanacaq xərcinin yarandığını göstərsə də, tələbin bu hissəsi ilə bağlı ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir.
57. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
58. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
59. Yuxarıda da qeyd olunduğu kimi, qarşılıqlı iddia ərizəsinin müqavilənin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi hissəsində əsaslı olması müəyyən edildiyindən, ilk iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.
60. Bununla yanaşı, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
61. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
62. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
63. Belə ki, icarə sahəsindən xx.xx.2022-ci il tarixdən cavabdehin istifadə edə bilməməsi, habelə iddiaçı tərəfindən ona hər hansı xidmətin göstərilməməsi işin mübahisələndirilməyən halıdır.
64. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər cavabdehin icarə haqqı ödəməli olması barədə iddia tələbi təmin edilə bilməz.
65. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
66. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli lövbər icarəsi və xidmətləri müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova