Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-668/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə müqaviləsi) X1 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2019cu il tarixli, №1541 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı MTK-nın xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər olan tarixləri əhatə edən müddət üçün Müqavilə üzrə ödənilməli olan 111 449, 52 manat icarə haqqı borcunun silinməsinə və həmin müddət ərzində istifadə edilmiş sahəyə uyğun icarə haqqıməbləğinin müəyyən edilməsinə; vəkilə ödənilmiş 320 manat hüquqi xidmət haqqının və ödənilmiş 401,45 AZN dövlət rüsumunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən İddiaçı MTK-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 185 saylı sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə. Hüseynzadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il tarixli, 18/122 saylı İstifadə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktında ayrılmış torpaq sahəsinin yerləşdiyiərazi barədə məlumatlar, koordinatları və cizgisi qeyd edilmişdir. İddiaçı MTK ilə (bundan sonra “İcarəçi”) ilə Bakı şəhər İcra Hakimiyyəti (bundan sonra “İcarəyə verən”) arasında xx.xx.2019-cu il tarixli, №1541 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli, 185 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 18/122 saylı ayrın aktına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə. Hüseynzadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. İcarəyə verən qeyd olunan ərazidə yerləşən 4050 kv.m torpaq sahəsini 49 il müddətinə İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə torpaq sahəsindən yaşayış binasının tikintisi üçün istifadə etməyi və hər il üçün 21228.48 AZN icarə haqqı ödəməyi öhdəliklərinə götürmüşdür. İcarə haqqı xx.xx.2019-cu il tarixindən hesablanır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, №3 saylı obyektin tikintisinə icazə sənədi ilə yuxarıda qeyd edilmiş torpaq sahəsində təqdim edilmiş tikinti sahəsinin layihəsinə və müxtəlif dövlət orqanlarından alınmış rəylərə uyğun olaraq yaşayış binasının tikintisinə icazə verilmişdir. Müqavilədə qeyd edilən torpaq sahəsi İcarəçiyə təhvil verilsə də, 2024-cü ilə qədər həmin sahədən Müqavilədə nəzərdə tutulmuş təyinatı üzrə tam istifadə edilməsi mümkün olmamışdır. Belə ki, həmin ərazidə yaşayan sakinlər və əmlak sahibləri ilə uzun illər danışıqlar aparılmalı olmuş və müvafiq razılıqların əldə edilməsi müxtəlif çətinliklərlə üzləşmişdir. Çünki hər bir şəxs ilə individual danışıqlar aparılmalı olmuş və bir çoxu tərəfindən ağlasığmayan tələb və istəklər səsləndirilmişdir. Bu səbəbdən də, müqavilədə bildirilmiş torpaq sahəsində yaşayış binasının tikintisinə başlanılması mümkün olmamışdır. Torpaq sahəsi Müqavilənin tərəfi olmayan üçün şəxslərin tələb və iddiaları ilə İcarəçiyə təhvil verilmiş və sahənin müqavilədə nəzərdə tutulmuş istifadəsinə mane olaraq bu istifadəni istisna etmişdir. Bugünkü günə qədər qeyd edilən torpaq sahəsinin yalnız bir qismindən istifadə edilə bilmiş, əksər hissəsində isə hər hansı icarə hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2019-cu il tarixindən hesablanmaqdadır. xx.xx.2020-ci il tarixində isə Azərbaycan Respublikası ərazisində ilk COVİD-19-un ilk müsbət halı təsdiqlənmişdir. Həmin tarixdən sonra ölkə ərazisində getdikcə sərtləşən müxtəlif tədbirlər alınmış xx.xx.2020-ci il tarixindən isə respublika ərazisində ümumilli karantin elan edilmişdir. Nəzərə alınmalıdır ki, pandemiya dövründə yaranmış çətinliklərə görə İcarəçi tərəfindən torpaq sahəsindən istifadəsi mümkün olmamışdır. Tərəflər Müqaviləni bağlayarkən hər hansı bir pandemiyanın və bununla əlaqəli ümumilli karantinin olacağını əvvəlcədən görmələri mümkün hal deyildir. Əgər tərəflər şəraitin bu cür dəyişəcəyini bilsə idilər Müqaviləni hazırki şərtlərlə deyil, başqa şərtlərlə imzalayardılar. Belə ki, Müqavilənin bağlandığı tarixdən qısa müddət sonra pandemiyanın baş verməsi və bütün fəaliyyət sahələrinin iflic vəziyyətə düşməsi Müqavilənin öz məqsədlərinə çatmasını və yaşayış binasının tikintisini qeyrimümkün etmişdir. Əhəmiyyətli dərəcədə dəyişmiş şərait İcarəçinin Müqaviləni bağlayarkən gözlədiyi və ümid etdiyi faydadan məhrum etmiş, əksinə böyük miqdarda zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna baxmayaraq, xx.xx.2024-cü il tarixə qədər əsassız olaraq hesablanmış 111 449, 52 manat icarə haqqı borcunu tələb etməyə davam etmiş, qeyd olunanları nəzərə almamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. Bakı şəhəri İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı MTK (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1541 saylı icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 185 saylı. 12.0-4.2018-ci il tarixli sərəncamı və xx.xx.2018-ci il tarixli, 18/122 saylı ayrıc aktına əsasən, Bakı şəhəri. Yasamal rayonu. 441 -ci məhəllə. Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən «icarəyəvcrən» icarə əsasında sahəsi 4050 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi” istifadəsinə verir. - 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək müəyyən edilir. - 7.2-ci bəndinə əsasən «icarəçi» hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və «icarəçi tərəfindən» ödənilir. - 7.3-cü bəndinə əsasən 7.3 İcarə haqqı 01iyul 2019-cu il tarixindən hesablanır. - 7.4-cü bəndinə əsasən«icarəçi» hər il 21 228 manat 48 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür.Bu müqaviləyə əsasən ödənişlər «icarəçi» tərəfindən, təyin olunmuş torpaq icarə haqqı 21 228 manat 48 qəpik hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və icarəyə verənin möhürü ilə təsdiq edilmişdir.
9. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il tarixli,18/122 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı şəhəri. Yasamal rayonu. 441 -ci məhəllə. Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin 441-ci məhəllədə yerləşən 0.4050 hektar torpaq sahəsi yaşayış binasının tikinintisinin layihələəndirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə ayrılmışdır.
V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. - 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 12.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir. 13.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. 14.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı MTK arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1541 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri. Yasamal rayonu. 441 -ci məhəllə. Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin 441-ci məhəllədə yerləşən 0.4050 hektar torpaq sahəsi torpaq sahəsi 49 il müddətinə cavabdehin icarəsinə verilmişdir.Hal-hazırda İddiaçı MTK 111 449, 52 manat icarə haqqı borcunun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən silinməsini və faktiki iddiaçı tərəfindən istifadə edilən sahəyə uyğun icarə haqqının müəyyən edilməsini xahiş etmiş və tələbin əsası kimi Mülki Məcəllənin 422-ci maddəsinə, yəni şəraitin əhəməiyyətli dərəcədə dəyişməsinə əsaslanmışdır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin mövcud olması, tərəflər arasında torpağın icarəsinə dair münasibətlərin hazırki günədək mövcud olması işin mübahisəedilməyən hallarıdır və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla, həmçinin iddiaçı tərəfindən təsdiqlənmişdir.
19. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh İddiaçı MTK hal-hazıradək icarə obyekti olan torpaq sahəsindən istifadə etməkdə davam edir. Həmçinin borcu olduğunu etiraf edir.
20. Belə ki,iş materialları əsasında müəyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 9355 manat məbləğində icarə haqqı ödənilmiş və həmin dövr üçün 15659.84 manatqalı borcu qalmışdır.Həmin ödənişdən sonra cavabdeh tərəfindən ödəniş olmamış və xx.xx.2024-cü il tarixinə 20299.84 manat borcu qalmışdır.
21. İddiaçı iddiasının faktiki əsası kimi müqavilədə qeyd edilən torpaq sahəsi icarəçiyə təhvil verilsə də, 2024-cü ilə qədər həmin sahədən Müqavilədə nəzərdə tutulmuş təyinatı üzrə tam istifadə edə bilməməsinə, hüquqi əsası kimi isə şəraitinin əhəmiyyətli dəyişilməsi əsası ilə müqavilənin dəyişdirilməsi imkanını nəzərdə tutulan Məcəllənin 422.1-ci maddəsinə istinad etmişdir.
22. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları, yəni 2024-cü ilə qədər həmin torpaq sahəsindən istifadə edə bilməməsini sübuta yetirə bilməmişdir.
23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi faktiki hallar öz təsdiqi tapsaydı belə, həmin hallar Mülki Məcəllənin 422-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, müqavilənin bağlanmasından keçən müddət ərzində torpaqdan təyinatı üzrə istifadə edilə bilməməsi belə həmin hal müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olan biləcək şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilənin qüvvədə olduğu müddət ərzində müvafiq dövlət orqanlarından icazələrin alınması və digər işlər iddiaçı tərəfindən nəzərə alınmalı adi risklərə daxildir, belə ki, hazırki halda işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəf yəni cavabdehin daşıdığı irəli gəlir. (Mülki Məcəllənin 422.4-cü maddəsi)
24. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarının məzmunundan görünür ki, Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.Göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
25. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir.
26. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “borcun silinməsi və yeni icarə haqqı müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova