Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6692/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatlarının ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli 21 saylı hesabat, “Nissan Maxima” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli 21/1 saylı hesabat, “Faton Forland” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli 21/2 saylı hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddələrinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində bir-biri ilə əlaqədar olmayan tələblər dedikdə, yalnız predmet baxımından deyil, həm də prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblər nəzərdə tutulur. Hazırkı iş üzrə iddiaçının iddia tələbini iddia ərizəsinə barəsində hərrac keçirilməsini təsdiq edən 03 avqust 2023-cü il tarixli 40/01 nömrəli protokol əlavə edilmiş “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli 21 saylı hesabatın ləğv edilməsi ilə yanaşı, iş materiallarına barələrində hərracın keçirilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmayan “Nissan Maxima” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Faton Forland” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qiymətləndirmə hesabatlarının ləğv edilməsi də təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, “İcra Haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcədə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhz Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli Qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırkı iş üzrə “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın ləğvi tələbinə iddia icraatı qaydasında baxılması mümkün olduğu halda, “Nissan Maxima” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Faton Forland” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qiymətləndirmə hesabatlarının ləğv edilməsi tələbinə həmin nəqliyyat vasitələrinin satışı üzrə hərracın keçirilməsi təsdiq olunmadığından iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində bir-biri ilə əlaqədar olmayan tələblər dedikdə, yalnız predmet baxımından deyil, həm də prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblər nəzərdə tutulur. Bu baxımdan iddia icraatı qaydasında iddia tələbi və məhkəmə qərarlarının icrası üzrə icraat qaydasında şikayət prosessual baxımdan birlikdə baxılması mümkün olmayan tələblərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bu zaman “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın ləğvi tələbinə iddia icraatı qaydasında, “Nissan Maxima” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Faton Forland” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qiymətləndirmə hesabatlarının ləğv edilməsi tələbinə icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatlarının ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6692/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6692/2023
13.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver