Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-67/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vurulmuş ziyanın əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi 22A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sağlamlıq mərkəzinə) vurulmuş maddi zərərin əvəzi olaraq 56.238 (əlli altı min iki yüz otuz səkkiz) manat məbləğinin, işçilərə ödənilmiş əmək haqqı məbləğinin əvəzinin, mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manatın, həmçinin mediasiya rüsumunun əvəzi olaraq 400 (dörd yüz) manatın cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2022-ci il tarixində səhər saatlarında ünvan 1 ünvanında "xxxx" ASC-nin tabeliyində olan, hüquqi şəxs olmayan “Bakı Sukanal” İdarəsinin istismar etdiyi 1400 mm-lik magistral su boru kəmərinin, əvvəlki illərdə dəfələrlə baş vermiş qəza hadisələrindən sonra qaynaq vasitəsilə bərkidilmiş hissəsinin növbəti dəfə suyun təzyiqinə dayanıqlılıq gostərməyərək qopması nəticəsində ətraf ərazilərə, o cümlədən istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təxminən 1 metr yüksəklikdə palçıqlı suyun dolması və Cavabdeh ASC-nin öz vəzifə borcunu layiqincə yerinə yetirməməsi, balansında və istismarında olan yeraltı su boru kəmərinə vaxtı-vaxtında keyfiyyətli xidmət göstərməməsi nəticəsində sahibkarlıq fəaliyəti dayanmış və ona xeyli miqdarda maddi ziyan dəymişdir. Həmin hadisəyə şahid olan şəxslər tərəfindən bununla bağlı 26 oktyabr 2022-ci il tarixli akt da tərtib olunmuşdur. Belə ki, ona məxsus sağlamlıq mərkəzində yerləşən 39 avadanlıq, ləvazimatlar və quraşdırılmış elektron cihazlar suyun altında qalmaqla yararsız hala düşmüşdür və bununla belə, ona 56 238 (əllialtı min iki yüz otuz səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlar “X1” MMC tərəfindən tərtib olunmuş 23 noyabr 2022-ci il tarixli MQM 23-xx-xx/2022 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin mütəxəssis rəyinə əsasən əmlakın mövcud vəziyyəti, xərcləri, analoq əmlakla müqayisəli satışı, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanındakı qeyri-yaşayış sahəsində yerləşmiş daşınar əmlakın (ümumilikdə 42 ədəd) ədalətli dəyəri 23 noyabr 2022-ci il tarixinə 56 238 (əllialtı min iki yüz otuz səkkiz) manat təşkil edir. Həmçinin, ona məxsus elektron avadanlıqların sıradan çıxması ilə yanaşı, obyektə suyun dolması sahibkarlıq fəaliyyətinin ondan asılı olmayan səbəblərdən dayanmasına, sağlamlıq mərkəzinə cəlb etdiyi müştərilərin itirilməsinə, fəaliyyət göstərmədiyi müddət ərzində maddi gəlirdən məhrum olmağına və işçilərə əmək haqqı ödənilməsinin mümkünsüz hala gəlməsinə səbəb olmuşdur və eyni zamanda işgüzar nüfuzunun zədələnməsinə gətirib çıxarmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə izahatında iddianı qismən - 22,553 manat hissəsində qəbul etdiklərini bildirdi və iddianın qalan hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
- Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə “Bakı Sukanal” İdarəsinin istismar etdiyi 1400 mm-lik magistral su boru kəmərində baş vermiş qəza nəticəsində X2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su dolmuş və nəticədə X3 məxsus sağlamlıq mərkəzində yerləşən avadanlıq və əşyalara ziyan dəymişdir.
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək X3 məxsus sağlamlıq mərkəzində yerləşən 39 avadanlıq, ləvazimatlar və quraşdırılmış elektron cihazlar suyun altında qalmaqla yararsız hala düşdüyünü və nəticədə 56.238 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir.
9. Məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf məhkəməyə izahatında hazırkı məsələ ilə bağlı 3 sahibkara ziyan dəydiyini, 2 sahibkarla artıq razılığa gəldiklərini, iddiaçıya da kifayət qədər yüksək məbləğin təklif olunduğunu, təklifin iddiaçı tərəfindən qəbul edilmədiyini, işləməyən avadanlıqların cəmi 2 ədəd olduğunu, onların da ümumi dəyərinin 350 manat təşkil etdiyini, əmlakların bütün dəyərini ödəyəcələri təqdirdə əmlakların onlara təqdim edilməli olduğunu və təmirə yararlı avadanlıqların dəyərinin əvəzinin ödənilməsinin əsassız olduğunu bildirmişdir.
10. Göründüyü kimi, xx.xx.2022-ci il tarixində baş vermiş subasma nəticəsində X3 məxsus sağlamlıq mərkəzində yerləşən müəyyən avadanlıq və əşyalara ziyan dəyməsi və zərərin dəyməsinin cavabdehin məsuliyət dairəsinə aid olması işin mübahisələndirilməyən halıdır.
11. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından xx.xx.2022-ci il tarixdə baş vermiş subasma nəticəsində X3 məxsus hansı əmlaklara zərər dəyməsi və dəymiş zərərin nə qədər təşkil etməsi müəyyən edilməlidir.
12. İddiaçı tərəfindən təqdim olunmuş “X1” MMC tərəfindən tərtib olunmuş 23 noyabr 2022-ci il tarixli MQM 23-xx-xx/2022 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyinə əsasən əmlakın mövcud vəziyyəti, xərcləri, analoq əmlakla müqayisəli satışı, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanındakı qeyri-yaşayış sahəsində yerləşmiş daşınar əmlakın (ümumilikdə 42 ədəd) ədalətli dəyəri 23 noyabr 2022-ci il tarixinə 56 238 (əllialtı min iki yüz otuz səkkiz) manat təşkil edir.
13. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş “Uniprice Consulting” tərəfindən tərtib olunmuş qeyri-yaşayış sahəsinə dəymiş ziyanın müəyyən edilməsi barədə 2022-ci il tarixli hesabata əsasən ümumilikdə 11 avadanlıqdan yalnız 2 ədədinin yararsız olduğu müəyyən edilmiş, avadanlıqların bərpa dəyəri və yararsız hala düşən digər 2 ədəd əmlakın real bazar dəyərinin 22,553 manat təşkil etdiyi qeyd olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1741/2023 saylı qərardadı ilə ünvan 5 ünvanında su boru kəmərində baş vermiş qəza nəticəsində X2 istifadəsində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan əşyalara dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin, eyni zamanda cavabdehin vəsatəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1741/2023 saylı qərardadı əsasında ekspert qarşısında əlavə suallar qoyularaq iddiaçının istifadəsində olan subasma nəticəsində ziyan dəymiş avadanlıqların təmirinin mümkün olub-olmamasının, mümkün olduğu təqdirdə həmin avadanlıqların təmiri üçün nə qədər vəsait tələb olunduğunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 9/3905 saylı rəyinə əsasən ekspert baxışına təqdim edilən və edilməyən istifadədə olmuş əşyaların istifadəyə yararlı vəziyyətdə olmağını nəzərə almaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56.238 manat müəyyən edilmişdir.
16. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1741/2023 saylı qərardadı ilə ünvan 5 ünvanında su boru kəmərində baş vermiş qəza nəticəsində X2 istifadəsində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan subasma nəticəsində ziyan dəymiş avadanlıqların təmirinin mümkün olub-olmamasının, mümkün olduğu təqdirdə həmin avadanlıqların təmiri üçün nə qədər vəsaitin tələb olunduğunun və mümkün olmadığı təqdirdə əşyalara dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli məktubuna əsasən məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilmiş, 04 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert baxışına təqdim edilən və edilməyən istifadədə olmuş əşyaların istifadəyə yararlı vəziyyətdə olmağını nəzərə almaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56.238 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş 13 sentyabr 2023-cü il tarixli, 9/3905 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinin təsdiq edildiyi, təqdim edilən 13 adda malların dəyəri-48.100 manat, təqdim edilməyən 25 adda mallar nəzəri qaydada dəyəri - 8.138 manat müəyyən edilmişdir.
18. Məhkəmə ekspert rəyinin 1-ci hissəsi yəni ,- təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat olması ilə razılaşsa da, təqdim edilməyən 25 adda malların nəzəri qaydada dəyərinin 8.138 manat müəyyən edilməsi halı ilə razılaşmır.
19. Çünki, məhkəmə hesab edir ki, faktiki olaraq təqdim edilməyən mallara zərər dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamaqla yanaşı həmçinin də, zərər dəymiş olsa da, belə, onun dəyərinin nəzəri qaydada müəyyən edilməsi doğru deyildir.
20. Məhkəmə “Uniprice Consulting” tərəfindən tərtib olunmuş ("xxxx" MMC) 2022-ci il tarixli hesabatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli ekspert rəyini müqayisəli şəkildə tədqiq edərək müəyyən edir ki, təqdim edilməyən 25 adda mallardan yalnız ikisi - 01 ədəd termo yorğan və 02 ədəd LED lampalar hadisə zamanı X3 məxsus sağlamlıq mərkəzində həqiqətən mövcud olmuş və rəydə 01 ədəd termo yorğanın dəyəri 1.000 manat, 02 ədəd LED lampanın dəyəri 220 manat qeyd olunmuşdur.
21. Məhkəmə həmçinin, cavabdehin ekspert rəyində “istifadə yararsız” kimi qeyd edilən əşyaların istifadəyə təmir edildikdən sonra istifadəyə yararlı olması ilə bağlı etirazının dəlini də, əsassız hesab edir.
22. Belə ki, cavabdeh tərəf bu barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı həm də, nəzərə alınmalıdır ki, qeyd edilmiş avadanlıqlar tibbi-kosmetoloji avadanlıqlar olmaqla, onların istifadəyə yararsız halda olduğu halda “təmir edilməsi” insanların həyat və sağlamlıqları üçün mənfi nətəcilərə gətirib çıxara bilər.
23. Bu baxımdan məhkəmə ekspert rəyində qeyd edilmiş avadanlıqların istifadəyə yararsız olması halı ilə razılaşır.
24. Yekun olaraq məhkəmə təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat, 01 ədəd termo yorğanın dəyərinin 1.000 manat, 02 ədəd LED lampaların dəyərinin 220 manat olduğunu nəzərə alaraq (48.100 + 1.000+ 220=49.320) hesab edir ki, dəymiş ziyanın əvəzi olaraq 49.320 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilməlidir.
25. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 400 manat məbləğində pul Bakı 14 saylı Mediasiya Təşkilatına ödənmişdir.
26. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 150 manat təşkil edir. Ona görə də, 150 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 49.320 (qırx doqquz min üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov