Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-670/2023 14.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları Məmmədov A.E., Eyniyev Ə.Q., Quliyev Z.R., Şükürov F.T. tərəfindən tərtib edilərək imzalanmış NDQ № 014223 nömrəli, 11 noyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2572,79 manat məbləğində cərimənin (borcun) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış 031362 nömrəli, 01 mart 2017-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. Elektrik enerjisnin dəyəri vaxtı vaxtında ödəməyimizə baxmayaraq, 11 noyabr 2022 tarixində cavabdehin əməkdaşları ünvan 1 ünvanında fəaliyyət göstərən bankımızın “Ağsu” filialında yoxlama keçirmişlər. Yoxlama zamanı sayğaca baxış keçirərək müvafiq akt tərtib edilmiş və bankımıza 2572,79 manat məbləğində hesab təqdim etmiş və qısa müddət ərzində ödəniş edilmədiyi təqdirdə “Ağsu” filialının elektrik enerjisi xəbərdarlıq edilmədən kəsiləcəyini bildirmişlər. Belə ki, cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları Məmmədov A.E., Eyniyev Ə.Q., Quliyev Z.R., Şükürov F.T. tərəfindən tərtib edilərək imzalanmış NDQ № 014223 nömrəli, 11 noyabr 2022-ci il tarixli akta görə sayğaca baxış keçirən zaman guya sayğacın A və B fazalardan keçən yükü düzgün qeyd etməməsi, sayğacı qidalandıran İİ tərəf A və B gərginlik nöqtələrində keçiriciliyin oksidləşmə nəticəsində itməsi İİ dərəcəli gərginlik naqillərinin A və B fazalarında SİP-xəttinə birləşmə yerində keçiriciliyin itməsi qeyd edilmişdir. Halbuki, aktda qeyd edilən oksidləşmə filialımızda istifadə olunan sayğacadək mövcud naqillərdə baş vermişdir ki, bu da bizim məsuliyyətimiz hesab olunmamalıdır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”ının 5-ci bəndində elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 5.3.-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1. hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; 5.3.2. kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyətisərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Bundan əlavə sayğacın elektrik yükünü düzgün qeyd edibetməməsi məsələsinə gəldikdə isə bildirmək istərdik ki, bu suala cavab verilməsi üçün xüsusi bilik tələb olunduğu üçün laboratoriya araşdırılması nəticəsində müəyyən oluna bilər. Göründüyü kimi filialımızda istifadə olunan sayğacadək olan kabellər bankımızın balansında və mülkiyyətində olmadığı, ümumiyyətlə bizim təsərrüfata aid olmadığı üçün onların istismar şərtləri və vəziyyəti, onların keçiricilik qabiliyyəti və s. göstəriciləri enerjitəchizatı müəssisəsi kimi məhz "xxxx" ASC-nə aiddir. Göründüyü kimi mahiyyət etibarı ilə bankımız tərəfdən hər hansı pozuntuya yol verilməmişdir. Birmənalı olaraq aktda qeyd olunan məsələ ilə bağlı bankın hər hansı təqsiri mövcud deyil. Eyni zamanda aktın tərtib edilməsi prosesi də qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilmişdir. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanunun 11ci maddəsinə görə, Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin maddəyə görə, Enerji təchizatı müəssisəsi istehlakçıya istilik enerjisinin verilməsiniaşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 tələbi qəbul etməyərək izahatında mübahisələndirilən aktın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçdikdən sonra tərtib edildiyinə görə iddianın rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 mart 2017-ci il tarixli, 031362 nömrəli İddiaçı ASC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı ASC-yə elektrik enerjisinin satışını həyata keçirir, iddiaçı isə bunun müqabilində sərfiyyata uyğun olaraq borcunu ödəməyi öhdəsinə götürür. 11 noyabr 2022-ci il tarixli 014223 nömrəli "xxxx" ASC-nin nümayəndələrinin tərtib etdiyi aktdan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən İddiaçı ASC-nin “Ağsu” filialında abonent kodu **********3 olan İddiaçı ASC-yə məxsus sayğaca baxış zamanı sayğacın A və B fazalardan keçən yükü düzgün qeyd etməməsi, sayğacı qidalandıran 2-ci tərəf A və B gərginlik naqillərində keçiriciliyin oksidləşmə nəticəsində itməsi qeyd edilmişdir. 14 noyabr 2022-ci il tarixli "xxxx" ASC-nin tərtib etdiyi hesab ödəniş vərəqindən görünür ki, İddiaçı ASC-yə 2572,79 manat məbləğində borc yazılmışdır. İddiaçı ASC-nin abonent saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayı üçün İddiaçı ASC-nin sərf etdiyi elektrik enerjisi sərfiyyatı 181,50 manatdır. 17 yanvar 2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş akt vahid məlumat reyestrində qeydə alınmaqla yoxlamanın müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Elektrik enerjisindən istifadə Qaydaları"nm (Qaydalar) 8.16-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonraki dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən cavabdeh "xxxx" ASC İddiaçı ASC-yə bağlanmış enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsinə əsasən elektrik enerjisinin satışını həyata keçirir. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçməklə həmin tarixdə müvafiq akt tərtib edərək İddiaçı ASCnin istifadə etdiyi sayğaca baxış zamanı sayğacın A və B fazalardan keçən yükü düzgün qeyd etməməsi, sayğacı qidalandıran 2-ci tərəfin A və B gərginlik naqillərində keçiriciliyin oksidləşmə nəticəsində itməsini müəyyən etmiş və abonent İddiaçı ASC-yə 2572,79 manat məbləğində borc yazılmışdır . Məhkəmə bununla bağlı bildirir ki, hər hansı sayğacın elektrik yükünü düzgün qeyd edib-etməməsi məsələsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğuna görə yalnız bununla bağlı laboratoriya araşdırılması aparılmalı və müvafiq rəy verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərindən görünür ki, elektrik enerjisi sərfi ilə bağlı uçot müvəqqəti pozulduqda, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, yəni İddiaçı ASC-yə məxsus sayğacda elektrik enerjisi sərfi ilə bağlı uçot müvəqqəti pozulduğu üçün borc əvvəlki ay (oktyabr) üçün hesablanmış sərfiyyatdan artıq ola bilməz, belə ki, 2022-ci ilin oktyabr ayına hesablanmış elektrik enerjisi sərfiyyatı 181,50 manat məbləğində olduğu təqdirdə, akta əsasən borc məhz sözügedən həcmdə hesablana bilər Göründüyü kimi "xxxx" ASC tərəfindən 2391,29 manat (2572,79-181,50) məbləğində borc İddiaçı ASC-yə əsassız hesablandığına görə İddiaçı ASC-nin iddiası 2391,29 manat (2572,79-181,50=2391,29) məbləği hissəsində əsaslı olduğundan təmin edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********3 olan İddiaçı ASC-nin “Ağsu” filialına quraşdırılan sayğaca hesablanmış 2391,29 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********3 olan İddiaçı ASC-nin “Ağsu” filialına quraşdırılan sayğaca hesablanmış 2391,29 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-670/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-670/2023
14.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver