Məhkəmə qərarları › İş №e-2-2(113)-670/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-670/2025

03.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-670/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2 iyul 2019-cu il tarixli podrat müqaviləsinə əsasən Tikintidə Dövlət Nəzarəti Jurnalının, podratçı layihələri, çızgiləri, ekspert rəylərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Podratçı öz maliyə vəsaiti hesabına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 368 saylı sərəncamına və xx.xx.2015-ci il tarixli 13146 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-nin icarəsinə verilən Bakı Şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Gaşqay və S.Əsgərova küçələrinin kəsişmələrində yerləşən 3301 kv.metr torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 04 nömrəli tikintiyə icarəyə əsasən 1-ci blokun, 1 girişli, 2 mərtəbəli qaraj və binanın “0” səviyyəsindən yuxarı 18 mərtəbəli (texniki mərtəbə xaric) binasını tikib bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyə, sifarişçi isə bu müqavilənin 1.3-cü bəndində müəyyən edilən hissələr və sahələr çıxılmaqla qalan bütün hissələrini və sahəsini görülmüş işlərin muzdu olaraq natura şəklində “Podratçının” mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış podrat müqaviləsinin 3.2.1-ci maddəsinə əsasən işin icrası ilə əlaqədar podratçı layihələri, çızgiləri, ekspert rəylərini və s sənədlərdə ortaya çıxa biləcək çatışmamazlıqların aradan qaldırılmasının rəsmiləşdirilməsini “Sifarişçidən” tələb etmək hüququ var. Lakin binanın tikintisinə başlanılması üçün vacib əhəmiyyət kəsb edən sənədlər vardır ki, podratçı şirkət sifarişçi şirkətdən o sənədləri tələb etsədə hazırkı günədək təqdim edilməmişdir. ("xxxx" MMC isə bu hüququndan istifadə edərək 25 noyabr 2019-cu il tarixli, 117 №-li məktubla iddiaçıya müraciət etmişdir.) Belə ki, müvəqqəti işiq və su xəttlərinin çəkilməsi üçün texniki şərtlər, blok 1 yaşayış binasının kostruktiv həllinin əsili, Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi ərazinin ayrılmasına dair sənədlər, tikintinin başlanılması üçün Şəhərsalma və Arxitektura Komitəsinin verəcəyi müvafiq kod tikinti işlərinin başlanılması üçün vacib şərtdir. Həmçinin, "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış podrat müqaviləsinin 3.3.5-ci maddəsinə əsasən binanın tikintisinə dövlət nəzarəti üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı” tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl açılması ilə bağlı sənədləşdirmə işlərini öz vəsaiti hesabına həyata keçirmək Sifarişçinin ("xxxx" MMC) əsas vəzifəsidir. Sifarişçi “Tikintidə Dövlət Nəzarəti Jurnalı” nın açılması ilə bağlı sənədləşdirmə işlərini öz vəsaiti hesabına həyata keçirmədiyindən podratçı şirkət ("xxxx" MMC) öz üzərinə düşən öhdəlikləri icra edə bilmir. Belə ki, sifarişçi “Tikintidə Dövlət Nəzarəti Jurnalı” nın açılması ilə bağlı sənədləşdirmə işlərini həyata keçirsəydi podratçı şirkət müqavilədə göstərildiyi kimi 10 gün sonra tikinti-quraşdırma işlərinə başlamalı idi. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Hazırkı mübahisəli işin hallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 02 iyul 2019-cu il tarixli podrat müqaviləsi imzalanmağına baxmayaraq Sifarişçi öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Podratçı şirkət olan "xxxx" MMC binanın tikintiquraşdırma işlərinə başlasa belə həmin jurnalın mövcud olmaması podratçı şirkətin dövlət qarşısında qanunsuz tikinti işlərinin həyata keçirməsinə səbəb olacaq. Müqavilədə ilk öncə işin başlanılması üçün lazım olacaq sənədləşdirmə ilə bağlı müddəalara əməl olunmalıdır ki, müqavilənin digər şərtləri həyata keçmiş olsun. Hər bir halda tərəflər müqavilə şərtlərindən kənara çıxa bilməzlər. Qeyd edilən hallar nəzərə alındığından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(103)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02 iyul 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 262/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki: 1. Mübahisəli müqavilənin 2.1.1-ci bəndinə görə, müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində müqaviləyə əsasən əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq podratçının əsas vəzifələrinə aid edilmişdir. Həmin bəndin dispozisiya şərtindən göründüyü kimi, bənddə nəzərdə tutulmuş: 1) əhalinin köçürülməsi; 2) tikintiyə hazırlıq işlərinin görülməsi; 3) binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq vəzifələrinin hamısının yerinə yetirilməsi üçün ümumilikdə 6 ay müəyyən edilmiş, bu işlərin həyata keçirilməsinin dəqiq xronoloji ardıcıllığı müəyyən edilməmişdir. Bu, o anlama gəlir ki, həmin 3 qrup işlərin hamısı bir-biri ilə sıx bağlı olmaqla ümumilikdə və paralel olaraq 6 ay müddətində yerinə yetirilməlidir. Ona görə də bəndin icrası vəziyyətinə qiymət verərkən yalnız ayrıca bir komponentin əsas götürülməsi düzgün nəticəyə gəlmək üçün yetərli deyildir. 3 qrup vəzifənin yerinə yetirilməsinə birlikdə, əlaqəli şəkildə qiymət verilməlidir. Artıq 2 mənzilin və 1 qeyri-yaşayış sahəsinin sahibi köçürülərək onlara kirayə haqları ödənilmiş, 11 mənzilin sakinləri isə köçürülməmiş və hazırda öz mənzillərində yaşayırlar. Göründüyü kimi köçürmə işlərinə artıq başlanılmış, işlər qismən yerinə yetirilmişdir. Müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş tikintiyə hazırlıq işlərinin görülməsi, habelə binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanması isə bilavasitə tikinti-quraşdırma işlərinin aparılmasını nəzərdə tutur. Lakin həmin istiqamətdə işlərə başlanılmamış və "İnşaat Konstruksiyaları” MMC bunu Müqavilə ilə tələb olunan sənədlərinin bir qisminin (müvəqqəti işıq və su xətlərinin çəkilməsi üçün texniki şərtlər, blok 1 yaşayış binasının konstruktiv həllinin əsli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi azinin ayrılmasına dair sənədlər, tikintinin başlanması üçün komitə tərəfindən veriləcək müvafiq kod, Nəzarət Jurnalı) "xxxx" MMC tərəfindən təqdim olunmaması ilə əlaqələndirmişdir. 2. Müqavilənin 3.2.1-ci bəndinə görə, podratçının işin icrası ilə əlaqədar layihələri, cizgiləri, ekspert rəylərini sifarişçidən tələb etmək hüququ vardır. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin işin materiallarına əsaslanaraq qətnamədə qeyd etdiyi kimi, 117 №-li məktubdan görünür ki, "İnşaat Konstruksiyaları” MMC Bakı Sarayları” MMC-dən müqavilənin 3.2-ci bəndinə əsasən podrat layihəsini, cizgiləri, ekspert rəylərini və s. sənədlərin təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin isə qeyd edilən sənədləri qarşı tərəfə rəsmi təqdim etməsi işin materialları təsdiq edilmir. İkitərəfli müqavilələrdə tərəflərdən birinin hüququ birmənalı olaraq digər tərəf üçün öhdəlik yaradır. "İnşaat Konstruksiyaları” MMC-nin rəsmi tələb edib-etməməsindən asılı olmayaraq tikintinin layihəsi, cizgisi, ekspert rəyləri və tikinti işlərinə başlanılması üçün qanunla tələb olunan digər sənədlər təqdim edilmədən tikinti işlərinin həyata keçirilməsi qanunla qadağan olunduğu üçün "xxxx" MMC həmin sənədləri "İnşaat Konstruksiyaları” MMC-yə təqdim etməyə borclu idi. Sakinlərin köçürülməsinin, onların əvəzinə kirayə haqlarının ödənilməsinin şifahi vədlər əsasında deyil, rəsmi müqavilələr əsasında həyata keçirilməsi normal hüquqi təcrübənin tələbidir. Şifahi vədlərlə sakinlərin öz mənzillərini tərk edərək başqa yerə köçməyə inandırılması mürəkkəb iş olmaqla yanaşı, sonradan müəyyən hüquqi problemlər də yarada bilər. Eyni zamanda, aktiv tikinti işlərinə başlanılmaması onsuz da çətin olan bu prosesi sakinlərin etimadının qazanılması baxımından daha da mürəkkəbləşdirir. Qanunla tələb edilən sənədlər olmadan isə hər hansı tikinti-quraşdırma işlərinin aparılması qanunsuzdur. Göründüyü kimi, sözügedən 3 qrup işlərinin hamısı birbirilə əlaqədardır və onların hamısının uğurla və hüquqi şəkildə yerinə yetirilməsi yekun nəticədə tikintinin aparılması üçün qanunvericiliklə tələb edilən sənədlərə malik olmanı tələb edir. Odur ki, kollegiya hesab etmişdir ki, tikinti-quraşdırma işlərinə başlanılması üçün zəruri olan bütün sənədləri təqdim etmədən sifarişçinin müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan öhdəliklərin podratçı tərəfindən yerinə yetirilməməsinin iddia olunması ən azı ədalətsiz, hüquqi baxımdan isə əsassızdır. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin Kommersiya Kollegiyası belə qənaətə gəlmişdir ki, müqavilədə nəzərdə tutulmuş köçürmə işlərinin "İnşaat Konstruksiyaları” MMC-nin təqsiri üzündən yerinə yetirilməməsi işin materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi "xxxx" MMC-nin həmin sənədləri təqdim etmədiyindən "İnşaat Konstruksiyaları” MMC kifayət qədər maddi ziyan çəkmişdir. Müqavilənin bağlanılmasından 5 il keçməsinə baxamayaraq "xxxx" MMC bu günədək həmin sənədləri təqdim etməmişdir. Halbuki, sənədləşmə işlərinin və müvafiq olaraq digər xərclərin ödənilməsi üçün MMC kifayət qədər xərc çəkmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 7588/2024 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-1149/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7588/2024 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, ərizənin icraata götürülüb mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (birinci tərəf) ilə "xxxx" MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı öz maliyə vəsaiti hesabına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 368 saylı sərəncamına və xx.xx.2015-ci il tarixli 13146 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-nin icarəsinə verilən Bakı Şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Gaşqay və S.Əsgərova küçələrinin kəsişmələrində yerləşən 3301 kv.metr torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 04 nömrəli tikintiyə icarəyə əsasən 1-ci blokun, 1 girişli, 2 mərtəbəli qaraj və binanın “0” səviyyəsindən yuxarı 18 mərtəbəli (texniki mərtəbə xaric) binasını tikib bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyə, sifarişçi isə bu müqavilənin 1.3-cü bəndində müəyyən edilən hissələr və sahələr çıxılmaqla qalan bütün hissələrini və sahəsini görülmüş işlərin muzdu olaraq natura şəklində “podratçının” mülkiyyətinə verməyi öz öhdələrinə götürürlər.

10. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən işin icrası ilə əlaqədar podratçı layihələri, çizgiləri, ekspert rəylərini və sairə sənədlərdə ortaya çıxa biləcək çatışmamazlıqların aradan qaldırılmasının rəsmiləşdirilməsini “sifarişçidən” tələb etmək podratçının hüququdur.

11. Həmin müqavilənin 3.3.5-ci bəndinə əsasən binanın tikintisinə dövlət nəzarəti üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nı tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl açılması ilə bağlı sənədləşdirmə işlərini öz vəsaiti hesabına həyata keçirmək sifarişçinin vəzifəsidir.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “02 iyul 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə” iddia tələbinin rədd edilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)- 262/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-115/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

18. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

19. 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.

20. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

21. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmış, podratçı olaraq iddiaçı öz maliyə vəsaiti hesabına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 368 saylı sərəncamına və xx.xx.2015-ci il tarixli 13146 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-nin icarəsinə verilən Bakı Şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Gaşqay və S.Əsgərova küçələrinin kəsişmələrində yerləşən 3301 kv.metr torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 04 nömrəli tikintiyə icarəyə əsasən 1-ci blokun, 1 girişli, 2 mərtəbəli qaraj və binanın “0” səviyyəsindən yuxarı 18 mərtəbəli (texniki mərtəbə xaric) binanı tikib bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyi öhdəsinə götürmüşdür.

23. Belə ki, iddiaçı hazırda həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edə bilməsi üçün Tikintidə Dövlət Nəzarəti Jurnalının, podratçı layihələri, çızgiləri, ekspert rəylərinin cavabdehdən alınaraq ona verilməli olduğunu iddia edir.

24. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində iddiaçının (podratçı) öz öhdəliklərini icra etməsi üçün sifarişçinin qeyd edilən sənədləri təqdim etməklə bağlı hər hansı öhdəliyi müəyyən edilməmiş, iddiaçının öz öhdəliklərini icra edə bilməməsinin səbəbini qeyd edilən sənədlərin ona təqdim edilməməsi ilə əlaqələndirməsi isə ağlabatan deyildir.

25. Belə ki, podrat müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, həmin sənədlərin təqdim edilməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə isə iddiaçı məhkəməyə müqavilə bağlandığı tarixdən yalnız 5 il sonra müraciət etmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar