Məhkəmə qərarları › İş №e-2-2(113)-671/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-671/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-671/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 16,036.41 manat cərimə borcu olmaqla, cəmi 120,489.01 manat borcun; DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 9,972.47 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 73,549 manat borcun; DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 11,876.48 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 86,333.64 manat borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 171 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 20370,29 manat cərimə borcu olmaqla, cəmi 124822,89 manat borcun; DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479,95 manat faiz borcu, 3008,02 manat cərimə borcu olmaqla, cəmi 75878,04 manat borcun; DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72270,7 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu olmaqla, cəmi 88864,11 manat borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 180 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03457LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2020-ci il tarixli DC00300687-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 31,5% olmaqla 227,672 manat məbləğdə mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00300687-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla 75,000 manat məbləğdə mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00300687-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla 74841 manat məbləğdə mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Bundan başqa, Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00300687-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli, DG**********11 saylı, DC00300687-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli,DG**********69 saylı, DC00300687-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli,DG**********650 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək, xx.xx.2022-ci il tarixə DC00300687-01 saylı maliyyələşdirmə üzrə 335 gün, DC00300687-02 saylı maliyyələşdirmə üzrə 317 gün, DC00300687-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 323 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 16,036.41 manat cərimə borcu olmaqla, cəmi 120,489.01 manat, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 9,972.47 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 73,549 manat, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 11,876.48 manat faiz borcu, 2,186.46 manat cərimə borcu olmaqla, cəmi 86,333.64 manat təşkil edir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Belə ki, Tərəflər arasında bağlanmış X4 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda tərəflər arasında imzalanmış X4 5-ci bölməsinin 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətinivaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Əlavə olaraq, iddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 171 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan bağlanmış kredit və zaminlik müqavilələri cavadehlər tərəfindən asan imza vasitəsilə imzalanmış, ödənişlərin əksər hissəsi ödənilsə də, daha sonra ödənişlər edilmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdeh Qanuni nümayəndə iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, rəsmi olaraq Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olsa da, həmin MMC-nin fəaliyyətindən xəbərsizdir, belə ki, o, həmin MMC-də sürücü kimi işləmiş, lakin direktor kimi rəsmiləşdirilmiş, hətta bu yaxınlarda Cavabdeh2 MMC-nin dövlət büdcəsinə olan borclarının olması səbəbindən onun ölkədən çıxışına da məhkəmə tərəfindən qadağa qoyulmuşdur. Buna baxmayaraq onun adından həmin müqaviləni kənar şəxslər (X3) imzalamış, kredit onun tərəfindən götürülməmiş, onun tərəfindən iddiaçıya hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən iddia tələbi ona dair hissədə təmin edilməməlidir. Bundan əlavə, onun özü də işləri ilə əlaqədar vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış fərdi sahibkardır, materiallarda göstərilən asan imza ona məxsusdur, o, həmin imzanı təxminən 2010-cu ilin sonlarında almış, lakin həmin imzanın etibarlılıq müddəti bitdikdən sonra asan imzanın etibarlılıq müddəti onun tərəfindən uzadılmamışdır. Asan imzanın etibarlılıq müddətinin uzadılması ilə bağlı onun adından müvafiq orqanlara kimin ərizə verib həmin ərizələri imzalamağından məlumatsızdır. Suallara cavab olaraq bildirdi ki, göstərilən xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir, belə ki, X1 barəsində çoxsaylı şikayətlər var, həmin şikayətlər əsasında o, hüquq mühafizə orqanları tərəfindən axtarışdadır. Məhkəmə iclasında cavabdeh Qanuni Nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq cavabdeh Qanuni nümayəndəla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının digər cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, bu toplu iddiaçı tərəfindən bank xidmətlərinin təqdim edilməsi şərtlərini əks etdirir və onu qəbul edən şəxsə qeyd olunan şərtlərlə təqdim olunur. X4 1-ci bəndinə əsasən bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qurularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X4 1.2-ci bəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu Müqavilənin şərtlərini qəbul etmiş Müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan Ərizə formalarının Banka təqdim olunması və ya bu Müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün Ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə Müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. X4 3.1-ci bəndinə əsasən kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). X4 3.2-ci bəndinə əsasən müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC-03457LE/2019 saylı razılaşmaya əsasən cavabdeh bank xidmətlərinin göstərilməsinə dair X4 bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. xx.xx.2020-ci il tarixli DC00300687-01 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizədən görünür ki, Cavabdeh2 MMC illik faiz dərəcəsi 16,5 % olmaqla 227672 manat məbləği xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli DC00300687-02 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizədən görünür ki, Cavabdeh2 MMC illik faiz dərəcəsi 17% olmaqla 75000 manat məbləği xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli DC00300687-03 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizədən görünür ki, Cavabdeh2 MMC illik faiz dərəcəsi 17% olmaqla 74841 manat məbləği xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli DG**********11 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə Cavabdeh2 MMC arasında müqavilənin DC00300687-01 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 227672 manat məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən zamin, bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndidə göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yatanan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 17 iyul 2021-ci il tarixli DG**********9 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə Cavabdeh2 MMC arasında müqavilənin DC00300687-02 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 75000 manat məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən zamin, bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndidə göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yatanan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli DG**********650 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə Cavabdeh2 MMC arasında müqavilənin DC00300687-03 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 74841 manat məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən zamin, bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yatanan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış DC00300687-03 nömrəli müqaviləyə əsasən cavabdehin əsas borcu 64053,99 manat, faiz borcu 514,21 manat, gecikdirilmiş əsas borcu 8216,71 manat, gecikdirilmiş faiz borcu 2886,98 manat, cərimə borcu 343,03 manat cəmi 76014,92 manat təşkil edir. DC00300687-01 nömrəli müqaviləyə əsasən əsas borc 55477,65 manat, faiz borcu 762,82 manat, gecikdirilmiş əsas borc 39772,11 manat, gecikdirilmiş faiz borcu 3316,21 manat, cərimə faizi 2030,88 manat, cəmi 101359,67 manat təşkil edir. DC00300687-02 saylı müqaviləyə əsasən əsas borc 52751,54 manat, faiz borcu 274,01 manat, gecikdirilmiş əsas borc 8638,53 manat, gecikdirilmiş faiz borcu 2487,84 manat, cərimə faizi 312,67 manat, cəmi 64464,59 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-01552-2022 saylı maliyyə arayışından görünür ki, DC00300687-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 9529,76 manat əsas borc, 9202,84 manat faiz borcu, 16036,41 manat cərimə borcu olmaqla, cəmi 120489,01 manat təşkil edir. DC00300687-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 61390,07 manat əsas borc, 9972,47 manat faiz borcu, 2186,46 manat cərimə borcu olmaqla, cəmi 73549 manat təşkil edir. DC00300687-03 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 72270,70 manat əsas borc, 11876,48 manat faiz borcu, 2186,46 manat cərimə borcu olmaqla, cəmi 86333,64 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00030-2023 saylı maliyyə arayışından görünür ki, DC00300687-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 95249,76 manat əsas borc, 9202,84 manat faiz borcu, 20370,29 manat cərimə borcu olmaqla, cəmi 124822,89 manat təşkil edir. DC00300687-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 61390,07 manat əsas borc, 11479,95 manat faiz borcu, 3008,02 manat cərimə borcu olmaqla, cəmi 75878.04 manat təşkil edir. DC00300687-03 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 72270,7 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu olmaqla, cəmi 88864,11 manat təşkil edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-27-111/2-1302/2023 saylı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə elektron imza sertifikatı verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizədən görünür ki, "xxxx" MMC-nin asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* qeydiyyatdan keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizədən görünür ki, Qanuni nümayəndə fiziki şəxs kimi asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* qeydiyyatdan keçmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı cavabdehlərin kredit və zaminlik müqavilələrini asan imza vasitəsilə imzaladıqlarını, lakin cavabdeh Qanuni nümayəndə asan imzasının onda olduğunu, belə bir müqavilələr imzalamadığını, onun adından həmin müqavilənin kənar şəxs tərəfindən bağlandığını iddia edir. Məhkəmə cavabdeh Qanuni nümayəndə müqavilələrdə olan imzaların ona məxsus olmaması, həmin müqavilələrin bağlanmasına onun iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab edir. Belə ki, Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilmiş məlumata əsasən asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* nömrə həm fərdi sahibkar kimi Qanuni nümayəndə, həm də digər Cavabdeh2 MMC-nin adına qeydiyyatdan keçirilmiş, həmin imzanın etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir, bundan əlavə xx.xx.2015-ci il tarixdən fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Elektron məhkəmə informasiya sistemindən proses iştirakçılarına dair məlumatlar bölməsindən əldə edilmiş çıxarışa əsasən cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC ilə aktiv əmək müqaviləsi (vəzifəsi – direktor olmaqla) vardır. Bu səbəbdən məhkəmə cavabdeh Qanuni nümayəndə həmin müqavilələrin onun adından başqa şəxsin imzalaması, onun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməməsi barədə dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cavabdehin bu izahatını qeyri-səmimi qəbul etməklə, onun iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərdən yayınması cəhdi kimi qiymətləndirir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Cavabdeh Qanuni nümayəndə iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi hallarla bağlı öz izahatından başqa Məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479,95 manat faiz borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən borclar cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 20370,29 manat, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 3008,02 manat,DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 2942,28 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 4700 manat, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 3000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə iddiaçıya DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479,95 manat faiz borcu, 3000 manat cərimə, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcu və 2942,28 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə, 180 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada DC00300687- 01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651.13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274286,73 (iki yüz yetmiş dörd min iki yüz səksən altı manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar