Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6715/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış və ödənilmiş 88661 (səksən səkkiz min altı yüz altmış bir) manat məbləğində pulun **********00000 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 355,98 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda yerləşən, ona məxsus qeyri yaşayış sahəsi (İstixana) müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2020-ci ilin fevral ayına qədər tərəflər arasında hərhansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2020-ci ildə isə cavabdehlə aramızda mübahisə yaranmış və bugünədək davam edir. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilat tərəfindən mənə aktlar əsasında borclar hesablanmış və məndə həmin borcun silinməsi və ödənilmiş hissəsinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdim. Bakı Kommersiya məhkəməsinin e-2-2(113)- 3789/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və sözügedən qətnamə hazırda qanuni qüvvəsini almışdır. Sözügedən mübahisə üzrə məhkəmə icraatı zamanı mənə məlum olmuşdur ki barəmdə yenədə akt tərtib edilib və bu aktlar barədə mənə məlumat verilməmiş, bu azmış kimi cavabdeh təşkilat istifadə edilmiş və gələcəkdə ediləcək qazın dəyərinə görə ödədiyim pul vəsaitlərini mənim razılığım və məlumatım olmadan həmin aktlar əsasında hesablanmış əsassız borcun ödənilməsinə yönəltmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, cavabdeh təşkilat mənə xx.xx.2017-ci il tarixdə 282 saylı akt tərtib edərək sayğac göstəricisindən əlavə 38884,80 manat və xx.xx.2017-ci il tarixli, 302 saylı akt tərtib edərək sayğac göstəricisindən əlavə 49776,20 manat məbləğində borc hesablamışdır. Göründüyü kimi iki akt əsasında mənə ümumilikdə 88661 manat məbləğində əsassız borc hesablanmışdır. Sözügedən borc tərəfimdən istifadə edilmiş qazın dəyərinə görə ödənilmiş vəsaitlərdən qanunsuz olaraq çıxılmışdır. Hesab edirəm ki, əsassız hesablanmış borc qanunsuz olaraq mənim ödənişlərim hesabına ödənilmişdir və belə olan halda həmin məbləğ qaz hesabıma geri qaytarılmalıdır. Sözügedən iki aktla bağlı tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə mənə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmdə olan qaz sayğacı çıxarıldığı üçün cavabdeh təşkilat tərəfindən hüquqa bəlli olmayan üsulla əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək mənim qaz hesabıma işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcu tərəfimizdən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəfimidən bildirildi və ödənilmiş məbləğin qaz hesabıma geri qaytarılması tələb edildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər lakin göründüyü kimi heç bir müsbət nəticə əldə edilməmişr. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı Məhkəmənin nəzərini bir neçə məqama çəkmək istəyirəm. Belə ki, aktlar 2017-ci ilin fevral və mart aylarında guya tərəfimdən təbii qazdan sayğacsız istifadə edildiyi üçün tərtib edilmişdir. Lakin abonent saldosuna baxdıqda aydın görmək olur ki mən daim yalnız sayğac vasitəsi ilə təbii qazdan istifadə etmişəm. Qaz sayğacı olmasaydı təbii ki bu abonent saldosunda öz əksini tapardı. Aktların mövcudluğundan mənim ümumiyyətlə məlumatım olmamış bu barədə məlumatı yalnız 2023-cü ildə məhkəmə icraatı zamanı aparılmış araşdırma nəticəsində bilmişəm. Cavabdeh təşkilat mənə məlumat vermədən barəmdə aktlar tərtib etmiş və bu azmış kimi qaz hesabıma etdiyim ödənişlərdən həmin aktların ödənilməsini təmin etmişlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən hazırda nəticəsi mübahisələndirilən aktların əldə olunması üçün cavabdeh təşkilata müraciət etsəmdə aktları mənə təqdim edə bilmədilər. Bildirdilər ki “sistemdə” aktların nömrəsi və tarixi olsada faktiki aktların tapılması mümkün deyil. Mən kənd təsərrüfatı mallarının yetişdirilməsi ilə məşqulam. Cavabdeh təşkilatın əməkdaşları mənim qaz təchizatı sahəsində kifayət qədər biliyə malik olmadığımdan istifadə edərək məni aldatmışlar. Qeyd etmək istəyirəm ki iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi mən heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmişəm. Cavabdeh təşkilat işlək sayğacım olduğu halda məni aldadaraq mənə əlavə borclar hesablamışdır. Mübahisə dövrü ərzində sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. Tərtib edilmiş sonuncu aktla bağlı qeyd etmək istəyirəm ki, mən təbii qazdan qanunsuz istifadə etməmişəm, cavabdeh təşkilatın əməkdaşları nə zaman və hansı əsaslarla baxış keçirmələrindən məlumatım olmamışdır. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2017-ci ilin fevral və mart aylarındaözlərinin müəyyən etdiyi tərzdə mənə ümumilikdə 88661 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə sahibkarın müflisləşməsinə səbəb olur. Qeyd etmək istəyirəm ki, tərəfimdən cavabdeh təşkilata Pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış və ödənilmiş borcun abonent hesabına geri qaytarılması tələb edilmişdir, lakin göründüyü kimi müsbət nəticə əldə edilməmişdir. Cavabdeh İB tərəfindən barəmizdə tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun barəsində 2017ci ildə iki aktın tərtib edilməsindən məlumatsız olmuş, həmin aktlar üzrə ona yazılmış borcu tam şəkildə bilmədən ödəmişdir. Həmin aktları cavabdehdən tələb etsə də, ona həmin aktlar təqdim edilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Cavabdehə məxsus abonent saldosundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2017-ci ilin fevral ayında 38884,80 manat, 2017-ci ilin mart ayında isə 49776,20 manat məbləğində aktlar əsasında borc hesablanmışdır.
8. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müraciət edərək, 2017-ci ilin fevral və mart aylarında yazılmış aktların ona təqdim edilməsini xahiş etmişdir.
9. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 2017-ci ilin martında 38884,80 manat, 2017-ci ilin mart ayında isə 49776,20 manat məbləğində borc hesablanmışdır.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2017-ci ilin fevral və mart aylarında cavabdeh tərəfindən iddiaçıya əlavə borclar hesablanmışdır.
12. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən aktlarla iddiaçıya hesablanmış borclar əsaslı hesab edilə bilməz.
13. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının abonent haqqında məlumatından, eləcə də iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin fevral ayında 38884,80 manat, 2017-ci ilin mart ayında isə 49776,20 manat aktlar əsasında borc hesablanmışdır.
14. Cavabdeh tərəfindən qeyd edilən aktlar məhkəməyə təqdim edilməmiş, bununla da aktlar üzrə hesablanmış borcun əsaslı olmasını sübut edə bilməmişdir.
15. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
16. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
17. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
18. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
20. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
21. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
22. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
23. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
24. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
25. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
26. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 88661 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış borclar da əsaslı hesab edilə bilməz.
27. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin fevral və 2017-ci ilin mart ayında tərtib edilmiş aktlar əsasında hesablanmış və iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 88661 manat (38884,80 manat + 49776,20 manat) məbləğində pul iddiaçıya məxsus **********00000 nömrəli abonent hesabına geri qaytarılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 356 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı2 tərəfindən ödənilmiş 88661 (səksən səkkiz min altı yüz altmış bir) manat məbləğində pulun İddiaçı2 məxsus **********00000 nömrəli abonent hesabına geri qaytarılması öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 356 (üç yüz əlli altı) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova