Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6717/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X9 cavabdeh “X7” ASC-yə qarşı kredit müqaviləsi üzrə faiz və cərimə borcunun hesablanmasının dayandırılması və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:kredit müqaviləsi, restruktrizasiya) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X9, Cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X9 cavabdeh “X7” ASC-yə qarşı “kredit müqaviləsi üzrə faiz və cərimə borcunun hesablanmasının dayandırılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X15 cavabdeh “X7” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 145G/23 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə hesablanmış faiz və cərimə borclarının silinməsi, müqavilə üzrə faiz və cərimə borcu hesablanmasının dayandırılması, xx.xx.2023-cü il tarixli, 145G/23 nömrəli Əlavə Kredit Müqaviləsinin qalıq əsas borcunun restruktrizasiya edilməklə aylıq 500 manat ödəniş müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçı ilə "xxxx" ASC arasında (145G/23 nömrəli Əlavə Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Bank” tərəfindən ona verilən kreditin məbləği 150.000 manat təşkil edir. Kredit 24 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 16 faizlə ödəmək şərti ilə verilmişdir. Qeyd olunan kredit müqaviləsinin təmini kimi X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə bağlandığı gündən bütün müddət ərzində ödənişləri vaxtında edilmişdir. Lakin fors-major hallara görə sonuncu dəfə kreditin son ödənişini edə bilməmişdir. Ödənişi qrafik üzrə nəzərdə tutulandan az ödəməli olmuşdur. Yaranan çətinliklərin aradan qaldırılmasına kimi Bankın ona güzəşt edərək faizlərin dayandırılması üçün müvafiq ərizə ilə müraciət etmiş, lakin Bank tərəfindən xahişi nəzərə alınmamışdır. Onun vəziyyətində Bank borcun müvafiq restruktrizasiyasını həyata keçirməlidir. Ticarətlə məşğul olduğu 8-ci KM Bazarında etibarından sui istifadə edən bir neçə şəxs tərəfindən aldadılaraq malları ələ keçirilmiş və bu günə kimi həmin malların pulları qaytarılmır. O artıq fəaliyyət göstərmir. Çünki bütün var dövlətini talayan bu şəxslər malların pulunu qaytarmadığı üçün o da mal aldığı şəxslərin pullarını qaytara bilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-527/2024 saylı, xx.xx.2024-cü il tarixli və 1(101)- 528/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmləri ilə X10 və X4 barəsində ittihamedici hökmlər çıxarılmışdır. Həmin hökmlərlə onun mülki iddiaları təmin edilmiş, Elşad Cəbiyevdən 71.422 manat, Elman Ağasıyevdən isə 81.350 manat tutularaq ona ödənilməsi qərarlaşdırılmışdır. Bundan başqa X11 və X5rı tərəfindən də etibarından sui istifadə edilərək küllü miqdarda əmlakı talan edilmişdir. Bu işlə əlaqədar oalraq hazırda müvafiq şikayətlərinə baxılmaqdadır. Bu iş üzrə şəxlərin ona 58000 ABŞ dolları verəcəkləri vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X15 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. - 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. - 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6717/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia, kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borclarının silinməsi hissəsində baxılmamış saxlanılmışdır.
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında xx.xx.2021-ci il tarixində 71UG/21 saylı əsas kredit müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində borc verən borc alana Əlavə Kredit müqavilələri bağlanılmaqla kredit verir .
10. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 145G/23 saylı əlavə kredit müqaviləsinə görə bank tərəfindən borcalana 24 ay müddətinə xx.xx.2025-ci il tarixinə kimi illik 16 faiz ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir.
11. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC (borc verən) ilə Kuliev Veli (borc alan) arasında bağlanmış əsas kredit müqaviləsi və əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq X6 ilə xx.xx.2021-ci il tarixli 71UGİ/21 saylı ipoteka müqaviləsi bağlanmışdır.
13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı kredit müqaviləsi üzrə pulun götürüldüyünü qəbul etmiş, ancaq öhdəliklərini ondan asılı olmayan səbəbdən yəni, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təmin edilmiş, Elşad Cəbiyevdən 71.422 manat, Elman Ağasıyevdən isə 81.350 manat mülki iddiasının icra edilməməsi və maddi imkanının olmaması ilə əsaslandırmışdır.
14. Məhkəmə ilk öncə iddianın kredit müqaviləsi üzrə faiz və cərimə borcunun dayandırılması hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Kuliev Veli arasında bağlanmış kredit müqaviləsi üzrə faizlərin hesablanması və qaytarılması qaydası elə həmin müqavilənin 2-ci hissəsində tərəflər arasında razılaşdırılmışdır.
15. Belə ki, müqavilədə faiz və cərimənin dayandırılması ilə bağlı əlavə şərt nəzərdə tutulmamış, eyni zamanda müqavilə hazırda da, qüvvədədir (xx.xx.2025-ci il tarixinə kimi).
16. Ona görə də, qeyd edilən hissədə iddia təmin edilə bilməz.
17. Məhkəmə iddianın xx.xx.2023-cü il tarixli, 145G/23 nömrəli kredit müqaviləsinin qalıq əsas borcunun restruktrizasiya edilməklə aylıq 500 manat ödəniş müəyyən edilməsi barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. Məhkəmə həmçinin qeyd edir ki, restrukturizasiya anlayışı, müqavilənin şərtlərinin dəyişdirilməsi kimi başa düşülməlidir.
19. Yuxarıda da, qeyd edildiyi kimi, müqavilənin dəyişdirilməsi üsullarından birincisi tərəflərin razılığıdır. Hazırda isə belə bir hal mövcud deyildr.
20. Həmçinin məhkəmə qeyd edir ki, müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda dəyişdirilə və ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar.
21. Hazırda da, görünür ki, Bank tərəfindən hər hansı bir öhdəlik pozulmamış, yəni müqavilə ilə nəzərdə tutulmuş pul iddiaçıya verilmişdir. Həmçinin də, Məcəllədə və müqavilədə iddiaçının istinad etdiyi əsasla müqavilənin dəyişdirilməsi halı nəzərdə tutulmamışdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, müqavilənin ləğv edilmiş və dəyişdirilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir.
23. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin dəyişdirilməsinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun dəyişdirilməsi halları nəzərdə tutulmamışdır.
24. Məhkəmə həmçinin qeyd edir ki, hazırda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı da, mövcud deyildir.
25. Son olaraq Məhkəmə qeyd edir ki, iddiaçının digər şəxslərdən hökmlə tutulmuş pulun icra edilməməsi və maddi imkanının zəif olması halı müqavilənin restrukturizasiyası üçün əsas deyildir.
26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Kuliyev Velinin cavabdeh “X7” ASC-yə qarşı “faiz və cərimə borcunun hesablanmasının dayandırılması və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov