Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6724/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı1 Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 üzərinə məndən aldığı borca görə 8000 (səkkiz min) manat məbləğində pul borcunu, 300 manat vəkilə ödənilmiş hüquqi yardım məbləğini və dövlət rüsumu kimi ödədiyi 100 manatı – ümumilikdə 8400 (səkkiz min dörd yüz) manatı ona ödəmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işin faktiki halları Cavabdeh2 ilə 26 aprel 2025-ci il tarixdə borc müqaviləsi bağlayaraq, 8000 (səkkiz min) manat məbləğində pul borc vermişəm. Bu müqavilə notarial bağlanmışdır. Cavabdeh borcun qaytarılması ilə bağlı heç bir hərəkət göstərmir. Bu da borcun qaytarılmasından imtinaya bərabərdir. Bu da borcun qaytarılmasından imtina və mülkiyyət hüququmun pozulması kimi qiymətləndirilməli və qeyd olunan pul məbləği məhkəmə qaydasındaalınaraq mənə ödənilməlidir. Binəqədi Rayon Məhkəməsinin e2(001)-5687/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qəradadı əsasında hər iki tərəfin VÖEN-nin olması səbəbilə kommersiya məhkəmələrində baxılmalı olduğu qənaətinə gəlinmişdir. Tələbin hüquqi əsasları MülkiMəcəllənin 739.1.-ci maddəsinəəsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh aldığı borc məbləğini xx.xx.2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyin icrasından boyun qaçırır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı ilə 26 aprel tarixində borc müqaviləsi bağlanmışdır. İşlə bağlı və ailəvi problemlərə görə ödəniş edə bilməmişdir. 8000 manat borcunu qəbul edir, hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 26 aprel 2025-ci il tarixli borc müqaviləsinə əsasən:
9. Müqavilənin 1-ci bəndinə əsasən "Borc verən" "Borc alana" 8000 manat məbləğində pul borc verir.
10. Müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" borcu xx.xx.2025 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.
11. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
12. Müqavilənin 4-cü bəndinə əsasən borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
13. Müqavilənin 5-ci bəndinə əsasən "Borc alan" borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər.
14. Müqavilənin 6-cı bəndinə əsasən "Borc alan" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirir.
15. Müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında borclunun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
16. Müqavilənin 8-ci bəndinə əsasən "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
17. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
18. Müqavilənin 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
19. Müqavilənin 11-ci bəndinə əsasən müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir.
20. Müqavilənin 12-ci bəndinə əsasən bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüxsələri isə tərəflərdə qalır.
21. Məhkəmə, tərəflərin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğində borc verilib, cavabdeh həmin borc məbləğini xx.xx.2025-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, bugünə kimi öhdəliyini icra etməmişdir. Borcun hələ də mövcüd olmasını (həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin edilməməsini) hazırlıq iclasında iştirak edən cavabdeh etiraf etmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2 - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Maddə 740.1 - borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
27. Maddə 740.2 - borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
28. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır.
29. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca dair hissədə təmin edilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 100 manat dövlət rüsumu və 300 manat məbləğində vəkil xərci ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün 100 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti və 300 manat məlbəğində vəkil xərci Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 8000 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova