Məhkəmə qərarları › İş №e-2-2(113)-6739/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6739/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6739/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra-iddiaçı) Cavabdeh2 (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 438919-CNS-53500saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 420.21 (dörd yüz iyirmi manat 21 qəpik) manat məbləğində əsas borc, 34.49 (otuz dörd manat 49 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 454.70 (dörd yüz əlli dörd manat 70 qəpik) manat pul məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumuna dair xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iləCavabdeh2 arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 438919-CNS-53500 saylı, “Kredit müqaviləsi”nə əsasənCavabdeh2na illik 21% (iyirmi bir) faiz hesablanması şərti ilə 24 ay müddətinə 6000 (altı min manat ) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilmişdir. Verilmiş kredit vəsaiti Cavabdeh2 adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılmış kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2025 -ci il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh2 Banka 420.21 (dörd yüz iyirmi manat 21 qəpik) manat məbləğində əsas borc, 34.49 (otuz dörd manat 49 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 454.70 (dörd yüz əlli dörd manat 70 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Qaracayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu tərəfindən daha sonra ödənilmiş edilmiş, hazırda əsas borcu 395,29 manat, faiz borcu 0,01 manat təşkil edir. Yekun məhkəmə aktı qəbul edilən zaman nəzərə alınmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir .

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 438919-CNS-53500 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 21 (iyirmi bir) % olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi ilə verilmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, 6000 manat məbləğində kredit xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim edilmişdir.

14. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 438919-CNS-53500 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 420,21 manat məbləğində əsas borc, 34,49 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə borcu isə 454,70 manat təşkil edir.

15. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 438919-CNS-53500 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 395,29 manat məbləğində əsas borc, 0,01 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə borcu isə 395,30 manat təşkil edir.

16. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 60 manat ödəniş olunmuşdur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 438919- CNS-53500 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. İddiaçı iddia ərizəsində 420,21 manat əsas borc, 34,49 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etsə də cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 395,29 manat, faiz borcu 0,01 manat təşkil edir.

20. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 395,29 manat, 0,01 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 395,29 manat əsas borc, 0,01 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 395,29 manat əsas borc, 0,01 manat faiz borcu, 25 manat dövlət rüsumu, ümumilikdə 420,30 (dörd yüz iyirmi manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5 (beş) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar