Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6743/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.398,12 (dörd min üç yüz doxsan səkkiz manat on iki qəpik) manat pul və 63,99 (altmış üç manat doxsan doqquz qəpik) dövlət rüsumu, ümumilikdə 4.462,11 (dörd min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə (Bizim market) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə (Bizim market) baş vermiş yanğın hadisəsi nəticəsində maddi ziyan dəymişdir. AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd edilmişdir: “Cavabdehüzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci və 6.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 09 avqust 2023-cü il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən, X2 məxsus, "xxxx" MMC-yə icarəyə verilmiş “Bizim Market” mağazasında yanğın dondurma soyuducusunun mühərrik hissəsində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir.” xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə dəyişiklik barədə sazişdən görünür ki, X3 ünvan 3 ünvanında yerləşən 1.112,4 m sahəsi olan daşınmaz əmlakını xx.xx.2022-ci il tarixindən xx.xx.2031-ci il tarixinədək “BMMarket icarəyə vermişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, CFİ-0125/2023- AKT1814/23 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-yə600 (altı yüz) manat azadolma və 1,88 (bir manat səksən səkkiz qəpik) sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı məbləğləri çıxılmaqla 4.398,12 (dörd min üç yüz doxsan səkkiz manat on iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azsığorta” ASC yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində 4.398,12 (dörd min üç yüz doxsan səkkiz manat on iki qəpik) manat əsas məbləğ və 63,99 (altmış üç manat doxsan doqquz qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 4.462,11 (dörd min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində dəymiş ziyanın subroqasiya qaydasında ödənilməsi ilə bağlı Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Belə ki, tələbin əsası olaraq, AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq idarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında yalnız ad və soyadımın qeyd olunması olmuşdur. Məlumat üçün bildirmək istəyirəm ki, mən “BM Market" MMC-nin ştat cədvəli üzrə əməkdaş olaraq çalışmamışam, yalnız notariat qaydada mənə verilmiş etibarnamə əsasında nümayəndə kimi bir neçə icarə müqaviləsi bağlamışam. Bu növ əqdlərin bağlanması hüquqi olaraq yalnız təmsilçilik xarakteri daşıyır və özü özlüyündə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı hər hansı vəzifə və məsuliyyət yaratmır. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 1.5-ci maddəsinə əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Elektron məhkəmə portalında iddiaçı tərəfindən əlavə olunmuş sənədlərin arasında belə bir sənədin əlavə etməməsi iddia tələbinin bir daha əsassız olduğunu göstərir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edib yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1112,40 kv.m daşınmaz əmlak X1 xüsusi mülkiyyətindədir.
10. X3 (icarəyə verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1112,4 kv.metr olan qeyri-yaşayış sahəsinin 412.40 kv.m sahəsinin icarəçinin faktiki sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə öz növbəsində həmin əmlakı qəbul edib hazırkı müqavilədə göstərilmiş təyinatı üzrə istifadə etməyi və razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür.
11. İcarə müqaviləsinin 2.1.3-cü bəndinə əsasən icarə sahəsindən istifadə zamanı yanğından mühafizə qaydalarına əməl edilməsinin tələb edilməsi icarəyə verənin hüququdur.
12. Müqavilənin 2.4.2-ci bəndinə əsasən əmlakın təhlükəsizliyini təmin etmək icarəçinin vəzifəsidir.
13. X3 (icarəyə verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəçi) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsinə dəyişiklik barədə saziş imzalanmışdır.
14. Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir.
15. 30.01.2024-cü il tarixli, CFİ-0125/2023-AKT1814/23 nömrəli sığorta aktına əsasən sığorta hadisəsi üzrə müəyyən olunmuş zərərin məbləği 5000 manat təşkil edir.
16. 30.01.2024-cü il tarixli, CFİ-0125/2023-AKT1814/23 nömrəli sığorta aktına əsasən iddiaçı tərəfindən sığortalıya 4398,12 manat ödəniş olunmuşdur.
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 5 ünvanında yerləşən, X2 məxsus, "xxxx" MMC-yə icarəyə verilmiş “Bizim Market” mağazasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur.
18. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
22. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
23. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi (yanğın) baş vermiş, sığortalıya dəymiş zərər 5000 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 4400 manat sığorta ödənişi (400 manat azad olma məbləği çıxılmaqla) verilmişdir.
25. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb əsaslı deyil.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-nin işçisi deyildir, habelə işçisi olmamışdır, həmin MMC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş, həmin etibarnamə ilə MMC adından müqavilələr bağlanması, onu müxtəlif dövlət və qeyri-dövlət orqanlarında təmsil edilməsi səlahiyyətləri cavabdehə verilmiş, həmin etibarnamə əsasında cavabdeh materiallarda olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsini, habelə onun xx.xx.2022-ci il tarixli əlavəsini imzalamışdır.
27. “Yanğın təhlükəsizliyi haqqına” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə yerinə yetirilir. Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aiddir.
28. “Yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1-ci bəndinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.
29. Qaydaların 6.2-ci bəndinə əsasən elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.
30. Qaydaların 6.3-cü bəndinə əsasən işin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.
31. İddiaçı tərəfindən məhkəməyə cavabdehin üzərinə icarə sahəsinin mülkiyyətçisi, habelə icarəçi tərəfindən icarə sahəsində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması barədə hər hansı sübut təqdim edilməmişdir.
32. Materiallarda olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqından qərardan görünür ki, cavabdehin izahatı ümumiyyətlə alınmamış, qərarın özündə də icarə sahəsində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin icarə müqaviləsinin 2.1.3-cü bəndinə əsasən icarəçinin, yəni "xxxx" MMC-nin vəzifəsi kimi müəyyən edildiyi göstərilmişdir.
33. Hazırkı məhkəmə araşdırması zamanı hadisənin baş verməsində (mağazada olan dondurma soyuducusunun mühərrik hissəsində qısaqapanma) cavabdehin təqsirinin olması müəyyən edilməmişdir.
34. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
36. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
37. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
38. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
39. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
40. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
42. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
43. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
44. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər” (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
45. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
46. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
47. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 63,99 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 63,99 (altmış üç manat doxsan doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova