Məhkəmə qərarları › İş №e-2-2(113)-676/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-676/2024

20.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-676/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, plandankənar yoxlama üzrə reyestrin aparılma qaydası, qaz paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmayan sərfiyyata görə məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 18069,5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının istehsalat sahəsi Bakı-Sumqayıt şosesi 20-ci kilometr ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. İddiaçı ilə cavabdeh arasında 13 mart 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqında müqaviləsi bağlanmışdır. Lakin həmin qeyri-yaşayış sahəsinin sayğacı mülkiyyətçi Qanuni nümayəndə adınadır. Qaz sərfiyyatı ilə bağlı elektron qaimələr isə müqavilə əsasında İddiaçı MMC-yə təqdim edilir. 2.2. 03 mart 2023-cü il tarixində cavabdeh adıçəkilən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı çıxararaq yerinə müvəqqəti sayğac quraşdırmışdır. Sayğac çıxarılarkən bütün plombları üzərində olmuş və sayğaca heç bir kənar müdaxilə olmamışdır. Həmin sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 16 aprel 2023-cü il tarixində isə müvəqqəti sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra cavabdeh heç bir əsas olmadan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Qanuni nümayəndə barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişdir. Sonradan isə həmin akt əsasında iddiaçıya təbii qazdan istifadəyə görə 18069,5 manat məbləğində əlavə pul hesablamışdır. Cavabdeh bu cür əsassız və qeyri-qanuni hərəkətləri ilə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri qeyri-qanuni və əsassız olduğundan qazdan istifadəyə görə iddiaçıya hesablamış 18069,5 manat əlavə pul məbləği silinməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi hər hansı maddi və ya prosessual hüquq normasına istinad edilməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçının istifadəsində olan “G-400” markalı 80111557 nömrəli sayğacın 2020-ci ilin 12-ci ayından etibarən elektron göstəricisi işləməsə də, mexaniki göstərici sərfiyyatı qeydə almış, hər ay cavabdehin əməkdaşları müvafiq əmsal tətbiq etməklə sərfiyyatın məbləğini hesablamış və qaiməni iddiaçıya təqdim etmişdir. Belə olan halda, elektron göstəricinin işləmədiyi 2020-ci ilin 12ci ayından 2023-cü ilin 2-ci ayınadək yenidən cavabdeh tərəfindən sərfiyyat hesablanması qanunsuzdur. Çünki hər ay cavabdeh əmsal tətbiq edərək qaz sərfini hesablamışdır və bu halda həmin dövr üçün yenidən əmsal tətbiq edilməsi məntiqə uyğun deyildir. Digər tərəfdən, sayğac qeyri-yaşayış sahəsindən təqribən 2 km uzaqda yerləşdiyindən həmin sayğaca müdaxilə də mümkün deyildir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, sayğacın mülkiyyətçisi Qanuni nümayəndə olsa da, cavabdehlə müqavilə iddiaçı tərəfindən bağlanmış, hazırda təbii qazdan da iddiaçı istifadə edir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz etdi və qeyd etdi ki, “G-400” markalı 80111557 nömrəli sayğac cavabdehə aid sahədə yerləşdirilməmişdir. Qeyd edilən sayğacda korrektorun sönməsi nəticəsində elektron göstərici işləmədiyindən qazın sərfiyyatı mexaniki göstəriciyə hər ay müvafiq əmsallar tətbiq edilməklə hesablanmışdır. Lakin laborator şəraitdə sayğacın elektron göstəricisi və əmsallar dəqiqliklə oxuna bildiyindən qeydə alınmamış sərfiyyat yenidən hesablanmış, bu zaman hər ay üçün hesablanmış sərfiyyat çıxılaraq yekun məbləğ əldə edilmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, iddiaçı sənaye qaz qurğusu istifadəçisi olduğundan məhz onun vəsaiti hesabına qüsurlu sayğac yenisi ilə əvəz edilməlidir. Sayğacdakı qüsur barədə qaz paylayıcısı tərəfindən istehlakçının məlumatlandırılmasının qanunvericilikdə vahid forması nəzərdə tutulmasa da, iddiaçıya şifahi qaydada məlumat verilmişdir. Eyni zamanda cavabdehin hər bir qüsurlu sayğacı müvəqqəti sayğacla əvəz etməyə maddi imkanı yoxdur. Digər tərəfdən, laboratoriyada müvafiq itkinin hesablanması yoxlama olmadığından yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 16 mart 2022-ci il tarixli AMX-2055/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğac xx.xx.2023cü il tarixdə elektron hissənin işləməməsi səbəbindən çıxarılmış, müvəqqəti olaraq həmin gün “G-400” markalı 32104163 nömrəli sayğac quraşdırılmışdır. 29 mart 2023-cü il tarixdə cavabdehin Metrologiya Departamentində çıxarılan sayğaca baxış keçirilmiş, korrektorun xx.xx.2020-ci il tarixdən söndüyü, bu səbəbdən arxivlərin pozulduğu, mexaniki hissədən keçən 223129 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmiş, nəticədə batareyanın tələb olunduğu göstərilmiş, bu barədə qeyri-əhali sayğacının yoxlanılması haqqında 10 aprel 2023-cü il tarixli SS-14-2-2/3-5-2155-3 nömrəli akt tərtib edilmiş, daha sonra həmin akt əsasında 31 may 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. 02 iyun 2023-cü il tarixdə uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilərək 72278 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 6-cı ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 18069,50 manat məbləğində borc daxil edilmişdir.

13. İddiaçı “G-400” markalı 80111557 zavod nömrəli sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı cavabdehin əməkdaşları tərəfindən müvafiq əmsal tətbiq edilərək hər ay üçün faktura təqdim edildiyi və borc ödənildiyi halda, faktura təqdim edilmiş aylar üçün yenidən hesablama aparılmasını qanunsuz hesab edir və borcun silinməsini tələb edir.

14. Cavabdeh laborator şəraitdə sayğacdan keçən, lakin qeydə alınmayan qaz sərfinin daha dəqiq müəyyən oluna bildiyini, həmçinin bu zaman cavabdehə hər ay üçün hesablanan sərfiyyatın da nəzərə alındığını (yəni çıxıldığını) qeyd edir, sayğacın vaxtında dəyişdirilməməsini iddiaçının yeni sayğacın dəyərini ödəməməsi ilə əlaqələndirir və iddianın rədd olunmasını xahiş edir.

15. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Əvvəla qeyd edilməlidir ki, cavabdeh tərəfindən əks iddia olunsa da, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “çıxarılmasına səbəb” qrafasında növbəti yoxlama göstərilmiş, tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 10 aprel 2023-cü il tarixli SS- 14-2-2/3-5-2155-3 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

20. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

21. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

22. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

23. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

24. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

27. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır.

28. Lakin hazırkı iş üzrə yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. KY231934643 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.

29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.

30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

31. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.

32. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.

33. Hazırkı halda isə sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq halın aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız uçotu aparılmayan təbii qazın həcminin hesablanması üçün tələbnamənin daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.

34. Digər tərəfdən, laboratoriya rəyindəki məlumatlardan görünür ki, iddiaçının istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğacda batareyanın tükənməsi ilə bağlı korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməsi halı mövcud olmuş, bu səbəbdən sayğac sərfiyyatı düzgün qeydə almamışdır. Sayğacda yaranmış bu nasazlığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə ki, sayğac çıxarılarkən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda plombun vəziyyəti “yerindədir” qeyd edilmiş, laborator müayinə nəticəsində tərtib edilmiş 10 aprel 2023-cü il tarixli SS-14-2-2/3-5-2155-3 nömrəli aktda da əks hal müəyyən olunmamışdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür, cavabdeh isə bu hesablamanın qanuni əsasını göstərə bilmir.

35. Belə ki, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. Hazırkı halda cavabdeh müxtəlif korreksiya əmsalları tətbiq edilməklə hesablama aparmışdır ki, belə bir hesablama qaydası istinad edilən Qaydalarda və Qanunda nəzərdə tutulmamışdur.

36. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

37. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuş, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qadağan edilmişdir.

38. Hazırkı halda isə cavabdehin əməkdaşları sayğacın elektron hissəsinin işləmədiyi 2020-ci ilin 12-ci ayından 2023-cü ilin 2-ci ayınadək hər ay üçün müvafiq əmsallar tətbiq etməklə və mexaniki göstəriciyə əsaslanmaqla faktura tərtib etdiyi və həmin borc məbləğləri iddiaçı tərəfindən tam ödənildiyi halda, sonradan laborator müayinə nəticəsində tətbiq edilən əmsallarda xətaların olmasının müəyyən olunması və yenidən sərfiyyatın hesablanması “qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz” müddəası ilə ziddiyyət təşkil edir.

39. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 31 may 2023-cü il tarixli akt əsasında hesablanan borc məbləği əsassızdır və hüquqi qüvvəsi yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən **********00010 nömrəli abonent koduna 31 may 2023-cü il tarixli akt əsasında hesablanmış 18069,50 manat məbləğində borc silinməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00010 nömrəli abonent koduna 31 may 2023-cü il tarixli akt əsasında hesablanmış 18069 (on səkkiz min altmış doqquz) manat 50 (əlli) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar