Məhkəmə qərarları › İş №e-2-2(113)-677/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-677/2024

14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-677/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3252 manat pulun abonent hesabından silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3252 manat pulun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ilə 152232 nömrəli müqavilə kodu ilə su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə bağlamışdır. Cavabdeh ASC-nin X4 İdarəsinin əməkdaşları 17 iyun 2023-cü il tarixdə iddiaçıya məxsus qeyri yaşayış sahəsinə baxış keçirmiş və RƏY № 99602/0265229 nömrəli labarator aktı tərtib etmişlər. Sözügedən rəydə də açıq aşkar qeyd edilmişdir ki, iddiaçıya məxsus sayğacın Cavabdeh loqolu plombu və dövlət plombları yerində olmuşdur. Bütün bunlara baxmayaraq müvafiq reyestrdən keçmədən aparılmış yoxlmanın nəticəsi olaraq iddiaçıya əsassız olaraq 3252 manat borc hesablanmışdır. Lakin abonent haqqında məlumat vərəqindən də görünür ki, iddiaçıya məxsus müəssisə hər ay sudan istifadə nəticəsində yaranmış borcu zamanında ödəmişdir. Həmçinin ərazinin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş, əlavə qüsur olmadığı bildrilmişdir. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt və sudan sayğacdan kənar istifadə halı olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, sayğac yoxlaması barədə hər hansı cərimə yazılmamışdır. Həmçinin sayğac uzun müddət işləməmişdir. Yazılan pul cərimə deyil, abonentin istifadə etdiyi suyun dəyəridir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

7. “Su təchizatı və tullantı suları haqqında” Qanun: 49-cu maddəsinin 4-cü bəndinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.

8. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları": 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

10. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. 21.06.2023-cü il tarixli Ərizədən görünür ki, 152232 abonent kodu adından cavabdehə məişət (təsərrüfat)-içməli su təchizatı sisteminə qoşulma ilə əlaqədar və ya məişət (təsərrüfat)-içməli su təchizatı sistemi üzrə balans mənsubiyyəti sərhəddindən demontaj edilmiş suölçən cihazın (cihazların) dövri yoxlamadan keçirilməsi, eyni zamanda yoxlama nəticəsindən və təşəbbüsündən asılı olaraq təmir edilməsi xahiş edilmişdir.

13. 23.05.2023-cü il tarixli “27 Smart-kart tipli su sayğacının dəyişdirilməsi” aktından görünür ki, ünvan 1 ünvanda olan su sayğacı istismara yararsız olduğundan yenisi ilə əvəzlənmiş və plomblanaraq istismara verilmişdir. Sökülən su sayğacının Cavabdeh və dövlət plombu yerində olmuş, sayğac laboratoriya sınağına göndərilməsi üçün abonentə təhvil verilmişdir.

14. 21.06.2023-cü il tarixli 99602/0265229 saylı Rəydən görünür ki, sayğacın dövlət və STKM-ə məxsus Cavabdeh loqolu plombları var, sayğacın kipliyə davamlığı pozulmuş, elektron platası işləmir, qapaqaltı platform hissəsi çatlaqdır, quru hesablama mexanizm hissəsinə su yığılmışdır, nisbi xətanın təyini üçün yararlı deyil, sayğac təmirə və istismara yararsızdır.

15. Abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023cü ilin iyul ayına 3252 manat məbləğində borc hesablanmışdır.

16. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə sayğacın yoxlanılması və nəticədən asılı olaraq təmir edilməsi xahiş edilmiş, müraciət əsasında cavabdeh tərəfindən sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Laboratoriya yoxlaması zamanı sayğacın istismara yararsız olması müəyyən edilmiş və sayğacın işləmədiyi dövrə iddiaçıya 3252 manat borc hesablanmışdır.

17. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıda yoxlama keçirilməmiş, sayğac işləmədiyinə görə iddiaçının müraciəti əsasında sayğac dəyişdirilmiş və sayğacın işləmədiyi dövr üzrə iddiaçının istifadə etdiyi suya görə borc hesablanmışdır.

18. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

19. Hazırki iş üzrə isə məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıda yoxlamanın keçirilməsi, eyni zamanda sayğacın oxunması zamanı sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma halları müəyyən edilmədiyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və bununla bağlı digər qanunvericilik aktları hazırki mübahisəyə münasibətdə tətbiq oluna bilməz.

20. Bundan başqa, iddiaçı tərəfindən ona hesüablanmış borc məbləğinin sudan istifadə etdiyi əvvəlki dövlər üzrə hesablanmış borc məbləğlərindən artıq olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

21. Əksinə məhkəmə tədqiqatı zamanı iddiaçıya hesablanmış borc məbləğinin əvvəlki dövrlər üzrə hesablanmış borc məbləğlərindən çox olması deyil, az olması müəyyən olunmuşdur ki, bu halda da məhkəmə hesab edir ki, göstərilən əsas üzrə də iddia təmin oluna bilməz.

22. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı X1 cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3252 manat pulun abonent hesabından silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar