Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6776/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı1 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı1 aktlar əsasında hesablanmış 9776,58 manat borcun **********00100 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (istixana) müqavilə əsasında **********00100 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. Sonradan məlum olduğu kimi, cavabdeh təşkilat tərəfindən ümumilikdə 9776,58 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Aktların nə zaman və kim tərəfindən tərtib edildiyi məlum deyildir. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən 2024-cü ilin fevral ayında 2273,04 manat, mart ayında 1727,22 manat, aprel ayında 860,64 manat, may ayında 205,48 manat və 2025-ci ilin aprel ayında 4710,20 manat olmaqla, ümumilikdə 9776,58 manat sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə, qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı aydın oldu. Belə ki, aktlar guya qaz sayğacı işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın əmsal dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tətbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 9776,58 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Qeyd edilir ki, cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci bəndinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci bəndinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı1 abonent koduna hesablanmış qaz sərfinin miqdarı 10332 m3, hesablanmış qaz sərfinin məbləği 2273,04 manat təşkil edir.
7. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı1 abonent koduna hesablanmış qaz sərfinin miqdarı 7851 m3, hesablanmış qaz sərfinin məbləği 1727,22 manat təşkil edir.
8. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı1 abonent koduna hesablanmış qaz sərfinin miqdarı 3912 m3, hesablanmış qaz sərfinin məbləği 860,64 manat təşkil edir.
9. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı1 abonent koduna hesablanmış qaz sərfinin miqdarı 934 m3, hesablanmış qaz sərfinin məbləği 205,48 manat təşkil edir.
10. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə qeyd edilmişdir ki, qaz sayğacının yoxlanılması haqqında 1329 nömrəli protokoluna əsasən G-100 markalı, 80101297 nömrəli sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 48362 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Uçotu aparılmayan qaz həcmi hesablanmış, 48362 m3 qaz əmsal 1.35 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir.
11. Məhkəməyə cavabdeh tərəfindən tərtib olunmuş digər aktlar da təqdim olunmuşdur.
12. xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı1 (abonent kodu: **********00100) cari tarixə olan borcu 26489,68 manat (sayğac oxunması: 259441,08 manat + aktlar: 9776,58 manat – ödəmələr 242727,98 manat – güzəşt: 0 manat = son borc: 26489,68 manat) təşkil edir. Həmçinin abonent saldosundan müəyyən olunur ki, abonentə 2024-cü il üçün cəmi 5066,38 manat (fevral, mart, aprel və may ayları üzrə), 2025-ci ilin aprel ayı üçün 4710,20 manat məbləğində aktlar əsasında borc hesablanmışdır (ümumilikdə 9776,58 manat (5066,38+4710,20=9776,58)).
13. İddiaçı1 tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, aktlar əsasında hesablanmış 9776,58 manat borcun 3 gün müddətində silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Müəyyən olunur ki, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən iddiaçının fəaliyyət göstərdiyi obyektə aid sayğaca baxış keçirilərək, xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda G-100 markalı, 80101297 nömrəli sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulduğu, mexaniki hissədən keçən 48362 m3 qaz həcmi elektron hissədə qeydə alınmadığı qeyd edilmişdir. Uçotu aparılmayan qaz həcmi hesablanmış, 48362 m3 qaz əmsal 1.35 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Həmçinin müəyyən olunur ki, abonentə 2024-cü il üçün cəmi 5066,38 manat (fevral, mart, aprel və may ayları üzrə), 2025-ci ilin aprel ayı üçün 4710,20 manat məbləğində aktlar əsasında borc hesablanmışdır (ümumilikdə 9776,58 manat (5066,38+4710,20=9776,58)). İddiaçı həmin borcun **********00100 nömrəli abonent kodundan silinməsini xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
20. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz.
21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt qanunsuz olunduğundan, iddia təmin edilməli, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 9776,58 manat (doqquz min yeddi yüz yetmiş altı manat əlli səkkiz qəpik) məbləğində borc İddiaçı1 **********00100 saylı abonent hesabından silinməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 9776,58 manat (doqquz min yeddi yüz yetmiş altı manat əlli səkkiz qəpik) məbləğində borc İddiaçı1 **********00100 saylı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova