Məhkəmə qərarları › İş №e-2-2(113)-6777/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6777/2025

07.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6777/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (atası) Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 72108 (yetmiş iki min bir yüz səkkiz) manat pul vəsaiti, faiz borcu olaraq 19015 (on doqquz min on beş) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 363 (üç yüz altmış üç) manat pul vəsaiti, cəmi 91486 (doxsan bir min dörd yüz səksən altı) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ildə təsis edilmiş "xxxx" MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh isə 2022-ci ildə təsis edilmiş “X8" MMC-nin təsisçisi və payçısı, eyni zamanda qanuni təmsiçisidir. İddiaçı ilə Cavabdeh bir universitetdə təhsil almış, təxminən 2013-2014-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. 2021-ci ilin iyun-iyul aylarında Cavabdeh təsisçisi olduğu "xxxx" MMC üçün ofis axtarışı zamanı İddiaçı ilə görüşüb,"xxxx" MMC-nin ofisinin bir hissəsinin boş olduğu təqdirdə icarəyə götürməyi təklif etmiş, İddiaçı bu təklifi dəyərləndirərək qəbul etmişdir. 2022-ci ilin aprel ayında cavabdeh Cavadov X5 Respublikasından qida məhsullarının idxalı və bazara distribusiyası üzrə fəaliyyət göstərəcək “X8" MMC-nin təsis etmişdir. Eyni zamanda kooperativ “Showroom”un – “Gelateca” ticarət nişanlı ictimai-iaşə obyektinin təmir işlərinə başlanmış və İddiaçı “X8” MMC ilə bağlı münasibətləri formalaşana qədər təmirin böyük hissəsi tamamlamışdır. 2022-ci ilin avqust ayında Cavabdeh təsisçisi olduğu “X8” MMC-yə investisiya cəlb etmək üçün İddiaçı müraciət etmiş, bunun nəticəsində İddiaçı şirkətə investisiya cəlb etmək üçün cavabdehə investisiya təklifinin hazırlanmasında dəstək olmuş və şirkətin Biznes planı hazırlanaraq investisiya təklifi İddiaçı yaxın tanışı, eyni zamanda Cavabdeh tanışı olan şəxsə təqdim edilmişdir. Lakin müzakirələr nəticəsində təklif rədd edilmiş, hər hansı bir razılaşma baş tutmamışdır. Bu hadisədən sonra, “X8” MMC-yə investisiya axtaran Cavabdeh İddiaçı 70000 (yetmiş min) manat qarşılığında şirkətin 20% payını satmağı təklif etmiş və bu təklif iddiaçı üçün maraqlı olmuşdur. Cavabdeh tərəf və iddiaçı tərəf cavabdeh tərəfin təklifi ilə bağlı şifahi razılaşma əldə etsə də sonradan bu təkliflə əlaqədar olaraq tərəflər arasında başqa yazılı və ya şifahi razılaşma olmamışdır. 2022-ci ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər iddiaçı tərəf cavabdeh tərəfə cavabdeh tərəfin ehtiyacına və sorğusuna əsasən müxtəlif vaxtlarda və müxtəlif üsullarla ümumilikdə 72108 (yetmiş iki min bir yüz səkkiz) manat məbləğində nağd ödəniş edilmişdir. İddia ərizəsinə qoşma olaraq əlavə etdiyimiz sübutlarda 72108 (yetmiş iki min bir yüz səkkiz) manat məbləğində nağd vəsaitin hansı tarixlərdə, hansı şəxslərə və hansı formada cavabdeh tərəfə ödənilməsi, cavabdehin bu vəsaiti qəbuletməsi və müxtəlif xərclərə istifadə etməsi tam dəqiqliyi ilə öz əksini tapır. 2022-ci və 2023-cü illər ərzində Cavabdeh “X8” MMC-nin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün "xxxx" MMC-nin təsisçisi və payçısı İddiaçı və "xxxx" MMC-nin təsisçisi və payçısı X3 müraciət edərək hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmiş və bu müraciətlər əsasında cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq müxtəlif vaxtlarda “X8” MMC-nin bank hesabına "xxxx" MMC-dən 167500 (bir yüz altmış yeddi min beş yüz) manat, "xxxx" MMCdən isə 56180 (əlli altı min bir yüz səksən) manat vəsait köçürülmüşdür. Cavabdeh tərəf vəsaiti “X8” MMC-nin bank hesabına qəbul edərək müxtəlif məqsədlər üçün istifadə etmişdir. Həmçinin, Cavabdeh tərəfin maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək İddiaçı,"xxxx" MMC və "xxxx" MMC-nin zaminliyi ilə "xxxx" ASC tərəfindən 2023-cü ilin aprel ayında “X8” MMC-yə 100000 AZN (bir yüz min manat) məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh tərəf kredit xətti üzrə ayrılmış bu vəsaiti də müxtəlif məqsədlər üçün istifadə etmiş, lakin borclarının bir qismini qaytarmaq niyyətini bildirsə də faktiki olaraq heç bir ödəniş həyata keçməmişdir. Sonradan 2024-cü ilin aprel ayında vaxtı bitmiş bu kredit xətti üzrə Cavabdeh tərəfindən banka vaxtında ödəniş edilməmiş, krediti gecikdirərək kredit xətti üzrə zamin olmuş həm İddiaçı, həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC bank hesablarına məhdudiyyət qoyulmuş, İddiaçı şəxsi hesabları, onun təsisçisi olduğu "xxxx" MMC-nin və digər hüquqi şəxs "xxxx" MMC-nin bank hesabları bloklanaraq onların biznes fəaliyyətinə zərər gəlmişdir. 2023-cü ilin noyabr ayında İddiaçı Cavabdeh tərəfindən ona verilən heç bir vədin yerinə yetirilmədiyini, həmçinin Cavabdeh “X8” MMC-nin fəaliyyəti ilə bağlı aldığı biznes qərarlarının nəticələrini əsas tutaraq qeyri-rəsmi şəriklik münasibətlərinin bitirmək istiqamətində "xxxx" MMC-nin ofisində Cavabdeh ilə müzakirə aparılmışdır. Nəticədə hər iki tərəfin razılığı ilə bu münasibətlərə xitam verilməsi qərara alınmış və Cavabdeh İddiaçı 20% paya görə ödənilmiş 72108 (yetmiş iki min bir yüz səkkiz) manat nağd vəsaiti guya ona məxsus 20% payı sataraq, eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş 167500 AZN (bir yüz altmış yeddi min beş yüz manat) vəsaiti, əlavə olaraq bu vəsaitin verilməsi ilə bağlı "xxxx" MMC "xxxx" ASC-də olan kredit xəttindən istifadəsi üzrə faktiki çəkdiyi xərcləri, həmçinin “X8” MMC-yə zaminliyə görə "xxxx" MMC-dən tutulmuş gecikmiş faiz borclarını, eyni zamanda digər iddia tələbi üzrə "xxxx" MMC-dən eyni formada əldə etdiyi 56180 AZN (əlli altı min bir yüz səksən) manat vəsaiti, həmçinin “X8” MMC-yə zaminliyə görə "xxxx" MMC-dən tutulmuş gecikmiş faiz borclarını ən qısa müddətə, tam formada geri ödəməyi öhdəliyinə götürmüşdür. 2023-cü ilin noyabr ayında tərəflər arasındakı qeyrirəsmi münasibətlər son qoyulduqdan sonra borcların qaytarılması üçün İddiaçı və Cavabdeh dəfələrlə müzakirələr aparmış və bu müzakirələr məhkəməyə təqdim edilmiş tərəflər arasındakı Whatsapp yazışmalarında da öz əksini tapmışdır. Cavabdeh ilk əvvəl 2023-cü ilin sonuna borcun tam bağlanmasını, daha sonra il sonuna bir hissəsini bağlayacağını, lakin 2024-cü ilin 31 yanvar tarixinə qədər borcların tam bağlanacağı barədə vədlər vermişdir. Bundan sonra da 2024-cü ilin fevral, mart və aprel aylarında da mütəmadi olaraq tərəflər bir-biri ilə əlaqə saxlamış, həmçinin Whatsapp üzərindən yazışmalar aparmış, Cavabdeh tərəfindən hər dəfə bir bəhanə ilə borcun yaxın müddətə qaytarılacağı vədləri verilmişdir. Bu müzakirələr çərçivəsində 2024-cü ilin aprel ayında Cavabdeh atası X2 Cavabdeh yaratmış olduğu vəziyyətlə bağlı məsələlərin həlli istiqamətində olan görüşlərə qoşulmuş, Cavabdeh borclarının ödənilməsi ilə bağlı müxtəlif həll yolları təqdim etmişdir. Bu həll yollarından biri kimi 2024-cü ilin iyun ayında Cavabdeh anası X1 məxsus, ümumi sahəsi 255 kvadratmetr olan fərdi yaşayış evinin satılması və Cavabdeh borclarının ödənilməsi niyyəti ilə İddiaçı atası Nümayəndə3 əmlakın şəkillərini, Daşınmaz əmlakın reyestr çıxarışını Whatsapp üzərindən göndərmişdir. Bununla əlaqədar olaraq İddiaçı atası Nümayəndə3 əmlakın satılması istiqamətində Cavabdeh atası X2 ilə bir-neçə dəfə müzakirə aparmış, satış istiqamətində mümkün dəstəyi göstərmiş, lakin sonradan Cavabdeh atası X2 əmlakın satışı fikrindən daşınmışdır. Bu müzakirələr məhkəməyə təqdim edilmiş tərəflər arasındakı Whatsapp yazışmalarında öz əksini tapmışdır. 2024-cü ilin iyul ayına qədər borcun ödənilməsini gözləyən iddiaçı tərəf cavabdeh tərəfdən heç bir addımın atılmadığı, əksinə cavabdeh tərəfindən iddiaçı tərəfə qarşı borcu qaytarmamaq üçün əsassız ittihamlar səsləndirdiyini nəzərə alaraq ödənilmiş vəsaitin geri qaytarılması və pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yol qalmamışdır. Beləliklə, Cavabdeh yuxarıda qeyd olunmuş fəaliyyətləri nəticəsində iddaçı İddiaçı 20% pay müqabilində ödədiyi 72108 (yetmiş ikimin bir yüz səkkiz) manat məbləğində nağd vəsaiti tam əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Digər tərəfdən 2024-cü və 2025-ci illər ərzində Cavabdeh faktiki olaraq həm İddiaçı, həm onun təsisçisi olduğu "xxxx" MMC-yə, həm də digər hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda borcu olmasına baxmayaraq təsisçisi və qanuni təmsilçisi olduğu “X8” MMC-yə İtaliyadan yeni məhsullar sifariş etmiş, mövcud məhsul portfelini genişləndirərək yeni şirkətlərlə əməkdaşlığa başlamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh iddiaçının vəsaitini qanunsuz şəkildə, yəni heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Dəfələrlə də borc məbləğlərini etiraf etmiş, borcun qaytarılması üçün müxtəlif vədlər vermişdir. Bu hal mülki qanunvericiliyin müvafiq normasına əsasən qanun pozuntusu hesab olunur. Buna görə də cavabdeh yalnız əsas məbləği deyil, həm də faktiki olaraq itirilmiş faydanı və hazırda qaytarılmamış borc səbəbindən yaxın gələcəkdə itiriləcək potensial faydanı da kompensasiya etməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci, 2023-cü və 2024-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: xx.xx.2022 – 7.5%, xx.xx.2022 – 7.75%, xx.xx.2022 – 8.00%, xx.xx.2022 – 8.25%, xx.xx.2023 – 8.5%, xx.xx.2023 – 8.75%, xx.xx.2023 – 9.0%, xx.xx.2023 – 8.5%, xx.xx.2023 – 8.0%, xx.xx.2024 – 7.75%, xx.xx.2024 – 7.5%, xx.xx.2024 - 7.25%. Bu səbəbdən də, hesab edirik ki, iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehin faktiki olaraq İddiaçı məhrum etdiyi 72108 (yetmiş beş min bir yüz səkkiz) manat vəsaitə görə19,015 (on doqquz min on beş) manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır. Faktiki olaraq da cavabdeh bu məbləğdə vəsaiti özündə əsassız formada saxlayaraq ondan faydalanıb.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında cavabdehin təsisçisi olduğu “X8” MMC-nin nizamnamə kapitalındakı payının 20 faiz hissəsinin 70000 manata satın alınması ilə bağlı razılıq əldə edilmiş, həmin məqsədlə tərəfindən müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdən 2023-cü ilin may ayına qədər ümumilikdə 70000 manat vəsait ödənilmişdir. Lakin alqı-satqı baş tutmamış, cavabdeh tərəfindən keçən müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün hər hansı addım atılmamış, o, həmin vəsaitin geri qaytarılmasını tələb etdikdə, cavabdeh əvvəlcə geri qaytaracağını vəd etsə də, sonradan vədinə əməl etməmişdir. Bundan əlavə, tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 2108 manat məbləğində vəsait borc olaraq verilmiş, həmin vəsait də hazırkı günə qədər ona qaytarılmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş 1175 manat pulun qaytarılması ilə bağlı qəbzləri qəbul etmir, belə ki, həmin vəsaitlərin bir qismi borcun qaytarılması ilə bağlı olmamış, digər şəxsi məqsədlər üçün ona verilmiş, digərində isə vəsaiti o deyil, başqa şəxs almışdır. Bu səbəbdən iddianın tam şəkildə təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (atası) Nümayəndə3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında cavabdehin təsisçisi olduğu “X8” MMC-nin nizamnamə kapitalındakı payının 20 faiz hissəsinin 70000 manata satılması ilə bağlı razılıq əldə edilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin təsis paylarının alqı-satqısının rəsmiləşdirilməməsi iddiaçının təqsiri üzündən alınmamışdır. Belə ki, iddiaçı arzu etdiyi zaman həmin alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər.

6. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, “X8” MMC-nin yeganə iştirakçısıdır, iddiaçı həmin MMC-nin təsis paylarının 20 faiz hissəsini əldə etmək istəmiş, bu məqsədlə ona 70000 manat vəsait ödəmişdir. O, həmin vəsaiti belə bir razılıq olmasa da, öz şəxsi istəyi ilə MMC-nin balansına MMC ilə özü arasında bağlanmış borc müqavilələri əsasında daxil etmişdir. Lakin iddiaçı daha sonra MMC-nin nizamnamə kapitalındakı 20 faiz təsis payını rəsmiləşdirmək istəməmiş, bundan yayınmış, pulunu geri tələb etmişdir. İddiaçı həmin vəsaiti ondan tələb edə bilməz, iddiaçı istədiyi zaman təsis payının alışı rəsmiləşdirilə bilər. Qalan 2108 manat vəsait müxtəlif tarixlərdə iddiaçı tərəfindən ona verilmiş, həmin vəsaitlərin bir qismi tərəfindən iddiaçıya geri qaytarılmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

9. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 10 (on) manat olmaqla 1 (bir) paydan ibarətdir. Cəmiyyətin təsisçisi: Cavabdeh, 1 pay - 10 manat təşkil edir.

10. Cavabdeh (borc verən) ilə “X8” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, GFS 001 nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinə əsasən borc verən bu müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini borc alana verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 ABŞ dollarıdır.

13. Cavabdeh (borc verən) ilə “X8” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, GFS 002 nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinə əsasən müqaviləyə görə borc verən bu müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini borc alana verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır.

15. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 manatdır.

16. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 72108 manat vəsait ödənilmişdir.

17. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər ümumilikdə 1175 manat vəsait ödənilmişdir.

18. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

27. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

28. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının birinci tələbi cavabdehin yeganə iştirakçısı olduğu “X8” MMC-nin 20 faiz təsis payının gələcəkdə satın alınması məqsədilə cavabdehə avans olaraq ödədiyi 70000 manat vəsaitin ona geri qaytarılmasından ibarətdir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X8” MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, adıçəkilən Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və yeganə iştirakçısı Cavabdehdur.

30. İddiaçı və cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olmuşdur ki, tərəflər arasında 2022-ci ilin avqust ayında “X8” MMC-nin nizamnamə kapitalında cavabdehə məxsus payın bir hissəsinin (20 faiz) iddiaçı tərəfindən 70000 manata satın alınması razılaşdırılmış, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin sentyabr ayının 8-dən başlanaraq hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixə qədər tam şəkildə ödənilmişdir.

31. Hazırda iddiaçı cavabdehin təsisçisi və payçısı olduğu MMC-nin 20 faiz payını almaq barədə cavabdehlə razılığa gəlməsinə baxmayaraq, alqı-satqının baş tutmaması səbəbindən verdiyi pulun geri qaytarılmasını tələb edir.

32. Cavabdeh tərəf də iddiaçının ödəmiş olduğu 70000 manat pulun təyinatının MMC-dəki təsis payının 20 faiz hissəsinin alınması məqsədi daşıdığını və ödənilmiş olduğunu təsdiq etmişdir.

33. Hazırda geri tələb edilən 70000 manat vəsaitin ödənilməsindən keçən 2 il 6 aydan artıq müddət ərzində tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır.

34. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə qabaqcadan ödənilmiş olan 70000 manat vəsaiti geri qaytarmaqla haqlıdır, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

36. Məhkəmə iddianı ikinci hissədə qismən əsaslı hesab edir.

37. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə müxtəlif tarixlərdə sonuncunun xahişi əsasında 2108 manat borc verdiyini, lakin həmin vəsaitin də ona geri qaytarılmadığını göstərmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

39. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

40. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, həmin vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

41. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının birbaşa özünə, habelə iddiaçının təqdim etdiyi bank hesabına (üçüncü şəxsə aid olsa belə) müxtəlif tarixlərdə ümumilikdə 1175 manat vəsait ödənilmişdir.

42. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 933 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə iddia tələbini sonuncu, 19015 manat faiz borcunun tutulması hissəsində əsassız hesab edir.

44. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

45. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

46. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

47. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

48. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 70933 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 302,80 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 61,20 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 70933 manat məbləğində pul, 302,80 manat dövlət rüsumu, ümumilikdə 71235,80 (yetmiş bir min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 61,20 (altmış bir manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar