Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-678/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 5878 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 095871 nömrəli müqavilə kodu ilə su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə bağlamışdır. Cavabdeh ASC-nin X2 İdarəsinin əməkdaşları 29 avqust 2023cü il tarixdə onlara məxsus qeyri yaşayış sahəsinə baxış keçirmiş və RƏY № 54714/0279698 nömrəli labarator aktı tərtib etmişlər. Sözügedən rəydə də açıq aşkar qeyd edilmişdir ki, onlara məxsus sayğacın Cavabdeh loqolu plombu yerində olmuş, avadanlığın kipliyə davamlılığı normada olmuş həmçinin mexaniki hissə işlək olmuşdur. Bütün bunlara baxmayaraq müvafiq reyesterdən keçmədən aparılmış yoxlmanın nəticəsi olaraq onlara əsassız olaraq 5878 manat borc hesablanmışdır. Lakin abonent haqqında məlumat vərəqindən də görünür ki, onlara məxsus müəssisə hər ay sudan istfadə nəticəsində yaranmış borcu zamanında ödəmişdir. İstifadələrində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt və sudan sayğacdan kənar istifadə halı olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər ay cavabdehə sudan istifadə ilə bağlı vəsait ödənilmiş, sayğacda problem olması barədə vaxtında ona hər hansı məlumat verilməmiş, aparılmış yoxlamada iddiaçı iştirak etməmiş, yoxlama reyestrdə müvafiq qeydiyyata alınmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Səfərov iddia tələbinə etiraz edib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə yerləşən sayğaca cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, nəticədə sayğacda texniki qüsur olması aşkar edilmiş, yalnız sayğacın elektron və mexaniki hissələri arasında olan fərqə görə abonentə əlavə borc (2940 kub metr, yəni 5880 manat) yazılmışdır. Həmin qüsurun nə zaman yaranması barədə cavabdeh məlumatsızdır. Qüsur texniki qüsurdur, sayğacın istismar müddəti başa çatdığı üçün sərfiyyatı tam qeydə ala bilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlama keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.
7. Abonent haqqında məlumata əsasən iddiaçıya əlavə sərfiyyata görə ümumilikdə 5880 manat borc hesablanmışdır.
8. Cavabdeh tərəfindən tərtib olunmuş Smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə aktdan görünür ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğac sökülürək yeni sayğac quraşdırılmışdır.
9. İddiaçıya məxsus sayğacın laborator yoxlanması barədə rəyə əsasən sayğacda müdaxilə aşkar edilmədi, istismara yararsızdır.
10. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29 avqust 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, sayğac yararsız olması səbəbindən yeni sayğacla əvəz edilmişdir.
12. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun sərfiyyat borcu olması, lakin sayğacda olan nöqsanlar nəticəsində vaxtında sayğac tərəfindən qeydə alınmaması ilə əsaslandırsa da, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
13. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
14. Qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.
15. Məhkəmə iclasında tərəflərin nümayəndələrin izahatlarından, materiallarda olan abonent haqqında məlumatdan məlum olmuşdur ki, iddiaçı tərəfindən istifadə etdiyi suyun dəyəri ilə bağlı mütəmadi ödənişlər edilmişdir.
16. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
17. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
19. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
24. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
26. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya əlavə borc hesablamaqla haqlı olmamışdır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 5878 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 5878 (beş min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova