Məhkəmə qərarları › İş №e-2-2(113)-684/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-684/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-684/2021 20.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 26.02.2020-ci il tarixli 002- KRM-018-2020 saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 90 000 ( doxsan min manat) manat əsas, 13 741.89 ( on üç min yeddi yüz qırx bir manat 89 qəpik) manat faiz, cəmi 103 741.89 (bir yüz üç min yeddi yüz qırx bir manat 89 qəpik) manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə 350.000 (üç yüz əlli min) manat məbləğində krеdit xətti açılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı kredit müqaviləsi 03 oktyabr 2017-ci il tarixində 02 saylı əlavəyə əsasən 12 (on iki) ay müddətinə 03 oktyabr 2018-ci il tarixədək uzadılmışdır. Daha sonra kredit müqaviləsinə edilmiş 26 fevral 2020-ci il tarixli Əlavəyə əsasən 90 000 (doxsan min) manat məbləğində qalıq kredit 12 ay müddətinə 26 fevral 2021-ci il tarixinədək uzadılmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 26.02.2020-ci il tarixli 002-KZM-017-2020 saylı “Zaminlik Müqaviləsi”nə əsasən Cavabdeh1 MMC Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, “bоrcalan” bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək zamin, “bоrcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin 01.12.2020-ci il tarixinə əsas borcu 90 000 (doxsan min manat) manat, faiz borcu 13741.89 ( on üç min yeddi yüz qırx bir manat 89 qəpik) manat, cəmi 103 741.89 (bir yüz üç min yeddi yüz qırx bir manat 89 qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən “Azər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 103 791.88 (bir yüz üç min yeddi yüz doxsan bir manat 88 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat 43 qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat 57 qəpik) manat faiz, əsas borc məbləğinə hesablanmış illik 5 % görə 2.675 (iki min altı yüz yetmiş beş) manat, cəmi 115.758 ( bir yüz on beş min yeddi yüz əlli səkkiz) manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı kredit müqaviləsinə əsasən “kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq “borcalan”a məqsədli istifadə, qaytarılmaq və ilk iki ayda sərbəst istifadə etmək şərtilə 350,000.00 (üç yüz əlli min) manat məbləğində, 12 ay müddətinə kredit verir. “Borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqaviləyə edilmiş 01 saylı əlavədə göstərilmiş qaydada həyata keçirir. 2.1-ci bəndə əsasən kreditin istifadəsinə görə borcalan əsas borcun qalığına illik 20 (iyirmi) % ödəyir. 4.2-ci bəndə əsasən borcalan bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir. 03 oktyabr 2016-cı il tarixli 01 saylı Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən 350.000 manat məbləğində kredit 2 ay güzəşt müddəti olmaqla 12 ay müddətinə, illik 20%, aylıq 38.288 manat olmaqla tərəflər arasında razılaşdırılmışdır. “Bank” İddiaçı Açıq Səhmdar Cəmiyyəti, “borcalan” Cavabdeh1 olmaqla imzalanmış 03 oktyabr 2017-ci il tarixli 2 nömrəli əlavəyə əsasən tərəflər, “bank” və “borcalan” arasında bağlanmış “03” oktyabr 2016-cı il tarixli 01 saylı Kredit Müqaviləsinin 1.1. bəndində edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalıq 272,607.90 AZN (iki yüz yetmiş iki min altı yüz yeddi manat 90 qəpik) məbləğində borcun geri ödənilməsi müddətinin bitmə tarixindən 12 (on iki) ay müddətinə (“03" oktyabr 2018-ci il tarixədək) uzadılmasını və ödənişin 3 saylı Əlavədə müəyyən edilmiş ödəniş qrafikinə uyğun şəkildə əsas və ona hesablanmış faiz borclarını ödəməsinə dair razılığa gəlirlər. İddiaçı ASC “Mərkəz” filialı və Cavabdeh1 MMC arasında 03 oktyabr 2016-ci il tarixli 01 saylı Kredit müqaviləsinə 3 nömrəli əlavəyə əsasən 12 ay müddətinə, illik 20% olmaqla 272,607.90 manat məbləğində kredit, aylıq 25.253 manat şərtləri ilə razılaşdırılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Mərkəz” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı Kredit Müqaviləsinə 12 İyun 2018-ci il tarixli, 4 saylı əlavəyə əsasən tərəflər, “bank” və “borcalan” arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı kredit müqaviləsinin 1.1 bəndində edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalıq 198.877,00 (bir yüz doxsan səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində borcun geri ödənilməsi müddətinin bitmə tarixindən 27 (iyirmi yeddi) ay müddətinə (03 Yanvar 2020-ci il tarixədək) uzadılmasını və ödənişin 5 saylı Əlavədə müəyyən edilmiş ödəniş qrafıkinə uyğun şəkildə əsas və ona hesablanmış faiz borclarını ödəməsinə dair razılığa gəldilər. “Kreditor” İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Mərkəz” filialı, “borcalan” Cavabdeh1 olmaqla 26 fevral 2020-ci il tarixli 002-KRM-018-2020 saylı kedit müqaviləsinə əsasən “kreditor” bu müqavilənin şərtlərinə uyğun olaraq “borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, təminatlılıq əsasında 90,000.00 manat (doxsan min manat) məbləğində, 12 (on iki) ay müddətinə kredit verir. 1.2-ci bəndə əsasən “borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 2.6-cı bəndə əsasən kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20.00% təşkil edir. 4.2-ci bəndə əsasən “borcalan” bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir. “Bank” İddiaçı Açıq Səhmdar Cəmiyyəti, “zamin” Cavabdeh2 olmaqla imzalanmış 26 fevral 2020-ci il tarixli № 002-KZM-017-2020 saylı zaminlik müqaviləsinə əsasən Azər-Türk Bank” ASC-nin Mərkəz filialı ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 (bundan sonra-“borcalan” adlanacaq) arasında 26 fevral 2020-ci il tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsi ilə əlaqədar olaraq, “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə “bank” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası: “26” fevral 2020-ci il tarixli 002-KRM-018- 2020 saylı kredit müqavləsidir. 2.2-ci bəndə əsasən təmin edilən müqavilənin predmeti: “borcalana veriləcək 90,000.00 manat (doxsan min AZN) məbləğində, illik istifadə faizi 20% (iyirmi faiz) olmaqla, 12 (on iki) ay müddətinə kredit. 2.3-cü bəndə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: “borcalan”ın “bank” qarşısında 26 fevral 2020-ci il tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. 3.1-ci bəndə əsasən zamin, borcalanın bank qarşısında 26 fevral 2020-ci il tarixli 002-KRM-018-2020 saylı kredit müqavləsi üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 MMC-nin 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 28.09.2021-ci il tarixə olan borcu barədə tərtib edilmiş maliyyə arayışında 5.020,57 manat ödənilmiş əsas borc, 84.979,43 manat ödənilməli əsas borc, 58.103,57 ödənilməli faiz borcu, 26.02.2021-ci il tarixdən 28.09.2021-ci il tarixə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz məbləği 2.675 manat olmaqla ümumilikdə 115.758 manat borc olması qeyd olunmuşdur. İş üzrə keçirilmiş 28 iyul 2021-ci il tarixli, 9/2860 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 03 oktyabr 2016-ci il tarixdə bağlanmış 01 nömrəli kredit müqaviləsi və Əlavələr üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC İddiaçı ASC-yə olan borcu 01.12.2020-ci il tarixə əsas borc üzrə 90.000 manat, faiz borcu üzrə 13.700 manat, 26.02.2021-ci il tarixə əsas borc 90.000 manat, faiz üzrə borc 17.950 manat olmaqla ümumilikdə borcu 107.950,00 manat təşkil edir. Həmin ekspert rəyində qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən 26.02.2021-ci il tarixdən son ödəniş tarixinə, yəni 16.03.2021-ou il tarixdə 5020,57 manat məbləğində ödənişlər edilmişdir, Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında 03 oktyabr 2016-cı il tarixdə bağlanmış 01 nömrəli kredit müqaviləsi və Əlavələr üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə sual verilən tarixə, yəni 26 fevral 2021-ci il tarixə əsas və faiz borcunun olması barədə sualı qoyulduğundan sonuncu tarixdən sonrakı edilən 5020,57 manat məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, daha sonra tərəflər arasında razılaşma ilə müqavilənin müddəti uzadılmış və kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edilməsi üçün zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı ASC qeyd olunan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdehlər kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-yə 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat 43 qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat 57 qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.2 və 471.3-cü maddələrinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə cavabdehlər Cavabdeh1 MMC-nin 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh2 26.02.2020-ci il tarixli 002-KZM-017-2020 saylı zaminlik müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehlərin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas borcun və ona hesablanmış faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 2.675 (iki min altı yüz yetmiş beş) manat borcun ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hazırki qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat 43 qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat 57 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.675 (iki min altı yüz yetmiş beş manat) manat və iş üzrə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat əlli yeddi qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.675 (iki min altı yüz yetmiş beş manat) manat, iş üzrə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar