Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-684/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 qızının, Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MK-060925/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 8 730 AZN əsas, 516.16 AZN faiz, 517.98 AZN cərimə borcu olmaqla, cəmi borcu 9 764.14 AZN və ödənilmiş 120 AZN məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MK-060925/23 saytı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə, 10 000 AZN (on min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, MK-060925/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə 8 730 AZN (səkkiz min yeddi yüz otuz manat) əsas, 516.16 AZN (beş yüz on altı manat on altı qəpik) faiz, 517.98 AZN (beş yüz on yeddi manat doxsan səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 9 764.14 AZN (doqquz min yeddi yüz altmış dörd manat on dörd qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MK- 060925/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əlavə əsas borc qalığına illik 24% olmaqla cərimə faizi ödəyir. 3.1,3-cü bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.6-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.7-ci bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatda bildirdi ki, həqiqətən də borcu olmasını qəbul edir. Kredit götürdüyü ilk 4-5 ay ödənişlərini tam olaraq həyata keçirmişdir. Lakin sonradan Su Kanal İdarəsinin turbasının partlaması nəticəsində ona məxsus olan mağazadakı əşyalar suyun altında qalıb. Yalnız şüşə malların çıxarılmasına nail ola bilib. Bununla bağlı televiziyadan çəkilişlər də aparılmışdır . Hazırda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. Borcun ödənişini hissəhissə bacardığı qədər həyata keçirəcəkdir.
5. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK-060923/23 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə 10 000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. 1.2. Kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün götürülür. 1.3 Kredit borcalanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Bank bu məqsədlə borcalana kredit hesabı açır. Hesablaşmaların aparılması üçün kredit və/ və ya cari hesabın açılması və istifadəsi şərtləri bu müqavilənin tələbləri nəzərə alınmaqla tərəflər arasında bağlanmış hesab müqaviləsi ilə müəyyənləşdirilir. 1.4 Borcalan bu kreditdən istifadəyə görə illik 24% olmaqla faiz ödəyir.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK-060925/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın xx.xx.2023-cü il tarixli, MK- 060923/23 nömrəli kredit müqaviləsinə əsasən bankdan 24 ay müddətinə, illik 24 % olmaqla aldığı 10 000 manat məbləğində kreditin(kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür.
10. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 MK-0609/23 nömrəli kredit müqaviləsi üzrə 9791 manat məbləğində ödəniş edilmişdir.
11. İddiaçı ASC-nin Yasamal Filialı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixədək hər ay 533.72 manat olmaqla 10 000 əsas borc və 2809.30 manat faiz borcu, cəmi 12809.30 manat məbləğində ödəniş edilməli idi.
12. xx.xx.2023-cü il tarixli MK-060923/23 nömrəli kredit müqaviləsi üzrə cərimənin hesablanması cədvəlinə əsasən Cavabdeh2 517.98 manat məbləğində cərimə hesablanmışdır.
13. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, ümumilikdə 9764.14 manat təşkil edən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi xx.xx.2023-cü il tarixli, MK-060925/23 saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, MK-060925/23 saylı zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit, zaminlik müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
16. İşin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, MK-060925/23 saylı kredit müqaviləsi bağlanılaraq ona 24 ay müddətinə 24 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə iddiaçı bank ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kredit məbləğini verməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməmiş, banka ödənilməmiş borcu qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki cavabdehin kredit müqaviləsi üzrə 8730 manat məbləğində ödənilməmiş əsas borcu və 516.16 manat məbləğində faiz borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Leysan oğlu verdiyi izahatda da borcu olmasını qəbul etmiş, ödənişi hissə-hissə həyata keçirəcəyini bildirməklə tələb olunan məbləği mübahisələndirməmişdir.
17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc və faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 18.Məhkəmə iddiaçı tərəfindən hesablanmış 517.98 manat məbləğində cərimə borcuna münasibətdə qeyd edir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
19. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 437 məbləğində dəbbə pulu tutulmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 120 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8730 manat əsas borc, 516.16 manat faiz borcu, 437 manat cərimə olmaqla, cəmi 9683.16 (doqquz min altı yüz səksən üç manat ona altı qəpik) manat və ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində mediasiya rüsumu birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov