Məhkəmə qərarları › İş №e-2-2(113)-686/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-686/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-686/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (müsqtəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" MMC və X12 olmaqla) qarşı pulun tutulması, müqavilələrin etibarsız hesab edilməsi tələblərinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" MMC və X12 olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birlikdə həmtəsisçisi və payçısı olduqları "xxxx" MMC-nin fəaliyyətinə iddiaçı tərəfindən qoyulmuş 690118,78 manat və buna müvafiq olaraq gəlir kimi payına düşən 79867,106 manat olmaqla, cəmi 769985,88 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən cavabdeh Qayıbova-X28 ilə 2018-ci ilin may ayında ticarət əlaqələri qurmuş, bu səbəbdən aralarında yaxşı münasibətlər yaranmışdır. Həmin vaxt Cavabdeh özünə məxsus "xxxx" MMC-nin maliyyə durumunun ağır olduğunu bildirərək iddiaçıya şəriklik təklif etmişdir. İlkin razılaşmaya görə "xxxx" MMC-nin əmlakı ******* (üç milyon) manat dəyərləndirilmiş, cəmiyyətin maliyyə durumunu və fəaliyyətini yaxşılaşdırmaq üçün iki il ərzində həmin məbləğin 35 faizini təşkil edən ******* (bir milyon əlli) manat vəsait qoyacağı təqdirdə iddiaçıya MMC-dən 35 faiz pay alacağı, vəsait qoyuluşu bitdikdən sonra isə əlavə olaraq 10 faiz pay əldə edəcəyi razılaşdırılmışdır. Vasitəçilik etdiklərinə görə iddiaçı tərəfindən X13 5 faiz, cavabdehin keçmiş əri X14 5 faiz pay ayrılması, 45 faiz payın isə cavabdehdə qalması qət edilmişdir. Cavabdeh təklifi ilə ******* (bir milyon əlli) manat puldan 400000 (dörd yüz min) manat pulun MMC-nin balansında olan fabrik binasının kreditinin ödənilməsinə, 127000 (yüz iyirmi yeddi min) manat pulun vergi borclarının ödənilməsinə, 30000 (otuz min) manat pulun onun X4 olan şəxsi borcuna, qalan 373000 (üç yüz yetmiş üç min) manat pulun isə fabrikin təmirinə və avadanlıq alınmasına sərf olunacağı barədə razılıq əldə edilmişdir. Həmçinin istehsalata və maliyyə fəaliyyətinə rəhbərliyin iddiaçı tərəfindən həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Bununla əlaqədar olaraq, MMC yenidən təşkil olunmuş, Cəmiyyətin 18 iyun 2018-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən iddiaçı cavabdehlə birlikdə Cəmiyyətin həmtəsisçisi və hər biri 10 paydan ibarət nizamnamə kapitalının 5 payının payçısı olmuşlar. Tərəflər arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, 2018-ci ilin iyul ayında iddiaçı tərəfindən "xxxx" MMC-də təmirtikinti işlərinə və avadanlıq alınmasına 196272,83 manat, avqust ayından dekabr ayınadək olan müddət ərzində hər ay 69272,83 manat olmaqla, cəmi 542636,98 manat pul qoyulmuş, 2018-ci ilin noyabr ayında 50734,28 manat, dekabr ayında 91133,70 manat, 2019-cu ilin yanvar ayında 5613,82 manat olmaqla, cəmi 147481,80 manat məbləğində pul MMC-nin işçilərinə əmək haqqı kimi verilmişdir. Beləliklə, 2018-ci ilin iyul ayından 2019-cu ilin mart ayına kimi olan müddət ərzində iddiaçı tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə cəmi 690118,78 manat məbləğində vəsait qoyulmuşdur. Bu məbləğ MMC-nin əmlakının dəyərinin 23 faizini təşkil edir. 2019-cu ilin mart ayından başlayaraq, cavabdeh tərəfindən Cəmiyyətin fəaliyyətinə edilən yersiz müdaxilələr, görülmüş işlərinin həcminin azaldılması, cəmiyyətin maliyyə fəaliyyətinə iddiaçının nəzarətinə mane olmaqda ifadə olunan öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vəsait qoyuluşunu dayandırmaq məcburiyyətində qalmışlar. Mühasibat sənədləri ilə müəyyən olunmuşdur ki, MMC-nin gəliri 2018-ci ilin iyul ayında 41716,86 manat, avqust ayında 18261,55 manat, sentyabr ayında 93523,13 manat, oktyabr ayında 66067,90 manat, noyabr ayında 227,68 manat, dekabr ayında 17045,10 manat, 2019-cu ilin yanvar ayında 49381,99 manat, fevral ayında 39439,89 manat, mart ayında 50634,83 manat, aprel ayında 37746,26 manat olmaqla, cəmi 414045,18 manat olmuşdur. Qoyulmuş vəsaitə mütənasib olaraq MMC-nin gəlirindən 2018-ci ilin iyul ayında 2728,28 manat, avqust ayında 1616,15 manat, sentyabr ayında 10437,18 manat, oktyabr ayında 8899,345 manat, noyabr ayında 39,776 manat, dekabr ayında 3889,692 manat, 2019-cu ilin yanvar ayında 11357,86 manat, fevral ayında 9071,174 manat, mart ayında 11646,01 manat, aprel ayında 8681,64 manat olmaqla, cəmi 68367,106 manat pul iddiaçının payına düşür. Son 5 ay üçün cavabdeh Cəmiyyətin gəliri barəsində iddiaçıya məlumat verməmişdir. Bu gəlir isə ayda orta hesabla 10000 manat, 5 ay üçün 50000 manat təşkil edir. İddiaçının payına mütənasib olaraq həmin gəlirdən 11500 manat ona ödənilməlidir. Artıq birgə fəaliyyəti davam etdirmək qeyri-mümkün olduğundan dəfələrlə cavabdehin mobil telefonuna zəng edərək öhdəliyini icra etməsini və ya iddiaçı tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə qoyulmuş 690118,78 manat pul və buna müvafiq olaraq gəlir kimi payına düşən 68367,106 manat pul olmaqla, cəmi 758485,88 manat məbləğində pulun ödənilməsini təklif etmişlər, lakin həmin müraciətlər cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh X3 məxsus 127000 manat məbləğində vergi borcu kimi ödənilmiş məbləğin, İddiaçı tərəfindən "xxxx" MMC üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılması və avadanlıqların əldə edilməsi üçün ödənilmiş 364175,52 manat məbləğində pul vəsaitinin, İddiaçı tərəfindən X4 ödənilən 29500 manat məbləğində pul vəsaitinin, məhkəməyə ərizə verildiyi vaxtdan etibarən "xxxx" MMC-nin fəaliyyət dövrü üçün İddiaçı payına düşən 461497,44 manat vəsaitin, "xxxx" MMC-nin qeyd edilən şəriklikdə xəzinə (kassa), bank hesabları və müvafiq post terminallar vasitəsi ilə əldə olumuş gəlirdən İddiaçı payına düşən 147481,90 manat olmaqla, cəmi 1129654,86 manat məbləğində pul vəsaitinin X2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs.), 111 ünvanında yerləşən fabrikin "xxxx" MMC Şirkətinə icarəyə verilməsinə dair 01 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs), 111 ünvanda yerləşən əmlaka dair Cavabdeh ilə onun qızı X15 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına qeydiyyatdan keçmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə 28 mart 2022-ci il tarixli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh onunla birlikdə həmtəsisçisi və payçısı olduğu "xxxx" MMC-nin fəaliyyətinə qoyulmuş 690118,78 manat və buna müvafiq olaraq gəlir kimi payına düşən 79867,10 manat olmaqla, cəmi 769985,88 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı bir neçə dəfə tələblərinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və son olaraq, 09 mart 2022-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizəsində tələblərini dəqiqləşdirmişdir. Həmin ərizəyə əsasən iddiaçının cavabdehə qarşı son tələbləri aşağıdakılardan ibarətdir: 1) cavabdeh tərəfindən ona məxsus vergi borcu kimi ödənilmiş 127000 manatın iddiaçıya ödənilməsi; 2) iddiaçı tərəfindən "xxxx" MMC üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılması və avadanlıqların əldə edilməsi üçün ödənilmiş 364175,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi; 3) iddiaçı tərəfindən X4 ödənilən 29500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; 4) məhkəməyə ərizə verildiyi vaxtdan etibarən "xxxx" MMCnin fəaliyyəti dövrü üçün iddiaçının payına düşən 461497,44 manat vəsaitin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi və 5) "xxxx" MMC-nin qeyd edilən şəriklikdə xəzinə (kassa), bank hesabları və müvafiq post terminallar vasitəsilə əldə olunmuş gəlirdən iddiaçının payına düşən 147481,90 manatın ödənilməsi. Cavabdehin yuxarıda göstərilən tələbləri qəbul edib-etməməsi ilə bağlı mövqeyi aşağıdakı kimidir: 1-ci tələblə bağlı: Cavabdeh həmin tələbi qəbul edir. 2-ci tələblə bağlı: Bu tələb özü iki hissədən ibarətdir: 1) 202865,52 manat müvafiq ünvanda aparılmış tikinti-təmir işlərinin təqribi ümumi dəyəri (təmir-tikinti ilə bağlı) - Cavabdeh tələbin bu hissəsini qəbul etmir. Həmin məbləğin nəyə görə cavabdehin ödəməli olmasını əsaslandıran nə müqavilə, nə də qanuni əsas var. Cavabdehlə iddiaçının arasında olan münasibətlər qanuni baxımdan MMC-nin təsisçiləri arasında münasibətlərdir. Əgər bir təsisçi (iddiaçı) MMC-nin xeyrinə istənilən formada hər-hansı bir kapital qoyuluşu edibsə (bu konkret halda tikinti-təmir işləri formasında), bunun geri tələb edilməsi üçün həmin kapital qoyuluşu müvafiq mühasibat sənədləri ilə təsdiqini tapmalıdır. 25.01.2022-ci il tarixli, 9/4408-10/3368 nömrəli ekspert rəyindən bəlli olur ki, bu hal mövcud deyildir. Həmin hal təsdiqini tapsa idi belə, bu tələb fiziki şəxs olaraq cavabdehə deyil, "xxxx" MMC-yə yönələ bilər. 2) 161310 manat məbləğində avadanlıqların nəzəri qaydada bazar qiymətlərinin dəyəri (avadanlıqla bağlı) - Cavabdeh tələbin bu hissəsini də qəbul etmir. Burada da eyni qaydada, hər-hansı bir kapital qoyuluşundan söhbət gedirsə, bu, müvafiq mühasibat sənədləri ilə öz əksini tapmalıdır. Bu hissədə də ekspert rəyindən bəlli olur ki, həmin hal mövcud deyildir. Hətta həmin hal təsdiqini tapsa idi belə, bu tələb fiziki şəxs olaraq cavabdehə deyil, "xxxx" MMC-yə yönələ bilər. Nəhayət, təmir-tikinti hissəsindən fərqli olaraq, ekspertlər burada, ümumiyyətlə, iddiaçı tərəfindən guya ki, sərmayə kimi qoyulmuş hər hansı bir avadanlığı yerində müəyyən edə bilməmişlər (bax, ekspert rəyinin 13-cü səhifəsi). Ekspert 14-cü səhifədə qeyd edir ki, “avadanlıqların nəzəri qaydada orta bazar qiymətini” müəyyən etmişdir. Burada necə deyərlər, şərhə ehtiyac yoxdur. Yəni cavabdeh nəzəri qaydada müəyyən edilən qiymətə əsasən, mövcud olmayan avadanlığa görə 161310 manat ödəyə bilməz. 3-cü tələblə bağlı: Cavabdeh həmin tələbi qəbul edir. 4-cü tələblə bağlı: Cavabdeh həmin tələbi qəbul etmir. Belə ki, iddiaçının bu tələbi ilə bağlı istinad etdiyi əsas sübut sərbəst auditor X8 tərəfindən 02-80 nömrəli 21.06.2021-ci il tarixli Audit rəyidir. Bu Audit rəyi sübut kimi yararsız sübutdur. Cavabdehin nümayəndəsi Vəkil4 müraciətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən həmin Audit rəyinin keyfiyyəti yoxlanılmış və rəy keyfiyyətsiz audit kimi qiymətləndirilmişdir (müvafiq məktub iş materiallarına əlavə edilib). Təsadüfi deyil ki, ekspert rəyində də bu hissədə göstərilir ki, müvafiq xüsusatlarla bağlı hər-hansı bir mötəbər mühasibatlıq sənədi təqdim edilə bilməyib. Mühasibatlıq sənədlərinin təqdim edilməsi məhz iddiaçının təqsiri üzündən baş vermişdir. Həmin dövrdə şirkətin direktoru olan X20 bu dövrə aid olan bütün mühasibatlıq sənədlərini özündə saxlayır. 5-ci tələblə bağlı: Cavabdeh həmin tələbi qəbul etmir. 4-cü tələblə bağlı cavabdehin yuxarıda qeyd edilən əsaslandırması eynilə 5-ci tələb üçün də keçərlidir. İddiaçı qeyd edilən tələb ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı və onunla qohumluq münasibətlərində olan və şəriklik dövrü ərzində "xxxx" MMC-nin direktoru olmuş X1 fəaliyyəti və şirkətə vurduğu maddi zərər nəticəsinə "xxxx" MMC-nin biznesinin mövcudluğuna faktiki olaraq 2019-cu ilin noyabr ayında son qoyulmuşdur. İddiaçının qohumu olan X9 "xxxx" MMC-yə vurduğu maddi ziyan məhkəmə qaydasında öz təsdiqini tapmışdır. İddia tələbinə 04 aprel 2022-ci il tarixli etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən digər məsələlərlə yanaşı məhkəmədən aşağıdakı məsələlər xahiş edilir: 6) Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs.), 111 ünvanında yerləşən fabrikin "xxxx" MMC Şirkətinə icarəyə verilməsinə dair 01 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və 7) Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs), 111 ünvanda yerləşən əmlaka dair Cavabdeh ilə onun qızı X15 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına qeydiyyatdan keçmiş çıxarışın ləğv edilməsi. Qeyd olunan (6) saylı tələblə əlaqədar qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs.), 111 ünvanında yerləşən daşınmaz əmlak (fabrik) xüsusi mülkiyyət hüquqları ilə Cavabdeh məxsus olmuşdur. Qanunvericiliklə təsbit olunmuş və xüsusi mülkiyyət üzərində sərəncam hüququndan istifadə edən Cavabdeh həmin daşınmaz əmlakı icarəyə vermişdir. Qeyd olunan daşınmaz əmlakın iddiaçı və cavabdeh arasında olan iş üzrə mübahisəyə heç bir aidiyyəti olmadığından iddiaçının fabrikin "xxxx" MMC-yə icarəyə verilməsinə dair 01 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üzrə tələbinin məntiqini başa düşmək mümkün deyildir. (7) saylı tələblə bağlı isə qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs), 111 ünvanda yerləşən əmlaka dair Cavabdeh ilə onun qızı X15 arasında bağlanmış müqavilə əsasında əmlak X6 mülkiyyətinə keçsə də, iddiaçının tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin müvafiq qərarına əsasən həmin əmlak üzərinə qoyulmuş həbs məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Bu səbəbdən də əmlak barəsində bağlanmış müqavilənin və çıxarışın ləğv edilməsi tələbinin hansı məqsədə xidmət etməsi cavabdeh tərəfə aydın deyildir. İddia tələbinə 08 aprel 2022-ci il tarixli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh onunla birlikdə həmtəsisçisi və payçısı olduğu "xxxx" MMC-nin fəaliyyətinə qoyulmuş 690118,78 manat və buna müvafıq olaraq gəlir kimi payına düşən 79867,10 manat olmaqla, cəmi 769985,88 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonradan iddiaçı bir neçə dəfə tələblərinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və son olaraq 9 mart 2022-ci il tarixində və 30 mart 2022-ci il tarixində ərizəsində tələblərini dəqiqləşdirmişdir. Həmin ərizəyə əsasən iddiaçının cavabdehə qarşı 2 aşağıdakı tələbi mövcuddur: 1) Cavabdeh tərəfindən ona məxsus vergi borcu kimi ödənilmiş 127000 manatın iddiaçıya ödənilməsi və 2) İddiaçı tərəfindən X4 ödənilən 29500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi. Cavabdeh ilkin olaraq 28 mart tarixli etirazında yuxarıda göstərilən tələbləri qəbul etmişdi. Lakin hal-hazırda onun mövqeyi dəyişmişdir və məhkəməni aşağıdakılar barədə məlumatlandırmağı zəruri hesab edir: Cavabdeh həm 1-ci tələbi (127000 manatla bağlı), həm də 3-cü tələbi (29.500 manatla bağlı) tələbi qəbul etmir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, hər iki tələb üzrə mümkün subyektiv hüquq daşıyıcısı iddiaçı deyil, onun əri Fuad Allahquluzadədir. Fuad Allahquluzadə bu məhkəmə icraatının iştirakçısı deyil, bu məhkəmə icraatı üzrə hər-hansı bir tələb irəli sürməyib və belə olan surətdə müvafiq ödəmə tələbləri, ümumiyyətlə, bu məhkəmə icraatının predmeti ola bilməz. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz ərizələrində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 451,8 kv.m (yaşayış sahəsi – 267,9 kv.m və yardımçı sahə - 183,9 kv.m) olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X16 adına 30 aprel 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 24053 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Cavabdeh (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış 01.10.2019cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 451,8 kv.m olan fərdi yaşayış evini aylıq 500 manat icarə haqqı müqabilində icarəçiyə icarəyə vermişdir. - 25.06.2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən Vergilər Nazirliyi – Milli Gəlirlər Departamentinə 127000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 05.07.2018-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X5 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində vəsaiti almışdır. Cavabdeh və "xxxx" MMC-yə heç bir etirazı yoxdur. Qeyd edilən arayış X5 və İddiaçı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 451,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X6 adına 05 noyabr 2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - “Alıcı” – "xxxx" MMC ilə “Təchizatçı” – "xxxx" MMC arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, BON005/01012019 nömrəli təchizat müqaviləsinə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbl edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 oktyabr 2021-ci il tarixli Qərardan görünür ki, İddiaçı vəkili Vəkil3 sonuncunun pulunun X11 qızı tərəfində\n ələ keçirilməsinə dair müraciəti əsasında toplanmış material üzrə cinayıət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən "xxxx" MMC-nin və Cavabdeh nümayəndəsi Vəkil4 ünvanlanmış 21 iyun 2021-ci il tarixli, 02-80 nömrəli məktubda qeyd olunmuşdur ki, 26 aprel 2021-ci il tarixli müraciətinizə Palatada baxılmışdır. Eyni zamanda müraciətinizdə qeyd olunan məsələləri araşdırmaq üçün Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə Komitəsinin müfəttişi xx tərəfindən Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi xxx və Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitəsinin sədri xxun 26.04.2021ci il tarixli xüsusi göstərişinə uyğun olaraq Sərbəst auditor X10 tərəfindən "xxxx" MMC-də aparılmış auditin keyfiyyətinin yoxlanılması həyata keçirilmişdir. Auditorla telefon və elektron poçt vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq sənədləri monitorinqə təqdim etməmişdir. Telefon danışığı zamanı sənədləri təqdim etmədiklərinə əsas kimi sənədlərin sifarişçi tərəfindən qaytarılmadığını göstərmişdir. Palataya göndərilmiş şikayətə əsasən aparılmış audit üzrə auditor tərəfindən rəy 02 oktyabr 2020-ci il tarixində təqdim edilmişdir. BAS-lara əsasən auditin sənədləşdirilməsi auditin aparıldığı müddətdə və vaxtında sənədləşdirilməlidir. Auditor rəyinin ifadəsi auditin aparıldığı müddət ərzində sənədləşdirilmiş bütün məlumatlara (o cümlədən mühasibatlıq və digər məlumatlar) əsasən auditin son mərhələsidir. Başqa sözlə, aparılmış audit üzrə rəy təqdim edilməsi artıq rəyin əsaslandığı bütün məlumatların sənədləşdirilməsini nəzərdə tutur. Nəticədə, monitorinqin aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən sərbəst auditor X10 tərəfindən "xxxx" MMC-də aparılmış auditinin monitorinqinin nəticələrinə əsasən keyfiyyətsiz audit kimi qiymətləndirilir. - Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən Vəkil3 ünvanlanmış 28 mart 2022-ci il tarixli, 02-51 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin 02 fevral və 09 mart 2022-ci il tarixli, müvafiq olaraq 154/2022 və 197/2022 saylı sorğularınıza cavab olaraq bildirilir ki, sərbəst auditor tərəfindən 2020-ci il 02 oktyabr tarixində “xxxx" MMC-nin təsisiçilərindən biri olan İddiaçı ünvanlanmış "xxxx" MMC-nin təsisiçilərindən biri olan İddiaçı Cəmiyyətin Nizamnamə Kapitalındakı payının səviyyəsinə uyğun olaraq almalı olduğu dividend və digər gəlirlərinin müəyyən olunması məqsədilə Cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətinin auditinin nəticələri barədə” rəyin Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi xx tərəfindən keyfiyyətsiz qiymətləndirilməsi Auditorlar Palatasında müəyyən edilmiş qaydalara uyğun deyildir. Bu məsələ ilə bağlı Auditorlar Palatasında daxili nəzarət qaydasında araşdırma aparılmış və Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi x səlahiyyələrini aşdığına görə və sərbəst auditor isə auditin sənədləşdirilməsində yol verdiyi çatışmamazlığa görə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri və bu məsələ ilə əlaqədar Auditorlar Palatası tərəfindən əlavə hər hansı bir materialın əldə olunmasının mümkün olmadığını nəzərə almağınız xahiş olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2022-ci il tarixli 9/4408-10/3368 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, qərardadın 1-4-ncü sualları üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən əlavə sənədlər təqdim edilmədiyindən hazırkı iş üzrə məhkəmə-mühasibat ekspertizası ilə bağlı qoyulan suallara dair tədqiqat aparmaq mümkün olmadı. Tədqiqat olunan avadanlıqlar az müddət istifadə olunduğunu nəzərə alaraq, rəyin tədqiqat hissəsində göstərilən avadanlıqlara aşınma faizi tədbiq olunmur. Qərardadın 5-nci sualı üzrə: ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin tikinti-təmir işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 202865,52 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatına təqdi edilməyən və iş materiallarında kifayət qədər məlumatı nəzərə alınmaqla həmin avadanlıqların nəzəri qaydada orta bazar qiymətləri təxminən 161310 manat müəyyən olunur. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 13.09.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. Belə ki, hər iki tərəf həm fiziki şəxs kimi vergi uçotuna alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, həm də sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin icra orqanının rəhbəridir. Tərəflər arasında 2018-ci ilin əvvəllərindən etibarən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Tərəflərin hər ikisinin həmtəsisçisi və bərabər payçısı olduğu "xxxx" MMC-nin 2018-ci ilin iyun ayında Nizamnaməsi qəbul olunmuş və dövlət qeydiyyatına alınmışdır. Maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə tərəflər arasında müəyyən razılaşmalar, o cümlədən cavabdehin dövlət büdcəsinə və fiziki şəxsə olan borclarının ödənilməsinə kömək etmək barədə razılaşmalar əldə edilmişdir. Belə ki, vergi ödəyicisi olan Qayıbova- X21 dövlət büdcəsinə 127000 manat, həmçinin başqa bir fiziki şəxsə 29500 manat borcu olmuş və həmin borcların tamamilə ödənilməsi iddiaçı tərəfindən təmin edilmişdir. İddia tələbinin bir hissəsini İddiaçı tərəfindən "xxxx" MMC üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılması və avadanlıqların əldə edilməsi üçün ödənilmiş 364175,52 manat məbləğində pul vəsaitinin, məhkəməyə ərizə verildiyi vaxtdan etibarən "xxxx" MMC-nin fəaliyyət dövrü üçün İddiaçı payına düşən 461497,44 manat vəsaitin, "xxxx" MMC-nin qeyd edilən şəriklikdə xəzinə (kassa), bank hesabları və müvafiq post terminallar vasitəsi ilə əldə olumuş gəlirdən İddiaçı payına düşən 147481,90 manat olmaqla, cəmi 1129654,86 manat məbləğində pul vəsaitinin X2 alınaraq İddiaçı ödənilməsi təşkil edir. İddia tələbinin həmin hissələri ilə bağlı məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia tələbləri həmin hissələrdə əsassız olduğundan təmin olunmamaldır. İddia tələbinin digər hissələrindən Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs.), 111 ünvanında yerləşən fabrikin "xxxx" MMC Şirkətinə icarəyə verilməsinə dair 01 oktyabr 2019-cu il tarixli müqavilənin və Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 2 (Badamdar qəs), 111 ünvanda yerləşən əmlaka dair Cavabdeh ilə onun qızı X15 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına verilmiş 03 noyabr 2019-cu il tarixli X6 adına qeydiyyatdan keçmiş çıxarışın ləğv edilməsi ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02.aprel 2021-ci il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa, əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında deyilir: “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Qeyd olunmalıdır ki, məhkəmə araşdırması nəticəsində hər iki müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddia tələbinin bir hissəsini cavabdeh X3 məxsus 127000 manat məbləğində vergi borcu kimi ödənilmiş məbləğin, M.Mustafayevaya ödənilən 29500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması təşkil edir. Məhkəmənin qənaətinə əsasən həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı cavabdeh X3 məxsus 127000 manat məbləğində vergi borcu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması tələbinə münasibətdə aşağıdakıları qeyd etmək olar: İş materiallarında olan vergi 25.06.2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, vergi ödəyicisi olan Cavabdeh məxsus ********** nömrəli VÖEN üzrə Vergilər Nazirliyi – Milli Gəlirlər Departamentinə 127000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Vergi borcunun ödənilməsinə görə həmin məbləğ iddiaçı tərəfindən cavabdehə verilmişdir. İddia tələbinin həmin hissəsi cavabdeh tərəfindən qəbul edilsə də, son etiraz ərizəsində həmin hissəni də qəbul etməmişdir. Həmin hissə ilə bağlı etirazını pulun verilməməsi ilə yox, iddiaçının subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Etiraz ərizəsində deyilir ki, cavabdeh ilkin olaraq 28 mart tarixli etirazında yuxarıda göstərilən tələbləri qəbul etmişdi. Lakin hal-hazırda onun mövqeyi dəyişmişdir və məhkəməni aşağıdakılar barədə məlumatlandırmağı zəruri hesab edir: Cavabdeh həm 1ci tələbi (127000 manatla bağlı), həm də 3-cü tələbi (29.500 manatla bağlı) tələbi qəbul etmir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, hər iki tələb üzrə mümkün subyektiv hüquq daşıyıcısı iddiaçı deyil, onun əri Fuad Allahquluzadədir. Fuad Allahquluzadə bu məhkəmə icraatının iştirakçısı deyil, bu məhkəmə icraatı üzrə hər hansı bir tələb irəli sürməyib və belə olan surətdə müvafiq ödəmə tələbləri, ümumiyyətlə, bu məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmənin qənaətinə əsasən iddiaçı qeyd olunan tələbləri cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa ona görə malikdir ki, hər iki halda münasibətlər məhz iddiaçı ilə cavabdeh arasında yaranmış, razılaşdırılmış iradə ifadəsi hazırkı tərəflər arasında olmuşdur. İddiaçının ərinin danışıqlar aparması, danışıqlarda iştirak etməsi həmin vəziyyəti dəyişmir. İş materialları ilə həmin hal, həmçinin hər iki məbləğin cavabdehin şəxsi borclarının olması öz təsdiqini tapır (e-mail yazışmaları, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 oktyabr 2021-ci il tarixli Qərar və s.). Beləliklə, gəlinən nəticəyə əsasən iddia qismən təmin olunmalı, Cavabdeh ödənilmiş vergi borcuna görə 127000 (yüz iyirmi yeddi min) manat və fiziki şəxsə olan borca görə 29500 (iyirmi doqquz min beş yüz) manat olmaqla, cəmi 156000 (yüz əlli altı min beş yüz) manat məbləğində pul (qeyd olunduğu kimi həmin məbləğlərin cavabdeh tərəfindən şəxsi borc qismində qəbul edilməsi e-mail yazışmalarından müəyyən olunur) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilmiş vergi borcuna görə 127000 (yüz iyirmi yeddi min) manat və borca görə 29500 (iyirmi doqquz min beş yüz) manat olmaqla, cəmi 156500 (yüz əlli altı min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar