Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6860/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, icranın gecikdirilməsi hüquqi faktı, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. Kreditor İddiaçı (bundan sonra İddiaçı MMC) məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra "xxxx" MMC) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borcun və ödənilmiş 91,2 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor ilə borclu bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclu malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən borclu kreditordan yük avtomobilləri üçün ehtiyat hissələri və digər mallar satın almışdır. Satın alınan mallar müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və borcluya təhvil verilmişdir. Sonuncu təhvil aldığı malların 7119,26 manatının ödənişini etməmiş və müxtəlif bəhanələr gətirmişdir. Bununla əlaqədar olaraq, hər iki tərəfin rəhbərlərinin (direktorlarının) iştirakı ilə xx.xx.2024-cü ildə üzləşmə aktı tərtib edilmişdir. Bununla belə, borclu yaranmış borc məbləğini hələ də ödəməmişdir. xx.xx.2024-cü ildə kreditor tərəfindən borcluya müvafiq dövlət orqanının kargüzarlıq bölməsi vasitəsilə pretenziya məktubu ünvanlanmış, bundan sonra borclu tərəfindən qısa müddətdə borcun ödəniləcəyi bildirilsə də, hələ də borc məbləği ödənilməmişdir.
3. Ərizədə hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 442-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh MMC-dən 7119,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91,2 manat məbləğində pul vəsaitinin tutularaq kreditor İddiaçı MMC-yə ödənilməsi əmr edilmişdir.
5. Borclu Cavabdeh MMC-nin etirazı əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materialların iddia icraatına keçirilməsi qərara alınmışdır.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borc, 516,14 manat faiz məbləğinin və ödənilmiş 99,56 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin borclarının 2023-cü ildən qaldığını, həmin borc məbləğlərinin üzərindən 1 ildən artıq müddət keçdiyini nəzərə alaraq, borc məbləğinin üzərinə gecikdirilmiş məbləğə əsasən qanunvericiliyə uyğun olaraq faizlər də gəlinərək, cavabdeh tərəfindən əlavə olaraq ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsinə əsasən sonuncu bank uçot dərəcəsi 7,25%-dir (xx.xx.2024). Göründüyü kimi, cavabdeh öz borcunu ödəməkdən boyun qaçırır və bunu gecikdirir. Belə olan halda, cavabdehdən 7119,26 manata əlavə olaraq 516,14 manat məbləğ də tutulmalıdır (7119,26 x 7.25% x 1 = 516,14). Bundan başqa, daha əvvəl iddiaçı əmr icraatı qaydasında işə baxılması üçün birbaşa olaraq məhkəməyə müraciət etmişdisə, işin iddia icraatına keçməsindən sonra vəkillə müqavilə bağlamaq zərurəti yaranmışdır. Vəkilə isə 320 manat məbləğində ödəniş edilmişdir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
9. Məhkəmə bildirişləri cavabdehin, qanuni təmsilçisinin və nümayəndəsi/vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. Ərizəyə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtkü yağları və digər bu kimi mallar satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir (1.1). Malın növü, çeşidi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur (1.2). Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir (2.1). “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən sifariş edilmiş mah 10 (on) təqvim günü ərzində “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür (4.1). “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir (4.2). “Satıcı” Müqaviləyə əsasən sifariş edilmiş mallar üzrə sənədləri (hesab-faktura, qaimə faktura və digər zəruri sənədlər) “Alıcı”ya təqdim etməlidir. İlkin alqı-satqı əməliyyatlarında təqdim edilmiş mallara görə ödəniş öncədən həyata keçirilir. Növbəti əməliyyatlarda göstərilmiş məbləğ mallar təhvil verildikdən sonra növbəti 5 (beş) gün ərzində köçürmə yolu ilə ödənilir (5.1). Malların satış qiyməti üzərinə vergilər əlavə olunur və hesab faktura ilə birlikdə satıcıya təqdim edilir (5.2).
14. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhviltəslim aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli 01/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 8337,88 manat, xx.xx.2023-cü il tarixli 02/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 3439,7 manat, xx.xx.2023-cü il tarixli 03/23 nömrəli akt əsasında ƏDV daxil olmaqla 94,4 manat olmaqla ümumilikdə ƏDV daxil 11871,98 manat dəyərində mal cavabdehə təqdim edilmişdir.
15. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDJ 124916 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8337,88 manat, xx.xx.2023-cü il tarixli EBDM 248418 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3439,7 manat, xx.xx.2023-cü il tarixli EBDQ 890236 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 94,4 manat olmaqla ümumilikdə ƏDV daxil 11871,98 manat dəyərində malın verilməsi üçün tərtib edilmişdir.
16. İş materiallarına əlavə edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 29 may 2023-cü il tarixli 01 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 7119,26 manat borc mövcuddur.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yük avtomobilləri üçün ehtiyat hissələri, motor və sürtkü yağları və digər bu kimi malları satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli 01/23, xx.xx.2023-cü il tarixli 02/23 və xx.xx.2023-cü il tarixli 03/23 nömrəli aktlar əsasında ƏDV daxil olmaqla 11871,98 manat dəyərində malı cavabdehə təhvil vermiş, sonuncuya xx.xx.2023-cü il tarixli EBDJ 124916, xx.xx.2023-cü il tarixli EBDM 248418 və xx.xx.2023-cü il tarixli EBDQ 890236 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir. Tərəflər adıçəkilən müqavilə üzrə xx.xx.2024-cü il tarixə borc məbləğini 7119,26 manat olaraq təsdiq etmişlər.
18. İddiaçı 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 7119,26 manat pulun ödənilməsini tələb edir.
19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 5.1-ci bəndi ilə mallar təhvil verildikdən sonra dəyərinin növbəti 5 gün ərzində köçürmə yolu ilə ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
38. İddiaçı iddia ərizəsində Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 516,14 məbləğində pulun da tutulmasını tələb edir.
39. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
40. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
41. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
43. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.
44. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
45. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
46. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
47. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
48. Lakin tərəflər arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 0722/05/238 nömrəli alqı-satqı müqaviləsinin “ödəniş şərtləri” adlanan 5-ci hissəsində ilkin alqı-satqı əməliyyatlarının dəyərinin qabaqcadan, sonrakı əməliyyatların dəyərinin malların təhvil verilməsindən 5 gün müddətində ödənilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, xx.xx.2024-cü il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
49. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin həcminin artırıldığı və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 94 gün üçün həyata keçirilməlidir.
50. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 91,67 manat (7119,26 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 94 gün (gecikdirilən gün sayı)) təşkil edir.
51. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 91,67 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
52. İddiaçı həmçinin 99,56 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
53. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 91,2 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 8,4 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
54. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 320 manat məbləğində pul “AAA” vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli ******* nömrəli order).
55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
59. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
60. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
61. Həmçinin məhkəmə qeyd edir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Eyni zamanda cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6860/2024 nömrəli məhkəmə əmrinə etirazda borcu mübahisələndirdiyini, sübutları icraatın gedişində təqdim edəcəyini bildirsə də, heç bir məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də hər hansı sübut təqdim etməmişdir. Cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində də tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
62. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,56 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7119,26 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 91,67 manat olmaqla ümumilikdə 7210,93 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,56 manat məbləğində pul, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova