Məhkəmə qərarları › İş №e-2-2(113)-687/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-687/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-687/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Qax rayon Notariat ofisinin notariusu X3 qarşı icra qeydinin ləğv edilməsi və kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Qax rayon Notariat ofisinin notariusu X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qax rayon Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydinin ləğv edilməsinə və xx.xx.2022-ci il tarixli 9201***-*******01L saylı əsas kredit limit razılaşmasına əsasən Cavabdeh2 ASC-nə olan borcumun azaldılaraq, banka olan borcumun real məbləğinin müəyyən edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 9201022- 182128201L saylı əsas kredit razılaşmasına əsasən ona 120 ay müddətinə, illik 30%-dən çox olmamaq şərti ilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli 9201***-*******01L saylı əsas kredit limit razılaşmasına xx.xx.2022-ci il tarixli razılaşma imzalanaraq ona 24 ay müddətinə, illik 19,5 % haqq ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. Əsas kredit limit razılaşmasından irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X4 ilə bağlanılmış 20,10.2022-ci il tarixli 9AVTOM185642401 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətindəki “Mercedes Benz” markalı, Model-Sprinter 315CD yük, rəng-gümüşü metallik, Ban tıömrəsi- WDF906633İA967303, dövlət qeydiyyat nişanı-99UZ619 olan avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəfindən müəyyən müddət ərzində Cavabdeh2 ASC ilə aramda bağlanmış kredit limit razılaşmasının şərtlərinə əməl edilərək, ödəməli olduğu aylıq ödənişlər cavabdeh Banka ödənilmişdir. Lakin övladının olduqca ağır xəstəliyi ilə əlaqədar aylıq ödənişləri vaxtında yerinə yetirə bilmədi. Bir müddət əvvəl isə ona məlum oldu ki, Qax rayon Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydi verilmişdir. Həmin icra qeydində onun Banka olan borcunun 25.769,72 manat əsas borc, 2.135.74 manat isə faiz borcu olmaqla cəmi tutulmalı məbləğin 27.905,46 manat olduğu qeyd edilmişdir. Hesab edir ki, Qax rayon Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydindəki borc məbləği onun Cavabdeh2 ASC-yə olan real borc məbləğini əks etdirmədiyindən İcra Qeydi ləğv edilməli və Banka olan real borc məbləğim müəyyən edilərək, borc məbləği azaldılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh Qax rayon Notariat ofisinin notariusu X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdeh Qax rayon Notariat ofisinin notariusu X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh2 ASC-yə qarşı kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və hüquqi şəxsin AR Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi akatlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq edilməsidir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanıla bilər ki, hər hansı fiziki və hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. (MPM-in 2.1, 4.1 və 5.2-ci maddələri) Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlanıla bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdadiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələrin iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, MPMin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, borclunun kredit müqaviləsi üzrə kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə işin başlanması üçün əsas ola bilməz. Belə ki, həmin borcun kreditor tərəfindən hesablanması özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Odur ki, bu cür tələblər mahiyyət etibarilə kreditor tərəfindən qaldırılmış borcun tutulması barədə iddiaya borclunun etirazının əsasını və yaxud borclu tərəfindən irəli sürülmüş digər iddia tələblərinin əsasını (məsələn, hazırkı halda olduğu kimi icra qeydinin ləğv edilməsi barədə iddia tələbinin, “İpoteka haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən məhkəməyə verilən ipotekaya tutma yönəldilməsi barədə şikayətin əsasını) təşkil edə bilər. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin dəyişdirilməsi, silinməsi barədə borclunun tələbləri müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Odur ki, həmin tələblərin məhkəmənin icraatına qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar