Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-687/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, delikt) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6139 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 81,39 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh təqsiri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 6139 (altımin yüz otuz doqquz) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 6139 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə Elektron Məhkəmə Sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 06 aprel 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh təqsiri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 6139 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 6139 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə Elektron Məhkəmə Sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin məhkəmə iclaslarında verdiyi ifadələrdən müəyyən edilir ki, tərəf zərərin dəydiyini deyil, zərərin məbləğini mübahisələndirir. "xxxx" tərəfindən verilmiş mütəxəsis rəyində qeyd edilən ümumi ziyanın dəyərinə də etiraz etmədiklərini bildirmişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, ziyanın olduğunu qəbul edir, lakin iddia tələbində qeyd edilən məbləğ qədər olduğunu düşünmür. Mütəxəssis rəyində qeyd edilən 5489 manat məbləği qəbul edir və hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Başqa banklar qarşısında da aylıq öhdəliklərinin olması səbəbindən aylıq yüksək ödəniş edə bilməyəcəkdir. Hazırda ayda 50 manat ödəniş etməyə imkanı var. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcarəyə verən” X1 ilə (etibarnamə əsasında İddiaçı adından) “İcarəyə götürən” Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30ST/KA732 saylı İcarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini İcarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə borcludur. Müqavilənin 2.1.5-ci bəndinə əsasən, fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə borcludur. Müqavilənin 2.1.7-ci bəndinə əsasən, fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. Müqavilənin 2.1.8-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Müqavilənin 4.12-ci bəndinə əsasən, Nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır, həm də Cinayət Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə cinayət məsuliyyəti daşıyır. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin İcarə Müqaviləsinə 1 nömrəli əlavəsinin Təhvil-təslim aktına əsasən, “RAVON NEXİA R3 MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil, texniki baxımdan saz vəziyyətdə, qüsuru olmadan və bütün ləvazimatları yerində etibarnamə üzrə icarəyə verən tərəfindən icarəyə götürənə təhvil verilmişdir. “Avtoservis” tərəfindən tərtib olunmuş arayışdan müəyyən olunur ki, İddiaçı “RAVON NEXİA R3 MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 3739 manat, təmir usta işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 6139 manat məbləğ xx.xx.2024-cü il tarixdə Avtoservisə ödənilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə iddia tələbindəki borc məbləğini 7 gün ərzində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, həmin pretenziya xx.xx.2024-cü il tarixdə cavabdehin internet vergi sistemindəki kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsini müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, QCM/M 06-040/25 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə İddiaçı məxsus buraxılış ili 2017-ci il olan, "Ravon Nexia R3" minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 5489 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 81,39 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 30ST/KA732saylı İcarə müqaviləsinə əsasən X1 etibarnamə əsasında İddiaçı adından Cavabdeh “RAVON NEXİA R3 MİNİK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Avtomobil cavabdehin istifadəsində olan zaman avtomobilə müqavilə üzrə istifadə nəticəsində deyil, ehtiyyatsız və məsuliyyətsiz istifadə, həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymişdir. Bu fakt dəymiş zərərin hesablanmasına dair akt və arayışla təsdiq olunur, həmçinin cavabdeh bu faktı mübahisələndirməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinə əsasən icarə əmlakının istifadəsi nəticəsində dəyən ziyan üçün icarəyə götürən məsuliyyət daşıyır. Müqavilədə nəqliyyat vasitəsinin texniki sazlığı və ümumi vəziyyətinə birbaşa təsir göstərən halla əlaqədar icarəyə götürən qarşısında konkret öhdəlik nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cavabdehdən müqavilənin 2.1.8-ci bəndinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Məhkəmə cavabdehdən tutulacaq əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 6139 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, keçirilmiş məhkəmə ekspertizası nəticəsində “Ravon Nexia R3" minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 5489 manat olduğu qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyinin kifayət qədər əsaslandırılmasını, aydın şəkildə müqayisəli formada qiymətləndirmə aparılmasını, tədqiqat metodunu nəzərə alaraq hesab edir ki, əsas borcun məbləği mütəxəssis rəyinə uyğun olaraq 5489 manat müəyyən olunmalıdır Bundan başqa məhkəmə iddianın qismən təmin olunmasını və hüquqi xidmətə görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 300 manat, ödənilmiş 81,39 manat dövlət rüsumunun 74,89 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 270 manatı cavabdеh Cavabdeh, 30 manatı isə İddiaçı tutularaq "xxxx" MMCyə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5489 (beş min dörd yüz səksən doqquz) manat pul vəsaiti, ödənilmiş 74 (yetmiş dörd) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manatın əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 270 (iki yüz yetmiş) manatı cavabdеh Cavabdeh, 30 (otuz) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin (AZ06 Al İB400600C**********103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: ********** S.W.İ.F.T.: AİİBAZ2X AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-687/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-687/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver