Məhkəmə qərarları › İş №e-2-2(113)-6871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6871/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6871/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10 sentyabr 2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 2968,93 manat məbləğində pulun və 49,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 sentyabr 2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 3 %, endirimləri təqdim edən obyekt kimi isə ünvan 1 ünvanı göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən bank Endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən Cavabdeh MMC-nun 10 sentyabr 2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri ünvan 1-də yerləşən obyektdən ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 3 % qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə Banka olan borcu 2968,93 manatdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 442, 445.2.1, 447.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC (Bank) və Cavabdeh MMC (Təşkilatçı) arasında imzalanmış 10 sentyabr 2020-ci il tarixli MD-CB 236 saylı Endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 2.2-ci bəndinə əsasən Bu müqavilə üzrə nağdsız əməliyyatlar həm Bankın, həm də istənilən Digər bankın pos-terminalları ilə həyata keçirilə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, Bankın marağı nağdsız qaydada hesablaşmaların həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışını stimullaşdırmaqdan, Təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlbi və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir. Müqavilənin 3.2-ci bəndinə əsasən Bank Təşkilatçıdan aldığı Endirim faizini Bankın müəyyən etdiyi qaydada nağd pul və ya Virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində Müştərinin xeyrinə hesablayır. Hesablanmış Virtual ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Bankın müəyyən etdiyi dövr ərzində istifadə edilməyən Virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır. Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların pos-terminallarını əhatə edəcəkdir. Müqavilənin 3.5 və 3.6-cı bəndlərinə əsasən Təşkilatçı öz müəssisələrində Banka aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə tanıtım materiallarının vəziyyəti və yeri ilə tanış olmaq üçün təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı tanıtım materiallarını yalnız bu müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı bankın razılığı olmadan bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığını bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalnız müqavilə qüvvədə olduğu müddət ərzində tanıtım materiallarından istifadə edə bilər və müqaviləyə xitam verildikdən sonra dərhal, habelə bankın tələb etdiyi halda müqaviləyə xitam verilənədək tanıtım materiallarını tam olaraq banka geri qaytarmalıdır; Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların pos-terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 3.7-ci bəndinə əsasən Endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçının Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək Təşkilatçı, onun pos-terminalının olduğu Digər bank və Bank arasında üzləşmə aktı tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən sonra Təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10-dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir. Müştərilər tərəfindən Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Bankın pos-terminalları vasitəsi ilə ödənildiyi hallarda Təşkilatçının bu Müqavilə üzrə Banka köçürməli olduğu vəsaitləri və ödəməli olduğu ödənişləri, habelə Bank qarşısında yaranmış hər hansı bir digər öhdəliyi üzrə ödənişləri X1 hesab(lar)ından Təşkilatçının razılığı tələb olunmadan birtərəfli qaydada akseptsiz şəkildə silir. Təşkilatçının hesab(lar)ında vəsait olmadıqda, Təşkilatçı və Bank arasında bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə Bankla Təşkilatçı arasında üzləşmə Aktı tərtib olunur və Təşkilatçı tərəfindən Banka ödəniş edilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan posterminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək təşkilatçının vəzifəsidir. “Endirim kampaniyasında iştirak edilməsi haqqında” 10 sentyabr 2020-ci il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən müqavilənin şərtlərinə əsasən endirimləri təqdim edən obyektin ünvanı ünvan 2larda) 3% müəyyən edilmişdir. RB-02/3736 saylı xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Cavabdeh servisində ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 3% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarmışdır. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixinə Banka olan borcu 2968,93 manatdır. "xxxx" MMC-yə məxsus hesab üzrə məlumatlardan görünür ki, xx.xx.2020xx.xx.2024-cü il dövrü üzrə aparılmış əməliyyatlarla bağlı debet məbləğ 4941,18 manat, kredit məbləği 1972,2 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin 10 sentyabr 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən cavabdehin müştərilərinin apardıqları əməliyyatlarla bağlı cavabdeh tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə qarşılıqlı öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilədə nəzər tutulmuş öhdəliyini icra edərək endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini öz hesabından üçüncü şəxslərə ödəmiş, lakin cavabdeh tərəfindən müqavilənin 4.1.4-cü bəndi pozularaq, nəzərdə tutulmuş ödəniş iddiaçıya geri qaytarılmamışdır. Bununlada tərəflər arasında imzalanmış 10 sentyabr 2020-ci il tarixli MD-CB 236 saylı müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində cavabdehin digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin, yəni xidmət haqqının hər ayın ilk 10 iş günü ərzində iddiaçının müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçı tərəfindən müqavilənin 3.6-cı bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməklə, ödənilmiş məbləği cavabdehdən tələb etmək hüququnun olduğunu, həmçinin iddiaçı tərəfindən tələb olunan məbləğin təqdim olunmuş sübutlarla – müqavilə və hesabdan çıxarışla təsdiqini tapdığını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 2968,93 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10 sentyabr 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləsinə əsasən 2968 (iki min doqquz yüz altmış səkkiz) manat 93 (doxsan üç) qəpik məbləğində əsas bоrc, habelə 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar