Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-688/2022 25.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra Şöbəsinə qarşı (Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qiymətləndirmə rəyi və QXM/1603 saylı hesabatının etibarsız hesab edilərək ləğv edilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və icra məmurunun sifarişinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra Şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyinin və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə X6 rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi və ipoteka predmeti olan “Chevrolet Aveo-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 116326-1-8339 saylı, 22.08.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən X3 avtomobil satın alınması üçün 48 ay müddətinə illik 17 faiz hesablanmaqla 15.210 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X4 mülkiyyətində olan “Chevrolet Aveo – minik” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 116326-16-11787 saylı, 22.08.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs X5 üzərinə götürdüyü kredit öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka borcu yaranmışdır. Bununla əlaqədar, bank X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli 2(011)-8231/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icra işi başlanılmış və şöbənin 06.09.2019-cu il tarixli qərarına əsasən əmlakın qiymətləndirilməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Cavabdeh1 MMC-nin 26.10.2018-ci il tarixli, QXM/1603 saylı rəyinə əsasən borclu X3 məxsus “Chevrolet Aveo – minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.000 manat məbləğində qiymətləndirilmişdir. Hesab edirlər ki, həmin rəy əsassız və qanunsuz olmaqla avtomobil olan daşınar əmlakın real qiymətini əks etdirmir, ümumiyyətlə, həmin qiymət həqiqətə uyğun ola bilməz və ağlabatan deyil. Belə ki, sözügedən avtomobil 6 ildən artıq istifadədə olmuş, istifadə edilməsi nəticəsində aşınmaya (amortizasiyaya) məruz qalmış və qiyməti aşağı düşmüşdür. Bundan başqa iddia ərizəsinə əlavə etdikləri fotoşəkillərdən də görünür ki, sözügedən avtomobil əhəmiyyətli dərəcədə zərər görmüş və əsaslı təmirə ehtiyacı vardır. Cavabdeh1 MMC-nin “Chevrolet Aveo – minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.000 manat məbləğində qiymətləndirməsi anlaşılan və ağlabatan deyildir. Belə ki, qiymətləndirmə xidməti bu məbləği müəyyən edərkən heç bir araşdırma aparmamış, avtomobilin hissələrinin aşınmasını, ilini və s. bu kimi xüsusiyyətləri nəzərə almamışdır. Rəydə yalnız avtomobilin 4 rakursdan şəkli çəkilməklə adıçəkilən avtomobil barədə yekun nəticəyə gəlməyə cəhd olunmuşdur. Hətta 26.10.2018-ci il tarixli, QXM/1603 saylı hesabata diqqət etdikdə belə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun normalarının tələblərinin kobud şəkildə pozulması açıq-aydın görünür. Hər bir hesabat, akt, rəy və s. bu kimi sənədlər əsaslandırılmalı olduğu halda, ekspert (mütəxəssis) yalnız qiymətləndirmədə istifadə olunan anlayışlar, ehtimal və məhdudiyyət şərtləri kimi nəzəri anlayışlar barədə hesabatda qeydlər edərək mücərrəd və işin faktiki hallarını əsaslandırmayan bir hesabat ərsəyə gəlməsinə səbəb olmuşdur. Bundan başqa, sözügedən avtomobilin bu qiymətlə açıq hərraca çıxarılması onun satışını qeyri-mümkün edəcək. İşin bu cür halında isə, qətnamənin icrası çətinləşəcək və ya qeyri-mümkün olacaqdır. İddia ərizəsinə əlavə edilmiş «Chevrolet Aveo - minik» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindən də müəyyən olunur ki, məhkəmə qərarı əsasında açıq hərraca çıxarılan ipoteka predmetinin real bazar dəyərinin qiymətləndiricinin hesabatında göstərdiyi kimi 12.000 manat olması qeyri-mümkündür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən avtomobil nisbi yararsız vəziyyətə düşmüşdür. Mövcud bazarı araşdırdıqda, avtomobil alqı-satqı portallarına diqqət etdikdə belə görünür ki, mexaniki sürətlər qutusu ilə təchiz olunmuş, şinləri istifadəyə yararsız olan, bamperi olmayan avtomobilə 12.000 manat ilkin satış qiyməti qoyulması absurddur. Ona görə də hesab edirlər ki, ipoteka predmeti olan, “Chevrolet Aveo – minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti yenidən müəyyən edilməlidir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş 17.05.2019-cu il tarixli bildirişə əsasən məlum olur ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında açıq hərracın keçirilməsi təşkil edilmiş, “Chevrolet Aveo – minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılmasına dair elan verilmiş və həmin hərracın keçirilməsi 08.07.2019-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hesab edirlər ki, borclunun əmlakının satılması üzrə növbəti hərracın təşkil edilməsi ləğv edilməli və ipoteka predmetinin müəyyən ediləcək yeni qiyməti ilə sifariş verilməlidir. Həmçinin, qeyd edilənlərə əsasən hesab edirlər ki, bank hüquqlarının müdafiəsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında “Chevrolet Aveo – minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədi ilə təşkil edilmiş açıq hərracın keçirilməsinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Məhkəmənin 06.04.2020-ci il tarixli qərardadı ilə iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.07.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2-2(113)-658/2020 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11.08.2020-ci il tarixli 2-2(103)-451/2020 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-658/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.06.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı ASC ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılmasına dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 03.11.2020ci il tarixli 2-2(102)-330/2020 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11.08.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 13.04.2021-ci il tarixli 2-2(103)-369/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin şikayətini təmin etmiş, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 10.06.2020-ci il tarixli, e-2- 2(113)- 658/2020 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra Şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə) qarşı Cavabdeh1 MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı hesabatın etibarsız hesab edilməsi, ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə X6 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Avoe-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair kommersiya işinin yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Kommersiya Məhkəməsinin 06.12.2021-ci il tarixli e-2-2(113)-4357/2021 saylı qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilərək ləğv edilməsini, ipoteka predmeti olan “Chevrolet Aveo-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 6000 manat müəyyən edilməsini və ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə X6 rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsini və icra məmuru tərəfindən yeni icra sifarişinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Cavabdeh1 MMC-nin rəyi ilə razı olduğunu, avtomobilin dəyərinin 12.000 manat təşkil etdiyini, avtomobilin 5 ildir bank tərəfindən hansı şəraitdə saxlanılmasının məlum olmadığını, 5 il ərzində avtomobilin qiymətində azalma olmasının normal olduğunu, təhvil verdiyi vaxt avtomobilin sadəcə mühərrikində problemin olduğunu, avtomobili əldə etdikləri vaxt dəyərinin 13.000 manat təşkil etdiyini, hazırda isə qiymətinin iki dəfə artıq olmasını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qətnaməsi ilə Bank VTB (Azərbaycan) ASC-nin X3 qarşı iddiası qismən təmin edilmiş, cavabdeh X1 10642,79 ABŞ dolları məbləğində əsas, 1161,22 ABŞ dolları məbləğində faiz, 24,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11.828,81 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnə ilə və 30 manat məbləğində dövlət rüsumunun “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi cavabdehə məxsus “Chevrolet Aveo” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə əsasında 27 fevral 2017-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Xətai rayon İcra Şöbəsinin icra məmurunun 02.03.2017-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Xətai rayon İcra Şöbəsinin qərarı və 06.09.2028-ci il tarixli müraciəti əsasında ipoteka predmeti olan avtomobil cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatına əsasən avtomobilin bazar dəyəri 12.000 manat məbləğində müəyyən edilmişdir. Hesabatda avtomobilin “texniki vəziyyət” qrafasında avtomobilin əsaslı təmirə ehtiyac olduğu göstərilmişdir. Bundan sonra Xətai rayon icra Şöbəsinin sifariş məktubu ilə ipoteka predmeti olan avtomobilin satılması məqsədilə açıq hərracın təşkil edilməsi üçüncü şəxs Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə həvalə edilmişdir. Xətai rayon İcra şöbəsinin icra məmuru, İddiaçı ASC-nin nümayəndəsinin, "xxxx" MMC-nin nümayəndəsinin və hal şahidlərinin imzaları ilə təsdiq edilmiş 09.06.2019-cu il tarixli akta əsasən Chevrolet Aveo” markalı, **-SG-*** olan dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" MMC-nin servisindən götürülərək tələbkar İddiaçı ASC-nin nümayəndəsinə təhvil verilmişdir. Avtomobil təhvil verilərkən keçirilmiş baxış zamanı sol dönmə işığının sındığı, təkərlərin boş vəziyyətdə olduğunu, motorun üst hissəsinin sökülü vəziyyətdə olduğu, sağ qanadının üstünün əzik olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin 11 noyabr 2021-ci il tarixli, LP-197/2021 saylı qiymətləndirmə rəyinə əsasən X2 mülkiyyətində olan 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı, **-SG-*** olan dövlət qeydiyyat nişanlı minik avtomobilin real bazar qiyməti 6.500 manat və likvid dəyəri 6.000 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilə keçirilmiş baxış zamanı avtomobilin motorunun olmadığı və avtomobilin istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qətnaməsi ilə “Bank VTB (Azərbaycan) ASC-nin X3 qarşı iddiası qismən təmin edilərək X1 “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə kredit borcunun tutulması və tutmanın ipoteka predmeti olan Ş.Rəfibəyova məxsus “Chevrolet Aveo” markalı, **-SG-*** olan dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişinə əsasən Cavabdeh1 MMC tərəfindən ipoteka predmeti olan avtomobilin bazar qiyməti 12.000 manat olaraq qiymətləndirilməklə qiymətləndirmənin nəticələri haqqında hesabat və qiymətləndirmə rəyi tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında hesabat və qiymətləndirmə rəyi ilə razılaşmamış və həmin hesabat və rəyin etibarsız hesab edilərək etibarsız hesab edilərək ləğv edilməsi, avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi, icra məmurunun sifarişinin ləğv edilməsi və yeni sifarişin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun: 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisəli qiymətləndirmə hesabatında və rəyində qiymətləndirilmiş obyektin bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4357/2021 saylı 22.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 11 noyabr 2021-ci il tarixli, LP-197/2021 saylı qiymətləndirmə rəyinə əsasən X2 mülkiyyətində olan 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı, **-SG-*** olan dövlət qeydiyyat nişanlı minik avtomobilin real bazar qiyməti 6.500 manat və likvid dəyəri 6.000 manat olaraq müəyyən edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Digər tərəfdən məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mübahisəli rəydə müəyyən edilmiş avtomibilin bazar qiymətini (12.000 manat məbləğində) isə ağlabatan hesab etmir. Belə ki, birincisi, mübahisəli avtomobilin İddiaçı ASC-yə təhvil verilməsinə dair 09.06.2019-cu il tarixli aktdan da göründüyü kimi həmin avtomobildə onun qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olan çoxsaylı qüsurlar (dönmə işığının sınması, təkərlərin boş vəziyyətdə olduğunu, qanadında əzik olması, motorun hissəsinin olmaması) mövcud olmuşdur. Eləcə də "xxxx" MMC-nin qiymətləndirmə rəyində avtomobilin istifadəyə yararsız vəziyyətdə olması göstərilmişdir. Bundan əlavə üçüncü şəxs Ş.Rəfibəyov də məhkəmədə verdiyi izahatında avtomobilin motorunda problem olduğundan işlək vəziyyətdə olmadığını və bununla bağlı avtomobilin 2017-ci ildən iddiaçıya təhvil verilənədək (2019-cu il) servisdə qaldığını qeyd etmişdir. Avtomobil iddiaçıya təhvil verilərkən yalnız motorunda qüsurun olması, eləcə də 5 il ərzində iddiaçı tərəfindən naməlum şəraitdə saxlanılması barədə üçüncü şəxsin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, mübahisəli avtomobildəki qüsurların iddiaçıya təhvil verilən zaman mövcud olması yuxarıda istinad edilən 09.06.2019-cu il tarixli təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır. İkincisi, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi mübahisəli qiymətləndirmə hesabatı və rəyi ilə müəyyən edilmiş avtomobilin bazar dəyəri "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar dəyərindən iki dəfə çoxdur. Məhkəmə hesab edir ki, qiymətləndirilmə rəylərində müəyyən edilmiş bazar dəyərlərinin belə kəskin surətdə fərqlənməsi (birinci rəyin verilməsindən keçmiş müddət ərzində avtomobilin qiymətinin müəyyən dərəcədə aşağı düşməsinin qanunauyğunluq olduğunu nəzərə alsaq belə) də birinci rəy və hesabatda müəyyən edilmiş qiymətin həqiqətəuyğun olmamasına dəlalət edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin 26.10.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatında müəyyən edilmiş avtomobilin bazar dəyəri həqiqəti əks etdirmir və həmin rəy və hesabatın ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Digər tərəfdən iddiaçı qiymətləndirmə rəyinin və hesabatının ləğv edilməsi ilə yanaşı onların etibarsız hesab edilməsini də tələb etmiş, lakin göstərilən tələbin əsası kimi rəy və hesabatın tərtib edilməsi zamanı qiymətləndirici şirkət tərəfindən rəyin və hesabatın etibarsız hesab olunması üçün əsas ola biləcək qanun pozuntusuna yol verilməsinə dəlalət edən hər hansı bir faktiki hala istinad etməmiş, eləcə də həmin hissədə iddia tələbinin qanuni əsasını göstərməmişdir. Odur ki, həmin hissədə iddia əsassızdır. Bununla yanaşı iş materiallarından görünür ki, avtomobilin ilkin satış qiyməti mübahisəli qiymətləndirmə hesabatında və rəyində göstərilmiş bazar dəyəri ilə müəyyən edilmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə ipoteka predmeti olan “Chevrolet Aveo-minik” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində göstərilmiş likvid qiymətə əsasən 6.000 manat məbləğində müəyyənləşdirilməsini qanunamüvafiq hesab edir. İddianın ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə verilmiş sifarişin ləğv edilməsi və icra məmuru tərəfindən yeni icra sifarişinin verilməsi hissəsinə gəldikdə iddiaçı həmin hissədə də iddia tələbinin əsası kimi hər hansı bir faktiki hala, eləcə də qanunvericilik normasına istinad etməmişdir. Göstərilən iddia tələbləri ilə bağlı məhkəmə həmçinin qeyd edir ki, icra məmuru tərəfindən “İcra haqqında” AR Qanununun 61–ci və “İpoteka haqqında” AR Qanununun 41-ci maddələrinin tələblərinə uyğun olaraq borclunun ipoteka predmeti olan əmlakının satılması üçün ixtisaslaşdırılmış müəssisə tərəfindən hərracın keçirilməsinin təşkil edilməsi məqsədilə sifariş verilmişdir. Sözügedən sifarişin verilməsi zamanı icra məmuru tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. İcra məmuru tərəfindən yeni sifarişin verilməsi tələbinə gəldikdə icra məmurunun ipoteka predmetinin yeni ilkin satış dəyərinin müəyyən edilməsi ilə əlaqədar sifarişin verməkdən imtina etməsi, yəni yeni sifarişin verilməsi ilə bağlı iddiaçı ilə cavabdeh Xətai rayon İcra Şöbəsi arasında hazırda mübahisənin mövcud olması müəyyən edilmir, bu baxımdan həmin hissədə də iddianın təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra məmurunun sifarişinin ləğv edilməsi və yeni sifarişin verilməsi hissəsində də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, iddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsi Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin 26.10.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 nömrəli qiymətləndirmə hesabatı ləğv edilsin. İpoteka predmeti olan “Chevrolet Aveo-minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.000 manat məbləğində müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsi Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-688/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-688/2022
25.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver